BİTK-in tələbələri Xalça Muzeyini ziyarət ediblər - Fotolar
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və
Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşən "Xalçaçılıq sənətini
yaşat və təbliğ et” layihəsi çərçivəsində bir qrup gənc, o cümlədən Bakı İdarəetmə
və Texnologiya Kollecinin (BİTK) fəal tələbələri Azərbaycan Xalça Muzeyini
ziyarət ediblər.
Tədbirdə YAP Gənclər Birliyinin koordinatoru Elmar
Məmmədov , YAP "Xalça Muzeyi” ərazi ilk partiya təşkilatının sədri, layihənin
koordinatoru Fuad Rəsul və Xalça Muzeyinin elmi işçisi Təranə Məlikova iştirak
ediblər.
Qeyd olunub ki, Azərbaycan xalq - tətbiqi sənəti
olan xalçaçılıq, xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən
böyük inkişaf yolu keçib. Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti
sayəsində milli xalçaçılıq sənəti 2010-cu il UNESCO-nun Qeyri-maddi Mədəni İrs
Siyahısına daxil edilib.
Gənclər Azərbaycan xalçası və digər dekorativ-tətbiqi
sənət nümunələrinin sərgiləndiyi ekspozisiya və zərgərlik fondu ilə yaxından
tanış olublar. Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal
görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu bütün gənclərdə, o cümlədən
Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbələrində xoş təəssürat yaradıb.
Tədbir çərçivəsində iştirakçı gənclərə Azərbaycan Rəssamlar
İttifaqının üzvü, tanınmış xalçaçı-rəssam Taryer Bəşirov tərəfindən xalçaçılıq
sənətinin yaranma tarixi, inkişaf mərhələləri və ornamentləri həmçinin xana üzərində
xovlu xalçanın toxunma texnologiyası haqqında da ətraflı məlumat verilib.
Sonda layihəni uğurla başa vuran gənclərə
sertifikat təqdim edilib. Sertifikat alanlar arasında Bakı İdarəetmə və
Texnologiya Kollecinin tələbələri də olublar.