• çərşənbə axşamı, 16 aprel, 19:27
  • Baku Bakı 18°C

“Biz artıq qalibik”

17.06.15 12:05 3215
“Biz artıq qalibik”
Avropa Oyunlarının açılış mərasimini yüksək qiymətləndirən sənət adamları keçirdikləri qürur hissinə görə dövlətimizin rəhbərliyinə minnətdarlıq edirlər

İyunun 12-də ölkəmiz “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimi ilə dünyanı özünə heyran qoydu. Milli nüanslara geniş yer ayrılan bu mərasimə görə damarında azərbaycanlı qanı axan hər bir vətəndaş qürur hissi keçirdi. Biz də sənət əhlinin açılış mərasimi ilə bağlı fikirlərini öyrəndik. Aydın oldu ki, möhtəşəm şəkildə təşkil olunmuş bu mərasimdə muğam ifaçılarımız sevinc göz yaşlarına hakim ola bilməyiblər.
Xalq artisti, dəyərli muğam ifaçısı Mənsum İbrahimov birinci Avropa Oyunlarının açılış mərasimində ailəsi ilə birlikdə iştirak etdiyini, canlı şəkildə izlədiyi performansdan bir vətəndaş kimi qürur hissi keçirdiyini bildirdi: “Göstərdiyi möhtəşəm performansla Azərbaycan dünyaya sübut etdi ki, o, hər baxımdan birincidir. Avropa Oyunlarının açılış mərasiminin belə möhtəşəm şəkildə tərtib olunmasını gözləmirdik. Qeyri-adi bir açlış oldu. Mənim könlümü oxşayan əsas nüanslar hər bir detalda milliliyin hiss olunması idi. Mənim özümə də bir sürpriz olunmuşdu. Belə ki, bizim milli komanda heyətimiz meydandan keçəndə mənim ifamda olan “Qarabağ şikəstəsi” səsləndi. Orada öz səsimi eşitdikdə çox sevindim. Yanımızda avropalı vətəndaşlar əyləşmişdilər, onlar da öz təəccüblərini gizlədə bilmirdilər. Ətrafımızda oturan xarici ölkələrin nümayəndələri deyirdilər ki, digər ölkələrdə keçirilən beynəlxalq idman oyunlarında Azərbaycan kimi möhtəşəm açılış edən olmayıb. Açılış mərasimində hər bir nüans düşünülmüş və möhtəşəm hazırlanmışdı. Hazırlanan şou başdan-ayağa sürprizlərlə dolu idi. Nizaminin əsərlərinin nümayişi, Alim müəllimin səsi ilə başlanması, “Yallı”mız və sair hamısı yüksək səviyyədə göstərildi. Ölkəmiz kiçik bir dövlət olsa da, dünyanın aparıcı dövlətləri arasında öz layiqli yerini tutmaqdadır və bu oyunlara ev sahibliyi etməklə öz gücünü bir daha sübut etdi”.
M.İbrahimov bir azərbaycanlı olaraq dövləti, xalqı, milləti ilə qürur hissi keçirdiyini deyir: “Belə möhtəşəm performansa görə ölkənin birinci xanımı Mehriban Əliyevaya, prezidentimizə minnətdarlığımı bildirirəm. Diqqətimizi çəkən digər bir nüans isə Mehriban xanımın çıxışı oldu. O, çıxışının sonunda bildirdi ki, “qoy Tanrı Azərbaycan xalqını qorusun”. Onun bu sözləri məni kövrəltdi, bir anlıq gözlərim doldu. Bu, ürəkdən gələn sözlər idi. Ölkəmə uğurlar arzulaylram. Artıq dörd gündür ki, idmançılarımız bizi öz zəfərləri ilə sevindirir. İnanıram ki, sona qədər də belə olacaq, qızıl meddaların çoxu bizdə qalacaq. Mehriban xanımın sözü ilə desək, Allah xalqımızı qorusun”.
Xalq artisti Arif Babayev də bizimlə söhbətində açılışda gördüyü performansı heyranlıqla izlədiyini bildirdi: “Bir Azərbaycan vətəndaşı olaraq qürur hissi keçirdim. Bu elə bir hissdir ki, dilə gətirmək mümkün deyil. Hər şey möhtəşəm tərtib olunmuşdu. Halal olsun, təşkilatçılara. Mən hələ həyatımda belə açılış mırasimi görməmişdim. Qoy Azərbaycanımız yaşasın. Sevinirik ki, dünyann gözü vətənimizdədir. Həmin gün bizim nəyə qadir olduğumuzu gördülər. Bu çox böyük bir məsuliiyət idi. 9 milyonluq kiçik bir ölkənin bu boyda mükəmməl layihəsinin özü belə bir uğurdur. Avropa Oyunlarında milli atributlarımızın təqdim olunması da gözəl ideya idi. Alim qardaşımın ifası isə açılış mərasiminə xüsusi gözəllik qatmışdı. Bir daha bütün Azərbaycan xalqını təbrik edirəm”.
Əməkdar artist Murad Dadaşov həmin gün Olimpiya Stadionunda olduğunu, bu tədbiri canlı şəkildə izlədiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti bütün dünyaya sübut etdi ki, Azrbaycan ərazisindən asılı olmayaraq, dünyanın ən qabacıl ölkələrindən biridir: “Mərasimi izləyərkən qürur hissi keçirdim. O hisslərə görə ilk növbədə Prezidentimizə və Mehriban xanım Əliyevaya minnətdaram. Onların şəxsi iradəsi, rəhbərliyi altında bütün bunlar gerçəkləşdi. Cənab prezidentimiz bu işin təməlində dayanan bir insan idi. O, bu Oyunların uğuruna əvvəldən ən çox inanan insanlardan biri idi. Açılışın möhtəşəm olması üçün peşəkar əməkdaşlar da əllərindən gələni etdilər. Hamının ürəyində bir sual var idi ki, Oyunların açılışı necə olacaq? Əmin idim ki, gözəl performans izləyəcəyik. Biz orada ruh bayramı yaşadıq. 12 iyun tarixində Azərbaycan həmin arenada rəqib kimi görsənmirdi, dünyaya idarəçilik modelini formalaşdıran bir ölkə kimi meydan oxuyurdu”.
Murad Dadaşov mənfur düşmənlərimiz olan ermənilərin də bu səhnələri izlədiklərini, onların komandalarının yerində olmağı heç arzulamdığını bildirdi: “Erməni nümayəndə heyətinin yerində olsaydım, həmin gün oranı tərk edərdim. Anlaya bilmədim ki, onlar gördüklərinə necə dözdülər? Onlar bu ərəfələrdə qondarma “erməni soyqırımı”nı dünyaya tanıtmağa çalışırdılar. Bu Oyunlar vasitəsilə gördülər ki, biz onlardan qat-qat üstünük. İlk dəfə olaraq informasiya mübarizəsində biz irəlilədik. Adətən dünya mediasında sözümüzü demək üçün geridə qalırdıq”.
M.Dadaşov hazırda ölkəmizdə keçirilən bu mötəbər yarışmanı ulu öndər Heydər Əliyevin vaxtilə müəyyənləşdirdiyi uğurlu siyasətin nəticəsi hesab etdiyini bildirdi: “Bu, Heydər Əliyevin təməlini qoyduğu siyasətin davamıdır. Heydər Əliyev ən çətin siyasət olan idmanı İlham Əliyevə tapşırmışdı. Uzaqgörən siyasət budur. Ümumiyyətlə, hesab edirəm ki, idman medallarının verdiyi daxili ruhu heç nə vermir. Bu gün ən gözəl anlara şahidlik edirik. Bu mnüasibətlə xalqımızı təbrik edirəm. Medalların sayından asılı olamayaq, biz artıq qalibik. İdman strategiyası ölkənin önəmli sahələrindən biridir. Bu gün sevindirici haldır ki, ölkəmizdə ən müasir idman obyektləri tikilib. Prezidentimizin də idmana qayğısı göz önündədir. Belə olan halda, uğur qazanmamaq məncə, mümkünsüzdür. İdmançılarımız bundan sonra da beynəlxalq yarışlara gedəndə ürəkli olacaqlar. Özüm də uzun müddət KVN-də iştirak etdiyim üçün bu hisslər mənə tanışdır. Sanki kiçik zalda məşq edirsən və sonra başqa ölkəyə gedərək böyük zala daxil olursan. O zaman insan bir qədər sıxılır. İndi isə idmançılarımız belə idman komplekslərində məşq etdikdən sonra heç yerdə çəkinməyəcəklər, qorxmayacaqlar”.
İfası ilə seçilən muğam ustası Bəyimxanım Vəliyeva da bizimlə söhbətində birinci Avropa Oyunlarının vətənimizdə keçirilməsini yüksək dəyərləndirdi. Oyunların açılış mərasimini izləyərkən sevinc göz yaşlarına hakim ola bilmədiyini gizlətmədi: “Çox qürurverici hiss idi. Hətta həmin səhnələri izləyərkən bir qədər kövrəldim. Azərbaycan vətəndaşı olaraq fəxr etdim. Həmin arenada, bütün dünyanın canlı izlədiyi açılış mərasimində Azərbaycanın milli sərvəti nümayiş olunurdu. Bütün dünyaya məlumdur ki, ökəmiz milli sərvətləri ilə zəngindir. Amma bilmək başqa, görmək isə tamam başqadır. Bütün dünya bunun şahidi oldu. Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməklə dünyada öz mövqeyini yüksəltdi. Azərbaycan daim iri addımlarla uğura doğru gedir. Qısa bir müddətdə Oyunlara belə hazırlaşmaq asan iş deyil. 24 yaşlı gənc dövlətimiz inkişaf etmiş ölkələrlə bərabər addımlayır”.
B.Vəliyeva muğamın alimi Alim Qasımovun ifası ilə “Bakı-2015” I Avropa Oyunlarının açılmasını muğama olan diqqət və qayğının gösəricisi hesab edir: “Açılış mərasimi təkcə möhtəşəm şou deyildi. Bu həm də bütün rəmzləri dəqiqliklə düşünülmüş simvolik bir tamaşa idi. Azərbaycan nəhəng bir şou ilə özünün keçmişini, indisini, gələcəyini, mədəni irsini, Avropadakı yerini bütün dünyaya göstərdi. Dövlətin dünyada yeritdiyi siyasət, yaymağa çalşdığı ideologiya bu dəfə şou elementləri şəklində kodlaşdırılaraq, nümayiş etdirildi. Alim Qasımovun Azanı xatırladan ifası böyük bir arenada səsləndi. Döyüşkənliyin rəmzi olan “Cəngi” rəqsinin müşayiəti ilə zərifliyi, gözəlliyi ifadə edən xalça naxışlarımızın yaradılması daha bir simvol idi. Əksliklərin vəhdəti fəlsəfəsinin təbliği bunlarla başladı və axıra qədər də bütün şou bu ideyanın üzərində davam etdi. Açılış mərasiminin son bölümləri də rəmziliklər və mesajlarla bol idi. Yerdən çıxan Qobustan qayaları qədimliyin və möhkəmliyin, Bahar qız zərifliyin, su həyatın simvolu idi. Səhranın yaşıllaşması Azərbaycanın keçdiyi yolu göstərirdi. Bunların hamısı möhtəşəm şəkildə düşünülmüş və tərtib olunmuşdu. İnanıram ki, Azərbaycan daha böyük uğurlara imza atacaq”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər