• çərşənbə axşamı, 19 mart, 10:36
  • Baku Bakı 8°C

Bircə əşya ilə uşaqların üzündə təbəssüm yaradan qız

13.04.18 12:00 3069
Bircə əşya ilə uşaqların üzündə təbəssüm yaradan qız
Kiminsə işçisi olmağı xoşlamır. Deyir ki, işini qurub özü özünün müdiri olmaq istəyir. Təşkilatçılığı, ehtiyacı olanlara yardım etməyi çox sevir. Hədəfləri, arzuları böyükdür. Bütün işlərini təbəssümlə görür. Ailəsinin, xüsusilə də, atasının hər işdə dəstək göstərməsi onun üçün böyük motivasiyadır. 22 yaşlı həmsöhbətimiz Tahirə Novruzova "Bir təbəssüm, bir ümid” layihəsinin rəhbəridir. Artıq 3-cü dəfə həyata keçiriləcək bu layihənin ideyasının necə yarandığını, mahiyyətini, bu işdə ona kimlərin kömək olduğunu öyrənməyə çalışdıq.
- Layihənin ideyası necə yarandı? Nə üçün belə bir layihə reallaşdırmaq qərarına gəldin?
- Əslində, bu mənim ilk layihəm deyil. Bir müddət əvvəl gənclər arasında "Şar festivalı” keçirmişdim. 50-yə yaxın gənc bir araya toplanıb çoxlu şar aldıq və onları doldurub şəhərdəki uşaqlara verdik. Həmçinin bir dəfə də əşya yığıb, Bakıda ehtiyacı olan uşaqlara paylamışdım. Növbəti dəfə də buna uyğun bir şey etməyi düşünürdüm, amma hələ necə edəcəyimi qərarlaşdırmamışdım. Bu ərəfədə "facebook”da gördüyüm bir uşaq şəkli fikrimi konkretləşdirməyə kömək etdi. Həmin uşaq məktəbli çantası olmadığı üçün kitablarını selofan torbanın içinə qoyub çiynindən asmışdı. Buna oxşar xaricdə də çəkilmiş bir foto var, amma mən gördüyüm bizim ucqar kəndlərdən birində çəkilmişdi. Fotonu gördüyüm an keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. Qərara gəldim ki, bu dəfə məktəbli ləvazimatları toplayıb ucqar kəndlərdə ehtiyacı olan şagirdlərə paylayım. Bu işə başlayanda elə öncə həmin rayona getmək istəyirdik, amma təəssüf ki, həmin şəkli yenidən tapıb onun harada çəkildiyini öyrənə bilmədim.

- Layihənin maraqlı adı var: "Bir təbəssüm, bir ümid”. Bu adı necə seçdiniz?
- Komandamızla birlikdə bu adı düşünmüşük. İlk olaraq "Bir təbəssüm, bir kitab” qoymaq istədik. Sonra kitab olan hissəni dəyişib başqa sözlərlə əvəzlədik. Amma təbəssüm olan hissəni heç vaxt dəyişmədik. Çünki bu xeyriyyə məqsədi ilə keçirilən bir layihə olduğu üçün elə bir ad qoymaq istəmədik ki, insanların həmin uşaqlara yazığı gəlsin və buna görə yardım etsinlər. Bizim sosial şəbəkədəki səhifəmizdə paylaşılan bütün statuslarımızın sonunda da bir təbəssüm işarəsi olur. İnsanlara da pozitiv enerji ötürmək istəyirik ki, yardım edəndə də təbəssümlə, sevə-sevə etsinlər. Hətta mən əvvəllər "facebook”da status yazanda "aztəminatlı” sözünü işlədirdim. Artıq o sözdən də istifadə etməməyə çalışıram. Bizim məqsədimiz sırf uşaqların üzündə təbəssüm yaratmaqdır. Onların ümidlərini doğruldaraq üzlərində təbəssüm yaratmaq istəyirik. Ona görə də elə qərara gəldik ki, layihənin adını "Bir təbəssüm, bir ümid” qoyaq.
- Söhbət zamanı "komandamız”, "biz” deyirsən. Bu komandada səndən başqa kimlər var?
- Çox möhtəşəm bir komandamız var. Artıq bir ailə kimi olmuşuq. Hər işi birlikdə qərarlaşdırıb komanda şəklində hərəkət edirik. Həm yaşda, həm də boyda ən balacaları mənəm (gülür). Layihə rəhbəri mən olsam da, hər işi məsləhətləşib həyata keçirik. Layihəmizin koordinatoru Rövşən Mirzəpur, dizanyeri Asif Mustafayev, marketinq işlərinə baxan Nicat Hacızadə, fotoqraf Rüstəm Məhərrəmov, filmmaker Cahandar Cəlilzadədir. Elnur Hacıyev və Fəridə Cəfərova isə komandamıza təşkilati işlərdə kömək edən digər üzvlərimizdirlər.

- Bəs bu şəxslərlə necə əlaqə qurdun? Əvvəlcədən tanıdıqlarındır, ya...
- Əslində, əksəriyyəti ilə şəxsi tanışlığım yox idi. Sosial şəbəkə vasitəsilə ilə əlaqələrimiz yarandı. Və onlar da beləcə, bu layihəyə qoşuldular. İlk olaraq dizayner axtarışında idim. "Facebbok”da yazmışdım ki, layihəm üçün dizayner lazımdır. Asif Mustafayev bu işdə mənə kömək edə biləcəyini dedi. Daha sonra yavaş-yavaş digər dostlarla da əlaqələrimiz yarandı. Komandamızda olan Fəridə Cəfərova və Elnur Hacıyev ilə tanışlığımız əvvəlcədən var idi. Onlarla artıq 2-3 ildir ki, dostluq edirik.
- Gedəcəyiniz rayonları necə müəyyənləşdirirsiniz? Bu günə qədər hansı rayonlarda olubsunuz?
- İlk dəfə 2017-ci ilin 1 iyulunda Qubanın Buduq kəndinə getdik. Bu Novruz bayramında isə Yardımlının Separati kəndində olduq. Gedəcəyimiz yeri isə əvvəlcə araşdırırıq, sonra gedirik. Məsələn, axırıncı dəfə dostlarla söhbət zamanı qərara gəlirik ki, bu dəfə Yardımlıya gedək. Oranın kəndlərini araşdırmağa başladıq. Əsasən bizim ləvazimatlara ehtiyacı olan kəndləri axtarırıq. Bu işdə komandamızın marketinq işlərinə baxan Nicat bəyin rolu böyükdür. O, gedəcəyimiz kəndlə əlaqə yaradır, orada dərs deyən müəllimlərlə danışır. Həmin müəllim də məktəbin rəhbərliyi ilə danışır. Beləcə, əlaqələr qurulmuş olur.
- Apardığınız ləvazimatlar nələrdir?
- Daha çox məktəbli ləvazimatları olur. Xüsusilə də, ibtidai sinifdə oxuyan və onlardan balaca uşaqlar üçün lazım olan əşyaları toplayırıq. Nağıl kitabları, rəngli qələmlər, xətkeş, boyama qutusu, çanta, qələm, dəftər və s. Geyim toplamırıq, amma etiketi olan, istifadə olunmamışları qəbul edirik. Və yavaş-yavaş yuxarı sinif uşaqları üçün də ləvazimatlar gəlir.

- Bu işdə çətinlikləriniz nələrdir?
- Açığı, elə də ciddi bir çətinliyimiz olmur. Sadəcə, əşyaların daşınmasında, yerləşdirilməsində bir az problem yaşayırıq. O da ki, yavaş-yavaş həll olur. Bir taksi şirkəti bu işdə bizə köməklik göstərməyi təklif edir.
- Layihənin maliyyə dəstəyi necədir? Konkret olaraq haradansa yardım varmı?
- Layihəyə dəstək təhsil şirkətlərindən, kurslardan, fərdi şəxslərdən də olur. Amma bu, sırf ləvazimatların alınması üçündür. Yəni, layihədə iştirak edən heç bir komanda üzvünün buradan gəliri olmur. Şirkətlər ya alınacaq ləvazimatların siyahısını istəyir, ya da müəyyən qədər pul göndərir. Pul göndərən şirkətlərə isə aldığım əşyaların çekini təqdim edirəm.
- Rayonlardakı məktəblərin çatışmazlıqları nələrdir?
- İlk olaraq onu deyim ki, yuxarı siniflərin tədris olunmamağı ən böyük çatışmazlıqdır. Digər tərəfdən, müəllimlər azdı. Ucqar kəndlərə gedib, dərs deyəcək müəllimlərə böyük ehtiyac var. Həmçinin, oradakı məktəblər əsaslı şəkildə təmir olunmalıdır. Siniflərdə dərs keçmək üçün şərait yox səviyyəsindədir. Və ən maraqlısı da budur ki, şəraitsizliyə baxmayaraq, bütün uşaqlar dərsə gəlir. Öyrənməyə, təhsil almağa böyük maraq göstərirlər.

- Getdiyiniz yerlərdə uşaqların, kənd əhalisinin sizə münasibəti necə olur?
- Qubadakı uşaqlar normal qarşıladılar. Onlara əvvəlcə də belə bir yardım edildiyi üçün öyrəşmiş kimi idilər. Amma Yardımlıdakılar sanki şok olmuşdular. Hətta dedilər ki, ilk dəfədir belə bir hal baş verir. Bu qədər hədiyyə ilə ora gedəcəyimizi gözləmirdilər. Düşünürdülər ki, hər uşağa bir hədiyyə verəcəyik. Amma biz bir çanta dolusu hədiyyə ilə getmişdik. Uşaqların şəkillərini yayımlayan zaman da onların əlində yalnız bir hədiyyə olur deyə, bəziləri fikirləşir ki, hədiyyə azdır. Lakin bir uşağa içində hər bir məktəbli ləvazimatının olduğu bir çanta veririk. Heç bir uşaq hədiyyəsiz qalmasın deyə, getməmişdən əvvəl məktəblə əlaqə saxlayıb uşaqlarını sayını öyrənirik. Hətta onların bizə dediyi saydan da çox ləvazimat alırıq ki, birdən ətrafdan başqa uşaqlar da gələr. İstəmirik ki, hansısa uşaq hədiyyəsiz qalsın. İnsanların da münasibəti çox yaxşı olur. Nə qədər təşəkkür edənlər olur.
- Bu işə başlayarkən gözləntilərin nə idi?
- (Gülür) Əslində, gözləmədiyim bir nəticə ilə qarşılaşdım. Öncə kiçik bir "event” yaratmışdım. Sadəcə təşkil etdiyim "event” ə qoşulan çox oldu və bu, böyük bir layihəyə çevrildi. Gözləmədiyimiz dərəcədə bizə ləvazimat göndərildi. Təxminən 3-4 minə yaxın əşya topladıq. Beləcə, qərara gəldik ki, bunu davam etdirək, işi daha da böyüdək. Sosial şəbəkədə layihəmizə səhifə açdıq, loqo, xüsusi şəkil filan yaratdıq. Layihəyə bu qədər maraq yaranacağını düşünməmişdim. Düşürdüm ki, əşyamı yığıb, aparıb verib gələcəyəm. Lakin gözləmədiyim bir şəkildə tələbat oldu. Hamı yardım etmək üçün nə isə göndərirdi. Elə indi də yardım üçün müraciət edənlər çoxdur. Bu isə məni və komanda yoldaşlarımı çox sevindirir. Düşünürəm ki, bu işi gələcəkdə daha da yaxşı səviyyədə həyata keçirə biləcəyik.
Günel Azadə






banner

Oxşar Xəbərlər