«Biz doğru yoldayıq» MÜSAHİBƏ

«Biz doğru yoldayıq» MÜSAHİBƏ

Müsahibə
03 Oktyabr 2012, 17:03 1520
Milli Televiziya və Radio Şurası (MTRŞ) 10 illik yubileyini qeyd edir. Şuranın sədri Nuşirəvan Məhərrəmli “Kaspi”yə müsahibəsində keçilən yola nəzər salıb.

Ən mühüm qərarlardan biri

- Yubileylər keçilən yola baxışdır, görülən işlər barədə hesabatdır. 10 illik hesabatdan razısınızmı?
- Bəzən mən özümə həddən artıq sərt yanaşıram. Keçdiyim yola nəzər salanda hesab edirəm ki, bu müddət ərzində xeyli iş görmüşük. 10 illik hesabat hazırlamışıq. Bu hesabata baxanda “doğrudanmı, bunların hamısını biz etmişik?” deyə fikirləşirəm. Təbii ki, tarixi baxımından çox vaxt deyil. Amma arxaya baxmaq, görülən işə qiymət vermək üçün yetərincə vaxtdır. Bu illər ərzində Milli Teleradio Şurası dövlətin teleradio yayımı ilə bağlı siyasətini həyata keçirən bir qurum kimi formalaşıb. Bizə verilən səlahiyyətlər çərçivəsində öz işimizi tam qurmuşuq. Hesab edirəm ki, 10 il bundan əvvəlki vəziyyətlə indiki vəziyyət arasında böyük fərq var. Təbii ki, biz işimizi yalnız özümüzü tərifləməklə bitmiş hesab etmirik. Teleradio yayımı sahəsində problemlər də çoxdur. Bu, elə bir sahədir ki, daim inkişaf edir, yenilənir. Bu sahədə arxada qalmaq olmaz. Çünki dünya miqyasında rəqabət o qədər çoxdur ki, uduzmamaq üçün daim çalışmaq lazımdır. Amma biz çalışırıq ki, problemlər az ziyanlı olsun. Ölkədə teleradio məkanında bir elitarlıq hiss olunsun. Aşağı səviyyəli insanların psixologiyasına uyğun verilişlər olmasın. Bilirsiniz ki, televiziyanın və radionun cəmiyyət qarşısında məsuliyyəti böyükdür. İnsanlar həyatlarının böyük bir hissəsini televiziya qarşısında keçirirlər. Ona görə də bu sahədə çalışanların üzərinə ikiqat, üçqat məsuliyyət düşür. Bu baxımdan hesab edirəm ki, Teleradio Şurası 10 il ərzində ciddi xarakterli işlər olub.
- İndicə dediniz ki, teleradio yayımında kifayət qədər problemlər var. Həmin problemlər nədən ibarətdir?
- Biz fəaliyyətə başlayandan sonra – təxminən 2 il ərzində teleradio yayımı ilə bağlı mövcud vəziyyəti araşdırdıq. Qanunvericilikdəki boşluqları, qeyri-müəyyənlikləri aradan qaldırmaq üçün beynəlxalq təcrübəni öyrəndik. İki ildən sonra biz televiziya və radio kanallarına lisenziyanın verilməsi ilə bağlı məsələyə başladıq. O zaman ümumiyyətlə, televiziya və radio kanallarında hüquqi tənzimlənmə yox dərəcəsində idi. Onlar öz fəaliyyətlərini demək olar ki, əvvəlki dövrdən qalma inersiya əsasında həyata keçirirdilər. Amma “Teleradio yayımı haqqında” qanun fəaliyyətə başlayandan sonra təbii ki, biz telekanalların hamısının bu qanuna uyğun fəaliyyət göstərməsi üçün işlərə başladıq. Telekanallarda və radiolarda dövlət dili ilə bağlı məsələ, qarşımızda duran əsas iş idi. Biz 2003-cü ilin iyun ayından dövlət dilindən istifadə ilə bağlı qaydalar qəbul etdik. Bu problemin mərhələli şəkildə həll olunmasına nail olduq. Sonrakı mərhələdə Azərbaycanda kabel şəbəkəsini inkişaf etdirdik ki, tamaşaçılarımızın alternativ kanallara baxmaq imkanı olsun. Nəhayət, 2009-cu ildə Azərbaycan efirində bütün verilişlər Azərbaycan ədəbi dilində verildi. Hesab edirəm ki, bu, bizim qəbul etdiyimiz ən mühüm qərarlardan biridir.

Yeni medianın tələbləri

- İnnovativ texnologiyaların inkişafının, o cümlədən internet jurnalistikasının genişlənməsinin ənənəvi media üçün real təhlükə yaratması məsələsi artıq gündəmin mövzusudur. O cümlədən, televiziyaları da belə bir təhlükənin gözlədiyi bildirilir. Sizcə belə bir qorxu varmı?
- Hesab edirəm ki, yaxın 10 illikdə belə bir qorxu yoxdur. Əgər medianı ənənəvi və yeni mediaya bölsək, qəzetlər, jurnallar və televiziya ənənəvi mediaya aiddirsə, internetlə bağlı olan media da yeni mediadırsa, fikrimcə, burada elə bir qorxulu tendensiya olmayacaq. Bir baxın, qəzetlərin yaranmasından, televiziyanın və radionun yaranmasına qədər nə qədər vaxt keçdi. Hazırda da qəzetlər televiziya və radio kanalları ilə birgə fəaliyyət göstərir. İstər internet vasitəsilə olan yayım, istər ənənəvi media olsun, bunların fəaliyyət sahəsi eynidir - burada çalışanlar jurnalistlərdir. O, öz fəaliyyətini istər daha mükəmməl texnologiya əsasında, istərsə də köhnə ənənəvi metodlarla qursun, fəaliyyət sahəsi birdir. Amma təbii ki, yeni texnologiyalar müəyyən dəyişikliklər edəcək. Televiziya da, internet də görüntü və səslə müşayiət olunur. Hesab edirəm ki, televiziya ilə internetin imkanları birləşəcək. Mən bəzən internet televiziyası haqqında danışarkən deyirəm ki, baxmayaraq ki, internet özü tənzimlənmir, amma orada baş verən hadisələr eyni fəaliyyət sahəsidir. Televiziya həm efir, həm peyk, həm internet, həm də kabel vasitəsilə yayımlanır. Əgər efir televiziyası tənzimlənirsə, niyə onda internet televiziyası tənzimlənmir? İnternetin tənzimlənmə mexanizmində problemlər var. Hesab edirəm ki, internet televiziyası gələcəkdə sürətlə inkişaf edərsə, o zaman məsələyə baxmaq olar. Amma dünya ölkələrində internetlə yayımlanan televiziyalar elə böyük populyarlıq qazanmayıb. Bu, daha çox həvəskar yayım üsuludur, əsasən xəbərlər və musiqidən ibarət olur. Əslində buna texniki cəhətdən yeni media demək olar. İnformasiyanın əldə olunması və ötürülməsi daha sürətlə həyata keçirilir və insanların rahat şəkildə əldə etməsinə imkan yaradır. Amma peşəkar fəaliyyət sahəsi efir televiziyası və kabel televiziyasıdır ki, bunlar da sürətlə inkişaf edir. Biz də istər-istəməz zamanın tələbləri ilə ayaqlaşmaq məcburiyyətindəyik. Yeni medianın tələbləri ilə oturub-durmalıyıq.

Biz senzura rolunu oynamamalıyıq

- Siz bir neçə dəfə demisiniz ki, telekanalların rəhbərləri milli-mənəvi dəyərlərin qorunmasına riayət etmirlər. Bildiyim qədər bununla bağlı ölkə prezidentinə müraciətiniz də olub. Hazırda real mənzərə necədir?
- Bu, bizim ən ağrılı yerimizdir. Təbii ki, biz telekanalların rəhbərlərini başa düşürük. Xüsusən də özəl telekanallar öz fəaliyyətlərini reklamdan və sponsorlardan gələn gəlir hesabına qururlar. Və bu gəliri əldə etmək üçün onlar yeni-yeni yollar axtarmağa məcburdurlar. Nəticədə reytinq gətirən verilişlərə daha çox üstünlük verirlər. Amma biz hesab edirik ki, telekanallar və radiostansiyalar cəmiyyət qarşısındakı məsuliyyətlərini unutmamalıdırlar. Əgər cəmiyyətdə mənəvi deqradasiya baş verərsə, həmin televiziya və radiolar o cəmiyyətdə fəaliyyət göstərə bilməyəcəklər. Biz müsəlman ölkəsiyik. Öz milli-mənəvi dəyərlərimiz var. Qloballaşan dünyada bir çox xalqlardan gələn dəyərlər bizim üçün qəbul olunmur. O dəyərlərin ölkəmiz üzərində ideoloji təsirinin artmasına imkan verməməliyik. Təbii ki, biz senzura rolunu oynamamalıyıq. İnsanlar özləri seçim etməlidirlər. Amma biz özümüzünkünü arxa plana atmamalıyıq. Bilirsiniz ki, biz bu yaxınlarda ölkəmizdə xarici serialların yayımının dayandırılması ilə bağlı xüsusi qərar verdik. Bu, bəzən xoşa gəlməyən qərar kimi də qəbul oluna bilər. Amma Azərbaycanın özünün milli maraqları məcbur edirdi ki, biz bu qərarı verək. Çünki ölkəmizdə milli serialın inkişafı, kino ilə bağlı vəziyyət çox acınacaqlı durumdadır. Biz yetişməkdə olan gənc nəsli xarici serialların ruhunda tərbiyə edirdik. Hesab edirəm ki, biz doğru qərara gəldik və bu sahədə xeyli işlər görülüb. Təbii ki, problemlər də var. Serialların içərisində bəzən bayağılıq, şitlik, mövzuların düzgün seçilməməsi, kriminal xarakterli, ailə xəyanəti ilə bağlı, təxəyyülə söykənən və s. mövzular yer alır. Amma çox istərdik ki, bu prosesdə daha çox peşəkarlar ortada olsunlar. Onda serialların da keyfiyyəti getdikcə artacaq.
- Şuranın serialların çəkilişi üçün mövzuların seçilməsinə, ssenarilərə müdaxilə etmək hüququ yoxdurmu?
- Təbii ki, biz kino müəssisəsi deyilik. Bu sahənin mütəxəssisləri də deyilik. Biz şura olaraq teleradio yayımı sahəsində dövlət siyasətini həyata keçiririk. Azərbaycan efirində milli serialların az olması faktdır. Biz bu boşluğu doldurmaq üçün bu işə başladıq. Biz istəmirik ki, televiziya kanallarına hər şeyi diktə edək, senzura rolunu oynayaq. Yaradıcılıq sahəsinə daim sərbəstlik vermək lazımdır. Biz əsas istiqamətləri müəyyənləşdiririk. Mövzuların daxildə seçilməsi onların öz işidir. İstərdik ki, Kinematoqrafçılar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi bu məsələdə fəal iştirak etsinlər. Çünki məsələyə kompleks yanaşmaq lazımdır.
- Uşaqlarla bağlı telekanalın açılması və cizgi filmlərinin telekanallarda çəkilməsi ilə bağlı fikirləriniz də birmənalı qarşılanmayıb.
- Mətbuatdan oxumamışam ki, kimsə bunun əleyhinə olsun. Sadəcə, bunun həyata keçirilmə mexanizmi haqqında fərqli düşünənlər var. Mən hesab edirəm ki, Azərbaycanda uşaq verilişi, cizgi filmləri ilə bağlı problem mövcuddur. Bu sahəni inkişaf etdirmək lazımdır. Biz bununla bağlı ölkə başçısına xüsusi müraciət də ünvanlayacağıq. Çünki Azərbaycanda cizgi filmləri demək olar ki, yox dərəcəsindədir. Mən efirdə çox az hallarda milli cizgi filmlərini görürəm. Demək olar ki, uşaqların maraq dairəsinə uyğun seriallar da yoxdur. İstərdik ki, bu cür seriallar çəkilsin və qəhrəmanları uşaqlar olsun. Yalnız müəyyən işlər görüldükdən sonra uşaq telekanalının açılmasına nail olmaq olar.

Allahdan arzumuz...

- Regional telekanalların fəaliyyəti necə, sizi qane edirmi?
- Burada müəyyən problemlər var. Biz fəaliyyətə başlayanda gördük ki, regional telekanalların sayı azdır. Müəyyən müsabiqələr keçirdik və bir neçə yeni regional kanallar açdıq. Amma çox təəssüf ki, sonradan biz bu məsələdə bir qədər tələsməməyi qərara aldıq. Regionlarda reklam bazarının vəziyyəti paytaxtla müqayisədə qeyri-mütənasibdir. Maddi-texniki baza, kadr potensialı yox dərəcəsində idi. Təbii ki, bir sıra işlər görülür. Bir sıra regionlarda kanalların maddi-texniki bazası yaxşılaşdırılıb, kadr potensialı artırılıb. Amma dediyim kimi, reklam bazarının zəif olması regional telekanallarda çoxlu problemlər yaradır. Hesab edirəm ki, bu problemlər zamanla aradan qalxacaq. Biz onların sayını yenə də artırmaq fikrində qalırıq.
- Kabel televiziyalarının yayımının dayandırılması, peyk antenalarının yığışdırılması ilə bağlı fikirlər də səslənir.
- İstər peyk antenalarının yığılması, istər kabel şəbəkəsi ilə bağlı dünyada mövcud olan standartlar bizdə də var. Biz təbii ki, ən yaxşılarını tətbiq edirik. Xarici kanallara baxmaq üçün dünyada ən yaxşısı kabel şəbəkəsidir. Hazırda 13 kabel şəbəkəsinə lisenziya vermişik. Bu sahə inkişaf edir. O ki, qaldı peyk antenalarına, bu sahə ilə bağlı heç bir problem yoxdur. Sadəcə rahatçılıq baxımından insanlar daha əlverişlisini - kabel televiziyasını seçməlidir. Peyk antenalarının qurulmasının özü də təhlükəsizlik baxımından çətin məsələdir. Bundan əlavə, şəhərin görünüşü üçün də problem yaradır. Sadəcə, şəhərin görünüşünə pis təsir göstərirsə, onlar yığışdırılacaq və uyğun yerlərdə quraşdırılacaq. Hesab edirəm, artıq Bakıda elə bir şərait yaranıb ki, kabel şəbəkələri tədricən peyk antenalarını təbii yolla sıxışdırıb aradan çıxaracaq.
- Ənənəvi sual: yubiley arzunuz nədir?
- Biz bu gün səhər bununla bağlı söhbət edir, keçdiyimiz yola nəzər salırdıq. Mən dedim ki, ən əsası, biz doğru yoldayıq. Allahdan arzumuz odur ki, bizi bu yoldan döndərməsin. Ondan sonra qalan şeylər həll olunacaq.

Təranə Məhərrəmova