• cümə, 29 Mart, 12:29
  • Baku Bakı 14°C

Birinci siniflərə elektron sənəd qəbulu başlayır

21.02.18 18:18 1097
Birinci siniflərə elektron sənəd qəbulu başlayır
Bakı şəhərinin ümumtəhsil məktəblərinə birinci siniflərin elektron qaydada sənəd qəbulu başlanır. Övladlarının mükəmməl təhsilə yiyələnmələri, təcrübəli müəllimlərdən dərs almaları, nüfuzlu məktəbdə oxumaları üçün həyəcan keçirən valideynlər prosesə necə başlamalı, məktəbi və müəllimi necə seçməlidir?
Təhsil Nazirliyində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə təşkilinə həsr olunmuş mətbuat konfransında qəbul prosesi ilə bağlı bu və digər suallara cavab verildi. Artıq 4 ildir ki, Bakıda birinci siniflərə qəbul elektron qaydada həyata keçirilir. Əvvəl yalnız paytaxt üzrə keçirilən onlayn qəbulun arealı genişlənərək bu ildən Abşeron, Gəncə və Sumqayıtı da əhatə edəcək. Belə ki, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə 2018-2019-cu dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir.
Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə fevralın 22-dən (saat 10:00), Gəncə və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda martın 12-dən start verilir. Ümumi təhsil müəssisələrinin I sinfinə 15 sentyabr 2018-ci il tarixinədək 6 yaşı tamam olan, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş 16 sentyabr 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinədək olan dövrdə anadan olmuş və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bu il Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda təqribən 16-17 min şagirdin 1-ci sinfə gedəcəyini açıqladı: "Həmin şagirdlərin 60 faizi, yəni 8 min nəfərdən çoxu məktəbəhazırlıq qruplarında təhsil aldıqları üçün onlar 1-ci sinfə birbaşa qəbul olunacaqlar. Ötən il ölkə üzrə 5 yaşı tamam olan uşaqların 55 faizi təhsil alıb. Bu il isə bu göstərici 65 faiz olub”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri İlhamə Abdullayeva bildirdi ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək. "Sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər”. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52, Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər. Həmçinin I sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6, Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya komissiyaları təşkil olunub. İ.Abdullayeva Bakıda lisey və gimnaziyaların 1-ci sinfinə qəbulun şərtlərindən danışaraq bildirdi ki, qəbul zamanı ilk növbədə həmin müəssisələrin xidməti ərazilərində rəsmi qeydiyyatda yaşayan uşaqlar qəbul ediləcəklər: "Lisey və gimnaziyaların xidməti ərazilərində yaşayan uşaqlar həmin müəssisələrə müsabiqəsiz, yəni imtahansız qəbul olunurlar. Digər ərazilərdə yaşayan valideynlərin uşaqları isə məktəbə müsabiqə ilə qəbul olunacaqlar. Bundan əlavə, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyi nəzərə alınaraq, onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur”.
İ.Abdillayeva qeyd etdi ki, əgər gimnaziya və liseylərin xidməti ərazilərində yaşayan uşaqların 1-ci sinfə qəbulu zamanı həmin uşağın imtahan verməsi tələb olunarsa, valideynlər bununla əlaqədar Təhsil Nazirliyinin "Qaynar xətti”nə şikayət edə bilərlər. Müraciət edən valideynin hüquqları qorunacaq”.
2017/2018-ci tədris ilində ümumilikdə birinci siniflərə 50 min şagirdin qəbul olunduğunu deyən Bakı şəhər Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəşarət Məmmədov növbəti tədris ilində birincilərin sayının 51 mindən artıq olacağını söylədi: "1-ci sinfə qəbul daha da genişlənib. Keçən il məktəbəhazırlıq elektron qaydada həyata keçirilirdisə, artıq bu ildən birinci sinfə qəbulun da bu istiqamətdə arealı genişlənib. Qəbul zamanı heç bir uşaq kənarda qalmayacaq”.
Qeyd edək ki, vətəndaşları maraqlandıran məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi "Facebook” səhifəsində 22 fevral- 2 mart 2018-ci il tarixlərindəI sinfə qəbulla bağlı suallara cavab veriləcək.
I sinfə elektron sistem vasitəsilə şagird qəbulu haqqında məlumatları buradan öyrənmək olar: http://edu.gov.az/az/page/522/14670
Mətbuat konfransında, həmçinin Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi barədə də məluymat verildi. Belə ki, 2018-ci il üzrə dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edilib. TN-nin Təhsilin inkişafı proqramları şöbəsinin əməkdaşı Orxan Abbasov təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsədin təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarət olduğunu bildirdi. Müsabiqə 9 mövzu - təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi və yayılması; pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi; zəruri tədris-metodiki bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastrukturun formalaşması və inkişafı xarakterli tədbirlər üzrə keçirilir. Həmçinin istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; psixoloji xidmətin təşkili və effektivliyinin artırılması; tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq edilməsi; tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) iş prosesində müasir təlim texnologiyalarının tətbiqi; təhsil və maarifçilik xarakterli tədbirlərin təşkili istiqamətində keçirilir.
Müsabiqədə iştirak etmək istəyən şəxslərwww.grants.edu.azsaytından qeydiyyatdan keçməli və müvafiq sənədləri sistemə yükləməlidirlər. Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ "Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır.
Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi ötən ilin avqust ayında elan edilib. Müsabiqə çərçivəsindəümumi təhsil müəssisələri kateqoriyası üzrə78,fərdi kateqoriya üzrə isə 213 layihə təklifidaxil olub. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə38,fərdi kateqoriya üzrə84 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb, ümumilikdə 122 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

Mətbuat konfransında iştirak etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər