• şənbə, 20 Aprel, 14:42
  • Baku Bakı 23°C

Birləşmiş Ştatlar Müstəqillik Gününü qeyd edir

04.07.20 11:52 469
Birləşmiş Ştatlar Müstəqillik Gününü qeyd edir
İyulun 4-də ABŞ-da Müstəqillik Günü qeyd edilir. Koronavirus pandemiyasına baxmayaraq, Tramp Administrasiyası Müstəqillik Gününün şənbə günü geniş miqyasda keçirilməsi ilə bağlı plan təsdiqləyib.
AZƏRTACxəbər verir ki, Vaşinqtonda bayram atəşfəşanlığı planlaşdırılıb və şəhərin mərkəzində yerləşən Milli Xiyabanda minlərlə insanın toplaşacağı gözlənilir. Demokratlar partiyasından olan bəzi qubernatorlar və Kolumbiya dairəsinin meri Müriel Bauzer bayramın keçirilməsinə qarşı çıxış ediblər. M.Bauzer bildirib ki, Ağ ev mer administrasiyasının təntənələrin keçirilməsinə razı olmaması barədə məlumatlandırılıb. O vurğulayıb ki, bu, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin və Səhiyyə Nazirliyinin tövsiyələrinə müvafiq deyil.
Prezident Donald Tramp isə Maunt-Raşmora yollanıb. O, Cənubi Dakotadakı milli parkda ABŞ-ın Müstəqillik Günü təntənələrində çıxış edəcək. Raşmor dağının döşündəki qranitdən yonulmuş milli memorial üzərində Amerikanın dörd prezidenti – Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkolnun simalarının təsvir olunduğu nəhəng abidədir.
Nümayişçilər qrupu Trampa qarşı etiraz aksiyası keçirərək onun səfərindən əvvəl Cənubi Dakotadakı şoseni bağlayıblar. Yerli hakimiyyət orqanları onlardan dağılışmalarını xahiş etsələr də, nümayişçilər bunu rədd ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları dağıtmaqdan ötrü tüstü şaşkasından istifadə ediblər.
İyulun 4-ü Birləşmiş Ştatlarda 1776-cı ildə ölkənin Böyük Britaniyadan müstəqilliyini elan edən ABŞ Müstəqillik Bəyannaməsinin qəbulu günü kimi qeyd olunur. Amerikalıların əksəriyyəti bu bayramı sadəcə onun tarixinə görə "Dörd iyul” adlandırırlar. Adətən bu bayram atəşfəşanlıq, parad, karnaval, yarmarka, konsertlər, beysbol oyunları, ailəvi görüşlər keçirilməklə, barbekyü bişirməklə, siyasətçilərin xalqa müraciətləri ilə, mərasimlərlə, həmçinin Birləşmiş Ştatlar üçün ənənəvi olan ictimai və özəl tədbirlərlə təşkil edilir.
banner

Oxşar Xəbərlər