“Biz prezident seçkilərinə hazır deyilik”

“Biz prezident seçkilərinə hazır deyilik”

Siyasət
23 Oktyabr 2012, 09:01 1823
“Mən özüm də müxalifəti təmsil edirəm, İctimai Palatanın (İP) rəhbərliyindəyəm, ona görə də istər-istəməz bir çox tənqidi fikirləri, o cümlədən özümün, ümumi müxalifətin fəaliyyəti ilə bağlı narazılığı hələlik tam açıq formada demək istəmirəm. Lakin onu demək lazımdır ki, bir il bundan əvvəl ”Demokratiyaya keçidin Yol Xəritəsi" qəbul olunanda, prezident seçkilərinə müxalifətin, İP-in hansı formada gedəcəyi ilə bağlı plan quranda cəmiyyətdə fəallıq daha yüksək səviyyədə idi. O zaman biz doğrudan da böyük işlər görmək həvəsində idik. Lakin indi görürük ki, prezident seçkilərinə bir il qalmış bir çox işlər görülməyib, hətta cəmiyyət keçənilkindən daha passivdir. Müxalifət düşərgəsinin özündə ziddiyyətlər azalmayıb, tam lazımi səviyyədə konsolidasiya, əməkdaşlıq hələlik hiss olunmur".

Bu fikirlər İctimai Palatanın Koordinasiya Şurasının üzvü Zəfər Quliyevə məxsusdur. O, hazırkı durumda müxalifətin üzərinə düşən öhdəliklər, demokratik düşərgənin şansı ilə bağlı danışarkən bunları deyib. “Yeni Müsavat”a açıqlamasında Z.Quliyev özünün təmsil olunduğu qurumun da fəaliyyətinə tənqidi yanaşıb:

“İctimai Palatanın özünün daxilində də biz istədiyimiz səviyyədə işi qura bilməmişik. Üstəlik, vaxt da azdır, şəxsən mənim mövqeyim belədir ki, bugünkü səviyyə, bugünkü hərəkət templəri ilə biz faktiki olaraq prezident seçkilərinə hazır deyilik və seçkilərdə də ciddi rəqabət aparmağa qadir deyilik”. Z.Quliyev müxalifətin şansı ilə bağlı ümidsiz olduğunu da deyib.