• şənbə, 20 Aprel, 11:58
  • Baku Bakı 14°C

“Biz sadəcə, beynəlxalq hüquq normalarının yerinə yetirilməsini istəyirik”

06.10.16 10:56 3003
“Biz sadəcə, beynəlxalq hüquq normalarının yerinə yetirilməsini istəyirik”
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Xəzər Xəbər”ə açıqlamasında ABŞ-ın dövlət katibi Con Kerrininbu günlərdə Dağlıq Qarabağ münaqişəsi haqda səsləndirdiyi fikirlərə münasibət bildirib. O, qeyd edib ki, dövlət katibinin "liderlər buna hazır deyillər” açıqlaması təəssüf hissi doğurur və məyusedicidir.Ə.Həsənov əlavə edib ki, bu açıqlamaABŞ-ın münaqişənin həllində üzərinə götürdüyü missiyaya uyğun deyil.Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəABŞüzərinə müəyyən öhdəliklər götürüb.

Mövzunu politoloqlarla müzakirə etdik. Onlar da düşünürlər ki, ABŞ dövlət katibi bu cür bəyanat verməməli idi. Çünki bu fakt həmsədrlik öhdəlikləri ilə ziddiyyət təşkil edir. Politoloq Mübariz Əhmədoğlu "Kaspi”yə açıqlamasında dedi ki, artıq 20 ildən çox vaxt keçib. Bu qədər müddətdən sonra həmsədr ölkənin belə bir münasibət sərgiləməsi qəbul olunan məsələ deyil: "Münaqişənin həlli üçün şərait yarada bilmirsinizsə, bunun təqsiri kimdədir? 22 ildən çox vaxt keçib, bu qədər vaxtda nə işlə məşğul olmusunuz? Neçə illərdən sonra durub belə bir bəyanat vermək nə dərəcədə doğrudur və ya ədalətlidir? 22 ildir ATƏT-in Minsk qrupu münaqişəni tənzimləməklə məşğuldur. Hələ də nəticə yoxdur. Bu azmış kimi, məsuliyyəti də üzərlərindən atırlar. "Şərait yetişməyib” və s. bu kimi fikirlərlə məsuliyyəti başqalarının üzərinə qoymaq olmaz. Əgər vəziyyət yaxşı deyilsə, deməli, bu şəraiti siz yaratmamısınız. Kimi aldadırlar?”

M.Əhmədoğlunun fikrincə, prosesi onlar aparırlarsa, məsuliyyət də daşımalıdırlar: "Vəziyyəti düzəldə bilmirdinsə, niyə indiyə qədər bu işlə məşğul olurdun? Üstəgəl, diplomatlara və s. məsələlərə bu qədər pul xərclənib. Əli Həsənov dövlət rəsmisidir. Ona görə bir qədər yumşaq danışıb. Fikirlərini diplomatik ifadələrlə çatdırıb. Amma mən açıq danışıram. Kerri o sözlərlə həm tənzimləmə prosesinə xəyanət etdi, həm də açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirdi. Dediklərini məsuliyyətdən qaçma kimi qiymətləndiririk. Hətta buna yalançılıq da demək olar. Onlar kimi aldadır? 22 ildir deyirlər ki, biz bu məsələni tənzimləyəcəyik. Bu qədər vaxtdan sonra isə dur de ki, şərait yetişməyib. Ona görə də bu, konkret şəkildə adamları aldatmaqdır. Təəssüf ki, məsuliyyətdən qaçırlar”.

Politoloq Fikrət Sadıqov da Kerrinin dediklərinə haqq qazandırmır. Hesab edir ki, belə bir nəhəng ölkənin dövlət katibi bu cür bəyanatlar səsləndirməməlidir: "Necə yəni ölkə başçıları buna hazır deyillər, şərait yaranmayıb? 20 ildən artıqdır ki, danışıqlar gedir. Hansı şərait yaranmalı idi? Məgər biz hansısa güzəştlərə getməliyik? Mənə çox maraqlıdır, o, bu cür fikirləri səsləndirməklə nəyi nəzərdə tutur? Nə demək istəyirlər? Ermənistana təzyiq göstərməkdənsə, bəzən ölkəmiz haqda uyğun gəlməyən fikirlər səsləndirirlər. BMT-nin qətnamələrini yerinə yetirməkdən, Ermənistana qarşı müəyyən tələblər irəli sürməkdənsə, neçə illərdən sonra bu cür danışırlar. Qətnamələr neçə ildir niyə yerinə yetirilmir? Ona görə də belə bir bəyanat vermək heç də məntiqə uyğun deyil. Heç yaranmış şəraitə də uyğun gəlmir. Biz tərəfdən heç bir şərait yaranmayacaq. Azərbaycan sadəcə olaraq, beynəlxalq hüquq normalarının yerinə yetirilməsini istəyir”.

F.Sadıqov nəzərə çatdırdı ki, burada heç bir şəraitdən söhbət gedə bilməz. Çünki Azərbaycan haqqını tələb edir: "Bir sıra problemlərin olmasına baxmayaraq, Azərbaycan danışıqları davam etdirir. Bunlar isə şərait yaranacağından danışırlar. Bax, bu cür gözləmə mövqeyi, ikili standartlar Ermənistanın xeyrinədir, vaxtın uzanması onlara sərf edir. Üstəgəl, onların bu cür davranmalarına, beynəlxalq hüquq normaları ilə hesablaşmamalarına gətirib çıxarır. Ona görə də Əli Həsənovun fikirlərini dəstəkləyirəm və onunla həmfikir olduğumu bildirirəm”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər