Birləşmiş Ştatlar Xankəndi aeroportuna qarşıdır

Birləşmiş Ştatlar Xankəndi aeroportuna qarşıdır

Siyasət
05 Noyabr 2012, 17:36 1203
Separatçı Dağlıq Qarabağ rejiminin Xankəndidə aeroport açmaq planına Birləşmiş Ştatlardan sərt təpkilər daxil olmaqda davam edir. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Ermənistanın Azərbaycanın işğal altında olan Xankəndi şəhərində yerləşən hava limanını istismara vermək haqqında qərarına münasibətini açıqlayıb. Səfir bu qərarın nəticələrinin xoşagəlməz olacağı barədə xəbərdarlıq edib. “Mən bir şeyi əminliklə deyə bilərəm ki, əgər həmin hava limanı fəaliyyət göstərsə, bu, sülh prosesinə kömək etməyəcək. Bu məsələdə ABŞ-ın mövqeyi ondan ibarətdir ki, hər iki tərəf bu məsələni beynəlxalq hüquq normaları çərçivəsində həll etməlidir. Yenə təkrarlayıram ki, həm Minsk qrupunun, həm də digərlərin bəyanatlarında deyildiyi kimi, hava limanından hər hansı bir uçuş sülh prosesinə mənfi təsir edəcək”.
ABŞ-ın Ermənistandakı səfiri Con Heffer isə Dağlıq Qarabağda hava limanının açılması ilə bağlı bunları deyib: “Minsk Qrupunun həmsədri olan bir ölkə nümayəndəsi kimi, mən bu məsələyə dair həmin təşkilatın bəyanatlarına əməl edirəm. Tərəflər təxribatçı hərəkətlərdən çəkinməlidirlər və istənilən halda mülki təyyarələrə hücum etmək yolverilməzdir”. O, hesab edir ki, “Dağlıq Qarabağ münaqişəsi ilə ATƏT-in Minsk Qrupu məşğul olur, NATO yalnız Minsk Qrupu həmsədrlərinin cəhdlərini dəstəkləyə bilər və başqa bir rol oynaya bilməz”. Onun sözlərinə görə, Minsk Qrupunun üzvü kimi ABŞ Qağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması prosesinin irəli getməsi üçün bütün imkanlarından istifadə edir. Diplomat Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünü xatırladaraq, tərəflərin danışıqlar masası arxasına qaytarılması istiqamətində səylərin davam etdiriləcəyini bildirib.
ABŞ-ın Ermənistandakı səfiri Rusiyanın hərbi müttəfiqi olan Ermənistanın NATO ilə əməkdaşlığına mənfi təsir etmədiyindən də söz açıb. Səfirin sözlərinə görə, ABŞ Cənubi Qafqaz bölgəsində Rusiya ilə rəqabət etmir, “soyuq müharibə” çoxdan qurtarıb. Con Heffern, əksinə, ABŞ-ın Cənubi Qafqazda xüsusilə Minsk Qrupu çərçivəsində Rusiya ilə də əməkdaşlıq etdiyini bildirib. “Soyuq müharibə qurtarıb. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü, Rusiyanın strateji müttəfiqi və eyni zamanda NATO-nun mühüm partnyorudur. Mən burada heç bir ziddiyyət görmürəm. Bundan başqa, bütün KTMT üzvləri, o cümlədən Rusiya, Şimali Atlantika alyansının partnyorlarıdır” – deyə o vurğulayıb.
Amerika diplomatı müdafiə sahəsində Ermənistan silahlı qüvvələrində islahatlar və Ermənistan hərbçilərinin Əfqanıstanda sülhməramlı missiyası sayəsində Ermənistan-NATO əməkdaşlığının səmərəliliyini qeyd edib. “NATO Ermənistan ordusunun daha peşəkar və cəmiyyət üçün daha açıq olmasına çalışır”.
Xatırladaq ki, Ermənistan Azərbaycanın işğal altında olan ərazilərində inşa edilmiş Xankəndi aeroportunun istismara verildiyini bildirib. Rəsmi Bakı Xankəndində aeroportun açılmasını danışıqlar prosesinə ciddi zərbə kimi qiymətləndirərək, bunun mülki aviasiyaya dair Çikaqo Konvensiyasına zidd olduğunu bəyan edib.
Öz növbəsində qondarma qurumun nümayəndəsi David Babayan bildirib ki, “Xankəndi” aeroportu istismara veriləcəyi halda, Azərbaycanın mülki təyyarəni vuracağı ilə bağlı hədələrinə Xankəndi güzəştə getməyəcək”. Qondarma qurum “prezidenti”nin mətbuat katibi David Babayanın sözlərinə görə, Azərbaycan aeroporta hər hansı zərər vurarsa, bu casus belli, yəni müharibəyə başlamaq üçün rəsmi səbəb olacaq: “Bu, genişmiqyası hərbi əməliyyatların yenilənməsi anlamına gələcək. Beləliklə də Azərbaycanın bu addımına səbəb kimi deyil, vəsilə olaraq baxılacaq”. Qeyd edək ki, bu yaxınlarda ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland bəyan etmişdi ki, aeroportun istismara verilməsi Dağlıq Qarabağın statusunun dəyişdirilməsi üzrə istənilən iddiaların dəstəyi üçün istifadə oluna bilməz. Qondarma respublikanın prezidentinin mətbuat katibi David Babayan isə buna cavab olaraq bildiriб ki, “Stepanakert” aeroportunun açılması siyasi məqsədlər daşımır: “Dağlıq Qarabağ Respublikasının (qondarma) rəhbərliyi dəfələrlə bu haqda danışıb. Azərbaycan isə əksinə olaraq bu məsələni siyasiləşdirmək istəyir, fərziyyələr irəli sürür”. Daha sonra qeyd etmişdi ki, bu aeroport sosial-iqtisadi obyektdir və ölkənin inkişafına xidmət edəcək.
Rəsmi Baki isə hesab edir ki, Qarabağ münaqişəsi davam edən bir şəraitdə Xankəndidə Xocalı aeroportunu işə salmaq cəhdləri beynəlxalq qanunlara meydan oxumaqdır və Azərbaycan tərəfindən Ermənistanın təxribat addım kimi qiymətləndirilir. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, Xocalı aeroportunu açmaq səylərilə Ermənistan danışıqlar prosesinə zərbə vurur. Azərbaycan XİN rəsmisi Xocalı əhalisinə qarşı Ermənistan qüvvələri tərəfindən "kütləvi soyqırımın həyata keçirildiyini" bildirib. "Bu hava limanı 25 fevral 1992-ci ildə işğal olunub və bundan dərhal sonra erməni silahlı birləşmələri Xocalı şəhərini dağıdıb, yerli əhaliyə qarşı soyqırım həyata keçirib". E.Abdullayev bir daha xatırladıb ki, aeroportun açılması təyyarə uçuşlarını tənzimləyən Çikaqo Konvensiyasına ziddir.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Xankəndi hava limanının istismara verilməsinin “diplomatik yollarla” həlli barədə açıqlamasını şərh edən politoloq Qabil Hüseynli isə bildirib ki, ABŞ səfirinin və Dövlət Departamentinin Xankəndi hava limanı ilə bağlı verdikləri bəyanatlardakı fikirlər mücərrəd fikirlərdir: “Bir yandan deyirlər ki, bu məsələ beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə həll edilməlidir. Beynəlxalq hüququn prinsipləri isə Beynəlxalq Aviasiya təşkilatının “Çikaqo prinsipləri”ndə öz əksini tapıb. “Çikaqo prinsipləri”ndə ən mühüm məqam ondan ibarətdir ki, müharibə aparılan, yaxud da ki, ərazisinin bir hissəsində müharibə gedən və bu müharibə nəticəsində işğal edilən ölkənin özünün icazəsi olmadan əraziləri üzərindən uçuşlar həyata keçirilə bilməz. Yaxud da ki, ölkənin ərazisində təyyarə meydanları, beynəlxalq təyyarə uçuşlarını həyata keçirən qurğular quraşdırıla bilməz”. Politoloq bildirib ki, ABŞ-ın “beynəlxalq prinsiplər” deməsi yaxşı səslənir və problemin həlli üçün yaxşı baza ola bilər: “Onu da deyim ki, tərəflər bir-biri ilə diplomatik danışıqlarla bu məsələnin həllinə nail olmalıdır. Yenə də ikibaşlı söz, ikili standartlar bir yandan da beynəlxalq hüquq prinsipləri irəli sürülürsə, bu beynəlxalq prinsiplərə də uyğun danışıqlar prosesi aparılmalıdır. Bu, ikili standartın əyani nümunəsi kimi qəbul oluna bilər”.
Azər NURİYEV