• çərşənbə, 17 Aprel, 03:40
  • Baku Bakı 14°C

“Biz bütün torpaqlarımıza qayıdacağıq”

27.01.17 09:30 2673
“Biz bütün torpaqlarımıza qayıdacağıq”
Ötən il aprel ayının əvvəlində düşmən təxribatının qarşısını alan Azərbaycan Ordusu əks hücuma keçərək Ermənistan hərbi birləşmələrinə sarsıdıcı zərbə vurub. Cəmi bir neçə gün davam edən döyüşlər nəticəsində işğal altında saxlanılan strateji yüksəkliklər, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bəzi hissəsi, ümumilikdə isə 2 min hektar ərazi təkrar Silahlı Qüvvələrimizin nəzarətinə keçib. Xüsusən də Lələtəpə strateji yüksəkliyinin düşməndən geri alınması Ermənistan silahlı biləşmələri üzərində bir daha üstünlüyümüzü, həmçinin baş verəcək yeni hərbi əməliyyatlar zamanı vəziyyətə tam nəzarət etmək imkanımızı təmin edib.Sözügedən yüksəkliyin ələ keçirilməsi sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi də tam təmin olunub. Bu hadisənin üstündən ötən müddət ərzində ərazinin minalardan təmizlənməsi və sair təhlükəsizlik tədbirləri görülüb. Bir neçə gün bundan öncə isə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 4 milyon manat ayrılıb. Bəhs olunan sərəncam, Cocuq Mərcanlıya qayıdış, məcburi köçkün ailələrinin baş verənlərə münasibəti və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını Milli Məclisin deputatı, "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin üzvü Elman Məmmədov cavablandırır.

- Elman müəllim, yanvarın 23-də və 24-də ölkə başçısı məcburi köçkünlərlə əlaqəli mühüm sənədlər imzaladı. Bu sənədlərdən biri məcburi köçkünlərə vahid aylıq müavinətin təyin edilməsi, digəri Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar idi. Millət vəkili, öz evindən, el-obasından didərgin düşmüş bir insan, keçmiş döyüşçü kimi həmin fərman və sərəncamı necə dəyərləndirirsiniz?
- Prezident İlham Əliyev tərəfindən imzalanan hər iki sənədin təməli təxminən 10 ay bundan öncə - ermənilərin Azərərbaycan ərazisində törətdiyi təxribata hərbçilərimizin layiqli cavab verməsi, düşmənə sarsıdıcı zərbə vurması, minlərlə hektar ərazini işğaldan azad etməsi zamanı qoyulub. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də məhz həmin hadisələrdən sonra təhlükəsiz əraziyə çevrildi. Bu yaşayış məntəqəsi 1993-ci ildəErmənistan silahlı birləşmələri tərəfindən işğal edilib. 1994-cü ilin əvvəlində ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusununkeçirdiyi Horadiz əməliyyatı bu kəndin də işğaldan azad olunması ilə nəticələnib. Lakin döyüşlərin gedişində, həm işğal, həm də işğaldan azad olunma prosesində yaşayış məntəqəsi ciddi dağıntılara məruz qalıb. Kənd işğaldan azad olunandan sonra isə strateji yüksəkliklərdə mövqe tutan düşmən əsgərləri daim ərazini nəzarətdə saxlayıb, atəşkəsin pozulması zamanı olan-qalan kənd evlərini də atəşə tutublar. Ancaq ötən il aprelin 2-də Lələtəpə və digər strateji yüksəkliklərin ordumuz tərəfindən ələ keçirilməsi vəziyyəti müsbətə doğru dəyişib. Minlərlə hektar ərazi kimi bu kənd də təhlükəsiz əraziyə çevrilib. İşğaldan azad edilən ərazilərin hissə-hissə minalardan təmizlənməsi və sair tədbirlərdən sonra Azərbaycan Prezidenti Cocuq Mərcanlı kəndinin bərpa olunması, orada yaşamaq üçün bütün zəruri tədbirlərin görülməsini nəzərdə tutan sərəncam imzalayıb. Bundan bir gün qabaq da ölkə başçısı daha bir fərman imzalayaraq məcburi köçkünlərə vahid aylıq müavinətin təyin edilməsi, bununla da onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində növbəti addım atıb. Təbii ki, bütün bunlar Azərbaycan ictimaiyyəti, o cümlədən məcburi köçkünlər tərəfindən rəğbətlə qarşılanır, insanlarımızın prezidentimizə, onun siyasi kursuna, ən əsası da, işğal altındakı torpaqlarımızın gec-tez düşmən tapdağından azad olunacağına inamı artırır.

- Cocuq Mərcanlı kəndinin bərpası haqqında qərar Dağlıq Qarabağa qayıdışın ilk nümunəsi sayıla bilərmi?
- Hesab edirəm ki, Cocuq Mərcanlıda ilkin mərhələdə 50 evin bərpa olunması haqqında qərar uğurlu bir başlanğıcdır. Obrazlı şəkildə ifadə etsək, bu sərəncam baharın gəlişini xəbər verən, bahar müjdəli qaranquşdur. Bu sərəncam, eyni zamanda "Böyük qayıdış”ın bünövrəsinin qoyulmasıdır. Həm apel döyüşləri, həm də məlum sərəncamdan sonra artıq heç kəs şübhə etmir ki, sülh danışıqları heç bir fayda verməyəcəyi təqdirdə, Azərbaycan Ordusu öz sözünü deyəcək, müharibə yolu ilə ərazi bütövlüyümüzü bərpa edəcək. Hamı kimi biz məcburi köçkünlər də buna əminik. Silahlı Qüvvələrimizin peşəkarlığı, ordumuzun ən müasir silah-sursatla təmin olunması, maddi-texniki bazanın daha da gücləndirilməsi, şəxsi heyət arasında mənəvi-psixoloji vəziyyət, ruh yüksəkliyi, Ali Baş Komandanın uğurlu siyasi kursu, ən nəhayət, tarixi ədalət bizdə bu əminliyi yaradır. Bizim kimsənin torpağında gözümüz yoxdur. Biz azərbaycanlılar öz dədə-baba torpağımızı, ev-eşiyimizi yağı tapdağından azad etmək, orada həyatımızı yenidən qurmaq, bununla ərazi bütövlüyümüzü təmin etmək uğrunda mübarizə aparırıq. İnanıram ki, bu mübarizənin sonu Azərbaycan xalqının, ordumuzun qələbəsi ilə nəticələnəcək. Biz bütün torpaqlarımıza qayıdacağıq.

- Bəzi ictimaiyyət nümayəndələri iddia edirdilər ki, 20 ildən artıq müddətdə Bakıda məskunlaşan məcburi köçkünlər burada öz həyatlarını qurublar və onların geri qayıtmaq istəyi olmayacaq. Cocuq Mərcanlının bərpası haqqında sərəncamı, eləcə də həmin yaşayış məntəqəsi sakinlərinin öz kəndlərinə geri dönmək istəmələrini bu stereotipin sınması kimi qəbul etmək olarmı?
- Siz düz buyurursunuz. Təəssüf ki, cəmiyyətimizdə bu cür düşünən tək-tük insanlar da tapılırdı. Elə düşmən tərəfi də ümid edirdi ki, Azərbaycanda işğal altında olan torpaqları görməyən yeni nəsil formalaşır və onlar gələcəkdə bu torpaqlar uğrunda savaşmaqdan çəkinəcək, işğal faktı ilə barışacaqlar. Ancaq aprel hadisələri, bu döyüşlərdə iştirak edən, böyük şücaətlər göstərən, hətta şəhidlik zirvəsinə ucalan gənclərimiz göstərdilər ki, Azərbaycan xalqı işğal faktı ilə barışmayacaq. Atəşkəs haqqında sazişin imzalanmasından ötən müddət ərzində dünyaya gələn, yaşa dolan gənclərimiz Dağlıq Qarabağı real olaraq görməsələr də, ruhən, qəlbən o torpaqlara bağlıdırlar. Heç bir haqsızlıq, ədalətsizlik, çətinlik, işğal faktı onlara öz Vətənlərini unutdura bilməz. Bütün Azərbaycan xalqı, o cümlədən məcburi köçkünlər Ali Baş Komandanın bir əmri ilə silaha sarılmağa, ərazi bütövlüyümüzün təmini üçün vuruşmağa hazırdırlar. Bir qədər əvvəl qeyd etdiyim kimi, ötən ilin aprel döyüşləri buna əyani sübutdur. Bu döyüşlər nəinki Ermənistan siyasi rəhbərliyinə, Suriya, Liviya və sair yerlərdən aldadılaraq gətirilən, şirin vədlər verilərək işğal altındakı torpaqlarımızda məskunlaşdırılan ermənilərə, eyni zamanda onların arxasında dayanan havadarlarına ciddi mesajdır ki, torpaqların sahibi öz torpağına qayıdır. Canlarına indidən vəlvələ düşən ermənilər bundan nəticə çıxarmalıdırlar. Söylədiklərimə daha bir misal prezidentimizin imzaladığı sərəncamdan sonra Cocuq Mərcanlı sakinlərinin kütləvi şəkildə öz kəndlərinə qayıtmaq istəmələridir. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu yaxınlarda mətbuata açıqlamasında qeyd etmişdi ki, Cocuq Mərcanlıda yaşamaq imkanının olduğunu bilən həmin kəndin sakinləri, yəni vaxtilə kənddə yaşayan 400 ailədən artıq 190-ı doğma yerlərinə köçmək istədikləri barədə ərizə ilə "Qaçqınkom”a, Cəbrayıl Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Prezidentin məlum sərəncamından sonra görülən işlərin nəticəsi olaraq, ilkin mərhələdə həmin 190 ailədən 50-si Cocuq Mərcanlıda yeni tikilən fərdi yaşayış evlərinə köçürüləcək. Bu kənddə yaşamaq üçün hər cür şərait yaradılacaq. Şübhə etmirəm ki, bu proses davamlı olacaq, digər ailələrin öz kəndlərində yaşaması üçün də zəruri işlər görüləcəkdir. Bu faktın özü də Ermənistan tərəfinə ciddi mesaj olmaqla bərabər, sualınızda qeyd etdiyiniz stereotiplərin sındırıldığını nümayiş etdirir. Bundan başqa, sadəcə Cocuq Mərcanlı kəndinin sakinləri deyil, işğal altındakı digər ərazilərdən olan, bu gün məcburi köçkünlük həyatı yaşayan, yaxud Qarabağ müharibəsinin iştirakçısı olan qazilərimiz də bizə çoxsaylı müraciətlər edir, işğaldan azad olunan yerlərdə yaşamaq istədiklərini bildirirlər. Bu, Azərbaycan xalqının öz torpağına bağlılığı, vətənpərvərliyi, insanlarımızın öz prezidentinə, ordusuna inamı, güvənidir.

Rufik İSMAYILOV


banner

Oxşar Xəbərlər