• cümə, 29 Mart, 12:54
  • Baku Bakı 14°C

“Biz keçmişdə ilişib qalmış xalqıq”

09.01.18 17:46 882
“Biz keçmişdə ilişib qalmış xalqıq”
"Biz keçmişdə ilişib qalmış xalqıq. XX əsrin dəyərlərini mənimsəyə və XXI əsrə keçə bilməmişik. Ən yaxşı halda XIX əsrdə qalmışıq. Biz dəyərlərimizlə, dünyagörüşümüzlə, gündəlik problemlərimizlə, arzularımızla keçmişə məxsusuq. Biz keçmişin problemlərini həll edirik, hələ də Osmanlı sultanı Əbdülhəmidlə mübarizə aparırıq. Mahnı oxuyur və o zaman səslənən fikirləri təkrar edirik”. Məşhur erməni hüquq müdafiəçisi Vardan Arutyunyanın "Vestnik Kafkaza” saytında dərc olunan məqaləsi bu fikirlərlə başlayır. Onun sözlərinə görə, vaxtilə, 2006-cı ildə dərc etdiyi bir məqaləsi bu günlə tam uyğunlaşır. "Və heç bir dəyişiklik yoxdur. Üstündən 12 il keçməsinə baxmayaraq, hələ də heç nə dəyişməyib”, - deyə hüquq müdafiəçisi bildirib. Məsələnin aktuallığını nəzərə alan Vardan Arutyunyan həmin məqaləni yenidən oxucularının diqqətinə çatdırıb. Əlavə edib ki, məqaləni dərc etməkdə məqsədi soydaşlarını qəflət yuxusundan ayıltmaq, onların müasir dövrün çağırışlarına uyğun siyasət qurmalarına nail olmaqdır. Onun sözlərinə görə, ermənilər üçün vətənpərvərliyin pik həddi Çauş, Dro, Andranik, Sose və Serob hesab edilir. Onların vətənpərvərliyində isə o illər üçün ənənəvi olan quldur-sosialist-terrorçu-millətçi qatqı əks olunub.

"O illərdən XXI əsrə bizlər nəyi gətirə bilmişik – qonşulara nifrət və iddialar. Bizim vətənpərvərliyimiz və antitürkçülüyümüz bir-biri ilə proporsionallıq təşkil edir. Genosid bizim vizit kartımız olaraq qalır. Keçmişin qalıqlarından yaxa qurtara və hər şeyin keçmişdə qaldığı ilə barışa bilmirik. Bunlar ağır yük kimi çiynimizin üstündə qalıb və bu yük bizi gələcəyə doğru irəliyə aparmaqdansa, aşağı çəkməkdə davam edir. Biz vətənpərvərlik nümayiş etdirmək istəyirik, qürurla dərs otaqlarımıza Böyük Tiqranın yürüşlərinin əks olunduğu xəritələri asırıq və bu xəritədən də çıxış edərək sərhədlərimizi dənizdən-dənizə kimi təsvir edirik. Özümüzün uydurduğumuz xəyallar üzərində həmin ərazilərin geri qayıdacağına ümid edirik. Biz müharibədə məğlubiyyətimizdən sonra özümüzün kiçik və müvəqqəti qələbələrimizi vəsf etməyə başlayırıq. Biz döyüşləri müharibələrdən ayıra bilmirik, bu döyüşlərdən xatirə kimi muzey və heykəllər ucaldırıq”, - deyə müəllif yazır. Ardınca da yazır ki, özü də bu qələbənin əsl sevincini yaşayanların, dadanların gözü qarşısında bunu bayram edirlər. "Anlamırıq ki, onların gözündə çox gülünc bir vəziyyətə düşürük və sonrakı döyüşlərdən məğlub olacağımızdan təminatımız yoxdur. Biz teatrımızın 2000 iliyini qeyd edirik, yalnız bir səbəbə görə ki, 2000 il bundan əvvəl Ermənistanda hökmranlıq etmiş bir hökmdar teatr pyeslərini yazıb. Halbuki, sonrakı iki min il ərzində bu yerlərdə teatrla heç kim məşğul olmayıb. Lakin biz qondarma iki minillik tarix düzəldir və elan edirik ki, bizim teatrın iki min il yaşı var, məqalələr dərc edir, şerlər bəstələyirik. Çünki bizə belə lazımdır. Biz işıqfora diqqət ayırmırıq. Tələsmədən söhbət edə-edə, arxayıncasına maşın axınının qabağına doğru addımlayırıq. Biz sükan arxasında olanda isə avtomobili düz piyada keçidinin qabağında saxlayırıq. Anlamaq və bir faktı qəbul etmək istəmirik ki, bu həyat üçün təhlükəli ola bilər”.

Müəllif əlavə edir ki, "biz çoxəsrlik tariximizlə fəxr və qurur duyuruq. Lakin heç nəyi qoruya bilmədik, daha doğrusu kilsələrdən başqa bir şey yarada bilmədik. Bizim ən qədim şəhərimizin hətta 200 illik tarixi bel yoxdur. Dövlətçiliyimiz olanda isə bizim hökmdarlarımız ona o qədər hörmətsiz yanaşdılar ki, özlərini təsdiq etmək üçün paytaxtları tez-tez bir şəhərdən digərinə dəyişdilər. Nəticədə bizdə qədim paytaxt şəhəri anlayışı yoxdur”, - deyə hüquq müdafiəçisi məqaləsində yazır. O, əlavə edir ki, "bizim böyük və özünü vətənpərvər adlandıran, "ölkə” arzusu ilə alışıb-yanan, nostalgiyadan əziyyət çəkən diasporumuz var. Onlar müxtəlif dillərdə danışır, müxtəlif xalqların içində yaşayıb və ciddi bir işlə - Ay data erməni məsələsi ilə məşğul olur. Onilliklər ərzində ideya dinə çevrilib və belə hallarda necə olur – kim onun köklərinə daha çox yaxın və sadiqdir? Biz öz səslərimizi və seçmək hüquqlarımızı satır, sonra isə şəxsi söhbətlərdə təəccüblə bu cür təlxək və axmaqların haradan peyda olduqlarını söyləyirik. Etiraf etmək istəmirik ki, özümüz öz səslərimizi 3 min drama satmışıq. Bu pula isə cəmi 30 kq. çörək ala bilərik”.
Onun ən maraqlı fikirləri isə saxta seçkilər və ona biganəlik nümayiş etdirən insanlarla bağlıdır. "Biz seçkilərin saxtalaşdırılması proseslərində iştirak edirik, çünki bunu bizdən bizim şəhərin gənci, yaxınımız və yaxud qohumumuz xahiş edir. Əvəzində isə nəsə bir mənfəət əldə etməyə çalışırıq. Buna nail ola bilməyəndə isə saxtakarları, seçkilərdə qalib gələn şəxsləri və bütün ətraf aləmi ittiham etməyə və söyməyə çalışırıq. Özümüzün isə rolumuz olduğunu etiraf etmək istəmirik. Sonra isə qisas almaq üçün növbəti seçkiləri gözləyirik, yada ki, başqa komandaya üz tuturuq. Biz yaltaqlanan və ikiüzlü adamlara qarşı biganəlik göstəririk. Yaltaqlıq və əyilmək - artıq bizim həyat tərzimizə çevrilib. Bizlər hər bir cəmiyyətdə qəbul edilməyən gizli casusları, satqın və işverənləri qəbul edirik. Onlar asan şəkildə bizim aramızda yaşayır və çox hallarda bizləri idarə də edirlər. Biz onları insanın necə alçaldığının əyani göstəricisi kimi uşaqlarımıza göstərmirik. Əksinə, hesab edirik ki, onlar necə yaşamağın yollarını daha yaxşı bilir - yaxşı işgüzar insanlardır, öz şanslarını itirməyiblər. Biz onlarla kef-əhval tutur, ünsiyyət qururuq. Və təəccüb də edirik niyə bizim uşaqlarımızda dünya və ətraf aləm haqqında belə bir təhrif olunmuş fikir formalaşıb. Onların gələcəyi üçün də qorxmuruq. Biz bütün uğursuzluqlarımızı pis qonşularımızın olması ilə əlaqələndiririk. Sanki biz istisnayıq və yerdə qalan bütün xalqların qonşuları bizimkilərdən yaxşıdırlar. Onlar heç bir zaman başqalarının çəkmələri altında inləməyiblər. Bizim indiki həyatımız keçmişin təkrarıdır. Yenə də qonşular düşmən elan edilirlər, yenə də başqasının forpostuna çevrilmişik və çıxış yolunu xaricdə görürük. Yenə də öz dövlətimizə hörmətlə yanaşmırıq, ölkəni idarə edən yararsız insanların hakimiyyətinə dözümlülük nümayiş etdiririk. Bizi növbəti məğlubiyyət gözləyir”, - deyə erməni hüquq-müdafiəçisi sonda fikirlərini belə bir fikirlərlə başa çatdırıb.

Beləliklə, erməni hüquq-müdafiəçisi soydaşlarının, daha dəqiq ifadə etsək, işğalçı rejimin və onun diktəsi ilə oturub-duran xalqın əsl mahiyyətini ortaya qoymuş olub. Təqdirəlayiq haldır ki, erməni cəmiyyəti hələ də belə insanlardan xali deyil. İnanmaq istərdik ki, onun növbəti dəfə, üstündən 12 il sonra yenidən bu mövzunu qabartması, soydaşlarını qəflət yuxusundan ayıltmaq cəhdi nəhayət ki, uğurla nəticələnəcək.

Azər

banner

Oxşar Xəbərlər