• şənbə, 20 Aprel, 02:40
  • Baku Bakı 15°C

Bitcoini nə gözləyir?

06.07.18 10:15 755
Bitcoini nə gözləyir?
Son dövrlərdə virtual valyutalara olan maraq daha da artıb. Hətta ilin əvvəlində virtual valyutalardan biri olan bitcoinin qiyməti xeyli bahalaşdı. Hər kəsin qiymətlərin daha da artacağını gözlədiyi bir vaxtda isə qiymətlərdə sürətli azalmalar başladı. Belə ki, iyun ayının statistikasına əsasən bitcoinin qiyməti 6 min dollar ətrafında dəyişib. Halbuki ilin əvvəlində bu rəqəm 18 min dollara yaxın idi. Bəs görəsən bu qiymət dəyişmələri nə vaxta kimi davam edəcək? Ümumiyyətlə, yaxın gələcəkdə bitcoini nə gözləyir?
Araşdırmaçı Nicat Dağlar deyir ki, kripto valyuta elə bir fenomendir ki, onun geritə dönüşü yoxdur: "Qiymət dəyişikliyi müxtəlif səbəblərdən baş verir. Ümumilikdə isə bitcoinə olan kütləvi marağın artıb-azalmasından asılı olaraq qiymətlər dəyişir. Amma kritpto-valyutalar özlərinin real dəyərini hələlik tapmayıblar. Bu mənada stabil qiymətlər tədricən formalaşacaq. Ola bilsin ki, bir ay sonra yenidən bir bitkonin qiyməti fantastik həddə qalxsın. Amma istər bitcoin, istərsə də kripto-valyutanın digər növləri zamanla öz real qiymətlərini tapacaq. Həmin dövrə qədər qiymət dəyişikliklərinin baş verməsi tamamilə təbiidir. Yaxın gələcəkdə bütün əməliyyatlar kripto-valyuta üzərindən həyata keçiriləcək. Dünyada gedən proseslər də bunu təsdiq edir. Bir çox ölkələrin idxal-ixrac əməliyyatlarında kripto-valyutadan istifadənin mümkünlüyü haqqında müzakirələr gedir. Burada söhbət həm də blokçeyn texnologiyasının tətbiqindən gedir. Kripto-valyutalar blokçeyn texnologiyasına əsaslanır. Gələcəkdə bütün sahələr kripto-valyuta bazarına uyğunlaşdırılacaq və bu proses artıq indidən başlayıb. Azərbaycan da artıq bu prosesə yavaş-yavaş qoşulur. Virtual valyutaların tətbiqinin mümkünlüyünə dair araşdırmalar aparılır. Bir neçə ildən sonra bitcoin və digər kripto-valyutalar gündəlik olaraq istifadə ediləcək. Bitcoinin qiyməti valyutalara və yaxud qiymətli metallarla bağlı deyil. Bitcoini bahalaşdıran internetdə ona kütləvi marağın yaranması ilə bağlıdır. İnsanların bitcoinə dəyər verməsi ilə qiymət qazanır. Kütləvi maraq azaldıqca bu qiymətlərə də təsir göstərir. Ona görə də bitcoinin qiymətinin yüksələn və artan qiyməti ona olan maraqdan dəyişilir”.
İT üzrə mütəxəssis Şaiq Muradov fikirləşir ki, qiymət oynamaları tələb-təklif məsələsi ilə bağlıdır: "İlin əvvəlində bitcoinə tələb həddindən artıq çox oldu. Ona görə də qiymətlərdə xeyli artım oldu. Amma müəyyən ölkələrin kripto-valyutaların qiymətləri ilə bağlı verdiyi qərarlar onun qiymətini aşağı saldı. Hazırda ənənəvi valyutalarla müqayisədə bitcoinin qiyməti yüksəkdir. Kripto-valyutaların gələcəyi ilə bağlı indidən proqnoz vermək bir qədər çətindir. Ümumiyyətlə, yeni çıxan texnologiya əvvəl-axır insanların həyatına daxil olur və bəzi şeyləri dəyişdirir. Hazırki kripto-valyutalar blokçeyn əsasında yaradılan maliyyə sektorunun ayrılmaz hissələrindən biridir. Fərqi yoxdur bitcoin və yaxud da digər kripto-valyutalardan hər hansı biri gələcəkdə bizim gündəlik həyatımıza daxil olacaq. Necə ki, sosial şəbəkələr arasında facebook ilk dəfə yaranmasa da, daha çox populyarlaşmağı məhz bacardı. Eyni ilə blokçeyn əsasında qurulan kripto-valyutaların gələcəkdə insanların həyatında mühüm rol oynayacağını demək olar. Amma konkret olaraq hansı kriptovalyutanın olacağını demək çətindir. Bəziləri fikirləşir ki, bitkoin bazarın doyma həddinə çatmayıb və hələ də qiymətlərin qalxma potensialı var. Bəziləri isə fikirləşir ki, qiymətlər artıq stabilləşmə ərəfəsindədir. Hesab edirəm ki, bu tələb-təklifin formalaşdırdığı situasiyadan asılıdır. Böyük maliyyə mənbələri kripto-valyuta bazarına daxil olduqca qiymətlər yenidən arta bilər. Ona görə də virtual valyutaların gələcəyi haqqında proqnoz vermək çətinləşir. İlin əvvəlində iddia edilirdi ki, qiymətlər 20-30 min dollardan yuxarı olacaq. Amma əksinə olaraq qiymətlərdə kəskin enmə müşahidə olundu. Virtual valyuta bazarı stabilləşməyən bir bazar olduğu üçün onun haqqında dəqiq fikir söyləmək düzgün deyil”.
İqtisadçı Vüqar Bayramov qeyd etdi ki, virtual valyutalar arasında ən çox tanınanı və qiyməti daha yüksək olan bitkoindir: "Bitcoin dövriyyəyə mərkəzləşdirilməmiş valyuta kimi buraxılıb. İlin əvvəlində onun qiymətlərində kəskin yüksəlmə qeydə alındı və qiymətlər kifayət qədər yüksək idi. Amma son dövrlərdə müəyyən azalmalar müşahidə edilir. Mövcud qiymət bitcoinin dövriyyəyə buraxıldığı zamankı qiyməti ilə müqayisədə xeyli yüksəkdir. Bitcoin dövriyyəyə zaman simvolik qiymətlə buraxılıb. Burada söhbət bir neçə sentdən gedir. Bitcoinin hazırki qiyməti isə 6600 dollardır. 2017-ci ilin sonlarında isə bu rəqəm 18 min 960 dollara qədər yüksəldi. Belə kəskin qiymət artımları spekulyasiyanın nəticəsi kimi qiymətləndirilə bilər. Bazarda bitcoinin qiymətinin 100 min dollara qədər yüksələcəyi ilə bağlı əsassız fikirlər formalaşmışdı. Həmin dövrdə bitkoinə tələb artmışdır. Gələcəkdə qiymətin necə dəyişəcəyi ilə bağlı birbaşa virtual valyutaların dövriyyəsindən və eyni zamanda inkişaf etmiş ölkələrin virtual valyutalara münasibətindən asılı olacaq. İş adamlarının bitcoindən gəlir əldə etdikdən sonra bitcoini kifayət qədər baha qiymətə satırdılar. Müəyyən müddətdən sonra isə onlar bazarı tərk etdilər. Bu da nəticə etibarı ilə bitcoinə olan tələbin azalmasına gətirib çıxardı və nəticədə qiymətlərdə azalma müşahidə edildi. Digər tərəfdən, bəzi ölkələrdə virtual valyutalardan istifadənin məhdudlaşdırılması ilə bağlı müzakirələr aparıldı və qanuna müəyyən dəyişikliklər edildi. Almaniyanın aparıcı banklarının bitcoinə münasibəti pozitiv olmadı. Bütün bunlar isə qiymət azalmalarına səbəb oldu. Növbəti dövrlərdə qiymət yenidən aparıcı ölkələrin kripto-valyutalara olan münasibətindən asılı olaraq dəyişəcək. Əgər həmin ölkələr virtual valyutanın məhdudlaşdırılmasına çalışacaqlarsa, bitcoinin qiyməti yenidən azalacaq. Spekulyasiyanın olmayacağı təqdirdə yaxın dövrlər üçün bitcoinin qiymətində kəskin artım gözlənilmir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər