• cümə axşamı, 25 aprel, 18:46
  • Baku Bakı 21°C

Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində Azərbaycan mədəniyyəti intibah dövrünü yaşayır – Zərifə Salahova

21.02.19 16:17 574
Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində Azərbaycan mədəniyyəti intibah dövrünü yaşayır – Zərifə Salahova
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sayəsində milli mədəniyyət intibah dövrünü yaşayır, incəsənətin bütün sahələrdə, o cümlədən muzey işində böyük uğur və inkişaf müşahidə edilir.
Bunu Trend-ə görkəmli ictimai xadim, Miniatür Kitab Muzeyinin təsisçisi və direktoru, Əməkdar mədəniyyət işçisi, "Şöhrət” ordenli Zərifə Salahova deyib.
Z.Salahova bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqəti və qayğısı sayəsində Azərbaycanda müasir muzey şəbəkəsi yaranıb, unikal memarlığı və zəngin eksponatları olan yeni muzey və tarix-diyarşünaslıq mərkəzləri bərpa edilib və tikilib, milli-mədəni dəyərlərin qorunmasına və onların gələcək nəsillərə çatdırılmasına böyük diqqət ayrılır. Xalqımızın qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliği işində mühüm rol oynayır.
O qeyd edib ki, bu gün incəsənətin və milli dəyərlərin unikal incilərinin yer aldığı muzeylərimizin geniş şəbəkəsi respublikanın bütün regionlarını əhatə edir:
"Muzeylər bir çox onilliklər ərzində sırf mədəniyyət ocağı kimi fəaliyyət göstərdikdən sonra vaxt keçdikcə xarici aləmə açıq və cəmiyyətin həyatında fəal iştirak edən elmi-tədris mərkəzlərinə çevrildilər. Nümunə qismində Azərbaycan Xalça Muzeyini göstərmək olar. Bu, nəinki modern tərzdə olan gözəl binadır, eləcə də muzeydə milli xalçaçılığın praktiki olaraq bütün məktəb və istiqamətlərini təmsil edən çoxlu sayda eksponatlar toplanıb. Yaxud 2014-cü ildə "Ən yaxşı memarlıq layihəsi" nominasiyasında "Designs of the Year” beynəlxalq mükafatına layiq görülmüş Heydər Əliyev Mərkəzi. Bu, sadəcə şəhərimizi bəzəyən unikal tikili deyil, mərkəzdə ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə yanaşı, həm də respublikanın nailiyyətləri ilə bağlı tarixi dövrün nadir eksponatları toplanıb. Xüsusilə qeyd etmək istərdim ki, Mehriban Əliyevanın sayəsində milli xalçaçılıq sənətinin nadir nümunələri ölkəyə qaytarılıb və bu, milli irsə xüsusi münasibətin parlaq göstəricisidir”.
Z.Salahova xatırladıb ki, bu il aprelin 23-də ümummilli lider Heydər Əliyevin sayəsində yaradılmış Miniatür Kitab Muzeyinin 17 yaşı tamam olacaq:
"Dünyada ilk özəl Miniatür Kitab Muzeyinin ekspozisiyası dünyada ən böyük miniatür kitab kolleksiyası olaraq "Ginnesin Rekordlar Kitabı”na düşüb. Biz fəaliyyətimizi genişləndirərək Naxçıvan, Gəncə və Şəkidə filiallar açmışıq. Hazırda kolleksiya 80-dən artıq ölkədən gətirilmiş 8700-dən çox miniatür kitabdan ibarətdir. Bu illər ərzində muzey Bakıda gənclərin, yaradıcı ziyalıların və xarici qonaqların böyük marağını cəlb edən diqqətəlayiq yerlərdən birinə çevrilib. Muzeyi ziyarət edənlər arasında çoxlu məşhur şəxslər var. Mehriban Əliyeva muzeyimizə iki nadir nəşr – Rəsul Həmzətovun 1969-cu ildə çap olunmuş "Qədim yazılar" ("Письмена”) və 1979-cu ildə nəşr olunmuş illüstrasiyalı və dəri cildli "Puşkinin şeirləri”. Bundan başqa, 1894-cü ilin illüstrasiyalı nəşri – "Krılovun təmsillərinin külliyyatı” Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsidir. Biz azərbaycanlılar qədim və zəngin tariximizlə, mədəniyyətimizlə fəxr edirik, Azərbaycanı dünyada əsrlər boyunca mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu sülhsevər, qədim və bərəkətli torpaq kimi tanıtmaq istəyirik".
Muzey direktoru vurğulayıb ki, Mehriban Əliyeva öz istedadı, zəkası, zəhmətsevərliyi, Vətəninə və xalqına böyük sevgisi sayəsində Azərbaycanı dünyada uğurla təbliğ edən bir insandır.
banner

Oxşar Xəbərlər