Birinci vitse-prezident mesaj verdi ki, Azərbaycanın bir nömrəli problemi Dağlıq Qarabağ münaqişəsidir
Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk müşavirənin qaçqın və məcburi köçkünlərin problemlərinə həsr olunması buna əyani sübutdur
Uzun illərdir ölkənin ictimai-siyasi, mədəni,
humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva Azərbaycanın
Birinci vitse-prezidenti təyin olunduqdan sonra xarici mətbuata verdiyi ilk
müsahibəsində bundan sonrakı fəaliyyəti dövründə sosial məsələləri daim diqqət
mərkəzində saxlayacağını, işlərini əhalinin aztəminatlı hissəsinin problemlərinin
həlli üzərində qurmaq niyyətində olduğunu bəyan etmişdi. O, mərhəmətsizlik və
laqeydliyin qorxulu anlayışlar olduğunu vurğulayaraq, istər ictimai xadim, istərsə
də dövlət məmuru üçün humanizmi qorumağın vacib olduğunu bildirmişdi. Mehriban
xanımın bu fikirləri onu deməyə əsas verirdi ki, Birinci vitse-prezident bundan
sonrakı illərdə əvvəlki fəaliyyətini dövlət idarəçiliyində sistemli şəkildə,
daha böyük uğurlara imza atmaqla həyata keçirəcək. Martın 9-da Mehriban xanım
Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti
məskunlaşmış qaçqın, məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş
müşavirə, orada səsləndirilən fikirlər, qaldırılan məsələlər təxminlərimizdə
yanılmadığımızı bir daha ortaya qoydu. Birinci vitse-prezident doğma
torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həllinin
artıq 20 ildən çoxdur ki, Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu
xatırladıb. Qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı ilk sərəncamlarından
biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlı
olub, 2007-2011-ci illərdə həmin proqrama əlavələr təsdiqlənib.
Mehriban xanımın sözlərinə görə, Dövlət Proqramına
uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq,
yaşayış və tibbi təminatına uyğun olan bütün lazımi tədbirlər mərhələlərlə həyata
keçirilib və keçirilməkdədir. Birinci vitse-prezident deyib ki, indiyə qədər
bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb,
250 min köçkün yeni mənzillə təmin olunub. Eyni zamanda, salınan müasir qəsəbələrdə
150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa olunub. M.Əliyeva
soydaşlarımızın işlə təmin olunması istiqamətində atılan addımlardan da söhbət
açıb. Bildirib ki, son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin
olunub. O, ölkə ərazisindəki bütün çadır düşərgələrinin artıq ləğv olunduğunu,
orada məskunlaşan məcburi köçkün ailələrinin yeni salınmış qəsəbələrə
köçürüldüyünü bir daha xatırladaraq əlavə edib ki, Dövlət Proqramında bu
istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün bütövlükdə 6 milyard
manatdan çox vəsait ayrılıb. Mehriban xanım qeyd edib ki, dünyanın bir sıra
aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığı da ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğını
çox yüksək qiymətləndirir, hətta bir çox hallarda Azərbaycanı bu sahədə nümunəvi
dövlət adlandırırlar.
Birinci vitse-prezident M.Əliyeva müşavirədəki
çıxışında görülən işləri qeyd etməklə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və
yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsinin yaşadığını da
xatırladıb. Bildirib ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı
binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir.
Onun sözlərinə görə, qarşıda duran əsas məqsəd qəzalı binalarda yaşayan bütün
köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir.
118 saylı
Ağdam Şəhər Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Bəxtiyar Əliyev sözügedən müşavirə, orada müzakirə olunan məsələlərlə
bağlı fikirlərini "Kaspi”yə bölüşərkən qeyd edib ki, indiyə qədər məcburi
köçkünlərin problemlərinin həlli istiqamətində istər ümummilli lider Heydər
Əliyev və Prezident İlham Əliyev səviyyəsində, istərsə də Heydər Əliyev
Fondunun xətti ilə çox böyük işlər görülüb. Millət vəkilinin sözlərinə görə,
bütün bu istiqamətdə həyata keçirilən layihələr onu deməyə əsas verir ki,
qaçqın və məcburi köçkünlərin probleminin həlli Azərbaycan dövləti üçün
prioritetdir: "Mehriban xanım Əliyeva da Birinci vitse-prezident kimi keçirdiyi
ilk müşavirədə də qaçqın və məcburi köçkünlərin problemlərini, bu istiqamətdə
görülən işləri diqqət mərkəzində saxladı, bundan sonra da görüləcək işləri,
qarşıda duran vəzifələri dilə gətirdi. Ağır sosial şəraitdə yaşayan insanların
problemlərinin həlli üçün qısa müddətdə yeni layihənin həyata keçiriləcəyi xəbərini
verdi. Mehriban xanım ilk müşavirəni Dağlıq Qarabağ məsələsinə, bundan irəli gələn
problemlərə, xüsusən də qaçqın və məcburi köçkünlərin vəziyyətinə həsr etməklə
dünyaya bir daha mesaj verdi ki, Azərbaycanın bir nömrəli problemi Dağlıq
Qarabağ münaqişəsidir. Azərbaycan dövləti bundan sonra da ölkənin ərazi
bütövlüyünün təmin olunması istiqamətində qətiyyətli addımlar atacaq. Azərbaycan
prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun da əsas qayəsi
bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi ölkənin ərazi bütövlüyü çərçivəsində
həllini tapsın, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtsınlar. Bu
məsələ tam həllini tapana qədər isə məcburi köçkünlərin üzləşdiyi problemlər
aradan qaldırılmalıdır. Müşavirədə də məhz bu amil vurğulandı”.
124 saylı
Şuşa-Ağdam-Xocalı-Xocavəndi Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş
Elman Məmmədovda bizimlə söhbətində bildirib ki, Mehriban xanım Əliyeva ictimai-siyasi fəallıq
nümayiş etdirdiyi, siyasətə gəldiyi ilk gündən qaçqın və məcburi köçkünlərə
qayğı ilə yanaşıb. Millət vəkilinin sözlərinə görə, Mehriban xanım daim sosial,
humanitar, səhiyyə, mədəniyyət, təhsil sahələrində mühüm layihələr həyata
keçirib, bu istiqamətlərdə dövlət siyasətinə dəstək verib: "Mehriban xanım
Birinci vitse-prezident olmazdan öncə də qaçqın və məcburi köçkünlərə, qayğıya
ehtiyacı olanlara, əlil və xəstələrə hər zaman diqqət göstərib. İndi isə bu
funksiyanı mühüm dövlət vəzifəlisi kimi həyata keçirəcək. Bu baxımdan, onun rəhbərliyi
ilə keçirilən ilk müşavirədə də qaçqın və məcburi köçkünlərin üzləşdiyi
problemlərin qaldırılması təsadüfi deyil. Bununla o, Dağlıq Qarabağ məsələsinə
həssas yanaşdığını nümayiş etdirir. Çünki qaçqın və məcburi köçkün ordusu bu
problemdən qaynaqlanıb. Heç şübhə etmirəm ki, bu müşavirədən sonra ağır durumda
yaşamağa məhkum olan qaçqın və məcburi köçkünlərin sosial məişət problemlərinin
həlli üçün irimiqyaslı yeni layihələr həyata keçiriləcək. Təbii ki, bu, həmin
kateqoriyaya aid olan bütün insanları, o cümlədən millət vəkili kimi məni də
sevindirir”.
Rufik
İSMAYILOV