AZE | RUS | ENG |

"Birinci Dünya Müharibəsi... Los Anceles təyyarəsi...”

Riçard Brotiqanın hekayəsi

Riçard Brotiqan (1935-1984) XX əsr Amerika ədəbiyyatının məşhur simalarındandır. 1960-70-ci illər "Antimədəniyyət” axınının nüfuzlu təmsilçisi olan Brotiqan, eyni zamanda, "Beat nəsli”nin son mərhələsində yetişmiş parlaq imzalardan biridir. Postmodernist təmayüllü yaradıcılıq irsinə 11 roman, 10 poeziya, 2 hekayə toplusu, esselər, "Riçard Brotiqanı dinlərkən” adlı musiqi albomu və digər əsərləri daxildir.
 
 ***
Los Ancelesdə kirayə qaldıqları yığcam evin alt mərtəbəsində – televizor olan otaqda tapmışdılar meyitini... 
Arvadım dondurma almaq üçün dükana getmişdi. Bir neçə həyət aralıda gecəyəcən işləyən dükan vardı. Könlümüzə dondurma düşmüşdü... Telefon səsləndi. Qaynım idi zəng vuran: atasının bu gün – günortadan sonra öldüyünü xəbər verdi... Yetmiş yaşındaymış...
Arvadım dondurma alıb qayıdanacan gözlədim. Ona atasının heç olmasa ağrı-acısız öldüyünü deyə bilməkdən ötrü münasib ifadələr axtarırdım, ancaq ölümü kəlmələrlə pərdələmək olmur: cümlənin sonunda mütləq kimsə ölür. 
 Marketdən qayıdanda çox şən görünürdü. 
 – Nə xəbər? – dedi.
 – Los Ancelesdən qardaşın zəng vurmuşdu, – dedim.
 – Nəsə olub? 
 – Atan... bu gün – günortadan sonra ölüb...
... Bu hadisə 1960-cı ildə olmuşdu, indi isə artıq 1970-in bir neçə həftəsi arxada qalıb. Onun ölümündən az qala on il keçir və ötən müddətdə mən bu ölümün bizdən ötrü nə demək olduğunu hərtərəfli götür-qoy etmişəm.
1. Damarlarından alman qanı axırdı, Cənubi Dakotada, bir fermada böyümüşdü. Babası artıq yetkin adamlar olan üç oğlunu uşaq yerinə qoyan sərt, amansız  kişiymiş. Oğlanları təkcə onun nəzərində yox, öz gözlərində də ömür boyu böyüməyiblər. Onun qəti qərarı belə olub. Fermadan uzağa getməyiblər. Evləniblər, əlbəttə, amma nəvələrinin əkilib-doğulmağından başqa, qalan bütün ailə məsələlərini həmişə kişi özü həll edib. İmkan verməyib ki, öz uşaqlarını özləri böyütsünlər. Onların əvəzinə özü məşğul olub bununla. Qayınatamdan ötrü atası da, daima babanın hədsiz qəzəbindən yayınmağa çalışan, qardaşı kimiydi.  
2. Fərasətli çıxıb. On səkkiz yaşında məktəbdə müəllimliyə başlayıb, fermanı tərk edib. Bunu bir üsyan kimi qarşılayan babası həmin gündən onu ölmüş bilib. O isə atasının gününə düşmək, tövlə dalında baş girləmək istəməyib. Üç il Orta Qərbdə müəllimlik edib, sonra isə maşın alverinə girişib.  
3. Ailə qarderobunda asılıb-yellənən skelet kimi gizli qalmasını istədiyi bir erkən evliliyi olub, tezcə də boşanıb. Görünür, möhkəm sevibmiş.
4. Birinci Dünya Müharibəsinə az qalmış – ondan başqa hamının öldüyü – dəhşətli qəzaya düşüb. Ölənlərin ailə üzvlərinin, dostlarının həyatını alt-üst edən, ruhunda dərin izlər buraxan bir maşın qəzası olub bu.  
5. Amerika 1917-ci ildə Birinci Dünya Müharibəsinə qoşulanda o, yaşı otuza yaxınlaşsa da, hərbi təyyarəçi olmaq qərarına gəlir. Bunun mümkün olmadığını, yaşı ötdüyünü deyirlər, amma uçmaq üçün çox can atdığını görüb, onu hərbi təyyarəçilik kursuna götürürlər: Floridaya yollanır, hərbi təyyarəçi olur. 
1918-ci ildə Fransaya göndərilir, sürdüyü "De Həvilənd”lə bir dəmiryol stansiyasını bombalayır. Bir gün Almaniya səmalarında uçurmuş, dövrəsindəki balaca buludlar diqqətini çəkir. Bundan xoşlanır, bir müddət onların arasında dolaşır. Ta həmin "buludlar”ın onu vurmağa çalışan alman zenit toplarından atıldığını anlayanacan... 
Bir dəfə də, Fransa üzərində uçan vaxt, təyyarəsinin quyruğunda göyqurşağı peyda olur; o, təyyarəsini hansı tərəfə, nə cür çevirsə, göyqurşağı da eyni hərəkəti təkrarlayırmış. 1918-ci ilin həmin günü, günortadan sonrayacan göyqurşağı elə hey onu izləyir... 
6. Müharibə qurtaran kimi təyyarəçiliyi buraxır. Texasa gedən qatarda yanaşı oturub hardasa beş yüz kilometrlik yol boyunca söhbətləşdiyi ortayaşlı kişi ona deyir: "Sən yaşda olsaydım, bir miqdar pul tapıb Aydahoya gedər, orda bank açardım. Aydahoda bank işinin yaxşı gələcəyi var”.
7. Qayınatam belə də edir.
8. Aydahoya gedib bank açır, tezliklə daha üç bankın, üstəlik, böyük bir fermanın yiyəsi olur. 1926-da işləri yağ kimi gedirmiş artıq.
9. Özündən 16 yaş kiçik bir müəllimlə evlənir, bal ayında Filadelfiyaya gedib bir həftə orada qalırlar.
10. 1929-da birja çökəndə xeyli ziyana düşür. Bankları, sonradan açdığı ərzaq dükanı əlindən çıxır, amma, ipoteka üçün girov qoymalı da olsa, fermanı saxlaya bilir.
11. 1931-də qoyunçuluğa girişməyə qərar verir, böyük bir sürü alır. Çobanlarına həddən artıq xoş münasibət göstərir. Elə xoş davranır ki çobanlarıyla, Aydahonun həmin bölgəsində adına söz çıxır, dedi-qodu yayılır. Sürüsünə yaman azar düşür, qoyunlar hamısı tələf olur. 
12. 1933-də yenə bir böyük sürü alır; işçilərilə hədsiz xoş rəftarı üzündən, bu dəfə dedi-qodu qazanının altı lap bərk qalanır. Sonrakı il qoyunlarını dəhşət azar vurur, sürü batıb-qırılır.
13. İşçilərinin məvacibini artıqlamasıyla verib, qoyunçuluqdan vaz keçir. 
14. Fermanı satıb borclarını ödəyəndən sonra əlində təzə bir "Şevrolet”in pulu qalır. Maşına oturub ailəsini də yanına alır, hər şeyi təzədən başlamaq niyyətilə Kaliforniyaya üz tutur.
15. Onda özü 44, arvadı 28 yaşındaymış, qızı yeni doğulubmuş. 
16. Kaliforniyada tanış-biliş yox, üstəlik, Böyük Böhran dövrü...
17. Əvvəlcə arvadı meyvəqurutma anbarında, özü isə Hollivudun maşın parkında işləyir.
18. Sonra kiçik bir tikinti şirkətinə mühasib düzəlir.
19. Arvadı oğlan doğur.
20. 1940-da bir ara Kaliforniya əmlak bazarına baş vurur, amma çox keçmədən ordan çıxıb əvvəlki mühasib  işinə qayıdır. 
21. Arvadı bir dükanda nəzarətçi kimi işə düzəlib səkkiz il çalışır, oranın müdir müavini, narazılıq üzündən, ayrılıb öz dükanını açanda qadın da onunla çıxıb təzə yerə keçir.
22. İyirmi üç il eyni dükanda nəzarətçi işləyir arvadı.
23. Qadın qırx yaşınacan çox gözəl qalıbmış.
24. İnşaat şirkətindəki iş əlindən çıxır. "Hesab-kitab aparmaq yaşının keçdiyini” bildirirlər. "Dincələn vaxtındı” – deyib məzələnirlər. Əlli doqquz yaşındaymış.
25. İyirmi beş il eyni evdə kirayə qalıblar. Halbuki o evi, ilkin ödənişsiz, ayda əlli dollar ödəməklə satın ala bilərmişlər.
26. Qızı yuxarı siniflərdə oxuyanda atası həmin məktəbdə süpürgəçiliyə başlayır. Dərs otaqlarında qızıyla üzbəüz gəlir. Liseydə süpürgəçi olduğunu evdə açıb-ağartmırlar. 
27. Arvadı onların hər ikisi üçün nahar yeməyi hazırlayıb qoyarmış.
28. Altmış beş yaşında təqaüdə çıxır, şirin çaxıra dadanıb əməllicə əyyaşa çevrilir. Viskini xoşlasa da, ona əli çatmır: imkansızlıq üzündən. Gününü evdə keçirər, dükanda nəzarətçi olan arvadının işə getməsindən çox sonra, təxminən saat 10-da içməyə başlarmış.
29. Bütün günü iç ki içəsən. Çaxır şüşələrini mətbəxdəki dolabda gizlətmək, evdə tək olsa da, içəndə yenə xəlvətə çəkilmək kimi vərdişləri olub. İçəndə beyni çönənlərdən deyilmiş: odur ki, arvadı işdən gələndə evi həmişə səliqəli görüb. Çox keçmir ki, kefliliyini gizlətməkdən ötrü, əyyaşlara xas olan "taraz yeriş”i də yaxşıca mənimsəyir.
30. Onun nəzərində həyat – şirin çaxır içməkdi, başqa heç bir şey.
31. Günortadan sonra televizora baxırmış...
32. Birinci Dünya Müharibəsi vaxtı Fransa səmalarında quyruğuna göyqurşağı calanan bombalı-pulemyotlu bir döyüş təyyarəsi sürərdi...
33. "Atan... bu gün – günortadan sonra ölüb”. 

Seyfəddin Hüseynlinin tərcüməsində

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2548
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6127
SEK 1 İsveç kronu 0.1915
EUR 1 Avro 1.9745
CHF 1 İsveçrə frankı 1.7156
USD 1 ABŞ dolları 1.7000