• cümə, 19 Aprel, 13:51
  • Baku Bakı 25°C

«Biz hələ özümüzü tapa bilməmişik»

02.08.13 09:04 2357
«Biz hələ özümüzü tapa bilməmişik»
Milli Kino Günü ilə bağlı müsahibə üçün İlqar Fəhmini təsadüfən seçmədik. Ən azı avqustun 2-də “Azərbaycan” kinoteatrında onun ssenarisi əsasında rejissor Eldar Quliyevin çəkdiyi “Dərvişin qeydləri” filmi nümayiş etdiriləcək. Bu ərəfədə hamının yazıçı, şair və tərcüməçi kimi tanıdığı İlqar Fəhmi ilə biz sırf kino söhbəti etdik.
Köhnə filmlərin təzə taleyi
- Azərbaycan kinosunun bügünkü mənzərəsini necə xarakterizə edərdiniz?
- Ümumiyyətlə, bu mövsüm Azərbaycan kinosu, əsasən də dövlət sifarişi ilə çəkilən filmlər, həm də serialların çəkilişi üçün keçici mərhələ sayıla bilər. Kinostudiyaya yeni rəhbərlik təyin olunub. Onun əsas məqsədi kino sxemini, fəaliyyət istiqamətini yeniləşdirmək, dünya səviyyəsinə çıxarmaqdır. Kino-teatr şəbəkəsinin yaranması, çəkilən filmlərin sadəcə bir dəfə göstərilməsi yox, bütün Azərbaycan üzrə yayılması istiqamətində böyük işlər görülür. Xarici prodüserlərlə birgə filmlərin çəkilməsi sahəsində də addımlar atılır. Kinostudiya yalnız istehsalla deyil, həm də yayımla məşğul olacaq. Bu il yaradıcılıq baxımından da filmlər istehsalata buraxılıb. Yenə deyirəm, bu il kinostudiya üçün yeniliklərin yaranması baxımından gərgin il olub.
- Onda belə çıxır ki, hər il çəkilən 7-8 filmin üzərindən ümumiyyətlə, xətt çəkmək lazımdır ki, onları heç tamaşaçı görməyib?
- Əslində bu şəbəkənin yaranması həm də o filmlərə xidmət edir. Yəni o filmlər də rayonlarda göstərilsin, ictimaiyyətə təqdim olunsun. Bəzən bizə sual verirlər: «Niyə o filmləri televiziyada göstərmirlər?». Son dövrlərdə vəziyyət bir qədər başqadır. Çünki kinonun estetikası elə qurulur ki, bu, yalnız böyük ekranda göstərilməlidir. Əgər televiziyada o filmə baxsan «burda maraqlı nə var ki» deyə bilərsən. Böyük ekranda filmin insan psixologiyasına və şüuruna təsiri təkcə aktyor oyunu ilə yox, həm də texniki incəlikləri ilə ekranda görünür.
-«Dərvişin qeydləri» də köhnə filmlərin taleyini yaşamayacaq ki?
- «Dərvişin qeydləri»nin bəxti bir az onda gətirdi ki, artıq bu şəbəkə yaranmaq üzrədir. Lap yaranmasa belə, «Nizami» kinoteatrı var. Əvvəllər, məsələn, üç il əvvəl çəkilən bu filmləri kinoteatrlarda göstərməyə ümid yox idi. Təkcə «Azərbaycan» kinoteatrı var idi, o da özəl idi. O birilər isə o səviyyəyə cavab vermirdi.
- Amma indi «Nizami» kinoteatrı olsa da, bu da çox azdır.
- Düzdür, azdır. Yaxın illərdə Azərbaycan üzrə yaradılacaq 20-25 kiçik kinoteatrın bəhrəsini görəcəyik. Əslində, dünyada son dövrlər böyük kinoteatrlar o qədər çox deyil. Əsasən kiçik, dar məkanda, sənətin incəliklərini bilən tamaşaçılar üçün olan kinoteatrlardır. Gürcüstanda mənə dedilər ki, Tbilisinin özündə bu cür 30-a yaxın kinoteatr var. Elə bilirəm, bundan sonrakı filmlərin aqibəti yaxşı olacaq. Amma köhnələri də hesabdan silmək olmaz. Çünki tamaşaçı görmədiyi üçün onlar təzədir.
Yaxşı filmin nə uzunu, nə qısası?
- Əfsanəvi rejissor Andrey Tarkovskinin belə bir sözü var: «Əgər ssenarist rejissorla bir yerdə işləmirsə, onda özgəsinin ssenarisini çəkən rejissor illüstratordur. Bu baxımdan, sizin ssenariləriniz əsasında film çəkiləndə rejissorla birgə işləyirsiniz?
- Məndə iki mərhələ olub: bir var, mənim əsərim əsasında işlənib və rejissorun illüstrator olmaması üçün ona tam azadlıq verirəm. Deyirəm ki, mənim əsərim kitabda var, həmin ideyanı burada vermişəm, istəmirəm ki, onu kinoda təkrar edəsən. Sən həmin hadisədən, süjetdən başqa bir şey ortaya çıxart. O, alınırsa, razılıq verirəm. Bu olur kökü məndən olan, amma rejissorun özünün tamam dəyişdirib formaya saldığı iş. Bir də var ki, rejissorun öz ağlına hansısa ideya gəlir və o, bununla bağlı mənimlə məsləhətləşir. Əgər onun ideyası mənə yaxındırsa, süjetini qururam, o da rejissor olaraq işə öz zəhmətini əlavə edir.
- Fikirlər var ki, artıq tamaşaçı uzun filmi sevmir. Əgər film uzundursa əyləncəli olmalı, ağırdırsa, minimum yarım saat davam etməlidir.
- Film yaxşı film olmalıdır. Yaxşı filmin nə uzunu, nə qısası? Düzdür, bəzən olur ki, yarım saata yaxşı təsvir oluna biləcən ideyanı dartıb iki saat edirlər. Yaxşı film 3 saat da baxılanda elə bilərsən ki, 5 dəqiqə çəkdi. Pis film isə 15 dəqiqə də olsa ürəyin darıxacaq, deyəcəksən ki bu nə vaxt qurtaracaq? Bu baxımdan yaxşı və pis film var.
- Deyə bilərsinizmi, bizdə çəkilən filmlər nə üçün yalnız festivallara hesablanır?
- Haqlısınız ki, son 7-8 ildə daha çox festival filmləri üstünlük təşkil edirdi. Çünki digər sahələrə tələbat yox idi. Kassa yox idi ki, kinodan pul götürəsən. Təbliğat məqsədli filmlər isə daha çox telekanallara işləyirdi. Ona görə də kinostudiyanın öhdəsinə düşən o xətt qalmışdı. İndi bizdə istəyirlər ki, sabah kinoteatr şəbəkəsi yaransa, kinoya qoyulan pulu götürmək ehtimalı da yaransın. Həmçinin dövlətin ideologiyasını təbliğ edən filmlər də çəkiləcək.
Ssenarist kinoda ikinci yerdədir
- Sizin ssenarinizlə çəkilən «Aktrisa» filmi ilk dəfə Kann festivalının pavilyonunda nümayiş etdirilib. Sizcə, festivalın pavilyonundan tamaşaçı zalına yol çoxmu uzaqdır?
- Bilirsinizmi, kino kollektiv sənətdir. Mən həm peşəkarla, həm də qeyri-peşəkarla, həm az bilənlə, həm də çox bilənlə işləmişəm. Kinonun o qədər xırdalıqları var ki... Ola bilər ki, sən dahiyanə bir film çəkəsən, ancaq hansısa bir şərtə riayət etməsən film qəbul olunmasın. Bəzən görürsən ki, bir filmdə ideya, fəlsəfə, düşüncə var, ancaq kinonun əlifbasından gələn bəzi xırda çatışmazlıqlar olur ki, filmin böyük səhnəyə çıxmasına maneçilik yaradır. Kinonun incəliyini bilməyən tamaşaçı həmin xırda detalları tuta bilmir. Son 5-6 ildə Kann festivalında uğur qazanan filmləri yığsaq onun 10 faizini camaat başa düşər. Qalanlarına baxanlar isə «burada maraqlı nə vardı ki» - deyər. Bunu yalnız sırf kinonun incəliklərindən başı çıxan insanlar bilir.
- Hər halda İran filmləri Kann festivalına çıxanda onların daha çox milliliyi vurğulandı.
- Hə, koloritinə görə qəbul edirlər. Elə biz özümüz də daha çox Şərq filmlərinə baxanda onların milli koloritinə qiymət veririk. Onlar elə şey çəkməyə çalışırlar ki, Qərb tamaşaçısı üçün maraqlı olsun. O psixoloji detallar, xarakterlər ki, Qərbdə yoxdur, ona üstünlük verməyə çalışırlar. Türkiyə kinosu isə başqa istiqamətə üstünlük verir. Yəni cərəyanlar çoxdur. Amma mənə elə gəlir ki, biz hələ hansı istiqamətə getməyimizlə bağlı özümüzü tapa bilməmişik.
- Adətən hər hansı komanda futbolda uduzanda məşqçini günahlandırırlar. Bəs uğursuz film alınanda necə?
- Kinoda hər şey rejissordan asılıdır. Uğursuz olanda yazıq rejissor günahkar sayılır, uğur olanda isə rejissor kənarda qalır, aktyorlar hörmət qazanır.
- Əgər yaxşı rejissor pis ssenari əsasında film çəkirsə, onda necə?
- Mənə elə gəlir ki, yenə də rejissordan asılıdır. Çünki ssenarini də rejissor seçir. Rejissor şikayət edə bilməz ki, ssenari zəif idi. Əgər zəif idisə, niyə çəkirdin?
- Yəni mümkün deyilmi ki, tanışlıqla, müəyyən əlaqələrlə rejissora ssenari təqdim olunsun?
- Mən o filmləri kənara qoyuram. Düzdür, bizdə bəzən kommersiya işləri, sifarişlər və s. olur. Söhbət düzgün kinodan gedir. Düzgün kinoda isə hər şeyi rejissor həll edir. Ona görə də kino rejissorun adı ilə gedir, məsələn, Fellininin filmləri, Hiçkokun filmləri. Heç kəs bilmir ki, həmin filmlərin ssenaristi və ya prodüseri kimdir.
- Yenə Tarkovskiyə qayıdacam. Onun belə bir fikri var: «Ssenari ədəbiyyat janrı deyil. Ümumiyyətlə, belə bir janr yerli-dibli mövcud deyil. Ssenarist ya kinonu yaxşı bilən yazıçı, ya da yazmaq qabiliyyəti olan rejissordur”. Son illər sizin ssenariləriniz əsasında filmlər daha çox çəkildiyi üçün soruşuram: siz hansılardansınız?
- Mən kinonu yaxşı bilən ədəbiyyat adamıyam. Rejissorlarla mənimlə işləmək ona görə rahatdır ki, mən heç vaxt onlara diktə etmirəm. Maksimum dərəcədə onların ideyası çərçivəsində istədiklərini verməyə çalışıram. Təbii ki, öz ideyalarımı da ora qatmaq şərti ilə. Mən yazıçıyam və öz ideyalarımı əsərimdə ortaya qoyuram. Mənim bir növ mütləq şəkildə kinoda da özümü təzahür etdirməyimə ehtiyac yoxdur. Məni tanımaq, fikirlərimə, ruhuma bələd olmaq istəyən gedib kitablarımı oxusun. Kinolar rejissorların məhsuludur. Mən sadəcə, bacardığım qədər onların işinin yaxşı alınmasına kömək edirəm. İstənilən halda kino ssenaristin məhsulu deyil. Ssenarist kinoda ikinci yerdədir.
- Hansısa tanınmış rejissorun fikridir: «Kiməsə rejissor olmağa iki il, kiməsə iki yüz il vaxt lazımdır». Bəs sizə özünüzü ssenarist kimi təqdim etməyə neçə il vaxt lazım olub?
- Kinonu hiss etmək üçün mənə iki il vaxt lazım olub. Rejissor Fikrət Əliyevlə «Ölüm növbəsi» filminin ssenarisini işləyəndə əsil kinossenarist olmağın kodu mənim üçün açıldı. O iki ildə nəsrdən kinoya keçməyim üçün bir təcrübə dövrü oldu. Kinonun mənim üçün qapısı açıldı. Ən azından cığırını tapdım ki, kino necə olmalıdır. İndinin özünə qədər də hesab edirəm ki, mən nə qədər təcrübələrdən keçməliyəm ki, yaxşı kinonu hiss edim. Təbii ki, yaradıcı insan ölənədək öyrənməlidir.
Eksperimentlər
- Yeri gəlmişkən, «Ölüm növbəsi»nin premyerası keçiriləndən sonra demişdiniz ki, təqdimat geniş tamaşaçı kütləsi üçün nəzərdə tutulmayıb. Premyeraya dəvət olunanların isə rəyi müsbət olub. Sizin üçün məhdud dairənin rəyi ölçüdür?
- Ona görə də biz bayaq dediyim prosesləri gözləyirik. Yəni filmlər geniş auditoriyaya açılsın və biz əsas rəyi görək. Filmlərimin hamısına hələ ki, geniş tamaşaçı rəyi yoxdur. Bu, mənim özüm üçün də maraqlıdır.
- Bu sualımla kobud görünmək istəməzdim: əgər geniş ictimai rəylər xoşagələn olmasa ssenaristlikdən əl çəkərsiniz?
- Ümumiyyətlə, hər hansı bir sənət mənim üçün o vaxta qədər maraqlıdırsa onu edirəm. Maraqlı deyilsə, çox rahat halda ondan əl çəkirəm. O, lap böyük uğur da qazansa, mən özüm ona maraqdan düşsəm daha yazmayacağam. Əksinə, uğur qazanmasa, bu iş mənə maraqlıdırsa, hətta, axıra qədər onu aparacağam ki, yaxşı ssenari olmasına nail olum. Mən şəxsən son vaxtlar özümdə daha çox teatra meyl hiss edirəm. Elə bil kinoya qarşı bir balaca soyumuşam. Ruhən mən daha çox teatr adamıyam. Nə qədər böyük uğurlar da olsa, ola bilər ki, sabah mən ssenari yazmağı tərgitdim və başladım teatrla məşğul olmağa. İş prosesi mənim özüm üçün maraqlıdırsa, kənar rəylər məni o qədər də maraqlandırmır. Əsas odur ki, mən özüm orada istədiyimi alım.
- Təxminən elə başa düşdüm ki, siz eksperimentlərə meyl edirsiniz? Yəni əvvəlcə qəzəl yazmaqdan nəsrə keçid, daha sonra ssenaristlik, teatr, serial…
- Mən həmişə eksperimentlər içində olan adamam. Bir yerdə dayananda mənim ürəyim partlayar. Mən əsəri yaza-yaza axırında həvəsdən düşürəm. Görürəm mən istəyən deyil, onu tez qurtarmaq istəyirəm ki, başqasına başlayım. Görüm istədiyimi orada ala biləcəyəm, ya yox. Sonra yenə bir başqası, yenə bir başqası… Məndə sənətin insan ruhuna təsirinin maksimum gücünü tapmaq meyli var. İstər nəsr, istər şeir, istər ssenari olsun – hansı formada olanda sən daha çox ağrılı hissələrə vura, insan ruhunun incə məqamlarına toxuna bilirsən.
- Bu, sizdə müəyyənləşməyib hələ?
- Bunlar eksperimentlərdir. Əslində sənətin mistik, tilsimli məqamı məhz həmin ruha toxunmaqdır ki, onu qabaqcadan müəyyən etmək olmur.
- Serialları kino növü sayırsınız?
- Əslində mən serial sevən adam deyiləm. Mən daha çox kino seriala meyilli adamam. Ancaq hesab edirəm ki, hal-hazırda “Kaspi-qlobal” prodakşnda montaj mərhələsi gedən «Çaqqal nəfəsi» serialı digər seriallardan fərqli olacaq. Onun ideyasını gənc prodüser Şamxal Həsənli bəyəndi və cənublu rejissor Babək Şirinsifət çəkdi. Yaradıcı heyət 7-8 ay müddətində filmi gərginliklə işlədilər. «Çaqqal nəfəsi»ni işləyəndə məqsədimiz bu oldu ki, Azərbaycanda ilk kinoserial çəkək. Bu, 20-24 seriya olacaq və yəqin ki, bu, sentyabr ayında ekranlara çıxacaq.
- Özünüzü daha çox ədəbiyyat adamı, ya kino adamı hesab edirsiniz?
- Mən qəzəlxanam. Mən ssenari da yazanda qəzəlxanam, pyes də yazanda. Hansı sahəyə getsəm divan ədəbiyyatı mənim içimdədir. Axıra qədər özümü onun adamı hesab edəcəm.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər