“Biz təbliğatı saxladığımız məqamda, türklər fasiləsiz olaraq öz reklamlarını apardılar”
Dekabrda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb
Əmirliklərinə Azərbaycanın ixrac missiyası təşkil olunacaq. Yəhudi əsilli
iş adamı kimi tanınan, "New ERA Travel” şirkətinin gənc
direktoru, turizm eksperti Elçin Rüstəmovbizimlə söhbətində bildirdi ki,
bir neçə iri turizm agentliyinin rəhbərləri də ixrac missiyası ilə
Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında olacaqlar. Missiya çərçivəsində,
Azərbaycana ərəb ölkələrindən daha çox turistin gəlməsi, investisiyaların cəlb
edilməsi məqsədləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
-
Hazırda ölkənin işgüzar gündəmində əsas
yer tutan məsələlərdən olan ixrac missiyası haqda geniş müzakirələr gedir. BƏƏ
və Səudiyyə Ərəbistanında bu vacib missiyanı yerinə yetirəcək şirkət rəhbərlərindən
biri kimi, fikirlərinizi bilmək maraqlı olardı. İxrac missiyası çərçivəsində
keçiriləcək ikitərəfli görüşlərin biznesin, turizmin inkişafında və xarici
investisiyanın cəlb olunmasında nə kimi töhfələri olacaq ?
- Öncə onu qeyd edim ki, ixrac missiyasının
xarakterinə uyğun olaraq, yerli və xarici şirkət rəhbərləri arasında bu tip
ikitərəfli görüşlərin keçirilməsi və ildən-ilə bu görüşlərin miqyasının artması,
qeyri-neft sektorunun inkişaf etdirilməsi siyasətinə uyğun olaraq, ölkədən
ixrac olunan məhsulların dövriyyəsinin daha da artırılması üçün müstəsna əhəmiyyətə malikdir. Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli "Xarici ölkələrə ixrac
missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə,
"Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin
ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf
proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin
müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” haqqında fərmanına
uyğun olaraq, "Made in Azerbaijan”
brendinin xarici bazarlarda təşviqinə başlanılıb. İxracatçıların və yerli
sahibkarların ölkə xaricindəki müvafiq partnyorlarla ikitərəfli görüşlər keçirməsi,
bu fərmanın icrasından irəli gələn məsələlərin bir qismini əhatə edir.Ölkə Prezidentinin fərmanını rəhbər tutaraq,
İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası 8-14 Dekabr
2018-ci tarixləri arasında Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanında təşkil
olunacaq. Missiya çərçivəsində azərbaycanlı sahibkarlar qarşı tərəfin iş adamları ilə ikitərəfli görüşlər keçirəcək,
Azərbaycan məhsullarının bu ölkələrə ixracının genişləndirilməsinə dair müzakirələr
aparacaqlar.
- Bu
ixrac missiyasında hansı şirkətlərin iştirakı nəzərdə tutulub?
- Bu ixrac missiyasının əsas fərqi ondan
ibarətdir ki, ixrac potensialına malik şirkətlərlə yanaşı, bir sıra vacib yerli
turizm agentlikləri də bu missiyaya cəlb olunublar. Həmin agentliklərin rəhbər,
məsul şəxsləri qeyd etdiyimiz ikitərəfli görüşlərdə iştirak edəcəklər. Məqsəd təbii
ki, ixrac məhsulu kimi ölkənin turizm
potensialının hərtərəfli şəkildə təbliği və turizm sahəsindən daxil olan büdcə
gəlirlərinin artırılması üçün müvafiq görüşlərin keçirilməsi olacaq.
- Görüşlər hansı qaydada və ardıcıllıqla keçiriləcək?
- Görüşlər 8 -11 dekabr tarixlərində Birləşmiş
Ərəb Əmirliklərinin Şarja, Əbu Dabi şəhərlərində və 12-14 dekabr tarixlərində Səudiyyə
Ərəbistanın Ər-Riyad şəhərində təşkil
olunacaq. Əsasən Ərəbistan yarımadasından olan partnyorlarla ikitərəfli görüşlərin
keçirilməsi planlaşdırılır. Hazırda bu bölgənin insanlarının və iş
adamlarının bizim ölkəyə olan marağını nəzərə
alaraq, əminliklə deyə bilərəm ki, bu
görüşlər öz müsbət töhfəsini qısa müddətdə verəcək, ələlxüsus da turizm sahəsində.
- Sizin
bu ixrac missiyasında əsas hədəfiniz nədən ibarət olacaq ?
- Bizim şirkət "New ERA Travel” brendi
altında Azərbaycan Respublikası ərazisində gəlmə turizmə xüsusi önəm verən, təşviq
və təbliğ edən turizm agentlikləri
arasında öncül yerlərdən birini tutur. Turizm agentliyi bir çoxlarından fərqli
olaraq, hazırda yalnız gəlmə turizm üzrə
ixtisaslaşıb. Təbii ki, əsas niyyətimiz ölkəyə xaricdən maliyyə axınının cəlb
olunmasıdır. Bu görüşlər zamanı da əsas hədəfimiz ölkədə gəlmə turizmin
inkişafı üçün qarşılıqlı münasibətlər qurmaqdır. Ancaq eyni zamanda, mən daha
çox, ölkəyə otelçilik sahəsində investisiyanın cəlb olunması üçün danışıqlar
aparmaq niyyətindəyəm. Yəni məqsədim
turizm sektorunun inkişafı ilə yanaşı, ölkəyə xarici investorların cəlb
olunmasıdır. Hazırda BƏƏ-nin ən məşhur şəbəkə otellərinin biri ilə Bakıda yeni otelin tikilməsi və ya icarəsi
üçün danışıqlarımız davam edir. Ancaq bilirsiniz ki, bu, müəyyən dövr və uzun
danışıqların aparılmasını tələb edən bir məsələdir və nəticələrin müsbət
olacağına çox ümid edirik. Hər hansı məşhur şəbəkə otellərdən birinin ölkədə fəaliyyətə
başlaması, investisiya yatırımı ilə yanaşı, eyni zamanda
ölkənin həmin şəbəkə otellərin daimi qonaqları arasında tanıdılmasına və bir
növ reklamına zəmin yaradır.
- Azərbaycana
turistlər ən çox hansı ölkədən gəlir?
- 2017-ci ilin yayında səudiyyəli turistlər
Azərbaycana daha çox gəlməyə başlamışdılar. Bu yay isə yenidən Türkiyəyə
istiqamətləndilər. Səudiyyə Ərəbistanında daha çox Türkiyəyə biletlər satılıb.
Bunun səbəbi bu il Azərbaycanın təbliğata az fikir verməsidir. Türkiyə
qurumları və agentlikləri isə fasiləsiz olaraq təbliğat işini davam etdirirlər.
Bu da ərəblərin daha çox Türkiyəyə axmasına səbəb olur. 2016-cı ildə Azərbaycan
olaraq, həm Birləşmiş Ərəb Əmirlikləri, həm də Səudiyyə Ərəbistanında ölkənin təbliğatı
üçün çalışdıq. Bu il isə nədənsə passiv olduq. Ərəb tərəfdaşlarımızın sözləri
ilə desək, bu il biz "yatdıq”. Biz təbliğatı saxladığımız məqamda, türklər fasiləsiz
olaraq öz reklamlarını apardılar.
- Turistlərin daha çox cəlb olunması
üçün hansı işlərin görülməsinə ehtiyac var?
- Bildiyimiz kimi
hazırda Azərbaycanda turizmin inkişafı üçün dövlət səviyyəsində bir sıra işlər
görülür və bu sahənin inkişafı üçün biz də bütüm gücümüzlə çalışırıq. Təbii ki,
ölkəyə turistlərin gəlişi yalnız turizm agentliklərinin deyil, bu və ya digər
formada bundan maddi gəlir əldə edən bütün qurum və şəxslərin, daha dəqiq desək,
ümumilikdə dövlətin marağındadır.
Bilirsiniz, turizm hərtərəfli sahə olduğu üçün yalnız bir qurumun fəaliyyəti effektiv olmaya bilər, sadə dillə desək, turist
yalnız otelə deyil, ölkəyə, təbiətə, infrastruktura, insanlara, ölkənin mətbəxinə
görə gəlir. Buna görə də, bütün bu sadalananlar tam bir formada bütövlük təşkil
etməlidir ki, gələn turistlərin sayında əsaslı şəkildə artım olsun. Daha öncəki
müsahibələrimdə də qeyd etdiyim kimi, yerli turizmin inkişafında 70-80-cı illərdə
Türkiyədə istifadə olunmuş təcrübədən istifadə edə bilərik. Şəxsi qənaətimə görə,
bir sıra vacib dövlət idarələrinin ortaq bir qurum yaratması və hər hansı çətinlik
doğuran məsələnin həllində bərabər şəkildə fəaliyyət göstərməsi gəlmə turizmin
inkişafında böyük töhfə verəcək. Yəni məsələn Dövlət Turizm Agentliyi,
Ekologiya Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Sərhəd Xidməti, Bakı Şəhər
İcra Hakimiyyəti və bu kimi mühüm qurumlar ortaq bir təşkilat yaradaraq, orada
məsul nümayəndə ilə təmsil oluna bilərlər. Ümumi müzakirələr nəticəsində bu
qurumun vahid bir struktur kimi qərar qəbul etməsi və eyni zamanda məsələnin
icrasına nəzarəti, istənilən problemin həllində operativliyə səbəb olacaq. Məsələn,
yay mövsümündə Xəzərdə turistlər üçün bütün
dünyada cəlbedici olan açıq dəniz gəzintisi təşkil etmək istədik, ancaq o qədər əlavə məsələlər ortaya çıxdı
ki, bu proyektdən imtina etməli olduq. Ancaq qeyd etdiyim məsələni həll etmək
üçün qeyd etdiyim formatda fəaliyyət göstərən vahid bir qurum olarsa, zənnimcə,
nəticə qısa müddətdə əldə oluna bilər. Ümumiyyətlə, istənilən məsələni, kompleks
şəkildə yanaşıldıqda, daha tez və operativ həll etmək olur.
Xəyalə Rəis