Biz tarixi yaratmışıq, amma yazmamışıq
Artkaspi.az görkəmli türkoloq alim, Bakı Dövlət Universitetinin
filologiya fakültəsinin türkologiya kafedrasının müdiri, filologiya elmləri
doktoru Ramiz Əskərlə müsahibəni təqdim edir:
– Türk dünyasının ortaq mədəni
dəyərlərindən danışaq. Bu dəyərlərin tanınması üçün nələr edə bilərik?
Dövlətimizin və bizim üzərimizə düşən öhdəliklər nələrdir?
– Bizim qarşımızı şərqdə Çin mədəniyyəti kəsir, cənubda qələbəlik Hind
və İran mədəniyyəti, daha irəlidə İslam və Quranla taclanmış ərəb mədəniyyəti,
şimalda slavyan mədəniyyəti kəsir. Qərbdə isə Avropa mədəniyyəti ilə
əhatələnmişik. Türklər orta zolaqda sıxışdırılmış vəziyyətdə olsa da,
assimilyasiyaya məruz qalmayıb. Çünki mədəniyyətimiz çox köklü və qüdrətlidir.
Həmçinin coğrafiyamız bəllidir – 17 milyon kvadrat kilometr torpağımız, 300
milyon da əhalimiz var. On altı böyük imperiya yaratmışıq. Türklər heç zaman
topdan əsarətə düşməmiş, kəsintisiz
davam edən dövlət və mədəniyyət qurmuşlar. Ona görə də dünya tarixini bizsiz
düşünmək mümkün deyil. Azərbaycan olaraq biz də bu böyüklüyün bir parçasıyıq.
Dövlətimizin rəsmi xarici siyasət doktrinası türkçülükdür. Çünki taleyi
təxminən bir olan (Türkiyə istisna olmaqla digər türk dövlətləri 20-25 ildir
azaddır, bir hissəsi hələ də bunu gözləyir) bizlərin dərdi, problemi,
yaşantıları eynidir. Daxili siyasətimiz isə azərbaycançılıqdır. Bu da çox
lazımlı məsələdir. Şimallı, cənublu Azərbaycanı əlahiddələşdirməsək,
lokallaşdırmasaq, məsələlər öz həllini tapa bilməz. Konkret suala gəlincə,
düşünürəm ki, türk xalqları bir-biri ilə daha sürətlə inteqrasiyaya girərək,
təxminən Ərəb ölkələri liqası kimi siyasi birlik meydana gətirməlidir. Bu isə bir
neçə mərhələdən keçib formalaşmalıdır. Birincisi, mədəni birlik olmalıdır, yəni
dilimiz, ədəbiyyatımız, mənəviyyatımız. İkincisi, iqtisadi birlik qurmalıyıq.
Hazırda bu iki mərhələ arzu olunan səviyyədə deyil. Bütün bunları həll etdikdən
sonra siyasi birlik barədə düşünməliyik. Yəni qarşımızda hələ uzun bir yol
var.
– Türk dilinə və türk
kimliyinə çox önəm verirsiniz. "Elm dili türk dili olmalıdır” deyə
düşünürsünüzmü?
– Düşünmürəm, çünki türk dili elə elm dilidir. Türkiyədə 200-ə yaxın
universitet fəaliyyət göstərir. Burada
10 ilə yaxındır ki, artıq məcburi orta təhsilə keçid baş verib. Dünyanın ən
gənc elmlər doktorundan biri türkiyəli Oqtay Sinanoğlu həmişə bu problemlə üz-üzə qalıb, "türk dili
elm dili olmağa qabil deyil” deyənlərə etiraz edirdi. Türk dilinin termin
yaratma qabiliyyəti çox qüvvətlidir. Çünki
türkcədə 15 şəkilçi eyni kökə artırıla bilir. Avropa türkoloqlarından
biri "türkləşdirəbilmədiklərimizdənsinizmi” sözündə bu halı qeyd edib. Həm də niyə türk dili elm dili olmasın ki?
Bir halda ki Türkiyə sualtı qayıq, təyyarə istehsal edirsə, 40.000 detalın
20.000-i türk dilindədirsə. Nəzərə alın ki, dünyanın heç birində bu say tam
deyil. Bəlkə, çin dilində ola bilər. Çünki çin dili heca dilidir, bu yükü
qaldıra bilər. Avropa dillərinin çoxunda gəmiçilik terminləri əksərən holland
dilində, iqtisad terminləri alman, incəsənət terminləri isə italyan dilindədir.
Saf dil anlayışı mümkün olmadığı üçün bəzən yunancadan, latıncadan da terminlər
alına bilir. Türk dili saf dil deyil, ola da bilməz. Ehtiyac duyduğu hallarda
yabançı kəlmələri qəbul edib. Uzun sözün qısası, türkcə elm dilidir, həm də bal
kimi.
– Yaxın gələcəkdə qaqauz, Krım
tatarı kimi ləhcələrin "ölməsi” gözlənilir. Türkologiyada bu barədə fikirlər
haçalanıb. Siz necə düşünürsünüz?
– Düşünmürəm ki, bu iki dil ölmək təhlükəsi ilə üz-üzədir. Krım
tatarlarının milyondan çox əhalisi var. Qaqauzlar isə 250-300 min civarındadır.
Krım tatarları yarımadadadır, mərkəzləşə biləcəklər, qaqauzlar isə səpələnmiş
vəziyyətdədir: Böyük qismi Moldovada, bir hissəsi Ukrayna, digəri qismi isə
Karpat dağlarında. Moldovada az da olsa qaqauz dili və ədəbiyyatı tədris
olunur, orada dövlət qurumlarının dəstəyini almaq mümkündür. Digərlərində bu,
bir az qəlizdir. Krım tatarları daha üstün mövqedə görünsələr də, hazırda orada
qeyri-müəyyənlik müşahidə olunur. Bunlardan daha betər vəziyyətdə olanlar var.
Məsələn, tofalar. Bildiyim qədəri ilə 586 nəfər idilər. Çindəki bəzi kiçik
xalqlar, Uzaq Şərqdə, Sibirin yuxarı ərazilərində yaşayan türk xalqlarında bu
problem daha böyükdür. Bizi assimilyasiyadan qoruyan bəzi məsələlər var. İlk
baxışdan qloballaşma təhlükəli görünə bilər, lakin bunun da özünəməxsus
faydaları mövcuddur. Məsələn, irəlidə televiziyalarda belə bir yenilik olacaq:
dünyanın 12.000 dilindən hər hansı birində kanal izləyəcəksən və bir düymə ilə
sinxron tərcümə prosesi gerçəkləşəcək. İspaniyadan hər hansı verilişə baxdıqda
paralel şəkildə tərcüməsi də veriləcək. Deməli, elm və texnika həm də bizim
xilaskarımızdır.
– Müasir dövrümüzdə
türkologiya ilə bağlı hələ də həllini tapmayan mübahisəli məsələlər
hansılardır?
– Çoxdur, hədsiz çox. Məsələn, tarixi aspektdən problemlərimiz hələ
də qalmaqdadır. Firudin Cəlilovun "Urmiya” nəzəriyyəsi var. Onun fikrincə,
türklər dünyaya Altaydan deyil, Urmiya-Van-Göyçə ətrafından yayılmağa
başlayıblar. Türklərin ilkin beşiyi bura olub. Etrusk məsələsi həll olunmamış
qalıb, şumer dili ilə türk dillərinin oxşarlığı da tam aydın deyil. Düşünürlər
ki, tipoloji yaxınlıq olsa da, leksik yaxınlıq yoxdur. Digər tərəfdən isə Oljas
Süleymanov özünün "Altmış söz” əsərində 60 şumer sözünün türkcə olduğunu iddia
etmişdir. On üç ölkədə yayılmış qayaüstü "Orxon-Yenisey” abidələrinin
əksəriyyəti bizə tam aydın deyil. Heç türkdilli abidələr də dilimizə tərcümə
olunmayıb. Biz bəşər mədəniyyətinin ən nəhəng əsərini – "Manas”ı Azərbaycan
dilində oxuya bilmirik. Bu məsələdə özbəklər bizdən öndədir. Tərcümə prosesini
Türkiyə daha əlverişli şəkildə həll edir. Orada elmlər namizədi olmaq
istəyirsənsə, sənə hansısa abidəni transliterasiya etmək tapşırılır və ya ərəb,
fars dillərini bilirsənsə, tərcümə. Bundan başqa, həmin əsərə şərh yazmaq,
lüğət tərtib etmək lazım gəlir.
Türk dillərinin diferensiasiya məsələsi də həll olmuş sayılmaz. Köhnə
SSRİ-də türkologiya bir elm kimi inkişaf edirdi. Düzdür, əsasən, dilçilik
istiqamətində idi, ədəbiyyat arxa planda qalırdı. Tarixdən isə söz belə açıla
bilməzdi. Aparılan araşdırmalar da çox
soyuq, neytral idi. İcazə vermirdilər ki, türklərdə milli iftixar hissi baş
qaldırsın. Çünki türklərin özlərini anlamasından, həqiqəti qavramasından
qorxurdular. Kaşğarlının "Divan”ının müxtəlif türk dillərində nəşrinə icazə yox
idi. Bu əsərin özbəkcə tərcüməsinin olması kafi sayılırdı. Bizim dilə 30-cu
illərdə Səid Xaliq Xocayev tərcümə etmişdi. Aqibəti məlumdur. Güllələndi... Biz
özümüzü qabaqcıl türkologiya məktəbi sayırıq. Amma belə deyil. Necə olur ki,
"Divan” özbəklərdə 60-cı illərdə tərcümə və nəşr olunub, bizdə isə 2006-da?
Bizim tərcümə qazax dilinə, uyğur, çin dillərinə, hətta fars dilinə tərcümədən
sonra meydana çıxıb.
– Türkologiyanın bir elm kimi
təməl qaynaqları nələrdir? Bu sahəyə marağı olanlar üçün hansı kitabları məsləhət görürsünüz?
– Türkologiyanın 5 filoloji təməl əsəri var: "Orxon Yenisey”
abidələri, "Kitabi-Dədə Qorqud”, "Manas”, "Qutadğu bilik” və "Divanü-lüğat-it-türk”.
Əvvəlcə bu 5 filoloji təməllə tanış olmaq lazımdır. "Kitabi-Dədə Qorqud”u
dərindən qavramaq, "Qutadğu bilik”dəki dövlət, cəmiyyət sistemini mənimsəmək
lazımdır. Daha sonra "Manas”a keçmək gərəkdir. Bunlardan sonra "Divanü
lüğat-it-türk”i oxumaq və öyrənmək gərəkdir. Bunlardan sonra elmi təmələ keçmək
olar, yəni İbrahim Qəfəsoğlunun "Türk milli kültürü”, Osman Turanın "Türk cahan
hakimiyyəti məfkurəsi tarixi” əsəri ilə
tanış olmaq lazımdır. Türk tarixini
bilmək çox vacibdir. Çünki biz tarixi yaratmışıq, amma yazmamışıq. Murad Acını,
Firudin Cəlilovu da oxumaq vacibdir.
– Bir az da 46 kitab
tərcüməçisi Ramiz Əskərdən danışaq...
– Mən, əsasən, türk dillərindən tərcümələr edirəm. Hazırda Nəvainin
"Xəmsə”si üzərində işləyirəm. Təxminən bir ay əvvəl Nəvai şəhərinin fəxri
vətəndaşı seçiləndə söz verdim və bu işi öz öhdəmə götürdüm. Daha sonra
planımda "Goroğlu” dastanı var. Çünki bu dastan mifik obrazlarla, hadisələrlə
çox zəngindir və elə gerçək "Koroğlu” da odur. Bizim "Koroğlu”muz sovet
ideologiyasının təsiri ilə çox dəyişikliyə məruz qalıb. Hətta utanmasalar o
dastana bir erməni, gürcü obrazı da daxil edərdilər. Bizdə yakut dilindən bircə
sətir belə tərcümə yoxdur, "Alpamış”, "Koblandı Batur” da həmçinin. Mənə elə
gəlir ki, böyük bir türkoloji mərkəz lazımdır bu işlər üçün. Türk dünyasında
təxminən 300-ə yaxın dastan var ki, onlardan heç olmasa 30-u dilimizə tərcümə
olunmalıdır. Türk dünyasında minimum 10.000 yazıçı, şair var. Bunlardan azı
100-dən biri tərcüməyə layiqdir. Biz heç qonşu xalqları da tam tərcümə
etməmişik. Bu dəqiqə sosial sorğu keçirsək, heç kim bu xalqlardan bir ədib adı
çəkə bilməz. Qonşulardan ən yaxşı bilinən elə ruslardır. Yəni işimiz çoxdur.
Bir də bu sahədə dövlətdən qayğı gözləməmək lazımdır. Bütün bunlar, öncə,
mədəni ehtiyacdır. İkincisi isə tədris ehtiyacıdır. Türk xalqları ədəbiyyatı
kafedrasının müdiri olanda müşahidə edirdim ki, fənləri tədris etsək də,
vəsaitimiz, dərsliyimiz çatışmır. Bu, bizim üçün çox böyük nöqsan idi.
– Özünüz ziyalı ailəsindənsiniz. Övladlarınızın da hər üçü ali təhsilli
mütəxəssisdir. Sizcə, həqiqətən ziyalılıq qanla, genlə bağlıdırmı? Ot kökü
üstündəmi bitir?
– Biz 4 nəsil ali təhsil almışıq. Deyim ki, 3 nəsil ali təhsil
alandan sonra o nəsil tam ziyalı olur. Üç nəsil təxminən 100 il deməkdir. Adam
var ki, orta təhsillidir, lakin qabiliyyətlidir. Ali təhsil almaq müəyyən bir
ixtisasa sistemli şəkildə yiyələnmək deməkdir. Sistem olmadıqda insan öz-özünü
yetişdirməyə məcburdur. Bizim xalqımız da elə 100 ilə yaxındır ki, ali təhsil
alır. Sadəcə ali təhsilsiz insanın təsir dairəsi az olur.
– Bir çox xarici ölkələrdə
olubsunuz. Azərbaycanlıların elmə
münasibətində hansı fərqləri müşahidə edibsiniz? Övladlarınızın xarici ölkələrə
təhsil üçün üz tutması, deyəsən, buradakı təhsil səviyyəsinin sizi qane
etməməsindən qaynaqlanır...
– Zaman keçdikcə təhsil
anlayışımızda, təhsil səviyyəmizdə də əsaslı fərqlər yarandı. Məsələn, biz
təhsil aldığımız dövrdə (ötən əsrin 70-80-ci illərində) müəllim-tələbə
münasibətləri tamam fərqli idi. Hər şey qarşılıqlı hörmət prinsipi üzərində
qurulmuşdu, təlim daha fundamental idi. İndi bu məsələlərin məcrası bir az
dəyişib. Həm də savadla, bilgi ilə irəli getməyə inam da zədələnib. Gənclər
şikayət edir ki, mən savadlı, ali təhsilli ola-ola niyə geridə qaldım, lakin
universitetinin həyətinə belə ayaq basmayan birinin həyatı daha parlaq oldu? Bu
da ticarətə, biznesə meyllə bağlıdır. Bilirsən, iki insan – biri daha
dünyagörüşlü, savadlı, digəri isə bir o qədər ziyalı olmayan biznesə atılsa,
ikincilərin şansı daha çox olacaq. Çünki ağıllılar düşünəcək və risk etməyəcək.
İndi, təəssüf ki, gənclər bu cür bəhanələri əllərində bayraq edirlər. Mənim
övladlarım da belə bir dövrdə orta məktəbi bitirdilər. Qızım tibb
universitetinə dövlət sifarişli əsaslarla qəbul olunmuşdu, Ankara
universitetinə isə ödənişli əsaslarla.
Oğlum da eyni ilə Bakı Dövlət Universitetinə dövlət sifarişli, İstanbul
Texniki Universitetinin mexanika fakültəsinə ödənişli əsaslarla qəbul olundu.
Mən hər ikisini Türkiyədə öz hesabıma oxutdum. Dəqiq bilirdim ki, oğlum mənim
işlədiyim yerdə oxusa, arxayın olacaq, tənbəlləşəcək, ancaq İstanbulda belə bir
şansı və lüksü olmayacaq. Üstəlik, Türkiyə ali təhsilə diqqət yetirməyə gec
başlasa da, bizi qabaqlayıb.
– Övladlarınızın heç biri
ədəbiyyatla bağlı sahədə deyillər. Oğlunuz Atilla Əsgərov da müsahibəsində
gənclərə texniki elmlərə yönəlməyi tövsiyə edir. Bu nə ilə əlaqədardır?
– Bilirsən, o, NASA-da, yəni elm və texnikanın ən yüksən səviyyədə
tətbiq olunduğu yerdə işləyir və dünyada gedən proseslərdən yaxşı xəbərdardır.
Yəqin ədəbiyyatın, ümumən humanitar elmlərin çox-çox geridə qaldığını gördüyü
üçün belə düşünür.
– Nə zamansa böyük bir əziyyət
bahasına ərsəyə gətirdiyiniz işin diqqətdən kənarda qalması halına
təəssüflənibsinizmi?
– Yox. Mən elə böyük işlər görməmişəm. Sadəcə olaraq, bəzi mühüm
tərcümə əsərlərinin nəşrinə sponsor tapa bilməmək məni üzür. Təsəvvür edin,
"Divan”ın, "Baburnamə”, "Türklərin İranı”, "Türk cahan hakimiyyəti məfkurəsi
tarixi”... kimi əsərlərin tərcüməsinə mən uzun müddət pul tapa bilməmişəm.
Əvvəla, mən tərcümə üçün əsərləri özüm seçirəm, pulsuz tərcümə edirəm, amma
hamısını öz pulumla nəşr etməyə gücüm çatmır. Bu diqqəti dövlətdən gözləmirəm,
dövlətin problemi çoxdur, minlərlə vacib işi var, gəlib mənim kitablarımla
məşğul ola bilmir. Bizdə biznesmenlər kitab çapına barmaqarası baxırlar.
Təəssüf. Mənim fəaliyyətim ümumən yüksək qiymətləndirilib. 2014-cü ildə
ölkəmizin başçısı məni "Şöhrət” ordeni ilə təltif edib. Həm də təltif üçün heç
bir vəsatət, məktub-filan göndərilmədiyi halda...
– Müşahidə etdiyim qədəri ilə
məişətdə diqqətsizsiniz. Doğrudanmı
böyük şeylər barədə düşünəndə kiçiklər önəmsiz olur?
– Əlbəttə. Diqqət nədir, heç əhəmiyyət vermirəm. Məsələn, mən səhər
işə gələndə qızım deyir ki, bu qalstukla bu köynək tutmaz. Mən gülüb keçirəm;
tutmasa nə olacaq, dünya dağılacaq? Yeməyə, geyməyə qarşı da tam biganəyəm.
Çünki bunlar əhəmiyyətsiz şeylərdir. Elmi dərəcələrə, adlara, şana-şöhrətə də
dərin laqeydliyim var. Mənim istəklərim başqadır. Gündə yorulmadan 10 saat
tərcümə, yazı ilə məşğul olmaq istəyirəm.
– Hazırda nə üzərində
işləyirsiniz? Yaxın planlarınız nədir?
– İndi Nəvainin "Heyrət ül-əbrar” poemasını tərcümə edirəm. Bu,
"Xəmsə”nin birinci əsəridir. Yaxın gələcəkdə Nəvainin "Leyli və Məcnun”,
"Fərhad və Şirin” poemalarını tərcümə
etməyə başlamalıyam. Hazırda Tatarıstanın məşhur şairi Robert Minnullinin 70
illik yubileyinə bir kitab hazırlayıram.
Onunla əlaqələrimiz var. Ad günü ilə bağlı bir məqalə yazmağımı istədi,
dedim ki, məqalə nədir, gəl, sənin bir kitabını tərcümə edim. O da şeirlərini
göndərdi tərcümə üçün. Bunlar önəmlidir, məişət məsələləri yox. Dil
pəhləvanımız çoxdur, amma ortada da iş yoxdur. İşi görmək lazımdır. Türk
dünyasının iki böyük şəxsiyyəti – Mahmud Kaşğarlı ilə Yusif Balasağunlu barədə
monoqrafiya yazmalıyam. Bütün bunlara vaxt tapmaq olmur. Özbəkistanda Nizami
adına Pedaqoji Universitetin tərkibindəki özbək dili və ədəbiyyatı fakültəsini
ayırıb xüsusi bir universitet halına salıblar. Təxminən 10 kafedra ilə
universitet yaradıblar. İndi onlar Beynəlxalq Türkoloji Tədqiqatlar Mərkəzi
yaradırlar və məni də ora təsisçi kimi dəvət edirlər. Kaş biz də belə bir
mərkəz aça biləydik. Çünki kafedra bu işləri görə bilmir, müəllimlər dərs
qayğısına görə türkologiya ilə dərindən məşğul olmağa vaxt ayıra bilmirlər.
Məsələn, bizim universitetlə müqaviləmiz var, hər gün 7 saat 11 dəqiqə burada
olmalıyıq. Dərsimiz olsa da, olmasa da.
Ayrıca mərkəz olsa, bu olar əla. Mayın axırında Krımda Bəkir
Çobanzadənin 125 illik yubileyi keçiriləcək. Onun adını daşıyan mükafatın
laureatı kimi oraya dəvət olunmuşam. Avqustun 7-8-də Daşkənddə "Özbək
ədəbiyyatının xaricdə tədqiq problemləri” mövzusunda böyük bir simpozium
keçirilməsi nəzərdə tutulur. Gör nə qədər iş var...
– Bir neçə şeir müəllifi
olsanız da müəllim olduğunuz filologiya fakültəsində, əsasən, "Su pərisi”
şeirini səsləndirməyinizlə yadda qalıbsınız. Deyəsən, o şeirinizi xüsusilə
sevirsiniz.
– Bu şeir mənim ən çox
sevdiyim şeirlərimdən biridir. Həm də yeganə şeirimdir ki, əzbər bilirəm. Qoy
onu deyim, oxucular da bilsinlər. Bəlkə kimsə bəyəndi:
SU PƏRİSİ
Ağ köpükdən sırğaları,
Gümüş kimi ağ dərisi,
Yarıb gəldi dalğaları,
Yоsun saçlı su pərisi.
Heyrət ilə baxdım оna,
Alоvlanır içərisi,
Aşiq оlub bir insana,
Eşqə düşüb su pərisi.
Dedi: "Sevdim bu adamı”,
Gördüm о bir eşq dəlisi,
"Оlmaz məndən su adamı”,
Dinləmədi su pərisi.
Dedim оna: "Məndən vaz keç,
Ürəyimdə var birisi,
Öz sоyundan birini seç,
Sev оnu sən, su pərisi.
Bu dünyanın hər şeyi var,
Uçarısı, köçərisi,
Tоrpağında insan yaşar,
Sularında su pərisi”.
Dedi: "Daha sevgi bitdi,
Yox könlümün müştərisi!”
Göy sularda gözdən itdi,
Qəlbi sınan su pərisi.
Bir səs qоpdu dоdağımdan,
Fəryad, nida: "Su pərisi!”
Dönüb öpdü yanağımdan,
"Get, əlvida, su pərisi!”
Оndan sоnra görünmədi
Nə ölüsü, nə dirisi,
Hara getdi, bilinmədi,
Yоxa çıxdı su pərisi.
Söhbətləşdi: Aytac Quliyeva