• cümə, 29 Mart, 01:28
  • Baku Bakı 7°C

“Biz insan faktorundan asılıyıq” – Uğur hekayəsi

17.11.14 09:36 2443
“Biz insan faktorundan asılıyıq” – Uğur hekayəsi
“Uğur hekayəsi” rubrikamızın bu həftəki qonağı “Azanfilm” studiyasının rəhbəri Fariz Əhmədovdur . O, 15 dekabr 1983-cü ildə Bakıda anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin Ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisasında və Beynəlxalq Kino Məktəbində təhsil alıb. Professional Kinorejissorlar Gildiyasında və Beynəlxalq Audiovizual Festivalda koordinator (2003-2005), ANS TV-də isə rejissor (2005-2006) kimi çalışıb.
Filmə böyük marağı olan Fariz Əhmədov “Kiçik Əmanət”, UNICEF üçün “Gənclik və Sülh” mövzusunda sənədli, “Mayak” filminin müəllifidir. 2010-cu ildə Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə daxil olub və 2012-ci ildə həmin ali təhsil ocağının magistr pilləsini bitirib.
2012-ci ildə “Azanfilm” animasiya filmləri studiyasının direktoru vəzifəsində çalışan müsahibimiz gənclərin uğur qazanmaları üçün daim öz üzərilərində işləmələrinin vacib olduğunu vurğulayır.
- Fariz bəy, gənc yaşda rəhbər vəzifədə çalışmaq necə bir hissdir?
- İstənilən vəzifə, rəhbərlik onun sahibindən böyük bir məsuliyyət tələb edir. İşçi vəzifəsində çalışarkən yalnız öz işinə cavabdeh olursan. Amma hər hansı qurumun rəhbəri vəzifəsində çalışdıqda hər kəsin işinə nəzarət etməyə məcbursan. Həm istehsal prosesini aparmaq, həm də maliyyə sahəsinə rəhbərlik etmək heç də asan məsələ deyil. Mən yaradıcı insanam və yaradıcı işlə məşğulam. Bəzən olur ki, istehsalat prosesində elə problemlər yaranır ki, onun həlli üçün çox çalışmalı oluram. Düşünürəm ki, necə edim ki, el dilində desək “nə şiş yansın, nə də kabab”. Biz insan faktorundan asılıyıq. Bura zavod deyil ki, nəsə istehsal edək. Burada istehsalçı hesab olunan rejissordan tutmuş rəssama qədər hamının nazı ilə oynamalıyam ki, nəticədə istədiyimi onlardan ala bilim. Biz digər istehsalat birliklərindən fərqli olaraq başqa iş sistemi ilə çalışırıq. Çalışıram ki, mənə verilən işin öhdəsindən layiqincə gəlim və mənə göstərilən o etimadı doğruldum.
- “Azanfilm” studiyasına rəhbər vəzifəsində çalışacağınızı eşitdikdə bu xəbəri necə qarşıladınız?
- Əslidə buna səbəb mənim xaricdə təhsilim oldu desəm yəqin ki, yanılmaram. 2010-cu ildə Rusiyada VGİK Kinematoqrafiya Universitetinə qəbul olunmuşdum. O universitet qeyri-Rusiya vətəndaşları üçün ödənişli idi və ildə 10 min dollar təhsil haqqını ödəmək lazım idi. Mən də Mədəniyyət və Turizm Nazirliyinə məktub yazdım ki, belə bir universitetə daxil olmuşam, mənə təhsil haqqını ödəmək üçün kömək lazımdır. Cənab nazir mənim təhsil haqqımı ödədi və mən o universiteti oxudum. Döndükdən sonra isə mənə söylədilər ki, “Azanfilm” studiyasını yenidən qaldırmaq üçün bizə kömək lazımdır. Animasiya sahəsi isə mənim ixtisasıma bir qədər uzaq sahə idi. Ancaq çəkdiyim bütün filmlərin demək olar ki, prodüseri özüm olmuşam. Filmlərin istehsal prosesindən xəbərim vardı. Moskvada rejissor təhsili aldığım üçün daha çox yaradıcı işlə məşğul olmaq istəyirdim. Ancaq başa düşürdüm ki, bu sahədə də kömək lazımdır. Ona görə də mənə təklif olunan vəzifə ilə razılaşdım. Bu gün də animasiya sahəsindəki uğurları görməmək qeyri mümkündür. Belə ki, müstəqillik qazanandan bu yana ildə 5 animasiya filmi nümayiş olunur. Yeni kadrlar yetişir, texniki bazamız çoxalır. Mədəniyyət və Turizm Nazirliyi studiyamıza yüz min manata yaxın texniki avadanlıq verib. Bu il ilk dəfə olaraq animasiya serialının istehsalına başlayacağıq. Hazırda iş prosesi gedir. Sevindirici hal odur ki, nazirlik bizə kömək edir və onlar da bu işdə maraqlıdırlar.
- Rusiyanın Kinematoqrafiya Universitetində öyrəndikləriniz bu gün sizin işinizdə kömək olurmu?
- ÜmumRusiya Kinematoqrafiya İnstitutu dünyada yaranmış birinci kino universitetidir. Bu universitet bir əsrdən artıqdır ki, fəaliyyət göstərir. Dünya kino sahəsində mütəxəssislərin yetişdirilməsində bu təhsil ocağının böyük və əvəzedilməz rolu var. Bu təhsil ocağı mənim üçün məbəd idi. Orada təhsil almaq mənim həyatımda çox böyük rol oynadı. Mənim mütəxəssis kimi yetişməyimdə demək olar ki, rolu əvəzsizdir. Müəllimlərim Rusiyanın, SSRİ-nin tanınmış xalq artistləri və tanınmış simaları idi. Orada oxuduğum müddətdə tanış olduğum tələbə yoldaşlarım bu gün dünyanın müxtəlif ölkələrində reytinqli filmlərin rejissorlarıdır.
- Sizin çəkdiyiniz filmlər beynəlxalq festivallarda mükafatlara layiq görülür. Sizcə, rejissor üçün bundan böyük sevinc ola bilərmi?
- Fikrimcə, rejissor üçün ən böyük sevinc tamaşaçı alqışı və tamaşaçı rəğbətidir. İstənilən istehsal olunan film festival, yaxud hər hansı bir kino mütəxəssisləri üçün deyil, məhz tamaşaçı üçün çəkilir. Filmin göstərilmə və istehsal obyekti tamaşaçıdır. Ən böyük mükafat isə tamaşaçı rəyi və tamaşaçı alqışıdır. Düzdür, festivallar da rejissor üçün vacibdir. İlk növbədə festival filmi göstərib peşəkar rəyi almaq üçün böyük rol oynayır.
- Bu gün gənclik kinematoqrafiya sahəsinə nələr gətirir?
- İstənilən gənc yaradıcılıq sahəsinə yeni düşüncə gətirir. İndi sürət, internet və texnologiya əsridir. Burada kinonun dili, tempi, mövzusu gündən-günə dəyişir. Bu sahəyə gələn gənc onu maraqlandıran, gündəmdə maraqlı olan mövzunu ekrana gətirir. İl ötdükcə insanların zövqü, dünyagörüşü, dünyaya baxışları dəyişir. Gələn insan yaşadığı tempə uyğun olaraq yeni nəfəs gətirir. Sevindirici haldır ki, bu gün Azərbaycan kinosuna gələn gənclər öz sözlərini deməyə iddialıdırlar və deyirlər də. Azərbaycan kinosu bu gün dünya kinematoqrafiyasının bir hissəsi kimi özünü göstərir. Bu gün kino sahəsinə gələn gənclər dünya kino sahəsində Azərbaycan gənci haqqında artıq müəyyən fikir formalaşdırıb. İstənilən xarici ölkədə Azərbaycan, Şərq ölkəsi olaraq maraq doğurur. Festivallarda nümayiş olunan filmlərdə Azərbaycan mədəniyyəti, mentaliteti orada öz əksini tapır.
- Animasiyada çalışan gənclər hazırda nə yeniliklər gətirirlər?
- Animasiyada texnologiya dəyişikliyi baş verdi. Dünya prosesində 2-3D formatına keçirildi. Demək olar ki, çəkilən filmlərin 90 faizi bu formatda çəkilir. “Azanfilm” studiyası olaraq biz də bu texnologiyadan istifadə edirik. Kompyuter qrafikası 3D animasiya vasitəsi ilə həyata keçirilir. Studiyamızın 80 faizindən çoxu gənc kollektivdən ibarətdir. Yaşlı mütəxəssislərlə yanaşı işə daha çox gənclər cəlb olunur ki, bu da animasiya sahəsinə yeni nəfəs, yeni baxışda yanaşı yeni texnologiyanın tətbiqinə gətirib çıxarır. İşimizi elə qururuq ki, peşəkar yaşlı nəsillə sənətə yeni gələn gənc nəsil arasında bir bağlantı, əlaqə olsun.
- Ənənəvi sualımız – uğur qazanmağın sirri nədədir?
- Uğur qazanmağın sirri zəhmətkeşlikdə və qarşınıza qoyduğunuz məqsəddədir. İnsan ilk növbədə öz zəhməti, biliyi, bacarığı ilə istədiyi nailiyyəti əldə edə bilər. Yetər ki, qarşılaşdıqları çətinliklərə sinə gəlsinlər və həvəsdən düşməsinlər. Qarşıya qoyduğu məqsədə doğru iri və möhkəm addımlarla irəliləsinlər.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər