• çərşənbə axşamı, 16 aprel, 23:45
  • Baku Bakı 18°C

“Biz sanki regionda yoxuq”

14.02.18 10:00 877
“Biz sanki regionda yoxuq”
Separatizm, terrora söykənən siyasəti ilə regional layihələrdən təcrid olunan Ermənistan hakimiyyətinə qarşı daxildən narazılıq artır. Rusiyanın "Vestnik Kafkaza” nəşri yazır ki, ötən həftə tək region üçün deyil, beynəlxalq əhəmiyyət kəsb edən "Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi olan Astara-Astara dəmir yolu xətti ilə ilk test qatarı yola salınıb. Dəmir yolunun rəsmi açılışı mart ayına nəzərdə tutulub. Bu layihənin reallaşması ilə Azərbaycan Cənubi Qafqazda infrastruktur qovşağına çevriləcək. "Yüklər və insanlar şərqdən qərbə (Bakı-Tbilisi-Qars) və cənubdan şimala hərəkət edir. Bununla da, Ermənistan üçün "Şimal-Cənub” marşrutu layihəsi bağlanmış olur. Bu isə o deməkdir ki, Yerevan regiondakı bütün istiqamətlər üzrə nəqliyyat axınlarından kənarda qalır”, - deyə sayt yazır. Yeri gəlmişkən, Ermənistanın uzun müddətdir ki, ümid yeri olan İran da bu ölkədən imtina edir. İranın Ermənistandakı səfiri Seyid Kazım Səcdadi söyləyib ki, "ölkəsinin Ermənistanla münasibətləri çox yaxşıdır. Biz dəmiryolu əlaqəsi yaratmağa hazırıq, amma İrəvan bunun üçün ilk növbədə investor tapmalıdır. Siz ilk addımı atın, biz növbətini atacağıq”, – deyə o bildirib. Qeyd edək ki, İrəvan bundan öncə dəfələrlə İranla dəmiryolu əlaqəsi yaratmağa cəhd edib. İrəvana bu layihəni reallaşdırmaq üçün 1-2 milyard dollar pul lazımdır. Ermənistanın dəmiryolları hazırda rəsmən Rusiya dəmiryolları şəbəkəsinin əlindədir. Ölkə dəmiryolu vasitəsilə yalnız Gürcüstanla əlaqə yarada bilir.
"Vestnik Kafkaza”nın suallarını cavablandıran "Ermənistan Milli Konqresi” Partiyasının sədr müavini Aram Manukyan bu gün ölkəsinin düşdüyü bərbad durumun kökündə işğalçılıq siyasətinin durduğunu etiraf edib. O bildirib ki, Ermənistan bu gün regional dövlətlərarası iqtisadi əlaqələr fonunda sıfırıncı yerdə qərarlaşıb. "Bütün regional, dəmiryolu, neft, qaz və s. xətlər bizdən yan keçir. Ermənistan tək siyasi mühasirədə deyil, hər tərəfdən qapanmış vəziyyətdədir və hər hansı bir regional layihələrdə iştirak etmir. Hətta bizim hökumət regional proqramlarda iştirak etmək istəmir. Yəni biz Qafqazda mövcud deyilik və bu vəziyyət 20 ildən artıqdır ki, davam edir. Bu illər ərzində bizdən çoxsaylı layihələr, o cümlədən Bakı-Ceyhan, Bakı-Qars” yan keçib. Halbuki, bunlar Gürcüstandan yox, Ermənistandan keçə bilərdi. İndi isə qarşıda "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi və Çinin "Böyük ipək yolu” layihəsi gəlir. Ermənistan de-yure Qafqazda var, lakin regiondakı hər hansı bir layihədə iştirak etmir. Biz iqtisadi mənada dalana dirənmişik və bu səbəbdən də heç kim Ermənistana pul yatırmır. Əgər əvvəllər heç olmasa, 3-4 mlrd. dollar alırdıqsa, ötən il bu rəqəm 120 mln dollar təşkil edib. Vəziyyəti korrupsiya da mürəkkəbləşdirir. Bu səbəbdən də normal bir insan Ermənistana pul ayırmağa risk etmir”. Partiya funksioneri xüsusi vurğulayır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması ölkənin inkişafına təsir göstərir. Onun sözlərinə görə, bu, Ermənistan üçün ən böyük çağırış və ən birinci problemdir. "Bu problemi həll etmək gərəkdir. Bizin partiya münaqişənin həlli ilə bağlı proqram və təkliflərini verib. Biz başa düşürük ki, müharibənin başa çatması Ermənistanın yeganə inkişaf yoludur. Qarabağ problemini nizamlamaq, siyasi və diplomatik səyləri gücləndirmək lazımdır. Mən hesab edirəm ki, xalqı dalan vəziyyətdən çıxarmaq gərəkdir. Bu, ən əhəmiyyətli məsələdir - 24 ildir ki, yaşadığımız vəziyyətdən çıxmağın vaxtı çatıb. Belə davam edə bilməz. Qarabağ uğrunda müharibə iki il davam etdi, o vaxtdan 24 il keçib. Müharibədən sonrakı münaqişəli vəziyyət yerində addımlayır. Bu xalqları və dövlətlərin inkişafına mane olur. Bu vəziyyətdən, quyudan çıxmaq gərəkdir. Əgər Qarabağ münaqişəsini nizamlamaq mümkün olarsa, Azərbaycan və Türkiyə ilə də sərhədlərimiz açılacaq. Sonuncu iki ölkə Qarabağ münaqişəsinin nizamlanması prosesində və sərhədlərin açılması məsələsində vahid mövqedən çıxış edir, bu istiqamətdə birgə mövqe sərgiləyirlər. "Erməni Milli Konqresi” bütün qonşularla yaxşı, xüsusən də iqtisadi münasibətlərin olmasında maraqlıdır. Çünki, bu, bizim ölkənin inkişafını təmin etmiş olacaq”, - deyə erməni müxalifət funksioneri vurğulayıb.
Başqa bir erməni ekspert Artak Markosyan isə demoqrafiya məsələsinə toxunub. O bildirib ki, "əgər demoqrafik rejim bu cür davam etsə, biz davamlı olaraq 90-cı illərdəki indekslərə sahib olacağıq”. "1in.am” saytına açıqlamasında erməni ekspert söyləyib ki, 90-cı illərdəki nəsil artıq nikah dövrünə çatır, amma nikahlar azalır: "Nəticədə doğumlar da azalır. 7% azalma ciddi göstəricidir. Biz 1990-cı illərin göstəricilərinə qayıda bilərik. O zaman doğuş kəskin şəkildə azalmışdı və buna emiqrasiya, eləcə də sosial-iqtisadi göstəricilər səbəb olmuşdu. 2016-cı illə müqayisədə ölkədə nikahların sayı 15% azalıb. Ermənistanda ölüm halları doğumu 2025-ci ildən daha tez üstələyəcək.
Artım tempi mütəmadi olaraq zəifləyəcək. Belə ki, təqaüd yaşına 50-60-cı illərdə doğulanlar çatır. Nəticədə ölüm halları artacaq. Doğumun azalması mənfi göstərici yaradacaq ki, bu da fəlakət sayılır. Serj Sarkisyan əhalinin sayını 2040-da 4 milyona çatacağını deyir. Bu, fantastikadır. Xaricdə yaşayanların geri dönməsi üçün ölkədə heç bir islahat aparılmır”, – deyə o bildirib.
Qeyd edək ki, Ermənistan əhalisinin sayı 2018-ci ilin 1 yanvarında 2 972,9 milyon nəfər olub. Statistika Xidməti bu göstəricinin keçən ilin analoji dövrü ilə müqayisədə 13,2 min nəfər az olduğunu bildirib. Buna səbəb mənfi miqrasiya saldosunun əhalinin artım tempini üstələməsidir. Ölkədə həmçinin artım 13,9 min nəfərdən 10,3 min nəfərə qədər aşağı düşüb. 2017-ci il ərzində Ermənistanda doğuşların sayı 7,1% azalıb, ölüm halları isə 3% artıb. Ən acınacaqlı vəziyyət korrupsiya ilə bağlıdır. "2017-ci ildə Ermənistanda 634 korrupsiya faktı qeydə alınıb”, - deyə "News.am" ölkə polisinə istinadən məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu rəqəm 2016-cı ildə qeydə alınmış korrupsiya halları ilə müqayisədə 48,1 faiz çoxdur. Ötən il bu ölkədə həmçinin 163 rüşvət faktı aşkarlanıb. Halbuki 2016-cı ildə bu rəqəm 71 fakt təşkil edib. Polisin hesabatında qeyd edilib ki, müvafiq dövrdə 166,250 cinayət materialı hazırlanıb və 7155 cinayət işi qaldırılıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər