Biri itirirsə, deməli, biri də tapır
"Tapıntılar və buraxılış
bürosu” ilə yanaşı, indi "Poçtap”
itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edir
Həyatda
belə bir deyim formalaşıb: "Dəyərli nəsə tapmaq olduqca çətin, itirməkisəasandır”.
İtirdiklərimizi tapmaq isə lap çətindir. Mövzuya mənəvi baxımdan yox, əşya aspektindən
yanaşsaq, itirdiklərimizin bir qismini tapmaq ehtimalı böyükdür. Çünki biri
itirirsə, deməli, biri də tapır.
Amma
tapan adam əşyanı hara təhvil verəcəyini bilmir. Çünki ölkəmizdə itən əşyaların,
pul və sənədlərin təhvil verilməsi ilə bağlı geniş mexanizm yoxdur. O mənada
ki, kimsə nəyisə tapanda həmin an hara təhvil verəcəyini, itirən isə itkisini
axtaracağı yeri bilmir. Ona görə də kimsə nə isə
itirəndə, yaxud tapanda elan verdiyi əsas yer sosial şəbəkələr olur. Bu isə peşəkar
yanaşma hesab oluna bilməz. Bu halda həmin əşya və ya sənədin sahibinə çatması
ehtimalı çox azdır.
Düzdür,
Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis
İdarəsinin tərkibində fəaliyyət göstərən "Tapıntılar və buraxılış bürosu”
2006-cı ildən etibarən fəaliyyət göstərir. Əsas vəzifəsi fiziki və hüquqi şəxslərdən
daxil olan tapılmış əşya və sənədlərin qəbulu, uçotu, saxlanılması və sahiblərinə
qaytarılmasından ibarətdir. Bir müddət əvvəl bürodan yazı hazırlayarkən
bildirilmişdi ki, tapılmış əşyalar və sənədlər bir ay müddətində saxlanılır, həmin
müddətdə sahibi aşkar edilmədikdə, onlar tarixi, mədəni, maddi və digər dəyərlərindən
asılı olaraq, aidiyyəti üzrə təhvil verilir. Ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi,
hərbi bilet, tələbə bileti və s. şəxsi sənədlər də bir ay müddətində
saxlanılır. Bu müddətdə sahibi müraciət etmədikdə, ümumvətəndaş pasportları və
şəxsiyyət vəsiqələri sahiblərinin qeydiyyatda olduğu ərazi polis orqanlarına, hərbi
biletlər aidiyyəti üzrə səfərbərlik xidmətlərinə, tələbə biletləri, qiymət
kitabçaları, diplomlar və digər sənədlər (xidməti vəsiqələr, təqaüd
kitabçaları, plastik kartlar, sürücülük vəsiqələri və s.) sahiblərinə
qaytarılması üçün təhsil müəssisələrinə, sahibinin qeydiyyat üzrə yaşayış
ünvanına, eləcə də digər müvafiq təşkilatlara göndərilir.
Büroya ən çox təqdim olunan sənədlər arasında isə nikah şəhadətnaməsi,
şəxsiyyət vəsiqəsi, diplom, tələbə bileti, attestat, sürücülük vəsiqəsi,
avtomobilin texniki pasportlardı. Büronun məlumatına görə, 2015-ci il ərzində
55 hərbi bilet, 73 ilkin hərbi qeydiyyat vəsiqəsi, 298 şəxsiyyət vəsiqəsi, 170
doğum haqqında şəhadətnamə, 108 nikah şəhadətnaməsi, 44 məcburi köçkün vəsiqəsi
aidiyyəti üzrə orqanlara göndərilib. 2016-cı illə bağlı statistik rəqəm isə əldə
yoxdur hələ ki.
Artıq 10 ildən çoxdur fəaliyyət göstərsə də, həmin büronu ictimaiyyətin
geniş təbəqəsi tanımır. Yaxın vaxtlarda isə bununla bağlı daha bir xidmət işə
düşdü. Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt” MMC tərəfindən
reallaşdırılan yeni sosial layihə çərçivəsində "Poçtap” xidməti artıq istifadəyə
verilib. Yəni "Azərpoçt" MMC poçt xidməti
operatoru itirilmiş sənədlərin tapılması üzrə onlayn xidmət işə salıb.
Nazirlikdən qəzetimizə verilən məlumata görə, "Poçtap” itirilmiş sənədlərin
tapılaraq sahibinə qaytarılmasına xidmət edir. Bu xidmət çərçivəsində tapılmış
sənədlər aidiyyəti üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri
axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyəti orqana
təslim edilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi istənilən poçt
qutusuna ata və ya istənilən poçt şöbəsinə, eləcə də "Şəbəkə” xidmət mərkəzlərinə
anonimliyini qorumaq şərti ilə təhvil verə
bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınmaqla
avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və tapıldığı təqdirdə,
telefon mərkəzi əməkdaşı tərəfindən həmin şəxslə əlaqə yaradılır.
Eyni
zamanda, sənədini itirmiş şəxs "Poçtap” xidmətinin rəsmi internet səhifəsindən
- http://www.pochtap.az, "169” saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin
tapılıb-tapılmadığını öyrənə və itirilən sənədi axtarışa verə bilər.
Belə ki, http://www.pochtap.az internet
səhifəsində "Sənədimi itirmişəm” bölməsini seçməklə müvafiq xanalara zəruri
məlumatları daxil edərək, itirilən sənəd barədə elan yerləşdirmək mümkündür.
Bundan
başqa, itirilən sənədlə bağlı "Poçtap” xidmətinin bazasında məlumatın olması, sənədin
hazırkı statusu, hansı poçt filialı və şöbəsində olması, saxlama müddəti ilə
bağlı məlumat almaq üçün "Axtar” bölməsinə müvafiq məlumatları daxil edərək,
axtarış etmək mümkündür.
Sənədi tapılan şəxs onu təhvil verilən mövcud
filialdan əldə edə və ya telefon mərkəzinə müraciət edərək ,özünə yaxın poçt
şöbəsinə çatdırılmasını sifariş verə bilər. Sənədin poçt müəssisələrində
saxlanılma müddəti 10 gündür. Sənədin sahibinin xahişi ilə bu müddət 1 ayadək
uzadıla bilər.
Qeyd edək
ki, "Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı
ödəyərək, sənədi poçt şöbələrindən və "Şəbəkə” xidmət mərkəzlərindən təhvil ala
bilər. Sənədin lazımi ünvana çatdırılmasına ehtiyac olduqda isə çatdırılma rüsumu "Azərekspresspoçt”un xidmət tariflərinə uyğun hesablanır.
Aygün Asimqızı