“Bu, Azərbaycanın böyük hərbi qələbəsidir”
Aprelin 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı
Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb. Görüşdə Mehriban Əliyevanın iştirakı ilə "2016-cı ilin aprel
döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin
edilməsi” layihəsi təqdim olunub.
Azərbaycan bu işğala
heç vaxt dözməyəcək
Trend-in məlumatına görə, görüşdə çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva deyib:
"Hörmətli zabitlər, hörmətli əsgərlər.
Ötən ilin aprel ayının əvvəllərində Ermənistan
Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Siz, sizin
yoldaşlarınız, Azərbaycan əsgərləri bu təxribatın qarşısını aldınız, düşmənə
layiqli cavab verdiniz. İşğal altındakı minlərlə hektar Azərbaycan torpağı
uğurlu əks-hücum əməliyyatı nəticəsində azad olundu. Bu, Azərbaycanın böyük hərbi
qələbəsidir. Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki,
işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı
uğurla həyata keçirməyə qadirdir.
Bir il bundan əvvəl azad etdiyiniz torpaqlarda
bu gün yeni qəsəbələr salınır və 20 ildən çoxdur ki, öz yurd-yuvalarından didərgin
düşmüş məcburi köçkünlər yaxın gələcəkdə doğma torpaqlarına qayıdacaqlar. Bu,
tarixi bir hadisədir, tarixi qələbədir. Bu gün bütün Azərbaycan xalqı sizinlə fəxr
edir.
Aprel hadisələri Azərbaycan dövlətinin qüdrətini,
Azərbaycan xalqının birliyini göstərdi. Azərbaycan Ordusu bu gün qüdrətli,
lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordudur. Azərbaycan əsgərləri
yüksək peşəkarlıq, vətənpərvərlik, qəhrəmanlıq göstərərək işğal altında olan
torpaqların bir qismini azad etdilər.
Aprel döyüşləri zamanı bizim itkilərimiz oldu.
Bu itkilər bizim hamımız, hər bir azərbaycanlı üçün böyük dərddir. Azərbaycan gəncləri,
əsgərlərimiz, zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular,
ömürlərini qurban verdilər. Övladını itirmək hər bir valideyn üçün ən böyük
faciədir. Heç bir xalq istəməz ki, müharibə olsun. Heç bir ana istəməz ki,
oğullar itirsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi
Azərbaycan xalqının ürəyində daim yaşayacaq.
Azərbaycan sülhsevər ölkədir. Məhz buna görə biz
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik
və buna görə 20 ildən çoxdur ki, danışıqlar aparırıq. Lakin heç kim
unutmamalıdır ki, Ermənistan Azərbaycanın torpaqlarını sülh yolu ilə işğal etməyib
və Azərbaycan bu işğala heç vaxt dözməyəcək. Azərbaycan əsgərləri, Azərbaycan
oğulları öz Vətəni yolunda mübarizə aparırlar, döyüşürlər, ömürlərini qurban
verirlər, onların mübarizəsi haqq mübarizəsidir. Erməni əsgərinin Azərbaycan
torpağında nə işi var?! Münaqişənin və itkilərin səbəbi erməni əsgərinin Azərbaycan
torpağında olmasıdır. Mən erməni analara üz tutub söyləmək istəyirəm ki,
qoymayın öz balalarınız işğal siyasətinin qurbanları olsun, işğal siyasətinə dəstək
verməyin. Münaqişəyə tezliklə son qoyulmalıdır. Dağlıq Qarabağ əzəli Azərbaycan
torpağıdır. Münaqişə beynəlxalq hüququn normaları, Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində tezliklə öz həllini tapmalıdır, işğalçı qüvvələr Azərbaycan
torpaqlarını tərk etməlidirlər, ondan sonra regionda sülh bərpa olunacaq və heç
bir ana - nə erməni, nə də azərbaycanlı ana oğlunun məzarı üstündə göz yaşını
tökməyəcək.
Aprel hadisələri zamanı və ondan sonrakı günlərdə
Prezident və mən hospitallarda, xəstəxanalarda olduq. O zaman yaralanmış, xəsarət
almış əsgərlərimizə yardım göstərən, onların tezliklə sağalması üçün əllərindən
gələni edən tibb işçilərimizə minnətdarlığımı çatdırmaq istəyirəm. Yaralanmış əsgərlərin
demək olar ki, əksəriyyəti onların səyləri və əməyi nəticəsində sağalıb və
normal həyat tərzinə qayıdıb və bu gün də Vətəni tam gücləri ilə qorumaq üçün
hazırdırlar. Ümumiyyətlə, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış,
xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycan dövləti xüsusi
diqqətlə yanaşır. Siz Vətən uğrunda vuruşursunuz. Siz yaralanmısınız, xəsarət
almısınız. Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir.
Sizin tezliklə normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi
addımları atmağa hazırdır.
Mənim tapşırığımla sizin hər birinizə fərdi
yanaşma tətbiq olunacaq və normal hərəkət dinamikasına yardım edən müasir
protezlə təmin olunacaqsınız. Tapşırığıma əsasən xüsusi işçi qrup yaradılıb. Bu
qrupda çalışan insanlar həm protezlərin təminatı, həm də gələcək mərhələdə
onların texniki xidmətini həyata keçirəcəklər. İyirmi gün ərzində bütün lazımi
işlər həyata keçiriləcək və mənə yekun hesabat təqdim olunacaq.
Bir azdan sonra mütəxəssislər bizə bu sahədə ən
qabaqcıl texnologiyalar haqqında məlumat verəcəklər. Mən əminəm ki, bu addımlar
atılandan sonra sizin normal həyata qayıtmağınız, sağlamlığınızın bərpa
olunması daha da sürətlənəcək. Şübhəm yoxdur ki, siz gələcəkdə Azərbaycan üçün,
Vətən üçün daha da böyük işlər görəcəksiniz".
Münaqişənin və itkilərin
səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmasıdır
Sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov,aprel döyüşlərində
yaralanan zabit Elşən Qarayevçıxış ediblər. Görüşə yekun vuran Birinci vitse-prezident
Mehriban Əliyeva deyib:
"Mən çıxışımda qeyd etdim ki, bu gün Azərbaycan
dövləti Azərbaycan əsgərlərinə, Azərbaycan Ordusuna bütün lazımi dəstək göstərməyə
qadirdir. Bunu biz nazirlərin çıxışlarında da eşitdik. Mən əminəm ki,
torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın hər bir vətəndaşının ən
böyük arzusudur. Biz hamımız çox yaxşı bilirik ki, Azərbaycanın ən böyük
problemi məhz bu münaqişədir. Hamımız inanırıq ki, ədalətin bərpa olunacağı gün
tezliklə gələcək, torpaqlarımız azad olunacaq, qaçqınlarımız, məcburi köçkünlərimiz
öz doğma torpaqlarına, doğma evlərinə qayıdacaqlar.
Əlbəttə, Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin
bu işdə əməyi əvəzsizdir. Buna görə dövlətlə yanaşı, hər bir vətəndaşımız, Azərbaycan
xalqı o günlər birlik nümayiş etdirdi. Hər kəsdə ruh yüksəkliyi var idi. Hər kəs
özünü tamamilə çox güvənli hiss edirdi. Əminəm ki, bu qələbəni hər bir ailə
evində qeyd edirdi. Hər bir azərbaycanlının borcudur ki, orduya, əsgərlərə
yardım göstərsin. Bir daha deyirəm ki, Azərbaycan dövləti bu yardımı edir və
bunu etməyə qadirdir. Dövlətimizin bütün imkanları var, bu yardımı edir və edəcək.
Lakin mən hiss edirəm ki, insanlar da bu dəstəyi verməyə hazırdır.
Bir daha demək istəyirəm ki, siz həmin günlərdə əsl
qəhrəmanlıq göstərmisiniz. Sizin göstərdiyiniz qəhrəmanlıq, əlbəttə, ilk növbədə,
hərbi qələbə idi. Bu qələbə sayəsində torpaqlarımızın bir hissəsi azad olundu.
İndi orada qəsəbələr salınır, insanlar öz evlərinə qayıdacaqlar. Amma bu, hərbi
qələbə ilə yanaşı, həm də ümumxalq qələbəsidir. Çünki siz insanlara yeni bir nəfəs,
yeni bir inam verdiniz. Torpaqlarımızın bir hissəsi işğaldan azad olundu. Yəni,
inam yarandı ki, biz bütün torpaqlarımızı işğaldan mütləq azad edəcəyik. Çünki ədalət
bərpa olunmalıdır. Cənab Prezident çıxışlarında dəfələrlə söyləyib ki, bizim
heç bir dövlətin torpağında gözümüz yoxdur. Bizim əsgərlərimiz başqa dövlətin
torpağında deyillər. Bizim oğullarımız doğma torpaqlarını müdafiə edirlər,
doğma torpaqlarına görə vuruşurlar və həyatlarını qurban verirlər.
Bu hadisələrdən sonra mən şəhid əsgərlərimizin
anaları ilə görüşdüm. Mən bir daha o qadınların – anaların, xanımların,
bacıların, ailə üzvlərinin qarşısında baş əyirəm. Çünki onlar elə övladlar
böyüdüblər ki, bütün xalq onların ismini söyləyir, onlarla fəxr edir. Şəhid
anaları ilə görüşlərdə mən bir daha gördüm ki, belə qadınların yalnız belə
oğulları ola bilər. Çünki onlar özləri də qəhrəman anadırlar. Əlbəttə, ana üçün
cavan övlad itirməkdən ağır dərd ola bilməz. Hətta o ağır məqamda da deyirdilər:
mən fəxr edirəm ki, oğlum Vətən yolunda ömrünü qurban verib, şəhid olub.
Ona görə, mən bir daha demək istəyirəm ki, Azərbaycan
dövləti, Azərbaycan xalqı və Azərbaycan Ordusu bu məsələdə tamamilə bir mövqedən
çıxış edir. Haqq-ədalət bizim tərəfimizdədir. Əminəm ki, bu münaqişə tezliklə
öz həllini tapacaq. Yenə də deyirəm ki, heç bir xalq istəməz ki, müharibə
olsun. Əminəm ki, erməni xalqı da istəmir ki, müharibə olsun. Azərbaycan xalqı
da istəmir ki, müharibə olsun. Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik.
Yalnız və yalnız münaqişənin və itkilərin səbəbi erməni əsgərinin Azərbaycan
torpağında olmasıdır. İşğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxmalıdırlar.
Əziz qardaşlar, sizə bir daha dərin minnətdarlığımı
və hörmətimi çatdırıram. Nazir qeyd etdi ki, Heydər Əliyev Fondu bu layihədə
iştirak edir. Bizim işçilərimiz bu məsələləri tam nəzarət altında saxlayır.
Yəqin ki, sizdə də Heydər Əliyev Fondunun fəaliyyəti
haqqında yetərli informasiya var. Bir daha deyirəm ki, bizim Fondun işçiləri hər
zaman sizə xidmət etməyə, sizə yardım göstərməyə hazırdır. Müxtəlif hallarda,
müxtəlif vəziyyətlərdə, - həyatdır, hər şey ola bilər, - siz Fonda müraciət edə
bilərsiniz. Mən sizə söz verirəm ki, hər bir müraciətə baxılacaq və imkan dairəsində
çalışacağıq ki, sizə yardım edək.
Bir daha çox sağ olun".
Daha sonra "2016-cı ilin aprel döyüşlərində
yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi”
layihəsinin geniş təqdimatı olub.
Sonda xatirə şəkli çəkdirilib.