• cümə, 29 Mart, 11:40
  • Baku Bakı 5°C

Birincilərin birincisi - Reportaj

24.04.15 06:15 3091
Birincilərin birincisi - Reportaj
Azərbaycan məktəblilərinin respublika fənn olimpiadasına start verildi. 9-11-ci sinif şagirdləri arasında keçirilən olimpiadada respublika üzrə 450 şagird iştirak edirdi. Biz də şagirdlərin təəssüratlarını öyrənmək, həyəcanlarını bölüşmək üçün yarışın keçirildiyi məkana yollandıq.
Badamdar qəsəbəsində məşhur hotellərdən birində keçirilən olimpiada yüksək səviyyədə təşkil edildi. 3 gün keçiriləcək yarışda şagirdlər üçün hər şərait yaradıldı. Hətta yarışdan sonra onların dünyagörüşlərinin artırılması və öz yoldaşları arasında isti münasibətlərin qurulması üçün şəhər gəzintiləri belə təşkil olunurdu.
Məktəblilərin rəqabəti
Olimpiadanın keçirildiyi məkanda imtahan keçirildiyi üçün sakitlik hökm sürürdü. Tapşırıqlarını həll etdikdən sonra imtahan otağını tərk edən şagirdlər dərhal kənara çəkilib sualları müzakirə edirdi. Kimi suallardan narazı olduğunu bildirir, kimisi də özündən əmin şəkildə sakitcə otağı tərk edirdi. Burada sözün əsl mənasında yarış keçirilirdi. Bilik yarışında seçilmişlərin içindən seçilən 450 şagird biliklərini ortaya qoyaraq əsl rəqabətə başlamışdılar. Bu, məktəblilərin önəmli günlərindən biri idi. Çünki 450 nəfərin içindən də birincilərin birincisi seçilməli idi. Onların bir məqsədi var idi - qalib olmaq, təhsil aldığı rayona və məktəbinə layiq olmaq.
“Əgər şagird ədalətsizlik olduğunu iddia edirsə...”
3 gün boyunca olimpiada iştirak edən Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev bizimlə söhbətində bildirdi ki, yerli olimpiadalar beynəlxalq olimpiadalara hazırlıq, komandanın formalaşdırılması və şagirdlər arasında rəqabət yaratmaq, istedadları müxtəlif səviyyədə üzə çıxarmaq məqsədi daşıyır: “Şagird qiymətləndirmə meyarları ilə tanış ola bilir. Bu, onlarla münsiflər heyəti arasında şəffaflığın yaranması üçün həyata keçirilir. Əgər şagird ona qarşı ədalətsizliyin olduğunu deyirsə, və ya hər hansı texniki səhv baş veribsə, apelyasiya şikayəti verə bilər. Həmçinin, bu ilki meyara görə, olimpiadaya gələn şagirdlər hər bir fənn üzrə I-III yerlər üçün medalla təltif olunacaq. Olimpiadanın digər iştirakçılarına da sertifikatlar veriləcək”.
“Birinci olmalıyam, başqa çarəm yoxdur...”
Söhbətləşmək üçün imtahan otağından çıxan şagirdlərə yaxınlaşırıq. Üzlərində qəribə yorğunluq və həyəcan olan şagirdlər onlara düşən sualların cavablarını müzakirə edirdilər. Bu müzakirələrdən sonra kimisi sevinir, kimisi də kitabda yazılan cavabın düzgün olmadığını iddia edirdi. Olimpiadaya Şəkidən qatılan Naibə Balammədova deyir ki, builki uşaqlar çox güclü olduğu üçün rəqabət böyükdür: “Ötən il də fənn olimpiadalarına qatıldım. Amma yer tuta bilmədim. Bu il isə Şəkidən 17 nəfər gəlmişik və məqsədimiz medalı alıb rayona getməkdir. Burada hər şey yüksək səviyyədə təşkil olunub. Əsl bilik yarışı keçirilir”.
Keçən il Olimpiadada 3-cü yeri tutan Aytac isə bu il birinci olmaq üçün gəlib. O deyir ki, başqa yolu yoxdur, mütləq birinci olmalıdır: “Ötən il yarışmada çox çalışmağıma baxmayaraq, birinci yeri tuta bilməmişdim. Bu il tək məqsədim birinci yerdir. İnsan qarşısına məqsəd qoyursa, ona nail olur. Olimpiadalardan sonra qəbul imtahanına hazırlaşacağam və Azərbaycanı xaricdə təmsil edən güclü politoloqlardan biri olmağı qarşıma məqsəd qoymuşam”.
Məktəb illərimi xatırladım...

Tələbələrlə söhbətləşdikdən sonra imtahanın keçirildiyi otağa daxil oluruq. Otaqda kimya, biologiya və riyaziyyat fənni üzrə imtahan keçirilir. Şagirdlər səssizcə öz test suallarını cavablandırırlar. Nəzarətçilər isə hər imtahanda olduğu kimi partaların ətrafında dolanaraq şagirdlərə diqqət yetirirlər. Nəzarətçi Səmədova Gülqayıt ibtidai sinif müəlliməsidir. Onun sözlərinə görə, şagirdlərin bilik səviyyəsi yüksək olduğu üçün onlara o qədər də çətinlik törətmirlər: “Bu uşaqlara baxanda öz məktəb illərimi xatırlayıram. Bilik yarışmaları sovet dövründən keçirilir. Belə olimpiadaların keçirilməsi çox yaxşıdır. Olimpiada uşaqların dünyagörüşünə, savadına çox yaxşı təsir edir. Şagirdlər arasında rəqabət olduğunu gördükdə sevinirəm. Düzdür, indi onların məqsədi öz fənlərini yüksək səviyyədə yazıb, bal toplaya bilməkdir. Amma bu təəssürat onların zehnində həmişə qalacaq. Olimpiada bilavasitə onların həm dünyagörüşünə, həm də intellektual səviyyələrinə təsir edir. Bizim dövrümüzdə belə olimpiadalar internat məktəblərində keçirilirdi. İndi həqiqətən yüksək səviyyədə təşkil olunub”.
“Canım sağ olsun, nə deyək...”
Təbii olaraq hər yarışın qalibi də, məğlubu da olur. Belə bir deyim var: “Hər məğlubiyyət insanı bir addım da olsa, qalibiyyətə yaxınlaşdırır. Əsas odur ki, ruhdan düşməyəsən”.
Valeh də bu yarışda bəxti gətirməyənlərdəndir. O, məyus halda otaqdan çıxır və dostlarının gülüş hədəfinə çevrilir. Söhbətləşmək üçün Valehə yaxınlaşırıq. O əsəbi halda sualların çətin olmasından şikayətlənir: “Ağdaş rayonunda 11-ci sinifdə təhsil alıram. Olimpiadaya riyaziyyat fənni üzrə qatılmışdım. Belə yarışa birinci dəfə qatıldığım üçün çox həyəcanlı idim. Üstəlik, suallar da çox çətin oldu. Biz alim deyilik ki, şagirdik... Yarışmada bu qədər güclü uşaqların olduğunu bilsəydim, daha yaxşı hazırlaşardım. Canım sağ olsun, nə deyək...”.
Valehdən fərqli olaraq, Məhəmməd özündən əmindir. Yarışa Zaqatala rayonundan qatılan həmsöhbətimiz 9-cu sinifdə oxumasına baxmayaraq, öz fənnini yüksək səviyyədə bilir. O deyir ki, birinci turdan 90, ikinci turdan 96 faizlə imtahandan keçib: “Olimpiada çox yaxşı təşkil olunub. Xüsusilə üçüncü sualın açıq sual olmasına çox sevindim. Çünki testdə ola bilər ki, kimsə kimdənsə köçürsün və yaxud bəxtə-bəxt yazsın. Amma açıq sualda belə bir şansın olmur. Şagird həqiqətən öz intellektual səviyyəsini göstərir. Olimpiada bizim birinci növbədə biliyimizi yoxlayır, ikinci növbədə dövlətə savadlı kadrların yetişməsində kömək edir, üçüncüsü də hər bir şagirdin dünyagörüşünü artırır. Belə yarışları təşkil etdiyi üçün nazirliyə təşəkkür edirəm”.
Qeyd edək ki, Respublika Fənn Olimpiadasının final mərhələsinin qalibləri XI sinif şagirdləri Məmmədova Günay və Muradov Fərid Tarix fənni üzrə I yerə, XI sinif şagirdi Quliyeva Əsmər isə Azərbaycan dili fənni üzrə III yerə layiq görülüblər. Zərifə Əliyeva adına liseyin şagirdi Sergey Styopin isə qızıl medala layiq görülərək “Birincilərin birincisi” seçilib. I, II və III yeri tutan şagirdlərə diplom və medalla təltif edilib, Təhsil Nazirliyi tərəfindən qaliblərə qiymətli hədiyyələr təqdim edilib.
Fənn olimpiadalarında bu il ilk dəfə olaraq, iştirakçılar arasından hər fənn üzrə “birincilərin birincisi” nominasiyası üzrə qalib müəyyənləşdirilib və olimpiada fənləri sırasına coğrafiya da əlavə olunub. Eləcə də, əvvəlki illərdən fərqli olaraq, yoxlamada şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları ilkin mərhələdə açıq şəkildə deyil, test sınağı formasında tətbiq olunub.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər