AZE | RUS | ENG |


Birinci vitse-prezident mesaj verdi ki, Azərbaycanın bir nömrəli problemi Dağlıq Qarabağ münaqişəsidir

Birinci vitse-prezident mesaj verdi ki, Azərbaycanın bir nömrəli problemi Dağlıq Qarabağ münaqişəsidir
Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk müşavirənin qaçqın və məcburi köçkünlərin problemlərinə həsr olunması buna əyani sübutdur 
 
 
Uzun illərdir ölkənin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin olunduqdan sonra xarici mətbuata verdiyi ilk müsahibəsində bundan sonrakı fəaliyyəti dövründə sosial məsələləri daim diqqət mərkəzində saxlayacağını, işlərini əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətində olduğunu bəyan etmişdi. O, mərhəmətsizlik və laqeydliyin qorxulu anlayışlar olduğunu vurğulayaraq, istər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumağın vacib olduğunu bildirmişdi. Mehriban xanımın bu fikirləri onu deməyə əsas verirdi ki, Birinci vitse-prezident bundan sonrakı illərdə əvvəlki fəaliyyətini dövlət idarəçiliyində sistemli şəkildə, daha böyük uğurlara imza atmaqla həyata keçirəcək. Martın 9-da Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın, məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə, orada səsləndirilən fikirlər, qaldırılan məsələlər təxminlərimizdə yanılmadığımızı bir daha ortaya qoydu. Birinci vitse-prezident doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həllinin artıq 20 ildən çoxdur ki, Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu xatırladıb. Qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlı olub, 2007-2011-ci illərdə həmin proqrama əlavələr təsdiqlənib. 
 
 

Mehriban xanımın sözlərinə görə, Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan bütün lazımi tədbirlər mərhələlərlə həyata keçirilib və keçirilməkdədir. Birinci vitse-prezident deyib ki, indiyə qədər bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 250 min köçkün yeni mənzillə təmin olunub. Eyni zamanda, salınan müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa olunub. M.Əliyeva soydaşlarımızın işlə təmin olunması istiqamətində atılan addımlardan da söhbət açıb. Bildirib ki, son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunub. O, ölkə ərazisindəki bütün çadır düşərgələrinin artıq ləğv olunduğunu, orada məskunlaşan məcburi köçkün ailələrinin yeni salınmış qəsəbələrə köçürüldüyünü bir daha xatırladaraq əlavə edib ki, Dövlət Proqramında bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün bütövlükdə 6 milyard manatdan çox vəsait ayrılıb. Mehriban xanım qeyd edib ki, dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğını çox yüksək qiymətləndirir, hətta bir çox hallarda Azərbaycanı bu sahədə nümunəvi dövlət adlandırırlar.

Birinci vitse-prezident M.Əliyeva müşavirədəki çıxışında görülən işləri qeyd etməklə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsinin yaşadığını da xatırladıb. Bildirib ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Onun sözlərinə görə, qarşıda duran əsas məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir.
 
 

118 saylı Ağdam Şəhər Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Bəxtiyar Əliyev sözügedən müşavirə, orada müzakirə olunan məsələlərlə bağlı fikirlərini "Kaspi”yə bölüşərkən qeyd edib ki, indiyə qədər məcburi köçkünlərin problemlərinin həlli istiqamətində istər ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev səviyyəsində, istərsə də Heydər Əliyev Fondunun xətti ilə çox böyük işlər görülüb. Millət vəkilinin sözlərinə görə, bütün bu istiqamətdə həyata keçirilən layihələr onu deməyə əsas verir ki, qaçqın və məcburi köçkünlərin probleminin həlli Azərbaycan dövləti üçün prioritetdir: "Mehriban xanım Əliyeva da Birinci vitse-prezident kimi keçirdiyi ilk müşavirədə də qaçqın və məcburi köçkünlərin problemlərini, bu istiqamətdə görülən işləri diqqət mərkəzində saxladı, bundan sonra da görüləcək işləri, qarşıda duran vəzifələri dilə gətirdi. Ağır sosial şəraitdə yaşayan insanların problemlərinin həlli üçün qısa müddətdə yeni layihənin həyata keçiriləcəyi xəbərini verdi. Mehriban xanım ilk müşavirəni Dağlıq Qarabağ məsələsinə, bundan irəli gələn problemlərə, xüsusən də qaçqın və məcburi köçkünlərin vəziyyətinə həsr etməklə dünyaya bir daha mesaj verdi ki, Azərbaycanın bir nömrəli problemi Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan dövləti bundan sonra da ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində qətiyyətli addımlar atacaq. Azərbaycan prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun da əsas qayəsi bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi ölkənin ərazi bütövlüyü çərçivəsində həllini tapsın, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtsınlar. Bu məsələ tam həllini tapana qədər isə məcburi köçkünlərin üzləşdiyi problemlər aradan qaldırılmalıdır. Müşavirədə də məhz bu amil vurğulandı”.
 
 

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavəndi Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Elman Məmmədovda bizimlə söhbətində bildirib ki, Mehriban xanım Əliyeva ictimai-siyasi fəallıq nümayiş etdirdiyi, siyasətə gəldiyi ilk gündən qaçqın və məcburi köçkünlərə qayğı ilə yanaşıb. Millət vəkilinin sözlərinə görə, Mehriban xanım daim sosial, humanitar, səhiyyə, mədəniyyət, təhsil sahələrində mühüm layihələr həyata keçirib, bu istiqamətlərdə dövlət siyasətinə dəstək verib: "Mehriban xanım Birinci vitse-prezident olmazdan öncə də qaçqın və məcburi köçkünlərə, qayğıya ehtiyacı olanlara, əlil və xəstələrə hər zaman diqqət göstərib. İndi isə bu funksiyanı mühüm dövlət vəzifəlisi kimi həyata keçirəcək. Bu baxımdan, onun rəhbərliyi ilə keçirilən ilk müşavirədə də qaçqın və məcburi köçkünlərin üzləşdiyi problemlərin qaldırılması təsadüfi deyil. Bununla o, Dağlıq Qarabağ məsələsinə həssas yanaşdığını nümayiş etdirir. Çünki qaçqın və məcburi köçkün ordusu bu problemdən qaynaqlanıb. Heç şübhə etmirəm ki, bu müşavirədən sonra ağır durumda yaşamağa məhkum olan qaçqın və məcburi köçkünlərin sosial məişət problemlərinin həlli üçün irimiqyaslı yeni layihələr həyata keçiriləcək. Təbii ki, bu, həmin kateqoriyaya aid olan bütün insanları, o cümlədən millət vəkili kimi məni də sevindirir”.

Rufik İSMAYILOV     


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7026
GBP 1 İngilis funt sterlinqi 2.1922
TRY 1 Türk lirəsi 0.4768
KWD 1 Küveyt dinarı 5.6088
SEK 1 İsveç kronu 0.1957
EUR 1 Avro 1.9062
CHF 1 İsveçrə frankı 1.7478
USD 1 ABŞ dolları 1.7020