BİTKol tələbələrinin Qobustan Milli Tarix - Bədii Qoruğuna ekskursiyası təşkil edilib - Fotolar

Bakı İdarəetmə və Texnologiya Kolleci (BİTKol) tələbələrinin
Qobustan Milli Tarix - Bədii Qoruğuna ekskursiyası təşkil edilib. Ekskursiya
qoruq ərazisində inşa edilən muzeylə tanışlıqdan başlayıb. Muzey bələdçiləri tələbələrə
məlumat verib ki, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə muzeyin açılışı olub. Muzeyin
girişində petroqliflər təqdim edilir. Qobustan petroqliflərinin rəsmlərini
zalın divarlarında və tavanında görmək mümkündür. Rəsmlər halqavarı zolaqlar şəklində
düzülüb. Bələdçilər qeyd ediblər ki, muzeyin sərgi zalı müxtəlif bölmələrdən təşkil
olunub. Hər bir bölmədə divarlara Qobustan qayaları haqqında məlumat verən
xüsusi monitorlar quraşdırılıb. Döşəmələrə və divarlara qədim insanların məşğuliyyətini
və həyat tərzini əks etdirən işıq şüalarından ibarət təsvirlər salınıb. Eyni
zamanda vurğulanıb ki, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni
Zelandiyanın Kristçorç şəhərində keçirilən 31-ci sessiyasında "Qobustan Milli
Tarix - Bədii Qoruğu”nun Dünya Mədəni İrs Siyahısına daxil ediliməsi ilə bağlı
yekdilliklə qərar qəbul olunub. Tələbələr zalları gəzərək ekspozisiyalarla
tanış olublar.
Sonra tələbələr qoruq ərazisindəki qədim rəsm nümunələrinə
baxıblar. Qoruğun bələdçisi tələbələrə məlumat verib ki, Qobustan Azərbaycanın
qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin üst paleolit və
mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, neolit dövrünün ilk maldarlarının məskəni
olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən
çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınıb. Burada 40-dan artıq
kurqan aşkar olunub və 105 mindən çox maddi-mədəniyyət nümunəsi tapılıb.
Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və
ov səhnələri təsvir edilib. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş
təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir.
Ekskursiyanın sonunda tələbələr xatirə şəkli çəkdiriblər.








