“Biz sanki regionda yoxuq”
Separatizm, terrora söykənən siyasəti ilə regional layihələrdən
təcrid olunan Ermənistan hakimiyyətinə qarşı daxildən narazılıq artır.
Rusiyanın "Vestnik Kafkaza” nəşri yazır ki, ötən həftə tək region üçün deyil,
beynəlxalq əhəmiyyət kəsb edən "Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib
hissəsi olan Astara-Astara dəmir yolu xətti ilə ilk test qatarı yola salınıb.
Dəmir yolunun rəsmi açılışı mart ayına nəzərdə tutulub. Bu layihənin
reallaşması ilə Azərbaycan Cənubi Qafqazda infrastruktur qovşağına çevriləcək. "Yüklər
və insanlar şərqdən qərbə (Bakı-Tbilisi-Qars) və cənubdan şimala hərəkət edir.
Bununla da, Ermənistan üçün "Şimal-Cənub” marşrutu layihəsi bağlanmış olur. Bu
isə o deməkdir ki, Yerevan regiondakı bütün istiqamətlər üzrə nəqliyyat
axınlarından kənarda qalır”, - deyə sayt yazır. Yeri gəlmişkən, Ermənistanın
uzun müddətdir ki, ümid yeri olan İran da bu ölkədən imtina edir. İranın
Ermənistandakı səfiri Seyid Kazım Səcdadi söyləyib ki, "ölkəsinin Ermənistanla
münasibətləri çox yaxşıdır. Biz dəmiryolu əlaqəsi yaratmağa hazırıq, amma
İrəvan bunun üçün ilk növbədə investor tapmalıdır. Siz ilk addımı atın, biz
növbətini atacağıq”, – deyə o bildirib. Qeyd edək ki, İrəvan bundan öncə
dəfələrlə İranla dəmiryolu əlaqəsi yaratmağa cəhd edib. İrəvana bu layihəni
reallaşdırmaq üçün 1-2 milyard dollar pul lazımdır. Ermənistanın dəmiryolları
hazırda rəsmən Rusiya dəmiryolları şəbəkəsinin əlindədir. Ölkə dəmiryolu
vasitəsilə yalnız Gürcüstanla əlaqə yarada bilir.
"Vestnik Kafkaza”nın suallarını cavablandıran "Ermənistan Milli
Konqresi” Partiyasının sədr müavini Aram Manukyan bu gün ölkəsinin düşdüyü
bərbad durumun kökündə işğalçılıq
siyasətinin durduğunu etiraf edib. O bildirib ki, Ermənistan bu gün regional
dövlətlərarası iqtisadi əlaqələr fonunda sıfırıncı yerdə qərarlaşıb. "Bütün
regional, dəmiryolu, neft, qaz və s. xətlər bizdən yan keçir. Ermənistan tək
siyasi mühasirədə deyil, hər tərəfdən qapanmış vəziyyətdədir və hər hansı bir
regional layihələrdə iştirak etmir. Hətta bizim hökumət regional proqramlarda
iştirak etmək istəmir. Yəni biz Qafqazda mövcud deyilik və bu vəziyyət 20 ildən
artıqdır ki, davam edir. Bu illər ərzində bizdən çoxsaylı layihələr, o cümlədən
Bakı-Ceyhan, Bakı-Qars” yan keçib. Halbuki, bunlar Gürcüstandan yox,
Ermənistandan keçə bilərdi. İndi isə qarşıda "Şimal-Cənub” beynəlxalq nəqliyyat
dəhlizi və Çinin "Böyük ipək yolu” layihəsi gəlir. Ermənistan de-yure Qafqazda
var, lakin regiondakı hər hansı bir layihədə iştirak etmir. Biz iqtisadi mənada
dalana dirənmişik və bu səbəbdən də heç kim Ermənistana pul yatırmır. Əgər
əvvəllər heç olmasa, 3-4 mlrd. dollar alırdıqsa, ötən il bu rəqəm 120 mln dollar
təşkil edib. Vəziyyəti korrupsiya da mürəkkəbləşdirir. Bu səbəbdən də normal
bir insan Ermənistana pul ayırmağa risk etmir”. Partiya funksioneri xüsusi
vurğulayır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması ölkənin inkişafına
təsir göstərir. Onun sözlərinə görə, bu, Ermənistan üçün ən böyük çağırış və ən
birinci problemdir. "Bu problemi həll etmək gərəkdir. Bizin partiya münaqişənin
həlli ilə bağlı proqram və təkliflərini verib. Biz başa düşürük ki, müharibənin
başa çatması Ermənistanın yeganə inkişaf yoludur. Qarabağ problemini
nizamlamaq, siyasi və diplomatik səyləri gücləndirmək lazımdır. Mən hesab
edirəm ki, xalqı dalan vəziyyətdən çıxarmaq gərəkdir. Bu, ən əhəmiyyətli
məsələdir - 24 ildir ki, yaşadığımız vəziyyətdən çıxmağın vaxtı çatıb. Belə
davam edə bilməz. Qarabağ uğrunda müharibə iki il davam etdi, o vaxtdan 24 il
keçib. Müharibədən sonrakı münaqişəli vəziyyət yerində addımlayır. Bu xalqları
və dövlətlərin inkişafına mane olur. Bu vəziyyətdən, quyudan çıxmaq gərəkdir.
Əgər Qarabağ münaqişəsini nizamlamaq mümkün olarsa, Azərbaycan və Türkiyə ilə
də sərhədlərimiz açılacaq. Sonuncu iki ölkə Qarabağ münaqişəsinin nizamlanması
prosesində və sərhədlərin açılması məsələsində vahid mövqedən çıxış edir, bu
istiqamətdə birgə mövqe sərgiləyirlər. "Erməni Milli Konqresi” bütün qonşularla
yaxşı, xüsusən də iqtisadi münasibətlərin olmasında maraqlıdır. Çünki, bu,
bizim ölkənin inkişafını təmin etmiş olacaq”, - deyə erməni müxalifət
funksioneri vurğulayıb.
Başqa bir erməni ekspert Artak Markosyan isə demoqrafiya məsələsinə
toxunub. O bildirib ki, "əgər demoqrafik rejim bu cür davam etsə, biz davamlı
olaraq 90-cı illərdəki indekslərə sahib olacağıq”. "1in.am” saytına
açıqlamasında erməni ekspert söyləyib ki, 90-cı illərdəki nəsil artıq nikah
dövrünə çatır, amma nikahlar azalır: "Nəticədə doğumlar da azalır. 7% azalma
ciddi göstəricidir. Biz 1990-cı illərin göstəricilərinə qayıda bilərik. O zaman
doğuş kəskin şəkildə azalmışdı və buna emiqrasiya, eləcə də sosial-iqtisadi
göstəricilər səbəb olmuşdu. 2016-cı illə müqayisədə ölkədə nikahların sayı 15%
azalıb. Ermənistanda ölüm halları doğumu 2025-ci ildən daha tez üstələyəcək.
Artım tempi mütəmadi olaraq zəifləyəcək. Belə ki, təqaüd yaşına
50-60-cı illərdə doğulanlar çatır. Nəticədə ölüm halları artacaq. Doğumun
azalması mənfi göstərici yaradacaq ki, bu da fəlakət sayılır. Serj Sarkisyan
əhalinin sayını 2040-da 4 milyona çatacağını deyir. Bu, fantastikadır. Xaricdə
yaşayanların geri dönməsi üçün ölkədə heç bir islahat aparılmır”, – deyə o
bildirib.
Qeyd edək ki, Ermənistan əhalisinin sayı 2018-ci ilin 1 yanvarında 2
972,9 milyon nəfər olub. Statistika Xidməti bu göstəricinin keçən ilin analoji
dövrü ilə müqayisədə 13,2 min nəfər az olduğunu bildirib. Buna səbəb mənfi
miqrasiya saldosunun əhalinin artım tempini üstələməsidir. Ölkədə həmçinin
artım 13,9 min nəfərdən 10,3 min nəfərə qədər aşağı düşüb. 2017-ci il ərzində
Ermənistanda doğuşların sayı 7,1% azalıb, ölüm halları isə 3% artıb. Ən
acınacaqlı vəziyyət korrupsiya ilə bağlıdır. "2017-ci ildə Ermənistanda 634
korrupsiya faktı qeydə alınıb”, - deyə "News.am" ölkə polisinə
istinadən məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu rəqəm 2016-cı ildə qeydə
alınmış korrupsiya halları ilə müqayisədə 48,1 faiz çoxdur. Ötən il bu ölkədə
həmçinin 163 rüşvət faktı aşkarlanıb. Halbuki 2016-cı ildə bu rəqəm 71 fakt
təşkil edib. Polisin hesabatında qeyd edilib ki, müvafiq dövrdə 166,250 cinayət
materialı hazırlanıb və 7155 cinayət işi qaldırılıb.
Azər NURİYEV