“Biz bütün torpaqlarımıza qayıdacağıq”
Ötən il aprel ayının əvvəlində düşmən təxribatının
qarşısını alan Azərbaycan Ordusu əks hücuma keçərək Ermənistan hərbi birləşmələrinə
sarsıdıcı zərbə vurub. Cəmi bir neçə gün davam edən döyüşlər nəticəsində işğal
altında saxlanılan strateji yüksəkliklər, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının
bəzi hissəsi, ümumilikdə isə 2 min hektar ərazi təkrar Silahlı Qüvvələrimizin nəzarətinə
keçib. Xüsusən də Lələtəpə strateji yüksəkliyinin düşməndən geri alınması Ermənistan
silahlı biləşmələri üzərində bir daha üstünlüyümüzü, həmçinin baş verəcək yeni
hərbi əməliyyatlar zamanı vəziyyətə tam nəzarət etmək imkanımızı təmin edib.Sözügedən yüksəkliyin ələ keçirilməsi sayəsində Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi də tam təmin olunub. Bu hadisənin
üstündən ötən müddət ərzində ərazinin minalardan təmizlənməsi və sair təhlükəsizlik
tədbirləri görülüb. Bir neçə gün bundan öncə isə Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev "İşğaldan azad edilmiş Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam
imzalayıb. Sərəncama əsasən, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək
işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının
və müvafiq infrastrukturun tikintisi üçün 4 milyon manat ayrılıb. Bəhs olunan sərəncam,
Cocuq Mərcanlıya qayıdış, məcburi köçkün ailələrinin baş verənlərə münasibəti və
digər məsələlərlə bağlı "Kaspi”nin suallarını Milli Məclisin deputatı, "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması” İctimai Birliyinin üzvü Elman Məmmədov cavablandırır.
- Elman müəllim,
yanvarın 23-də və 24-də ölkə başçısı məcburi köçkünlərlə əlaqəli mühüm sənədlər
imzaladı. Bu sənədlərdən biri məcburi köçkünlərə vahid aylıq müavinətin təyin
edilməsi, digəri Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar idi. Millət vəkili,
öz evindən, el-obasından didərgin düşmüş bir insan, keçmiş döyüşçü kimi həmin fərman
və sərəncamı necə dəyərləndirirsiniz?
- Prezident İlham Əliyev tərəfindən imzalanan hər
iki sənədin təməli təxminən 10 ay bundan öncə - ermənilərin Azərərbaycan ərazisində
törətdiyi təxribata hərbçilərimizin layiqli cavab verməsi, düşmənə sarsıdıcı zərbə
vurması, minlərlə hektar ərazini işğaldan azad etməsi zamanı qoyulub. Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndi də məhz həmin hadisələrdən sonra təhlükəsiz əraziyə
çevrildi. Bu yaşayış məntəqəsi 1993-ci ildəErmənistan silahlı birləşmələri
tərəfindən işğal edilib. 1994-cü ilin əvvəlində ümummilli lider Heydər Əliyevin
rəhbərliyi altında Azərbaycan Ordusununkeçirdiyi Horadiz əməliyyatı bu kəndin
də işğaldan azad olunması ilə nəticələnib. Lakin döyüşlərin gedişində, həm
işğal, həm də işğaldan azad olunma prosesində yaşayış məntəqəsi ciddi
dağıntılara məruz qalıb. Kənd işğaldan azad olunandan sonra isə strateji yüksəkliklərdə
mövqe tutan düşmən əsgərləri daim ərazini nəzarətdə saxlayıb, atəşkəsin
pozulması zamanı olan-qalan kənd evlərini də atəşə tutublar. Ancaq ötən il
aprelin 2-də Lələtəpə və digər strateji yüksəkliklərin ordumuz tərəfindən ələ
keçirilməsi vəziyyəti müsbətə doğru dəyişib. Minlərlə hektar ərazi kimi bu kənd
də təhlükəsiz əraziyə çevrilib. İşğaldan azad edilən ərazilərin hissə-hissə
minalardan təmizlənməsi və sair tədbirlərdən sonra Azərbaycan Prezidenti Cocuq
Mərcanlı kəndinin bərpa olunması, orada yaşamaq üçün bütün zəruri tədbirlərin
görülməsini nəzərdə tutan sərəncam imzalayıb. Bundan bir gün qabaq da ölkə
başçısı daha bir fərman imzalayaraq məcburi köçkünlərə vahid aylıq müavinətin təyin
edilməsi, bununla da onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması
istiqamətində növbəti addım atıb. Təbii ki, bütün bunlar Azərbaycan ictimaiyyəti,
o cümlədən məcburi köçkünlər tərəfindən rəğbətlə qarşılanır, insanlarımızın
prezidentimizə, onun siyasi kursuna, ən əsası da, işğal altındakı
torpaqlarımızın gec-tez düşmən tapdağından azad olunacağına inamı artırır.
-
Cocuq Mərcanlı kəndinin bərpası haqqında qərar Dağlıq Qarabağa qayıdışın ilk nümunəsi
sayıla bilərmi?
- Hesab edirəm ki, Cocuq Mərcanlıda ilkin mərhələdə
50 evin bərpa olunması haqqında qərar uğurlu bir başlanğıcdır. Obrazlı şəkildə
ifadə etsək, bu sərəncam baharın gəlişini xəbər verən, bahar müjdəli
qaranquşdur. Bu sərəncam, eyni zamanda "Böyük qayıdış”ın bünövrəsinin
qoyulmasıdır. Həm apel döyüşləri, həm də məlum sərəncamdan sonra artıq heç kəs
şübhə etmir ki, sülh danışıqları heç bir fayda verməyəcəyi təqdirdə, Azərbaycan
Ordusu öz sözünü deyəcək, müharibə yolu ilə ərazi bütövlüyümüzü bərpa edəcək.
Hamı kimi biz məcburi köçkünlər də buna əminik. Silahlı Qüvvələrimizin peşəkarlığı,
ordumuzun ən müasir silah-sursatla təmin olunması, maddi-texniki bazanın daha
da gücləndirilməsi, şəxsi heyət arasında mənəvi-psixoloji vəziyyət, ruh yüksəkliyi,
Ali Baş Komandanın uğurlu siyasi kursu, ən nəhayət, tarixi ədalət bizdə bu əminliyi
yaradır. Bizim kimsənin torpağında gözümüz yoxdur. Biz azərbaycanlılar öz dədə-baba
torpağımızı, ev-eşiyimizi yağı tapdağından azad etmək, orada həyatımızı yenidən
qurmaq, bununla ərazi bütövlüyümüzü təmin etmək uğrunda mübarizə aparırıq. İnanıram
ki, bu mübarizənin sonu Azərbaycan xalqının, ordumuzun qələbəsi ilə nəticələnəcək.
Biz bütün torpaqlarımıza qayıdacağıq.
-
Bəzi ictimaiyyət nümayəndələri iddia edirdilər ki, 20 ildən artıq müddətdə Bakıda
məskunlaşan məcburi köçkünlər burada öz həyatlarını qurublar və onların geri
qayıtmaq istəyi olmayacaq. Cocuq Mərcanlının bərpası haqqında sərəncamı, eləcə
də həmin yaşayış məntəqəsi sakinlərinin öz kəndlərinə geri dönmək istəmələrini
bu stereotipin sınması kimi qəbul etmək olarmı?
- Siz düz buyurursunuz. Təəssüf ki, cəmiyyətimizdə
bu cür düşünən tək-tük insanlar da tapılırdı. Elə düşmən tərəfi də ümid edirdi
ki, Azərbaycanda işğal altında olan torpaqları görməyən yeni nəsil formalaşır və
onlar gələcəkdə bu torpaqlar uğrunda savaşmaqdan çəkinəcək, işğal faktı ilə
barışacaqlar. Ancaq aprel hadisələri, bu döyüşlərdə iştirak edən, böyük şücaətlər
göstərən, hətta şəhidlik zirvəsinə ucalan gənclərimiz göstərdilər ki, Azərbaycan
xalqı işğal faktı ilə barışmayacaq. Atəşkəs haqqında sazişin imzalanmasından ötən
müddət ərzində dünyaya gələn, yaşa dolan gənclərimiz Dağlıq Qarabağı real
olaraq görməsələr də, ruhən, qəlbən o torpaqlara bağlıdırlar. Heç bir
haqsızlıq, ədalətsizlik, çətinlik, işğal faktı onlara öz Vətənlərini unutdura
bilməz. Bütün Azərbaycan xalqı, o cümlədən məcburi köçkünlər Ali Baş Komandanın
bir əmri ilə silaha sarılmağa, ərazi bütövlüyümüzün təmini üçün vuruşmağa
hazırdırlar. Bir qədər əvvəl qeyd etdiyim kimi, ötən ilin aprel döyüşləri buna əyani
sübutdur. Bu döyüşlər nəinki Ermənistan siyasi rəhbərliyinə, Suriya, Liviya və
sair yerlərdən aldadılaraq gətirilən, şirin vədlər verilərək işğal altındakı
torpaqlarımızda məskunlaşdırılan ermənilərə, eyni zamanda onların arxasında
dayanan havadarlarına ciddi mesajdır ki, torpaqların sahibi öz torpağına
qayıdır. Canlarına indidən vəlvələ düşən ermənilər bundan nəticə
çıxarmalıdırlar. Söylədiklərimə daha bir misal prezidentimizin imzaladığı sərəncamdan
sonra Cocuq Mərcanlı sakinlərinin kütləvi şəkildə öz kəndlərinə qayıtmaq istəmələridir.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin sədri Əli Həsənov bu yaxınlarda mətbuata açıqlamasında qeyd etmişdi
ki, Cocuq Mərcanlıda yaşamaq imkanının olduğunu bilən həmin kəndin sakinləri, yəni
vaxtilə kənddə yaşayan 400 ailədən artıq 190-ı doğma yerlərinə köçmək istədikləri
barədə ərizə ilə "Qaçqınkom”a, Cəbrayıl Rayon İcra Hakimiyyətinə müraciət ediblər.
Prezidentin məlum sərəncamından sonra görülən işlərin nəticəsi olaraq, ilkin mərhələdə
həmin 190 ailədən 50-si Cocuq Mərcanlıda yeni tikilən fərdi yaşayış evlərinə
köçürüləcək. Bu kənddə yaşamaq üçün hər cür şərait yaradılacaq. Şübhə etmirəm
ki, bu proses davamlı olacaq, digər ailələrin öz kəndlərində yaşaması üçün də zəruri
işlər görüləcəkdir. Bu faktın özü də Ermənistan tərəfinə ciddi mesaj olmaqla bərabər,
sualınızda qeyd etdiyiniz stereotiplərin sındırıldığını nümayiş etdirir. Bundan
başqa, sadəcə Cocuq Mərcanlı kəndinin sakinləri deyil, işğal altındakı digər ərazilərdən
olan, bu gün məcburi köçkünlük həyatı yaşayan, yaxud Qarabağ müharibəsinin
iştirakçısı olan qazilərimiz də bizə çoxsaylı müraciətlər edir, işğaldan azad
olunan yerlərdə yaşamaq istədiklərini bildirirlər. Bu, Azərbaycan xalqının öz
torpağına bağlılığı, vətənpərvərliyi, insanlarımızın öz prezidentinə, ordusuna
inamı, güvənidir.
Rufik
İSMAYILOV