“Biz hələ yolun əvvəlindəyik” - Fotolar
"Builki qəbul imtahanlarında maksimum nəticə göstərən abituriyentlərin
sayı ötən illərdəkindən xeyli az oldu. II ixtisas qrupu üzrə bu sevindirici və
qürurverici nəticəni yalnız 1 abituriyent əldə edib”. Sosial şəbəkələrdə və
mediada yer alan bu fikirlər daha çox bir ailənin sevinc payı olsa da, nəticəyə
ölkə, gənclik, təhsil adına sevinənlər çox oldu.Əslən Ağdam rayonunun Mərzili kəndindən olan Qorxmaz Səfərov riyaziyyat, coğrafiya və tarix fənlərinin
hər birindən maksimum nəticə əldə edərək ən yüksək göstəriciyə - 400 bal
qazanmağa nail olub.Abituriyentin atası, "525-ci qəzet”in
redaktoru Seyfəddin Hüseynli övladının uğurunun sirrini "Kaspi”yə bölüşdü.
Yüksək nəticələrin təməli
- Seyfəddin müəllim, övladınızın qəbul
imtahanlarında yüksək nəticə əldə etməsi münasibəti
ilə sizi təbrik edirik! Valideyn üçün övladının uğurundan böyük qazanc yoxdur.
Bu nəticəyə qədərki yol eyni uğuru qazanmaq istəyənlər üçün də maraqlı olar...
- Əslində
valideyn üçün övladının uğurları özünün yox, uşağının gələcəyi baxımından daha
sevindirici olur. Əlbəttə, valideyn istəyi təmənnasızdır. Bu baxımdan düşünürəm
ki, ya müəyyən bir mühit özü formalaşır, ya da övlad üçün özünü
formalaşdırırsan. Uşaq da doğulub böyüdüyü mühitlə nəfəs alır, dünyagörüşü
onunla formalaşır. Bu cəhətdən istər elmə, təhsilə meyil, istərsə də bir çox əxlaqi
keyfiyyətlər, mənəvi xüsusiyyətlər elə bu məcrada formalaşır. Bir çox
dostlarım, ailə yaxınlarımız deyirlər ki, iki oğlumuzun belə nəticə göstərmələri
təəccüblü deyil. Yəni gözlərini açıb az-çox kitab görüblər. Birbaşa onlara nəsihətlə
olmasa da, görünür şəxsi nümunədə bu qənaətə gəliblər. Heç bir ciddi məhdudiyyət
qoyulmadan, əyləncələrdən məhrum olunmadan və təbii ki, müəyyən qaydalar çərçivəsində
böyüyüblər. Həyat yoldaşım da pedaqoqdur. Fikirləşirəm ki, bu yük daha çox onun
üzərinə düşüb. O biri oğlumuz da yüksək balla Bakı Dövlət Universitetinə qəbul
olundu. Bu göstəricilər maksimuma yaxınlaşanda və ya maksimum alınanda onu daha
fərqləndirir, önə çıxarır. Bu baxımdan, mənə yalnız valideyn kimi sevinmək
qalır. Bunun daha çox həm onun üzərində, həm də öz üzərimizdə məsuliyyəti var.
Yəni bu ani bir müvəffəqiyyət olmasın, xırda bir parlaqlıq kimi keçməsin. Bu,
yeni yüksək nəticələrin təməli olsun. Hazırda belə bir arzudayam.
- Sirr deyil ki, bu gün azyaşlılar da, yeniyetmələr
də mobil cihazların bir növ əsirinə çevriliblər. Fikirlər var ki, bu
cihazlarsız uşaqlar daha yaxşı nailiyyətlər əldə edə bilərlər. Oğlunuz
imtahanda yüksək nəticə qazanmaq üçün yəqin ki, daha çox kitablarla dostluq
edib.
- Orta məktəblərin
xüsusən son sinifləri o qədər maraqlı yaş dövrüdür ki, fikrimcə, uşağı çox
sığma-boğmaya salıb onları əyləncələrdən, yaşın gətirdiyi gözəlliklərdən,
maraqlı duyğulardan məhrum etmək düzgün deyil. Eşidirdim ki, bir çoxları
uşaqlarını televizordan, kompyuterdən məhrum edib. Bilirsinizmi, mən az-çox ədəbiyyat
adamıyam. Bilirəm ki, bu cür məqamlar onların yaddaşında ağrılı nöqtələrə
çevrilir, travmalar yaradır. Tutaq ki, o, oxuyar, müəyyən uğurlar qazanar.
Ancaq yeniyetməlik dövründəki əyləncələrdən, yaşın özünə uyğun dadlı
hissiyyatlarını almaqdan məhrum olsa, onun üçün xeyli ağır olar. Dilə gətirməsə
də, bəlkə ürəyində bizi bağışlamaz. Ona görə biz xüsusi bir hasar çəkməmişdik.
Hər ikisinə orta məktəbin 10-cu sinfində ağıllı telefonlardan almışdıq. Düzdür,
buna qədər ailə arasında «bəlkə lazım deyil» - deyə söhbətlər də olurdu.
Telefonlardan həddini aşma dərəcədə istifadələri barədə şikayət eşidəndə onlara
bir yolla eşitdirir və ya nümunə çəkirdim. Qorxmazın gözlərində uşaqlıqdan
problem vardı. Ona görə də bir az ehtiyatlanırdıq. Amma xüsusi hədə və ya
qadağaların minimuma enməsinə çalışırdıq. Yəni əgər bacaracaqsa həm həyatını
yaşayacaq, həm təhsilinin dalınca gedəcək, həm də bir peşəkar kimi yetişəcək.
Bacarmayacaqsa birindən alıb o birisinə verməklə onun həyatının, duyğularının
bütövlüyünü korlamış olardıq.
Məcburiyyət yox, yönəltmək
- Ümumiyyətlə, əgər uşağın oxumağa həvəsi yoxdursa
onu məcbur etməyə ehtiyac varmı?
- Mənə elə gəlir
ki, burada məcburiyyətdən yox, onu yönəltməkdən söhbət gedə bilər. Müəyyən
nümunələrlə yönəltmək, mühit yaratmaq, ona təhsilin üstünlüklərini nümayiş
etdirmək olar. Bizdə indi elə bir gərgin vəziyyət yaranıb ki, insanlar
övladlarının oxumağını istəyirlər, digər tərəfdən «oxumağın faydası yoxdur, niyə
bizdə mütəxəssis yetişmir və s.» - deyə giley-güzarlar eşidilir. Bütün bu söhbətlər
bu sahədə ağır bir depressiya yaradır. O mənada ki, bir ümidsizlik və məyusluq
olur. Bu da istər-istəməz yeni nəslə sirayət edir. Ancaq mən düşünürəm ki, yeni
yetişən nəsil çox güclü və iradəlidir. Yəni onlar oxumaqla bağlı bu qədər
pessimizmi və ümidsizliyi görə-görə necə iradə ilə hazırlıqlara gedirlər, müəllim
yanına qaçırlar, normativləri yerinə yetirmək üçün məktəbdə çalışırlar. Bu,
yeni zəmanənin övladları kimi onların daha əzmkar olduğunu göstərir. Ona görə
düşünürəm ki, yönəltmək və bir çox nümunələrlə həvəsləndirmək olar, ancaq məcburiyyət
çox qısa vaxtda taktiki nəticə verə bilər. Strateji baxımdan gələcəyə yönələndə
bu məcburiyyət bəlkə də onun daha yaxşı yerdə reallaşdıracağı enerjini,
potensialı boşa vermiş olar. Gərək işin bu tərəfini də düşünək.
Zəmanə uşaqları
- Adətən valideynlər söhbət edəndə «qız uşaqları
daha sözə qulaq asandırlar» - deyə qızlarından razılıq edirlərsə, bir o qədər
oğlan övladlarının böyüdükcə sərbəstliklərinin, amiranəliklərinin artdığından
narahatlıqlarını ifadə edirlər. «Sən mütləq oxumalı, ali məktəbə qəbul
olmalısan» - deyə uşaqlarının başı üzərində dayanmaq onlara psixoloji təzyiq
deyilmi?
- Əgər məhz gündəlik
həyatda, ailədə qoyduğumuz tələblər, yaratdığımız müstəvidən kənara çıxan nələrsə
haqqında bəlağətli mənzərə yaratmağa çalışsam bu, valideyn kimi mənim tərəfimdən
bağışlanmaz riyakarlıq olar. Belə ki, onlar özləri də mətbuatı izləyirlər. Mən
burada bir az çaşqın vəziyyətdəyəm. Bir yandan da təhsilim də bir az
pedaqojidir. Ona görə pedaqoji sahədən bir az müdaxilə etməyi özümə rəva görürəm.
Bizdə hərdən ciddiyyəti diqtə ilə qarışıq salırlar. Pedaqogikada da belədir.
Bunun metodları var. Biz uşağı nə qədər məcbur edə, üzərində nəzarəti nə qədər
həyata keçirə bilərik? Axı, bizim də öz qayğılarımız, işimiz var. Nə qədər mükəmməlik
ki, onlardan son dərəcə mükəmməl davranış da tələb edək? Bu, çətin məsələdir.
Onlar ətrafdan nə qədər informasiya alırlar. Bu da onların psixologiyasında
cürbəcür təsirlər buraxır. İndi onlar təlqinləri yalnız valideynlərdən almırlar
ki. Fikrimcə, bunun bir balaca ortalama nəticəsi o olar ki, onlar daha yaxşı
özləri qərar versinlər. Yaxşısı o olar ki, onlar valideynlərindən eşitdiklərindən,
həyatdan götürdüklərindən, kənardan aldıqları təsirlərin ortalama nəticəsinə
ağılla qərar versinlər. Düzdür, burada istər-istəməz müəyyən nəsihətlər də, hətta
bəzən öcəşmələr də olur – bunlar adi şeylərdir. Onlar da zəmanə uşaqlarıdır,
onların özlərinin amalları, istəkləri var. Onlar bu məqsədlərini gerçəkləşdirməyin
bir yolunu da görünür, yaxşı oxumaqda görürlər. Kimisi uşaqlıqdan fərasət
nümayiş etdirir, fikirləşir ki, yüksək də olmasa, normal bir təhsilim olsun və
öz fərasətimlə bunu gerçəkləşdirərəm. Başqalarının da fərqli arzu və istəyi
olur. Ortadakı nəticəyə baxanda məlum olur ki, bunu məcburiyyətlə etmək mümkün
deyil. Əslində uşaqları öz qərarına buraxmaq, ancaq düzgün yönəltməyə
çalışmaqla ürəkaçan nəticələr almaq mümkündür.
- Razılaşarsınız ki, tərbiyə məsələsində, təhsilə məhəbbətdə
məsuliyyət təkcə valideynin üzərinə düşmür. Burada məktəbin funksiyası da var və
zəruridir.
- Təbii ki,
şagirdlər günün böyük bir hissəsini məktəbdə keçirirlər. Özünüz də bilirsiniz,
xeyli vaxtdan bəri xüsusi elitar məktəblər, xüsusi liseylər dəb düşüb. Orta təhsil
olsa da, elitar ali səviyyəli bir mühitdən söhbət gedir. Ancaq bunlar da o qədər
şərtidir ki... Bu barədə birmənalı qərar vermək düzgün deyil. Yəni qəbul
imtahanlarında da, təhsilin sonrakı pillələrində də çox sadə ailə və məktəblərdən,
adi müəllimlərin siniflərindən parlaq abituriyentlər, tələbələr, sonrakı mərhələdə
mütəxəssislərin yetişdiyinin şahidi oluruq. Tərbiyədə də, təhsildə də ilk növbədə
ailə mühiti, ikinci planda məktəb və təhsil ocağının sağlam mühiti, yerində tələbkarlıq
böyük rol oynayır. Bəzən ola bilər ki, bunların hamısı bir yerdə mövcud olar,
ancaq on şagirddən yalnız biri arzulanan nəticəni göstərə bilər. Bunlar həyatın
özünün müəyyənləşdirdiyi, proseslərin özündə ortaya çıxan və özünü göstərən nəticələrdir.
Əlbəttə, digər şərtlər lazımdır, ancaq onların hamısı ikinci dərəcəlidir.
- Siz oğlunuza ixtisas seçiminə görə əzəldən sərbəstlik
vermisiniz, yoxsa hər hansı müdaxiləniz olub?
- Fikrimcə, bir
balaca şüurlu, övladını tanıyaraq yanaşan valideynlər üçün bu məsələdə elə bir
çətinlik olmur. Həm də bir az insaf gözü ilə baxmaq lazımdır. Məsələn,
Qorxmazda orta məktəbin ilk siniflərindən dəqiq elmlərə həm meyl, həm də o sahədə
imkanlarının daha yüksək olması nəzərə çarpırdı. Tutaq ki, mənim kitabxanamdan
kitab götürüb oxumaqda da, bir balaca musiqi ilə maraqlanmaqda da və yaxud yeni
çıxan texnologiyalara marağında da daha çox bu sahəyə marağını müşahidə
edirdik. Açığını deyim ki, yazılı nitqi yaxşı olsa da, şifahi nitqdə, söhbətlərində
daha konkret danışırdı. Dəqiq elmlərə meyillənən, rəqəmlərlə işləməyi xoşlayan
adamların xarakterində olduğu kimi, onda da bu hiss olunurdu. Ancaq yuxarı
siniflərə irəlilədikcə biz söhbət elədik. «Bəlkə maliyyə, iqtisadiyyat sahəsi»
təşəbbüsü məndən gəldi. Ancaq özünün bir
xeyli tərəddüdləri, araşdırmaları oldu. Üstəlik böyük qardaşı humanitar, hüquq
sahəsinə meyilləndiyi üçün görünür, özləri də özlərinin bacarıqlarını bir balaca
tərəziyə qoyub müqayisə etdilər. Görünür, Qorxmazın qərar verməsində bunun rolu
olub. Dünya o qədər sürətlə dəyişir ki, bu gün sərfəli görünən ixtisas sabah
arxa planda qala bilər. Yaxud, bu gün əhəmiyyət verilməyən bir ixtisas, sabahın
ən uğurlu bir peşəsi ola bilər. Yeni bir mərhələ gəlir. Ona görə bizim qərarımız
Qorxmazın fikri ilə üst-üstə düşdü və o, bu ixtisası özü üçün əlverişli hesab
edərək belə bir seçim üzərində dayandı.
- Sonuncu sualım: sizcə uğurlu gənc kimdir, xoşbəxt
valideyn kim?
- Bu, bir qədər
ehkamçı səslənə bilər. Bunun meyarları çoxdur, dəqiq fikir söyləmək olmaz. Hər
kəs üçün bunun fərqli çalarları var. Ancaq xoşbəxtlik elə bir anlayışdır ki, 90
faiz onun cizgilərini eyni görür, ancaq ona çatmağın yolları fərqlidir. Ona görə
biz hələ yolun əvvəlindəyik. Övladlarımız həyata imza atırlar. Biz yaşlı
valideyn sayılmırıq, bu baxımdan deyəcəklərim təcrübəsi daha böyük olan
valideynlərin təcrübələrinə əsaslana bilər. Ümumi götürəndə sağlamlıq, haqqa,
Allaha bağlı olmaq, millət, dövlət üçün, ölkə üçün çalışmağı özünə ar bilməmək
və təbii ki, məzmunlu, dolğun bir həyat yaşamaq... Valideyn əvvəlcə bunları özü
yaşayır və sonra övladına yaşadırsa bundan gözəl heç nə yoxdur. Valideyn bu nəslin
arzulanan səviyyədə rifah halında olması, mənəvi və fiziki sağlamlığını istəyir.
İlk növbədə istər valideyn, istərsə də övlad üçün zəhmətdən qaçmamaq bir çox
uğurların açarıdır. Rifah da, könül xoşluğu da buna bağlıdır. Cəmiyyətdə
tutulan mövqe də xeyli dərəcədə bundan asılıdır.
Söhbətləşdi
Təranə Məhərrəmova