Birdən üçə, üçdən beşə...
Ümumi
təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı
şagirdlər üçün eksternat qaydasında imtahanlar keçiriləcək. Bakı Şəhəri üzrə
Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, eksternat imtahanları
14-15 yanvar tarixlərində paytaxtdakı 220 nömrəli məktəb-liseydə təşkil
olunacaq. Test və müsahibə mərhələsindən ibarət olan eksternat imtahanlarında
suallar fənn proqramlarına uyğun şəkildə hazırlanacaq. Eksternat imtahanlarının
nəticələri BŞTİ tərəfindən yaradılmış komissiya tərəfindən 5 ballıq şkala ilə
qiymətləndiriləcək. Qeyd edək ki, ümumi təhsilin hər hansı səviyyəsini
vaхtından əvvəl bitirmək istəyən şagirdlər üçün təşkil olunmuş eksternat
imtahanları Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil
pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından
əvvəl bitirilməsi Qaydaları”na əsasən keçirilir.
Təhsil eksperti Nadir İsrafilovdeyir ki, son illər təhsilin kütləviliyi, əhatəliliyi, fasiləsizliyi və
varisliyinin təmin olunması baxımından təhsilin məktəbəqədər pilləsindən
tutmuş, doktorantura pilləsinə qədər hamı üçün əlçatan olması istiqamətində
müəyyən addımlar atılıb: "Məktəbəqədər təhsil müəssisələrinə qəbul
Qaydası"nda edilən dəyişikliklər, istedadlı olub-olmamasından asılı
olmayaraq, ölkədəki bütün 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlb
olunması, 6 yaşı təqvim ilinin sonuna qədər tamam olan bütün uşaqların birinci sinfə
qəbuluna imkan yaradılması, əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub
tam orta təhsilini bitirə bilməyən şəxslər üçün eksternat qaydasında imtahanlar
keçirilməsi, ali məktəblərə qəbul olunarkən abituriyentlərə ikinci dəfə şans
verilməsi və s. bu kimi bir çox dəyişikliklər buna misal ola bilər. O cümlədən,
ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı
şagirdlər üçün eksternat qaydasında imtahanlar da bu qəbildən olan tədbirlərdən
biri olub, Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil
pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından
əvvəl bitirilməsi Qaydaları”na əsasən həyata keçirilir. Qabaqcadan da
bildirildiyi kimi, test və müsahibə mərhələsindən ibarət olan eksternat
imtahanlarında suallar fənn proqramlarına uyğun şəkildə hazırlanacaq və
yaradılmış komissiya tərəfindən 5 ballıq şkala ilə qiymətləndiriləcək. Bu kimi
stimullaşdırıcı tədbirlərin nəyi pisdir? Əgər bir şəxs hər hansı bir səbəbdən
9-cu sinifdə məktəbdən ayrılıbsa, bu o demək deyil ki, o insan elə o
məhdudiyyət çərçivəsində də qalmalıdır. Burada həm də insan hüquqlarının
təminatı məsələsi var. Əgər bir məzun ali məktəbə imtahan verərkən, hər hansı
bir gərginlik keçirərək, psixi sarsıntıya məruz qalıbsa, bu o demək deyil ki,
onun biliyi test tapşırığındakı 5-3 sualla məhdudlaşır. O cümlədən də, əgər hər
hansı bir uşaq tədris proqramını tam mənimsəyərək, xüsusi istedad nümayiş
etdirirsə, məktəbi daha tez başa vura bilməsini niyə əngəlləməliyik ki? Onu da qeyd
edim ki, belə bir qayda hələ sovetlər dönəmində tətbiq olunurdu. Məsələn,
beşinci sinifdə təhsil alan şagirdin əgər fitri istedadı var idisə, xüsusi
komissiyanın iştirakı ilə eksternat imtahanı keçirməklə, onu bir pillə yuxarı
sinfə keçirirdilər. Nəzərə almaq lazımdır ki, biz beynəlxalq təhsil sisteminə
inteqrasiya edirik, Boloniya təhsil sisteminə qoşulmuşuq, dünyanın müxtəlif
təhsil təcrübələrini öyrənirik. Ona görə də, bu kimi dəyişikliklər dünya
təhsili standartlarına uyğunlaşmaq baxımından da zəruridir. Bir də ki, əgər
böyüklər üçün yaş məhdudiyyəti aradan qaldırılıb onlara 50-60 yaşında belə ali
məktəbə daxil olmaq və ya ikinci ixtisas seçmək üçün imkan yaradırıqsa, nə üçün
kiçiklərin intellektual inkişafına yardımçı olmayaq? Əlbəttə ki, bu kimi
proseslərin icrası tam obyektivlik, aşkarlıq və şəffaflıq tələb edir”.
Təhsil eksperti Kamran Əsədov söylədi
ki, istedadlı uşaqlar orta məktəbi vaxtından əvvəl başa vurması çox vacib
məsələdir: "Çünki həmin uşaqlar tədris proqramını vaxtından əvvəl
mənimsəyirlər. Azərbaycanda təhsil haqqında qanuna görə, orta ümumtəhsil
məktəblərinin tədris proqramını vaxtında əvvəl mənimsəyə bilən şagirdlərin
məktəbi vaxtından əvvəl bitirməsinə icazə verilir. Məncə, bu, kifayət qədər
uğurlu bir addımdır. Çünki orta ümumtəhsil məktəblərinin proqramı təkrar
keçməsinin həmin uşağın bilik və bacarıqlarına o qədər də əhəmiyyətli təsiri
yoxdur. Bu məqsədlə müvafiq komissiya yaradılıb və uşaqların bilik və
bacarıqları yoxlanılır. Şagird tədris proqramını tam şəkildə mənimsəyə bilirsə,
vaxtından əvvəl məktəbi bitirməsinə icazə verilir. Həmin şagird ali təhsil
müəssisəsinə erkən yaşda imtahan verə bilir. Vaxtilə yaxşı oxuyan şagirdlər
birinci sinifdən 3-cü, üçüncü sinifdən isə birbaşa beşinci sinfə keçə bilirdi.
Dünya təcrübəsində də kifayət qədər belə nümunələr var. İndi bu məsələ
Azərbaycanda da gündəmə gətirilib. Vaxtından əvvəl təhsilini başa vuran şəxslər
əmək bazarında daha çox uğur əldə edə bilir. Onların bilik və bacarıqları
bazarın tələblərinə cavab verir. Düşünürəm ki, həmin şagirdlərə şərait
yaradılmalı və prosedur qaydaları bir qədər sadələşdirilməlidir. Tələblərə
cavab verən şagirdlərə bu imkan yaradılmalıdır. Təhsil proqramını tam
mənimsəyən şagirdə yenidən o proqramı tədris etmək, onun təhsil hüququnun pozulmasıdır.
Bu mənada belə bir qərarı müsbət addım kimi qiymətləndirirəm”.
Şəbnəm