• cümə, 19 Aprel, 06:23
  • Baku Bakı 13°C

Birinci kurslar üçün şans: “SABAH” qrupları – Təhsil

09.06.14 10:19 19386
Birinci kurslar üçün şans: “SABAH” qrupları – Təhsil
Ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin qərarı ilə ali təhsil müəssisələrində növbəti tədris ilindən başlayaraq savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət “SABAH” qrupları yaradılacaq. Qrupların yaradılma məqsədi, seçim qaydaları və digər məsələlər haqqında “Kaspi”nin suallarını Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsi tələbələrə dəstək və mübadilə proqramları sektor müdiri Sülhəddin Gözəlov cavablandırdı.
- Sülhəddin bəy, “SABAH” qrupları hansı zərurətdən yarandı?

- “SABAH” qrupları “savadlı”, “bacarıqlı”, “hazırlıqlı” sözlərinin qısaldılmış variantıdır. Birinci kursda təhsil alan ali təhsil müəssisələrinin tələbələri arasından ən savadlı, bacarıqlı və hazırlıqlı tələbələri müsabiqə yolu ilə seçib müəyyən ixtisaslar üzrə “SABAH” qrupları formalaşdırılacaq. Sözügedən qrupların yaradılmasının bir neçə səbəbi var. Məlumdur ki, Azərbaycanın iqtisadi inkişafı ilə ali təhsil müəssisələrindəki kadr hazırlığının mövcud keyfiyyəti arasında müəyyən qədər uyğunsuzluqlar var. Açıq etiraf etmək lazımdır ki, sənayenin müxtəlif sahələri üzrə kadr təminatında kəmiyyət etibarı ilə deyil, keyfiyyət və struktur etibarı ilə çatışmazlıq var. Sənayedəki yeni texnologiyaların tətbiqi göstərir ki, bizim ali təhsil müəssisələrinin hazırladığı kadrlar keyfiyyət baxımından bu tələbləri tam dolğun yerinə yetirə bilmirlər. Bu tələbin ödənilməsini təmin etmək üçün dövlət səviyyəsində xaricdə təhsil dövlət proqramı var. Amma gəlin razılaşaq ki, bu, çox böyük vəsait tələb edən məsələdir. Digər tərəfdən, öz ölkəmizdə olan ali təhsil müəssisələrində niyə biz yüksək keyfiyyətli kadr hazırlamayaq? Sadaladığım bu aspektlər, xüsusilə iqtisadiyyatın mövcud tələbləri “SABAH” qruplarının yaradılması zəruriliyini ortaya çıxarır.
- Bu qruplara seçim necə aparılır?

- Qruplara seçim 1-ci kurs tələbələri arasında müsabiqə yolu ilə aparılacaq. 148 mövcud ixtisasdan 53 ixtisas üzrə “SABAH” qrupları yaradılacaq. Müsabiqədə iştirak edəcək tələbələr Azərbaycanda fəaliyyət göstərən 34 ali təhsil müəssisələrini əhatə edəcək. Bütövlükdə layihə 34 ali təhsil müəssisəsi, 53 ixtisas, 20 minə qədər birinci kurs tələbəsini əhatə edir. Hazırda “SABAH” qruplarına elektron ərizələrin qəbulu prosesi gedir. Qruplara tələbələrin qəbul olunması üç mərhələdən ibarətdir. Birinci mərhələ, elektron ərizələrin qəbulu, ikinci mərhələ müsabiqə-test imtahanı, üçüncü isə müsahibə mərhələsidir. Elektron ərizələrin qəbulu iyunun 12-nə qədər davam edəcək. İyulun 1-dən 15-nə qədər isə müsabiqə və müsahibə mərhələləri keçiriləcək. İmtahanda elektron ərizə ilə müraciət etmiş tələbələrimiz iki fənn üzrə - xarici dil və məntiqdən imtahan verəcəklər. Tələbələr hər bir fənn üzrə 25 sual olmaqla, cəmi 50 test sualını cavablandıracaqlar. Bir test sualı bir balla qiymətləndiriləcək və imtahana saat yarım vaxt ayrılacaq. Müsabiqədə ən çox bal yığan tələbələr müsahibə mərhələsinə buraxılacaq. Tələbə bir il adi qrupda təhsil aldığı üçün “SABAH” qrupunda 2-ci kursdan təhsilini davam etdirəcək. Yəni təhsil müddəti 3 il olacaq. Qəbul qaydaları haqqında geniş məlumat almaq istəyən tələbələr “SABAH”ın rəsmi internet saytı www.sabah.edu.az saytına daxil olmaqla bütün suallara cavab tapa bilərlər. Xüsusilə, birinci kursda oxuyan tələbələrimiz sayta müraciət etsin və gələcək karyeralarını “SABAH”la qursunlar.
- “SABAH” qruplarına qəbul olan tələbələr hansı universitetlərdə təhsil alacaqlar?

- Müsahibədən sonra hər bir ixtisas üzrə 15-25 nəfər tələbə olmaqla qruplar formalaşdırılacaq. 34 ali təhsil müəssisələrindən seçilən tələbələr 53 ixtisas üzrə öz təhsilini ikinci kursdan etibarən 8 baza ali təhsil müəssisəsində davam etdirəcəklər. Bu baza ali təhsil müəssisələri Bakı Dövlət, Dövlət İqtisad, Texniki, Memarlıq və İnşaat, Dövlət Pedaqoji, Dillər Universiteti və Bakı Slavyan universitetləri, Azərbaycan Dövlət Neft Akademiyasıdır. Müsabiqədən keçərək “SABAH” qrupuna daxil olan tələbələr bu sadaladığım baza ali təhsil müəssisələrinə mərkəzləşdirilmiş şəkildə köçürüləcək və təhsillərini ikinci kursdan davam etdirəcəklər.
- Sülhəddin bəy, “SABAH” qruplarında təhsil almağın üstünlükləri nələrdir?

- “SABAH” qruplarında təhsil alan tələbələrimiz ilk olaraq mükəmməl şəkildə xarici dilə yiyələnəcəklər. Həmçinin yeni texnologiyaları, peşə ixtisasını daha dərindən mənimsəyəcəklər. Eyni zamanda, tələbələr üçün müxtəlif mübadilə proqramları da nəzərdə tutulur. Xaricdə təcrübə, Azərbaycanda böyük şirkətlər, komitələr, nazirliklərlə sıx əlaqələr yaradılacaq. Tələbələrə tədris həm yerli professor-müəllim heyəti, həm də xaricdən dəvət olunmuş müəllimlər tərəfindən aparılacaq. Təbii ki, müəllimlər də müəyyən seçim şərti ilə seçiləcəklər. Bundan başqa təhsil müddəti ərzində tələbələrimiz istər yerli, istərsə də dünyada məşhur olan elm, təhsil, biznes, istehsalat sahəsinin tanınmış adamları ilə görüşlər keçirəcəklər. Bunlarla yanaşı, “SABAH” qrupuna qəbul olan tələbələrə ödənişli və ya dövlət hesabına oxumasından asılı olmayaraq “SABAH”ın təqaüdləri veriləcək. Eyni zamanda, bölgələrdən olan aztəminatlı tələbələr həm pulsuz yataqxana, həm də yeməklə təmin ediləcəklər. Ən böyük üstünlük isə ondan ibarətdir ki, “SABAH” qrupunun məzunları əmək bazarının bu gün tələb etdiyi akademik biliklərə, təcrübi bacarıqlara və vərdişlərə yiyələnəcəklər. Bütün bunları bildikləri halda təbii ki, məzunlarımızın işə götürülmə ilə bağlı problemi olmayacaq. Onlar böyük şirkətlərdə, müəssisələrdə asanlıqla iş tapa biləcəklər.
- “SABAH” qrupunda dərs deyən müəllimlərin maaşında fərq olacaqmı?

- Bu qrupda tələbələr kimi, tədris aparan müəllimlərimiz üçün də stimullaşdırıcı tədbirlər müəyyənləşdirmişik. Müəllimlərimiz normal qruplarda dərs deyən müəllimlərdən fərqli əmək haqqı alacaq. Onlara əsas əmək haqları ilə yanaşı, “SABAH” qruplarında keçdikləri dərslərin saatından asılı olaraq əlavə əmək haqqı da veriləcək. Bu məbləğ kifayət qədər yüksəkdir.
- “SABAH”ı bitirən tələbələrin diplomları ilə ənənəvi ali təhsil alan tələbələrin diplomları arasında fərq olacaq?

- “SABAH”ı bitirən tələbələrin diplomları adi qrupda təhsil alan tələbələrin diplomlarından fərqlənməyəcək. Burada yalnız diploma əlavələr fərqli olacaq. Bu əlavədə “SABAH”ın loqotipi yer tutacaq. Təbii ki, bu qrupda tədris olunan fənlər müəyyən qədər fərqlənəcək. Bu fənlərin fərqliliyi diploma verilən əlavələrdə göstəriləcək. “SABAH” qrupunun məzunları üçün diplomun hansı rəngdə, hansı formada olması önəmli deyil. Çünki işə qəbul olmaq üçün önəmli olan məzunun savadı, biliyi, bacarığıdır. Tələbələr üçün diplomun rəngi yox, onun aldığı təhsilin keyfiyyəti önəmli olmalıdır.
- Sülhəddin bəy, özəl ali məktəblərin tələbələri də “SABAH” qruplarında təhsil almaq üçün müraciət edə bilərmi?

- “SABAH” ın rəsmi saytında göstərilən 34 ali təhsil müəssisəsi içərisində həm Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələri, həm digər nazirlik və komitələrin tabeliyində olan ali təhsil müəssisələri, həm də özəl ali təhsil müəssisələri var.
- Belə bir qrup “Xüsusi İstedadlar Qrupu” (XİQ) adı altında İqtisad Universitetində də yaradılıb. “SABAH” qrupları ilə onların arasında hansı fərqlər var?

- “SABAH” qrupları Azərbaycan Dövlət İqtisad Universitetində indiyə qədər mövcud olan XİQ qrupunun yeni bir variantıdır. Məlum olduğu kimi, “SABAH” qruplarının təşkil ediləcəyi 8 baza ali təhsil müəssisəsindən biri də İqtisad Universitetidir. Bu universitetdə “SABAH” qrupları yaradıldıqdan sonra “XİQ” tədricən öz fəaliyyətini praktiki olaraq tamamlayacaq və “SABAH”la əvəzlənəcək.
- Adi qruplarda ödənişli əsaslarla oxuyan tələbələrin “SABAH” qruplarında ödənişsiz təhsil alma imkanı varmı?

- Adi qruplarda ödənişli əsaslarla qəbul olan tələbələr “SABAH” qrupunda da ödəmnişli əsaslarla təhsilinə davame dəcək. Amma o, bu dəfə təhsil aldığı universitetin illik təhsil haqqını deyil, baza universitetinin təyin etdiyi təhsil haqqını ödəyəcək. Burada üstün məqam ondan ibarətdir ki, özəl ali məktəblərdə təhsil alan tələbə baza universitetinə keçdikdə ödədiyi məbləğdən dəfələrlə az təhsil haqqı ödəyəcək. Bir fərq də ondan ibarətdir ki, “SABAH” qruplarında ödənişli təhsil alan tələbələr də təqaüd alacaqlar.
- “SABAH” qruplarının aztəminatlı tələbələri üçün yataqxana tikilməsi planlaşdırılırmı, yoxsa mövcud yataqxanalardan istifadə ediləcək?

- Hazırda tələbələri yerləşdirəcəyimiz yataqxanalar mövcud yataqxanalardır. Bunun sayı təbii ki, məhduddur. Ümumilikdə tələbələr üçün 300 yer nəzərdə tutulub. Amma gələcəkdə genişləndirmə imkanları nəzərə alınacaq.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər