• cümə, 29 Mart, 03:22
  • Baku Bakı 7°C

“Biz təbliğatı saxladığımız məqamda, türklər fasiləsiz olaraq öz reklamlarını apardılar”

08.11.18 09:00 2547
“Biz təbliğatı saxladığımız məqamda, türklər fasiləsiz olaraq öz reklamlarını apardılar”
Dekabrda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə Azərbaycanın ixrac missiyası təşkil olunacaq. Yəhudi əsilli iş adamı kimi tanınan, "New ERA Travel” şirkətinin gənc direktoru, turizm eksperti Elçin Rüstəmovbizimlə söhbətində bildirdi ki, bir neçə iri turizm agentliyinin rəhbərləri də ixrac missiyası ilə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında olacaqlar. Missiya çərçivəsində, Azərbaycana ərəb ölkələrindən daha çox turistin gəlməsi, investisiyaların cəlb edilməsi məqsədləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
- Hazırda ölkənin işgüzar gündəmində əsas yer tutan məsələlərdən olan ixrac missiyası haqda geniş müzakirələr gedir. BƏƏ və Səudiyyə Ərəbistanında bu vacib missiyanı yerinə yetirəcək şirkət rəhbərlərindən biri kimi, fikirlərinizi bilmək maraqlı olardı. İxrac missiyası çərçivəsində keçiriləcək ikitərəfli görüşlərin biznesin, turizmin inkişafında və xarici investisiyanın cəlb olunmasında nə kimi töhfələri olacaq ?
- Öncə onu qeyd edim ki, ixrac missiyasının xarakterinə uyğun olaraq, yerli və xarici şirkət rəhbərləri arasında bu tip ikitərəfli görüşlərin keçirilməsi və ildən-ilə bu görüşlərin miqyasının artması, qeyri-neft sektorunun inkişaf etdirilməsi siyasətinə uyğun olaraq, ölkədən ixrac olunan məhsulların dövriyyəsinin daha da artırılması üçün müstəsna əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” haqqında fərmanına uyğun olaraq, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə başlanılıb. İxracatçıların və yerli sahibkarların ölkə xaricindəki müvafiq partnyorlarla ikitərəfli görüşlər keçirməsi, bu fərmanın icrasından irəli gələn məsələlərin bir qismini əhatə edir.Ölkə Prezidentinin fərmanını rəhbər tutaraq, İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası 8-14 Dekabr 2018-ci tarixləri arasında Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanında təşkil olunacaq. Missiya çərçivəsində azərbaycanlı sahibkarlar qarşı tərəfin iş adamları ilə ikitərəfli görüşlər keçirəcək, Azərbaycan məhsullarının bu ölkələrə ixracının genişləndirilməsinə dair müzakirələr aparacaqlar.
- Bu ixrac missiyasında hansı şirkətlərin iştirakı nəzərdə tutulub?
- Bu ixrac missiyasının əsas fərqi ondan ibarətdir ki, ixrac potensialına malik şirkətlərlə yanaşı, bir sıra vacib yerli turizm agentlikləri də bu missiyaya cəlb olunublar. Həmin agentliklərin rəhbər, məsul şəxsləri qeyd etdiyimiz ikitərəfli görüşlərdə iştirak edəcəklər. Məqsəd təbii ki, ixrac məhsulu kimi ölkənin turizm potensialının hərtərəfli şəkildə təbliği və turizm sahəsindən daxil olan büdcə gəlirlərinin artırılması üçün müvafiq görüşlərin keçirilməsi olacaq.
- Görüşlər hansı qaydada və ardıcıllıqla keçiriləcək?
- Görüşlər 8 -11 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Şarja, Əbu Dabi şəhərlərində və 12-14 dekabr tarixlərində Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində təşkil olunacaq. Əsasən Ərəbistan yarımadasından olan partnyorlarla ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Hazırda bu bölgənin insanlarının və iş adamlarının bizim ölkəyə olan marağını nəzərə alaraq, əminliklə deyə bilərəm ki, bu görüşlər öz müsbət töhfəsini qısa müddətdə verəcək, ələlxüsus da turizm sahəsində.
- Sizin bu ixrac missiyasında əsas hədəfiniz nədən ibarət olacaq ?
- Bizim şirkət "New ERA Travel” brendi altında Azərbaycan Respublikası ərazisində gəlmə turizmə xüsusi önəm verən, təşviq və təbliğ edən turizm agentlikləri arasında öncül yerlərdən birini tutur. Turizm agentliyi bir çoxlarından fərqli olaraq, hazırda yalnız gəlmə turizm üzrə ixtisaslaşıb. Təbii ki, əsas niyyətimiz ölkəyə xaricdən maliyyə axınının cəlb olunmasıdır. Bu görüşlər zamanı da əsas hədəfimiz ölkədə gəlmə turizmin inkişafı üçün qarşılıqlı münasibətlər qurmaqdır. Ancaq eyni zamanda, mən daha çox, ölkəyə otelçilik sahəsində investisiyanın cəlb olunması üçün danışıqlar aparmaq niyyətindəyəm. Yəni məqsədim turizm sektorunun inkişafı ilə yanaşı, ölkəyə xarici investorların cəlb olunmasıdır. Hazırda BƏƏ-nin ən məşhur şəbəkə otellərinin biri ilə Bakıda yeni otelin tikilməsi və ya icarəsi üçün danışıqlarımız davam edir. Ancaq bilirsiniz ki, bu, müəyyən dövr və uzun danışıqların aparılmasını tələb edən bir məsələdir və nəticələrin müsbət olacağına çox ümid edirik. Hər hansı məşhur şəbəkə otellərdən birinin ölkədə fəaliyyətə başlaması, investisiya yatırımı ilə yanaşı, eyni zamanda ölkənin həmin şəbəkə otellərin daimi qonaqları arasında tanıdılmasına və bir növ reklamına zəmin yaradır.

- Azərbaycana turistlər ən çox hansı ölkədən gəlir?
- 2017-ci ilin yayında səudiyyəli turistlər Azərbaycana daha çox gəlməyə başlamışdılar. Bu yay isə yenidən Türkiyəyə istiqamətləndilər. Səudiyyə Ərəbistanında daha çox Türkiyəyə biletlər satılıb. Bunun səbəbi bu il Azərbaycanın təbliğata az fikir verməsidir. Türkiyə qurumları və agentlikləri isə fasiləsiz olaraq təbliğat işini davam etdirirlər. Bu da ərəblərin daha çox Türkiyəyə axmasına səbəb olur. 2016-cı ildə Azərbaycan olaraq, həm Birləşmiş Ərəb Əmirlikləri, həm də Səudiyyə Ərəbistanında ölkənin təbliğatı üçün çalışdıq. Bu il isə nədənsə passiv olduq. Ərəb tərəfdaşlarımızın sözləri ilə desək, bu il biz "yatdıq”. Biz təbliğatı saxladığımız məqamda, türklər fasiləsiz olaraq öz reklamlarını apardılar.

- Turistlərin daha çox cəlb olunması üçün hansı işlərin görülməsinə ehtiyac var?
- Bildiyimiz kimi hazırda Azərbaycanda turizmin inkişafı üçün dövlət səviyyəsində bir sıra işlər görülür və bu sahənin inkişafı üçün biz də bütüm gücümüzlə çalışırıq. Təbii ki, ölkəyə turistlərin gəlişi yalnız turizm agentliklərinin deyil, bu və ya digər formada bundan maddi gəlir əldə edən bütün qurum və şəxslərin, daha dəqiq desək, ümumilikdə dövlətin marağındadır. Bilirsiniz, turizm hərtərəfli sahə olduğu üçün yalnız bir qurumun fəaliyyəti effektiv olmaya bilər, sadə dillə desək, turist yalnız otelə deyil, ölkəyə, təbiətə, infrastruktura, insanlara, ölkənin mətbəxinə görə gəlir. Buna görə də, bütün bu sadalananlar tam bir formada bütövlük təşkil etməlidir ki, gələn turistlərin sayında əsaslı şəkildə artım olsun. Daha öncəki müsahibələrimdə də qeyd etdiyim kimi, yerli turizmin inkişafında 70-80-cı illərdə Türkiyədə istifadə olunmuş təcrübədən istifadə edə bilərik. Şəxsi qənaətimə görə, bir sıra vacib dövlət idarələrinin ortaq bir qurum yaratması və hər hansı çətinlik doğuran məsələnin həllində bərabər şəkildə fəaliyyət göstərməsi gəlmə turizmin inkişafında böyük töhfə verəcək. Yəni məsələn Dövlət Turizm Agentliyi, Ekologiya Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Sərhəd Xidməti, Bakı Şəhər İcra Hakimiyyəti və bu kimi mühüm qurumlar ortaq bir təşkilat yaradaraq, orada məsul nümayəndə ilə təmsil oluna bilərlər. Ümumi müzakirələr nəticəsində bu qurumun vahid bir struktur kimi qərar qəbul etməsi və eyni zamanda məsələnin icrasına nəzarəti, istənilən problemin həllində operativliyə səbəb olacaq. Məsələn, yay mövsümündə Xəzərdə turistlər üçün bütün dünyada cəlbedici olan açıq dəniz gəzintisi təşkil etmək istədik, ancaq o qədər əlavə məsələlər ortaya çıxdı ki, bu proyektdən imtina etməli olduq. Ancaq qeyd etdiyim məsələni həll etmək üçün qeyd etdiyim formatda fəaliyyət göstərən vahid bir qurum olarsa, zənnimcə, nəticə qısa müddətdə əldə oluna bilər. Ümumiyyətlə, istənilən məsələni, kompleks şəkildə yanaşıldıqda, daha tez və operativ həll etmək olur.

Xəyalə Rəis


banner

Oxşar Xəbərlər