• cümə axşamı, 28 mart, 19:34
  • Baku Bakı 13°C

Biz daha yaxşı güləşirik – İdman

14.04.14 10:25 3005
Biz daha yaxşı güləşirik – İdman
Azərbaycanda idmanın inkişafına öz töhfələrini verən klublardan biri də “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzidir (İSM). Bu klubun nümayəndələri müxtəlif növlərdə uğurlar qazanaraq ölkəmizin adını dünyaya yaymaqda kömək edirlər. Bu yaxınlarda güləşçi “dəmiryolçular” beynəlxalq yarışdan iki gümüş medalla qayıdıblar. “Lokomotiv” İSM-in güləş komandasının baş məşqçisi, əməkdar məşqçi Ramin Allahverdiyevlə görüşərək, səfər təəssüratları, yarış və təlim-məşq toplanışı haqda söhbət etdik.
- Ramin bəy, zəhmət olmasa, özünüz haqda məlumat verərdiniz...
- 2004-cü ildən məşqçilik fəaliyyətimə “Zenit” İdman Cəmiyyətində başlamışam. Orada çalışarkən ölkə çempionu, həmçinin gənclər arasında dünya kubokunun gümüş medalçısı olan Əlisa Abbasovu yetişdirmişəm. Buna görə mənə dövlətimiz tərəfindən əməkdar məşqçi fəxri adı verilib. “Lokomotiv” İSM-də isə iki ildir çalışıram. Bu müddətdə Bəxtiyar İsrafillinin Avropa və dünya mükafatçısı, Fərid İsmayılov və Xəqan Xəlilovun gənclər arasında Respublika çempionatının mükafatçısı olmasında əməyim var. Nəsirov Hüseyn və Əlisa Abbasov kimi təcrübəli güləşçilər də, hazırda bu klubun şərəfini qoruyurlar. Burada olduğum müddətdə əldə etdiyim nəticəni qənaətbəxş sayıram. Yetərincə potensialı olan uşaqlar var. Klubumuz güləş idman növünə böyük diqqət göstərir. Hər cür şərait yaradılır. Müxtəlif dəvətləri dəyərləndirərək bizi ölkə xaricindəki yarışlara, təlim-məşq toplanışlarına göndərir. Gedir, çıxış edir, nəticələr qazanırıq. Mən bura gələnə qədər klubda Yunan-Roma güləş növü yaxşı inkişaf etmişdi. Bir qədər axsayan yerimiz sərbəst güləş növü idi ki, mənə də bu növdəki nəticələri yaxşılaşdırmaq tapşırığı verilmişdi. Məncə, işimizin öhdəsindən gələ bilirik. Uğurlarımız var və vaxt keçdikcə, daha da artacaq. Güləşlə yanaşı, 6 ildir ki, idman jurnalistikasında özümü sınayıram. İlk dəfə 2008-ci ilin may ayında Ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Güləş” jurnalını təsis etdim. Bir il bu jurnala baş redaktorluq etdikdən sonra jurnalın adını dəyişərək “OlimpSport” kimi fəaliyyətə başladıq. Jurnal bu vaxta qədər işıq üzü görür.
- Neçə tələbəniz var, məşqləriniz necə keçirilir?
- Dörd qrup üzrə məşq edirik. Əsas qrup klubun yığma komandasının üzvləridir və axşamlar çalışmalarımızı birgə edirik. 10-12 yaşlı ibtidai hazırlıq qrupumuz var.
- Qarşıda klubunuzu hansı yarışlar gözləyir?
- Yaxınlarda ümummilli lider, ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçirəcəyik. Bununla yanaşı, bizi Türkiyənin Antalya şəhərinə dəvət ediblər. Aprelin sonunda qardaş ölkənin bir neçə klubu ilə birgə təlim-məşq toplanışında olacağıq. Deyə bilərəm ki, rəhbərliyimizin bizim üçün yaratdığı şərait çox yaxşıdır. Bir məşqçi kimi durumumuzdan razıyam. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov başda olmaqla, İSM-in rəisi Elşən İsmayılovdan, eyni zamanda bazamızın müdiri Elçin İsmayılovdan çox razıyam. O, problemlərimizlə maraqlanır, həmişə yanımızdadır, qayğımıza qalır, təlim-məşq toplanışlarında bizlə bir yerdə olur. Yəni burada hamı bir-birini başa düşür, anlayır. Səmimi bir kollektiv formalaşıb, hamımızın da məqsədi klubumuzun nüfuzunu qorumaq, reytinqimizi yüksəltmək və əlbəttə ki, Azərbaycan yığma komandasına idmançı yetişdirməkdir.
- Bu yaxınlarda İsveçə təlim-məşq toplanışına getmişdiniz. Zəhmət olmasa, bu haqda məlumat verərdiniz...
- Orada yaşayan köhnə güləşçilərimizdən biri bizimlə əlaqə yaradaraq, bu ölkəyə dəvət etdi. O, İsveçdə Azərbaycan, onun güləşi haqda yetərincə məlumat verib. Bildiyiniz kimi, Azərbaycan güləş ölkəsidir. Bizi, güləşin bütün növlərindəki çıxışlarımızı dünyanın hər bir yerində izləyirlər. Bir çox ölkələr bu səbəbdən bizimlə birlikdə təlim-məşq toplanışı keçirmək, təcrübəmizdən yararlanmaq istəyirlər. Bunda Azərbaycan Güləş Federasiyasının böyük əməyini qeyd etmək lazımdır. Federasiyamız bu idman növünün inkişafında xeyli işlər görür və nəticələr də göz qabağındadır. Hər cür şərait yaradılır. Bunun davamı olaraq biz də klublar olaraq bu siyasəti davam etdirir, müxtəlif ölkələrə səfərlər edirik. İsveçə bizi klub olaraq dəvət etmişdilər. Əslində, bizim özümüz üçün də maraqlı idi. Nə qədər güclü olsaq da, həmin ölkənin də güləş metodikası, üslubu, tərzini öyrənmək, anlamaq lazımdır. İsveçin Fanşopinq şəhərindəki toplanışa getdik. Bizi hava limanında qarşıladılar, yaşamaq və məşq etmək üçün hər cür şərait yaratdılar, bütün xərcləri öz üzərilərinə götürdülər. Ümumi məşqlərin keçilməsini bizə etibar etmişdilər. Qadın, Yunan-roma və sərbəst güləşi - bir yerdə təlim-məşq toplanışı keçdik. Mən razı qaldım. Geri dönməzdən əvvəl böyük məmnuniyyətlə onları ölkəmizdə qonaq edə biləcəyimizi, qarşılıqlı əlaqələrimizin davam etməsini istədiyimizi dedik. Onlar da öz növbəsində bu dəvətimizi qəbul etdilər.
- Bildiyimizə görə, siz toplanışda olduğunuz vaxtda yarış keçirilib və sizi İsveçdə olmağınızdan yararlanaraq ora dəvət ediblər.
- Bəli, elədir. “FT Kupen” – Skandinaviya ölkələrinin iştirak etdiyi turnirdir. Təşkilatçılar bizi də iştiraka dəvət etdilər və biz də qəbul etdik. Az heyətlə qatıldıq. Çünki əsas məqsədimiz tanışlıq idi. Buna baxmayaraq, idmançılarımızdan ikisi – Allahverdi Fərzəliyev (98 kq) və Əlisahib Əliyev (130 kq) gümüş medal qazandılar.
- Yerli mətbuatın sizə marağı necə idi?
- Çox yaxşı. “Falkoping Tidninq” qəzetindən bizi redaksiyalarına dəvət etdilər. Getdik, bizə həm güləş, həm də digər mövzularda suallar verdilər. Onların idmanında, güləşində nələrin çatmadığını, təşkil etdikləri təlim-məşq toplanışından razı qalıb-qalmadığımızı, Azərbaycan güləşinin inkişaf səbəbləri haqda soruşdular. Olimpiya çempionu və mükafatçılarımız, onların uğur metodikası, ölkəmizdə güləşə, ümumilikdə idmana göstərilən diqqət və qayğıdan söhbət açdıq.
- Soruşduqları arasında qeyri-adi nə sual sizi cəlb etdi?
- Bizdən İspaniyanın “Atletiko” və Fransanın “Lans” klublarının formalarının üzərində yazılan “Land of Fire - Azerbaijan”, eyni zamanda “Bakı 2015” loqoları onları çox maraqlandırırdı. Hafiz Məmmədovun kim olduğunu soruşdular. Məlumat verdik ki, onun rəhbərlik etdiyi “Bakı” klubu ilə bu klublar arasında müqaviləyə əsasən, gənc futbolçularımız orada hazırlıq keçir, inkişaf edirlər. Ölkəmizdə futbola olan marağı qeyd etdik. Üstəlik, belə tanınmış klubların sinəsində ölkəmizin adının yazılmasının bizim üçün fəxr olduğunu dedik. Dünyanın ucqar nöqtələrində elə azarkeşlər vardır ki, Azərbaycan haqqında məlumatlı deyillər. Ancaq “Atletiko”nun formasında bu adı görəndə istər-istəməz maraqlanır, məlumat əldə etməyə, harada olduğunu öyrənməyə çalışırlar. 2015-ci il Avropa Oyunlarının loqosu isə bu yarışın ilk dəfə məhz Azərbaycanda keçiriləcəyinə, ölkəmizin belə mötəbər yarışları keçirməyə hazır olduğuna işarədir. Onların da əhali sayı bizdəki qədər - 9 milyon civarındadır. Ona görə sualları bu baxımdan verir, özləri ilə müqayisə edirdilər. Biz onlara ölkəmizin 20 faizinin işğal altında olduğunu bir daha çatdırdıq. Bu işğala rəğmən, ruhdan düşmədiyimizi, idmanda uğur qazandığımızı, yüksək nəticələr verə bildiyimizi qeyd etdik. Maraqlıdır ki, ölkəmizi tanımaq üçün qəzetinizin adı kimi - “Kaspi” sözünü işlətməyimiz yetərli olur. Xəzər dənizinin adını eşidən kimi, yadlarına düşür, Azərbaycanı daha tez tanıyırlar, neft ölkəsi olduğumuzu bilirlər.
- Təbii ki, Azərbaycan güləşi daha üst pillədədir, daha güclüdür. Ancaq maraqlıdır, siz orda özünüz üçün nəsə öyrəndinizmi? Onların güləşi ilə bizim ki arasında əsas fərqlər nədir?
- Onların fiziki hazırlığı anadangəlmə yaxşı səviyyədədir, elə bil atlet kimi doğulurlar. Bizdə bu baxımdan əskikliklər var. Normaya gətirmək üçün uşaqlarla heç olmasa, iki il çalışmalı oluruq. Ancaq texnikada şübhəsiz bizdən geridədirlər. Biz daha yaxşı güləşirik. Mütəxəssislərimiz çoxdur, eyni zamanda millətimizin canında güləşmə var. Ölkə olaraq bu idman növünü yaxşı tanıyır və bilirik. İsveçlilər isə daha çox buz idman növlərinə meyl etdiklərindən, güləşə bir növ hobbi kimi yanaşırlar. Məsələn, onlar da bizdə futbol azarkeşləri kimi yüzlərlə kilometr qət edib hansısa xizək və hokkey yarışını izləməyə hazırdırlar və bunu edirlər də. Həmin ərəfədə futbol üzrə Çempionlar Liqasında biz “Qalatasaray” – “Çelsi” matçını izləmək üçün məkanlardan birinə yollandıq. İçəri girəndə az qala hamının hokkey forması geyinib məhz bu oyunu televizordan izlədiklərinə şahidlik etdik. Futbol yaddan çıxmışdı. Ancaq hiss olunur ki, onlar son zamanlar dünya güləşinə qoşulmaq, bu idmanı inkişaf etdirmək haqda fikirləşirlər. Onlarda növlərdən sərbəst güləş bir qədər axsayır, Yunan-roma və qadın güləşi isə yaxşı səviyyədədir. Hətta deyərdim ki, qadın güləşçi sayı kişilərdən daha çoxdur. Yəqin ki, mentalitet məsələsi burada daha ön plana çıxır və bu səbəbdən belə durum vardır. Yunan-Roma güləşi Avropada ümumilikdə geniş yayılıb. Sərbəst növ daha çox Qafqazda, Rusiya, İran və Türkiyədə, müsəlman ölkələrində, okeanın o tayında ABŞ-da populyardır.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər