• cümə, 29 Mart, 18:43
  • Baku Bakı 14°C

Birinci Avropa Oyunlarının məşəli İmişlidə - Fotolar

07.05.15 10:35 1124
Birinci Avropa Oyunlarının məşəli İmişlidə - Fotolar
Mayın 7-də birinci Avropa Oyunlarının məşəli Sabirabad rayonundan sonra İmişliyə gətirilib. Şəhərin giriş qapısında məşəlin qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti və 20 Yanvar küçəsində minlərlə rayon sakini və qonaqlar yürüş iştirakçılarını alqışlarla qarşılayıblar.
Avropa Oyunlarının rəmzi qapısında İmişli Şəkər Zavodunun əməkdaşı Məmməd Abıyev məşəli qəbul etdi. Sonra 10 məşəlçi 4,1 kilometr məsafədə yürüşə başladı. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar Heydər Əliyev prospekti və 20 Yanvar küçəsi boyunca hərəkət edərək Heydər Əliyev parkına gəldilər.
Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşıladılar. Burada quraşdırılan səhnədə Avropa Oyunlarının məşəli alovlandırıldı.
Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Əlbəyaxa döyüş idman növü üzrə Avropa çempionu Qadir Cəfərov Avropa Oyunlarının çırağını yandıraraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.
Estafet iştirakçılarını böyük sevinclə qarşılayan rayon sakinləri təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşdülər.
Rayonun fəal gənclərindən olan Ziya Rzayev: “Bu gün sevincimin həddi-hüdudu yoxdur. Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının məşəli İmişlidə şölələndi. Bu, qürurverici hadisədir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdə həyatın bütün sahələrində, o cümlədən bədən tərbiyəsi və idman sahəsində qazanılan uğurların məntiqi nəticəsidir. Azərbaycan dünyada iqtisadiyyatı güclü olan respublika, həm də idman ölkəsi kimi tanınır. Bu, heç də təsadüfi deyil. Respublikamızda idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmlədirilməsi sahəsində görülən işlər, həyata keçirilən layihələr öz bəhrəsini verir. İndi Azərbaycanda elə bir şəhər və rayon yoxdur ki, orada Olimpiya İdman Kompleksi inşa edilməsin. İdmançılarımız dövlətin bu qayğısına Olimpiya Oyunlarında, beynəlxalq yarışlarda qazandıqları qələbələrlə cavab verirlər. Mən inanıram ki, Azərbaycan idmançıları birinci Avropa Oyunlarında da bizi qazandıqları qələbələrlə sevindirəcəklər”.
Şəhər sakini Rüstəm Vəliyev də sevincini bölüşərək birinci Avropa Oyunlarının məşəlinin İmişlidə şölələnməsini rayonun idman həyatında əlamətdar hadisə kimi qiymətləndirdi, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Sonra birinci Avropa Oyunlarının məşəlindən götürülən alov Füzuli rayonuna yola salındı.

banner

Oxşar Xəbərlər