• cümə, 19 Aprel, 22:53
  • Baku Bakı 24°C

Birpərdəli pyeslərə qayıdış zərurəti

06.05.19 10:45 934
Birpərdəli pyeslərə qayıdış zərurəti
Mədəniyyət Nazirliyi tərəfindən 2018-ci il sentyabrın 11-də elan olunan "Birpərdəli pyeslər” müsabiqəsi başa çatıb və qaliblər mükafatlandırılıb. Müsabiqəyə təqdim olunan əsərlər tanınmış mədəniyyət xadimlərindən ibarət komissiya tərəfindən qiymətləndirilib. Xatırladaq ki, müsabiqənin təşkilində məqsəd, xalq teatrlarının repertuarlarını kiçik həcmli tamaşalarla zənginləşdirmək, ədəbi-bədii və mövzu baxımından yüksək dəyərə malik dram əsərlərinin yazılmasına stimul vermək, yeni nəsil dramaturqların yaradıcılığını dəstəkləmək, tamaşaçıların mənəvi-estetik zövqünün formalaşması üçün birpərdəli pyeslər əsasında müasir tamaşaların hazırlanmasını təmin etmək idi. Müsabiqəyə təqdim edilən pyeslərin mövzusu vətənpərvərlik, 2016-cı ilin Aprel döyüşləri, multikulturalizm, mənəvi dəyərlər, dövrümüzün sosial-əxlaqi problemləri, sosial şəbəkələrin cəmiyyətə təsiri, dini radikalizmin fəsadları və digər aktual məsələləri əhatə edib.
"Müzakirə”mizdə çağdaş ədəbiyyatda birpərdəli pyeslərin nə qədər populyar olmasını, teatrların bu əsərlərə müraciət edib-etməməsini aydınlaşdırmağa çalışdıq.

Teatrlar maraqlı olacaqlar
"Birpərdəli pyeslərin müasir dövrdə çox yazıldığını deyə bilmərik”- deyən "Ölümə gedən” pyesinə görə müsabiqədə II yerə layiq görülən yazar Cavid Zeynallının sözlərinə görə, Mədəniyyət Nazirliyinin elan etdiyi müsabiqəyə cəmi 29 pyes göndərilib: "Mükafatlandırma tədbirində münsiflərdən eşitdim ki, həmin pyeslərin arasında bədii səviyyəsi çox aşağı olanları da az olmayıb. Ümumiyyətlə, dramaturgiya uzun illər aktual olmayıb. Pyes oxumaq üçün yox, səhnə üçün yazılır. Teatrlar gənclərin əsərlərində müraciət etmədikdə, müəlliflər düşünür ki, havayı əziyyət çəkirəm. Müraciət etməməyin də müxtəlif səbəbləri olub. Məsələn, əsərlərin aşağı keyfiyyətli olması və s. Səbəb hər nə olur-olsun, bu sahədə stimul demək olar, olmayıb. Mən ədəbiyyat və teatr mühitini yaxşı tanıyıram. Kimlərin pyes yazdığını da adbaad bilirəm. Onların sayı artmaqdadır. Məhz buna görə də Teatr Xadimləri İttifaqı yaradıcılıq laboratoriyalarının içində xüsusi olaraq dramaturgiya laboratoriyası da təşkil edib. Çox vacib, çox dəyərli addımdır. Həmin laboratoriyaya mən də yazılmışdım, amma təəssüf ki, iş qrafikim iştirak etməyə imkan vermədi. Mənim orda master-klass keçən dostlarım var. Çox razılıq edirlər. Deməli, pyes yazanların sayı gələcəkdə daha da artacaq və püxtələşəcəklər”. Azərbaycan teatrlarının hazırda yeni mərhələyə qədəm qoyduqlarını deyən yazar, dövlətin teatra böyük diqqət və qayğısının olduğunu deyir: "Bütün bunlar əlaqəli şəkildə gənclərə də müsbət təsir edir. Müsabiqənin mükafatlandırma mərasimində mənə də çıxış üçün söz verdilər. Dedim, arzu edirəm ki, gələcək aylarda böyük pyeslərin də müsabiqəsi keçirilsin. Nazirliyin müsabiqələrində cəmiyyətə təqdim olunan imzalar, Azərbaycan teatrının sabah üçün həqiqi simaları ola bilərlər. İnanıram ki, belə də olacaq. Çünki Mədəniyyət Nazirliyinin birpərdəli pyeslər müsabiqəsi çox böyük və müsbət fikir yaratdı. Bu, həqiqətdir və bunu demək lazımdır”. Birpərdəli pyeslərin səhnələşdirilməsinə gəlincə, yazar hesab edir ki, 12-15 iştirakçısı olan pyesi səhnələşdirməkdənsə, iki-üç nəfərlik əsərə quruluş vermək bütün mənalarda rahatdır: "Yaxşı əsərlər yazılarsa, teatrlar niyə də səhnələşdirməsinlər? Əksinə, teatrlar bunda maraqlı olacaqlar”.
Əgər yaxşıdırsa...
Xalq artisti Ağakişi Kazımovun sözlərinə görə, birpərdəli pyeslər indiyədək dövlət teatrlarında səhnələşdirilməyib: «İndiyədək dövlət teatrlarının səhnəsində birpərdəli əsərlərə rast gəlməmişəm. Bu cür əsərlər xalq teatrlarının səhnəsində, həvəskar teatrlarda, ali məktəblərin tələbə teatrlarında səhnələşdirilib. Əvvəllər xalq yaradıcılıq evləri var idi. Onlar birpərdəli pyesləri alırdılar. İndi isə bu cür yaradıcılıq evləri olmadığından, həmin əsərləri də almırlar. Ona görə, o əsərlərin səhnə həllinə rast gəlinmir». Rejissor bu cür əsərlərin dövlət teatrlarında səhnələşdirilməsinə müsbət yanaşır: «Əgər yaxşı əsərdirsə, niyə səhnələşdirilməsin? Rejissor üçün birpərdəli pyesi hazırlamaq daha asandır. Onun ideyasını da tez başa düşürsən. Aktyora da tez izah edə bilirsən». A.Kazımov rejissor kimi ali məktəblərin tələbə teatrlarında bir neçə birpərdəli pyesə quruluş verdiyini deyir: «Xarici Dillər Universitetində fransız dilində, o cümlədən Azərbaycan Pedaqoji Universitetində birpərdəli əsərlər səhnələşdirmişəm. Amma dövlət teatrlarında birpərdəli pyesə müraciət etməmişəm”.
Ən yaxşı yenilik
Xalq artisti Mərahim Fərzəlibəyovun sözlərinə görə, birpərdəli pyeslər formadır, janr deyil. Belə ki, bu formalar sovet dövründə SSRİ məkanında populyar olub: «Təxminən 30-cu illərdən sonra özlərini yalnız birpərdəli pyeslərə həsr edən dramaturqlar var idi. Bu əsərləri də o zaman çox populyar olan xalq teatrları, kiçik dərnəklər üçün yazırdılar. Ona görə, bütün nazirliklərdə belə bir şöbə açılırdı və xalq teatrlarına nəzarət edən müfəttişlər fəaliyyət göstərirdi. O zaman Azərbaycanda Səttar Axundov adlı yazıçı xalq teatrları üçün birpərdəli pyeslər yazırdı. Birpərdəli pyeslər üzrə ümumittifaq festivallar keçirilirdi. Dramaturqlar şifrə ilə öz əsərlərini həmin festivala göndərirdilər. Rejissorlar dövlət teatrlarının səhnəsi üçün iki birpərdəli pyesi səhnələşdirirdilər. Mən Moskva, Sankt-Peterburq kimi böyük şəhərlərinin dövlət teatrlarının səhnəsində birpərdəli pyeslərin səhnələşdirilməsinə rast gəlməmişəm. Ola bilsin ki, əyalət teatrlarının rejissorları belə bir formaya müraciət ediblər». Rejissorun fikrincə, birpərdəli pyes yaradıcılığı hazırda bizdə sovet dövründəki kimi inkişaf etməyib: «Mədəniyyət Nazirliyi tərəfindən birpərdəli pyeslər yazılması üzrə müsabiqənin keçirilməsi təqdirəlayiq haldır. Birpərdəli pyes geniş həcmli pyes yazmaqdan çətindir. Fikirləşdiyin süjet, ideyalar, dinamika elə güclü olmalıdır ki, tamaşaçı onları bir pərdənin içərisində böyük emosional hisslə qəbul etsin. Məsələn, Çexovun yazdığı qısa hekayələri bu gün dünyada demək olar ki, çox nadir müəlliflər yazır. Hər şeyin konkretliyi çox çətindir. Hesab edirəm ki, bu formaya dramaturqlarımız müraciət etsələr, onların yaradıcılıqlarına müsbət təsir edər, həmçinin formanın ölkə ədəbiyyatında inkişafına səbəb olar». Rejissorun fikrincə, bugünkü prizmadan yanaşılsa, məsələn, bir saatlıq, 55 dəqiqəlik pyeslər tamaşaçıların da marağına səbəb olar: "Mənə elə gəlir ki, çoxpərdəli pyeslər bir qədər öz formasını dəyişməlidir. Ən yaxşı yenilik dönüb arxaya baxmaqdır. Yəni birpərdəli pyeslərə qayıdış bəlkə də zəruri olmalıdır. Belə ki, konkret, saatı az olan tamaşalara tamaşaçı çox meyillidir. Dövlət teatrları bu cür əsərlərdən bəhrələnər. Fikrimcə, bu formaya qayıdış müsabiqələrlə meydana çıxa bilər».

Dövrün tələbatı yarandıqca
Yazıçı İlqar Fəhmi hesab edir ki, hansı işin texniki baxımdan reallaşması asandırsa, onun yaradıcılıq tərəfdən həlli çətin olur: "Yəni birpərdəli pyesin reallaşması asandır, həmçinin az dekor tələb edir. Qastrola gedəndə də onu nümayiş etdirmək asandır. Ancaq bu prosesin sonradan asan olması başlanğıcdakı işi çətinləşdirir. Sən gərək bütün fikrini, düşüncəni kiçik bir çərçivəyə sığışdırasan. Bu baxımdan texniki həlldən çox, yaradıcılığın üzərinə böyük iş düşür. Bəzən əksinə olur, yaradıcılığı asan olan bir şey reallaşma vaxtı müşkülləşir, böyük xərc tələb olunur. Ona görə, gərək qabaqcadan beyin enerjisi sərf edib işi elə qurasan ki, sonradan bu tamaşanın qastrol həyatı, müxtəlif səhnələrdə göstərilməsi asan olsun. Yəni kompakt, yığcam, minimalist üslubda bir süjet qurasan». Yazıçının sözlərinə görə, birpərdəli pyeslərin ənənəsi bizdə çox inkişaf etməyib: «Dramaturgiyamıza nəzər salsaq, əsasən böyük həcmli pyeslər daha çox yazılıb. Ancaq indi dövr tələb edir ki, istər birpərdəli, istər mono, istər duet pyeslər yazılsın. İndi dünya səhnələrinə nəzər salsaq, görərik ki, məhz bu cür kompakt pyeslər teatra daha çox xidmət edir. Bu gün biz istehlak dövründə yaşayırıq. Hər şey gərək öz xərcini ödəsin. Böyük tamaşalar, iri layihələr getdikcə azalmaq üzrədir. Hesab edirəm ki, kiçik həcmli əsərlərin tədricən Azərbaycanda da ənənəsi yaranacaq”.
İ.Fəhminin fikrincə, ümumiyyətlə, pyes yazmaq çətindir: "Çünki düşüncəni, fantaziyanı, təxəyyülü məhdud bir çərçivəyə sığışdırmaq asan deyil. Ancaq dövr tələb edir ki, bunu öyrənək. Nəsrdən çıxan yazıçı üçün bu forma çox çətindir. Çünki nəsrdə sən sərbəstsən, həcm problemin yoxdur, təxəyyülünü necə var inkişaf etdirirsən. Adətən nasirlərin bu cür pyeslər yazmağı çətin olur. Xarici ölkələrdə bunun da öz məqsədləri var. Əminəm ki, bizdə də dövrün tələbatı yarandıqca, birpərdəli pyeslər müəyyən formada yetişəcək».
Təranə

banner

Oxşar Xəbərlər