AZE | RUS | ENG |


“Biz etdik, siz etməyin” - Fotolar

“Biz etdik, siz etməyin” - Fotolar
Rüfət Şahbazov “Qızqaçırtma” filmini çəkir: “Yanımızda daim təcili yardım maşını və PPX əməkdaşları olur”

Deyirlər yay film çəkilişləri üçün ideal mövsümdür. Rejissorlar da bunu dəyərləndirərək yeni layihələrini və ideyalarını məhz bu fəsildə gerçəkləşdirməyə üstünlük verirlər. Elə yaradıcılığında yenilik edərək ilk dəfə tammetrajlı film çəkən Xəzər televiziyasının tanınmış rejissoru Rüfət Şahbazov kimi. Rejissor 7 ildir ki, serial aləmində bir-birindən maraqlı layihələrlə müəyyən qədər tamaşaçı kütləsi toplayıb. Bu dəfə o, "Qızqaçırtma” adlı komediya janrında film çəkir. Rejissor ətrafına peşəkar komandanı cəm edərək çəkilişlərə başlayıb. Biz də yeni layihədən xəbərdar olmaq üçün Rüfət Şahbazovla əlaqə saxladıq. Bu layihə çərçivəsində tamaşaçıları nələrin gözlədiyini öyrəndik. Çəkiliş meydançasından bizimlə əlaqə saxlayan rejissor hazırda çəkiliş prosesinin çətin hissəsinin geridə qaldığını bilirdi.  

- Rüfət bəy, eşitdik ki, "Qızqaçırtma” adlı yeni bir film çəkirsiniz. İstərdik bu barədə bizi məlumatlandırasınız. 
- Belə bir layihəni həyata keçirmək təklifi Xəzər televiziyasının rəhbərliyi tərəfindən gəldi. Filmin ideyası Fariz Əliyevə məxsusdur. Ssenarini Fariz Əliyev, Kənan Yusif və Süleyman Süleymanzadə yazıb. Rollarda Fərda Amin, Kənan Yusif, Elşən Hacıbabayev, Hacı İsmayılov, Sevil, Sevinc bacıları, müğənni Damla və digər aktyorlar rol alıblar. Film qız qaçırmaqdan bəhs edir. Düzdür, qız qaçırmaq yaxşı bir şey olmasa da, köhnə adətlərimizdən biridir. Filmdə Fərda, Elşən, Kənan qız qaçırmaqla məşğuldurlar. Kim evlənmək istəyirsə, onlara müraciət edir. Onların da təbii ki, bu məsələdə öz üsulları var. Burda bizim köhnə dostlarımız da iştirak edir. Onlar da əllərindən gələni edirlər ki, yaxşı nəticə çıxsın.  
 
 
 
- Yəqin ki, qız qaçırmağın cinayət olduğundan xəbərdarsınız?
- (Gülürük) Qız qaçırmağın cinayət olduğunu biz də bilirik. Ona görə çəkib göstəririk ki, biz edirik, siz etməyin. Göstərməyə çalışırıq ki, bu nə qədər pis bir şeydir. Amma filmdə onlar xoşbəxtdirlər. Film real hadisələr üzərində çəkilmir. Bu, bir uydurmadır. "Qızqaçırtma”  komediyadır, yumordur, macəradır, yeri gələndə dramdır.

- Daha nə qaldı?
- Siz bu filmdə hər şey görə biləcəksiniz.
 
 

- Nəyi?
 - Layihə rəhbərinin icazəsi olmadığı üçün film barədə sizə geniş məlumat verə bilməyəcəyəm. Təkcə onu deyə bilərəm ki, sözügedən film çox maraqlı və dinamik olacaq. Onu izləyəndə çox güləcək və həyəcanlanacaqsınız. Artıq bir aydır çəkilişlərə başlamışıq. Nə gecəmiz, nə gündüzümüz var. Filmin quruluşçu operatoru Əli Sultanovdur. O, bir çox filmlərdə çalışıb. İllərdir bu işin içindədir. Bundan başqa, bizim kaskadyor qrupumuz var. Bu layihədə böyük bir komanda çalışır. Çəkilişlərin çox hissəsi gedib, 5-6 çəkiliş prosesimiz qalıb. Ondan sonra  montaj işlərinə başlayacağıq. 

- Bəs çəkiliş prosesi harada aparılır?
- Bakıda, Abşeron yarımadasında, Qubada, Xızıda, Qaradağ rayonu, Abşeron yarımadasının demək olar ki, bir çox nöqtələrində çəkiliş aparmışıq. Hazırda isə Binə qəsəbəsində çölün ortasında, zeytunluq meşəsinin içərisindəyik. 
 
 

- Film nə zaman hazır olacaq?
- Film yeni mövsüm üçün nəzərdə tutulub. Yəqin ki, qış aylarında filmin təqdimatı olacaq. O da tam olaraq dəqiq deyil.

- Bu sizin bir rejissor olaraq tammetrajlı ilk filminizdir. Çətin deyil ki?
- 7 ildir ki, serial aləmində çəkilişlərlə məşğulam. "Qızqaçırtma” mənim tammetrajlı ilk filmimdir. Bundan əvvəl bir neçə qısametrajlı film çəkmişəm. Filmin keyfiyyətli alınması üçün əlimizdən gələni edirik. Əgər tamaşaçıların zövqünü oxşayarsa və bizim istədiyimiz şəkildə alınarsa, bundan sonra da bu kimi layihələrimiz davamlı olar. 
 
 

-  Filmlə serial çəkilişləri arasında nə kimi fərqlər var?
- Serial çəkilişlərində günə 20 epizod çəkirdik. Ancaq film çəkilişlərində günə iki epizod çəksək də, gün buna bəs etmir. Serial çəkilişlərində hər detalın üzərində işləmək olmur. Ancaq film çəkilişlərində belə deyil. İndi çəkdiyimiz hər kadrın üzərində işləyirik. Hərdən olur ki, filmdə bir kadrı 20 dubla çəkirik. Hər şeyin ən yaxşısının olması üçün əlimizdəm gələni edirik. Film çəkmək əziyyətli işdir. Ancaq biz bundan zövq alırıq.  

- Sosial şəbəkədən gördüyümüz qədəri ilə, çox təhlükəli vəziyyətdə çəkilişlər edirsiniz. Çəkiliş prosesində ekstremal hallar yaşanırmı?
- Çəkiliş prosesində o qədər ekstremal hallar yaşanır ki... Onların hamısını sosial şəbəkədə və ya çəkdiyimiz kadrlarda göstərə bilmirik. Yanımızda daim təcili yardım maşını və PPX əməkdaşları olur. Filmin treyleri hazır olduqdan sonra o ekstremal hadisələrin yüngülvari hissələrini tamaşaçılar görə biləcəklər. 
 
 

- Niyə məhz komediya janrına müraciət etdiniz?
- Filmimiz tam komediya üzərində qurulmayıb. Bizim film "action”dır, komediyadır. Bizim tamaşaçılar əylənməyi və əyləncəli filmlərə baxmağı çox sevir. Çox istəyərdim ki, çəkəcəyim tammetrajlı film dram olsun. Ancaq eybi yox, mənim üçün janrın heç bir fərqi yoxdur. Rejissor film çəkirsə, janrın fərqi olmamalıdır. 

- Rüfət bəy, "Cehizsiz gəlinlər” serialı bitsə də, mükafatlar almaqda davam edir. 
- Bəli, ötən həftə serialımız "İlin ən yaxşı televiziya serialı” nominasiyasına layiq görüldü. Mükafat verilmə mərasiminə gedə bilmədik. Ancaq baş ssenaristimiz Valeh Əhmədov orada idi. Buradan "Cehizsiz gəlinlər” serialı adından bizi bu mükafata layiq görən təşkilata minnətdarlığımızı bildiririk. 

- Bəs yeni serial necə, olacaqmı? 
- Əlbəttə. Yeni mövsümdə "Ata ocağı” adlı dram serialı ilə tamaşaçıların görüşünə gələcəyik. Çox maraqlı bir serial olacaq. Qismət olsa, "Cehizsiz gəlinlər”dən sonra mövsümün ən keyfiyyətli serialı kimi tarixə düşəcək. Baş ssenaristimiz Valeh Əhmədov bizə gözəl ssenari təqdim edib. Filmin çəkilişləri bitdikdən sonra serialın çəkilişlərinə başlayacağıq. Bu mövsüm istirahətim ancaq çəkiliş proseslərində keçdi.  
 
 

- Eşitdik ki, ATV-də çalışan tanınmış rejissor və aktyor Ramin Hacıyev Xəzər televiziyasında yeni seriallar çəkəcək.
- Ramin bizim dostumuz, qardaşımızdır. Mən də bir müddət Ramin Hacıyevin çalışdığı Elməddin Cəfərovun komandasında işləmişəm. Ramin bəy Xəzər televiziyasında iki komediya serialı ilə tamaşaçılarımızın görüşünə gələcək. Artıq Ramin ATV-dən ayrılıb Xəzərin əməkdaşıdır. Bizim ailəmizin bir üzvüdür. Biz buna ancaq şad ola bilərik. 

- Bəs qorxmursunuzmu ki, onun çəkdiyi seriallar sizə rəqib ola bilər?  
- Təki, mənim rəqibim Ramin Hacıyev olsun. Mən onu rəqib kimi görmürəm. Bu günə qədər ondan çox şey öyrənmişəm. Bizim aramızda belə şey ola bilməz.

Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008