• cümə, 29 Mart, 10:05
  • Baku Bakı 5°C

“Biz həm teatrda, həm də həyatda tərəf-müqabili idik” - Fotolar

18.09.18 10:39 1691
“Biz həm teatrda, həm də həyatda tərəf-müqabili idik” - Fotolar
Onun çəkildiyi filmlər sovet kinosevərlərinin yaxşı yadındadır. «İşdə məhəbbət macərası», «Qaraj», «Cənnət səması» və başqa filmlərə çoxlarında yenidən baxmaq arzusu yaranır. Aktrisanın kino qəhrəmanları insanın ürəyinə toxunur. Teatr səhnəsində isə, onun obrazlarının ayrı təsiri var. Teatr və kinosevərlər Svetlana Nemolyayevanı ürəyəyatan aktrisa, Rusiya prezidenti Vladimir Putin isə möcüzəli, məftunedici insan adlandırıb.81 yaşı tamam olan aktrisa ad günü münasibətilə müsahibəsində səhnədə özünü xoşbəxt hiss etdiyini deyib.

Mənim ikinci evim

- Svetlana Vladimirovna, Mayakovski adına teatrda yeni mövsüm başlayır. Bu mövsümdən gözləntiləriniz nədir?
- Hələ ki bu il mənim premyeram olmayıb. Ancaq deyə bilmərəm ki, buna görə kədərlənmişəm. Keçən il məhz mənim ad günümə görə yeni bir tamaşa səhnələşdirdilər. Öz nəvəmlə səhnədə oynamaq çox fərəhli idi. Mənə doğmalarımla olmaq – istər evdə, istər işdə həmişə xoşdur. Həyatımın müxtəlif dövrlərində mənim heyran doğuran rejissorlarım, tərəf-müqabillərim olub – bu isə sənətdəki uğurlarıma səbəb olub.

- Sizcə, bu gün tamaşaçı teatrdan nə gözləyir?
- Bəlkə səhv edirəm, məncə, tamaşaçı yanan bir ürəyi – insan münasibətlərini, adi həyat vəziyyətlərini görmək istəyir. Mən fikir verirəm: klassik, realist tamaşalar publikanı çox cəlb edir. O cür tamaşalarda zal adamlarla dolu olur. Bu təkcə klassikanın ölməzliyi deyil, həmçinin insanların ona itməyən marağıdır.

- Bu gün elə hesab edirlər ki, bir yerdə üç-beş ildən artıq işləmək düzgün deyil, fəaliyyət sferasını dəyişmək lazımdır. Sizin fikrinizcə, bu düzgün yanaşmadır? Axı siz bütün ömrünüzü Mayakovski teatrına vermisiniz. İndi geri boylananda heyfsilənirsiniz?
- Hər kəsin öz xarakteri və yolu var. Mən bir yerə öyrəşən adamam. Teatra da öyrəşmişəm. Hətta onu dəyişmək haqqında düşünmək belə mənə dəhşətli görünür. Axı mən bu teatra institutu qurtaran kimi gəlmişəm. Ən görkəmli aktyorlarla səhnəyə çıxanda gözlərimə inanmamışdım. Bunun yuxu və ya həqiqət olduğunu anlamağa çalışırdım. Ancaq bu xoşbəxtlik maneələrə baxmayaraq bütün həyatım boyu davam etdi. Aktyor həyatı sadə olmur. Əlbəttə, mənim də çoxları kimi incikliklərim, səhvlərim, kədərlərim, iztirablarım olub. Ancaq bütün bunlar mənim uğurlarımla birgə addımlayıb. Həyat hərədə müxtəlif cür formalaşır. Elə insanlar var ki, eyni teatrda qalıb işləyə bilmirlər. Onların həyatı müxtəlif yollara ayrılır. İnsanlar var ki, teatra öz ailəsi kimi baxır, burda da müxtəlif cür olur. Hərdən teatr sənə bu şəraiti yaradır, hərdən isə səni rədd edir. Bu isə taledir. Ona görə bizdə – həyat yoldaşım Saşada da (aktyor Aleksandr Lazerev), məndə də bu alındı. Bizim xarakterimiz elə idi ki, hər ikimiz konservativ idik, birlikdə qaynayıb-yanırdıq, teatra öyrəşdik və ayrılmaq istəmədik. Həyatın gözlənilməzliklərinə baxmayaraq, biz yenə də öz konservatizmimizə müvafiq olaraq teatrımıza sadiq qaldıq. Mən Mayakovski adına teatrda özümü evimdəki kimi hiss edirəm. Nə olur-olsun, bu mənim ikinci evimdir.
Qadınlar o qədər də dəyişməyiblər

- Sizin «İşdə məhəbbət macərası» filmindəki qəhrəmanınız çox sevimli, özünü qurban verməyə hazır olan qadındır. Sovet dövründə belə qadınlar çox idi. Bu gün - qadına müstəqil olmaq, həyatındakı kişini onu qane etmədiyi halda dəyişmək məsləhət görülən bir dövrdə bu cür güclü qadını təsəvvür etmək çətindir.
- O zaman belə qadınlar həqiqətən çox idi. Film ekranlara çıxandan sonra mən minlərlə məktub alırdım, xüsusən də qadınlardan. Hamısında demək olar ki, eyni fikir vardı: "Siz mənim taleyimi necə tapdınız?”, "Siz mənim həyatıma boylandınız”, "Bu mənim başıma gələn hadisədir”. Mən heç vaxt kinonu teatrdan üstün tutmamışam. Amma məni «İşdə məhəbbət macərası» filminə dəvət edən Eldar Ryazanov kimi bir insanla tanış olduğuma görə özümü xoşbəxt sayıram. O günə kimi o məni «Qusar balladası»na, «Qəribə qismət»ə dəvət etmək istəmişdi, əfsuslar olsun ki, alınmamışdı. «İşdə məhəbbət macərası»ndan sonra o mənə dedi: «Bəlkə də səni «Qəribə qismət»ə çəkmək lazım idi”. Mən gülümsəyərək çiyinlərimi çəkdim: «Bu haqda danışmaq artıq gecdir...» Mən yaxşı başa düşürdüm ki, aktrisa filmdə şimal dənizlərində yaşayan balıq kimi işi pozub. Rejissorun mənə yaxşı münasibətinə baxmayaraq, heç cür seçimdən keçə bilmədim. «Qəribə qismət» filmində rola çəkilmək üçün səkkiz dəfə cəhd göstərmişdim. O vaxt Eldar Aleksandroviç dedi ki, pis oynamaq daha çətin olardı. Amma bu sözlər mənim acığıma gəlmədi, əksinə, açıq danışdığına görə bugünə kimi ona minnətdaram. Ümumiyyətlə, ekrana yolumu açdığına görə ömrümün axırına kimi Ryazanova minnətdaram. Onun çəkdiyi filmlərdə iştirak etməyim həm aktyorluq, həm də tamaşaçı sevgisi baxımından mənə çox şeylər verib. Bunlar da mənim üçün qiymətlidir. Ryazanov sovet qadınlarının şəxsi həyatını çox ustalıqla ekranlaşdırırdı. Məhz həmin qadınlardan biri də Lida Rjova obrazında ifadə olunmuşdu.Mənim qadınlarla bağlı təcrübəmə gəlincə, qadınlar o qədər də dəyişməyiblər. Mən nə qədər tərcümeyi-halları oynamışam və səhnədən özgələrinin sözünü söyləmişəm, onların hamısı öz hissləri, iztirabları ilə oxşardır. İnsan hissləri dəyişmir. Əlbəttə, nəsə bizim şüurumuzda dəyişir. Ancaq mənə elə gəlir ki, qadınlar Rusiyada da o qədər müstəqil deyillər, asılıdırlar. Onlar hisslərə və həyatda dayağa möhtacdırlar. Onları incitmək olmaz.

- Bəs siz köməksiz, yoxsa müstəqilsiniz?
- Mən insanın mənə kömək edə biləcəyini, yaxud özündən itələyəcəyini ilk baxışdan hiss edirəm. Uşaqlıqda nə vaxtsa maraqlı bir fikir oxumuşdum: «Biz başqalarının haqqımızda düşündüklərindən çox yaxşıyıq. Ancaq özümüzün öz haqqımızda düşündüklərimizdən bir qədər pisik». Biz özümüz haqqında bir cür, adamlar isə başqa cür düşünür. Ona görə də mənim özümün köməksiz və ya müstəqil olmamı müəyyən etmək çətindir.
Güzəştə gedin...

- Tez-tez deyirlər ki, nikah – ağır işdir. Bu münasibətdə sizin üçün də çətinliklər olub?
- Bu fikirlə razılaşa bilmərəm ki, nikah çətin işdir. Mənim Saşam həmişə çox düzgün deyirdi və mən onunla 100 faiz razı idim: ailədə əsas məsələ təkcə özünü eşitmək, təkcə öz arzularını görmək və öz iradəni yeritmək deyil, səninlə yanaşı gedən başqasını da dinləməkdir. Nə üçün insanlar daim dalaşırlar? Ona görə ki, öz iradələrini yetirmək istəyirlər, başqa tərəfi başa düşmək istəmirlər. Güzəştə gedin, onda münasibətlər Saşa ilə məndə olduğu kimi uzun gedəcək. Sən təkcə özün üçün yaşamırsan. Yəqin ki, mənim Saşa ilə uzun illər birlikdə yaşamağımızın sirri onda idi ki, biz bir-birimizi dinləməyə çalışmışıq. Bu, asan deyil, amma biz buna cəhd etmişik. Bizim xarakterimiz elədir ki, uzun müddət mübahisə etməyi xoşlamırdıq. Hər ikimiz aktyor idik. Temperamentlərimiz, təbiətimiz bir-birinə o qədər oxşamırdı. Bizdə tez-tez fərqli xüsusiyyətlər üzə çıxırdı. Biz dərhal barışmağa, nə qədər ki alışmayıb, konflikti böyütməməyə çalışırdıq. Saşa həyatdan köçəndən sonra mənim üçün çətin oldu. Yeddi ildir ki, ad günümü sevimli həyat yoldaşından ayrı keçirirəm. Aleksandr Lazerev 2011-ci ildə trombdan qəfil vəfat etdi. Əvvəllər onunla birlikdə keçirdiyim ad günlərindən çox danışardım. Birlikdə stol açıb qonaq qarşılayar, bir yerdə sevinərdık. Yaxınlarımız həmişə bizi mehriban cütlük hesab edirdilər. Biz birlikdə 51 il ömür sürdük. Həmkarlarımız və tanışlarımız addımbaşı maraqlanırdılar: necə olub ki, uzun illər aramızdakı harmoniyanı qoruyub saxlaya bilmişik. Mənə Aleksandr Sergeyeviçlə yaşamaq həmişə şən və rahat olub. Əvvəllər aramızda daha çox romantizm, bir-birini yaxından duymaq var idi. Sonralar münasibətlər başqa mərhələyə keçir... Biz həm teatrda, həm də həyatda tərəf-müqabili idik. Maraqlıdır ki, çoxları həyat yoldaşımın mənə iradəsizlik göstərdiyini düşünürdü. Fikirləşirdilər ki, o, hər şeydə mənə güzəştə gedir, amma lazım olan yerdə öz iradəsini göstərməlidir. Ancaq mən həyat yoldaşımın xasiyyətini və onun həyat oyunlarını gözəl anlayırdım. Kişinin ən gözəl xüsusiyyəti – onun alicənablığıdır. Mən ona bugünün həyatı ilə yaşamağa, emosional olmağa, yeri gələndə şıltaq, naz-qəmzəli, dəyişkən olmağa şərait yaradırdım. O da heç vaxt çərçivələri aşmırdı. Buna görə mən onu daha çox sevirdim.

Heç kimə oxşamamaq

- Siz həmişə çox gözəl, füsunkar görünürsünüz. İmicinizi dəyişmirsiniz. Üzünüzü əməliyyat etdirmirsiniz. Buna necə nail olursunuz?
- Ona görə mən yaxşı görünürəm ki, adamlar arasına heç vaxt pis görkəmdə çıxmıram. Yorulsam da, özümü pis hiss etsəm də, nə qədər məşğul olsam da, həmişə şux görünməyə çalışıram. Çünki başa düşürəm ki, mənimlə danışmaq, şəkil çəkdirmək istəyənlər var. Bu, tamaşaçılarıma hörmətdir. Mən heç vaxt səhnədə plankanı aşağı endirməyə razı olmuram. Tamaşaya bir saat qalmış mən artıq qrimdə və səhnə geyimindəyəm. Ümumilikdə isə mən həyatda qeyri-adi olmağa pərəstiş edirəm. Rahatlanmaq və heç kimə oxşamamaq aktrisa üçün xoşbəxtlikdir. Mən bunu səmimi qəlbdən deyirəm.

- Bəs yaşla bağlı fikirləriniz nədir?
- Mən özümü heç də yaşı 80-i adlamış qadın kimi hiss etmirəm. Hətta bu haqda düşünmək belə mənə ağır gəlir. Əvvəllər düşünürdüm ki, həyat çox uzundur və indi başa düşürəm ki, zaman sürətlə keçir. Bir tərəfdən insan fizioloji olaraq hiss edir ki, həyat sürətlə keçir. Başqa bir tərəfdən o, çox uzundur, çünki hərə istədiyi kimi həyatını yaşayır. Mənə aktrisa Yelena Şatrovanın 80 yaşı haqda düşüncələri xoş gəldi: «Aman Allah, mən 80 il yaşamışam! Bu, 80 qış, 80 yaz deməkdir...»
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər