AZE | RUS | ENG |

Bircə biləydim məni kimin qarğışı tutdu

Bircə biləydim məni kimin qarğışı tutdu
Onu kimin qarğışı tutduğunu özü hamıdan yaxşı bilir. Bu yazını oxusanız sualın cavabını siz də biləcəksiniz.
Əsl şairin yazdıqları Allah vergisidi. Buna görə yazdığı, bədahətən söylədiyi şeirlər təbii, isti, ürəyəyatımlı olur. O şeirləri oxuyursan, ya  dinləyirsən sanki misralar bir ilıq qana çevrilib ürəyinə axır.
 
Bir yuva asılıb eyvanınızdan,
Bax həmin yuvanı quran quş mənəm.
Onu uçurmayın ünvanınızdan
Orda nəğmə deyən qaranquş mənəm.
 
 Bu şeiri o, gənc çağlarında yazıb. Bu o vaxtlar idi ki, onda dünya hələ Şamxal üçün cilvəli, nağıl idi. İnsanların hamısı mehriban, yollar işıqlı görünürdü ona. Bəlkə də, heç ilk məhəbbətin ağrı-acısını da dadmamışdı. Bəlkə də, gözü tutan alagözdən "hə" cavabı almamışdı. Yaşadığı kənddən ötüb-keçən qatarlar ona görə insan yox, nağıl dolu arzular daşıyırdılar. Şamxal isə şagird yoldaşlarının xatirə dəftərlərinə dostluq və sevgi ilə bağlı şeirlər yazırdı. Arabir şeirləri Şəmkir rayon qəzetində də çap olunurdu. Çoxları onun yazdıqlarını oxuyub, bu qarayanız, qıvrımsaç oğlanın gələcəkdə tanınmış şair olacağına inanırdılar...
 Həmin illərdə yazdığı "Sabah əsgər gedir kənd uşaqları" şeiri də çox təbii, ürəyəyatımlıdı.
 
Fakültəmizin Yesenini
 
 Elə sonralar bizlər də – onun tələbə yoldaşları, müəllimləri, dostları, tanışları Şamxalın ədəbiyyatımızda öz yeri, nəfəsi olacağına şübhə eləmirdik. Çünki onda Şamxal təkcə jurnalistika fakültəsində deyil, eləcə də universitetdə şeirləri ilə seçilən ən istedadlı gənc şairlərdən biri idi. Şeirləri tez-tez radionun gənclik verilişlərində oxunardı. Bir neçə şeiri o vaxtlar çox böyük tirajla nəşr edilən "Ulduz" jurnalında dərc olunmuşdu. Xarici görünüşcə bir az Puşkinə bənzəsə də, biz ona zarafatla "fakültəmizin Yesenini" deyərdik. Şeirlərindəki ruh, təbiətindəki sadəlik, çox şeyə biganəlik elə bu ada uyğun gəlirdi. Heç vaxt yazdıqlarını, belə demək olarsa, gözə soxmurdu. Amma hamımız onun şeirlərini həvəslə əzbərləyərdik, öz səsimizlə maqnitofona yazardıq. O isə bunun fərqinə varmazdı. Ozü isə Məmməd Arazdan, Məmməd Aslandan, Məmməd İsmayıldan, İsa İsmayılzadədən, həmyerlisi Səyavuş Sərxanlıdan və başqalarından şeir deyərdi.
 Bir gün səhər tezdən stolun üstündə ötən gecə yazdığı bu şeiri oxudum:
 
Niyə qopdu tufan, niyə yağdı qar,
O gələsiydi...
Niyə gözlərini sıxdı buludlar,
O gələsiydi...
Gecikdi, yollara qar yağıbdı, qar,
Tənhayam, soyuğam, buzam, ay gecəm,
Gözləri yol çəkən de, necə yatar,
Bir şirin nəğmə tək uzan, ay gecəm...

 
Azərbaycan Dövlət Universitetin 3 saylı yataqxanasındakı 77-ci otağın işığı o illərdə təsadüfi hallarda sönərdi. Çünki biz yatsaq da, Şamxal sübhə qədər oyaq qalırdı. Dərs oxumaqla arası olmasa da, yeni çıxan ədəbi nəşrlərin hamısını oxuyur, qeydlər edirdi.  Özünün dəftəri olmazdı, hansı birimizinsə mühazirə dəftərindən qoşa vərəq qoparıb yeni şeirini yazardı. Bəzən zarafatla müəllimlərə, tələbə yoldaşlarımıza da şeirlər qoşardı. Onun yeni şeirləri bir neçə gündə fakültədə çoxları tərəfindən əzbərlənərdi.
Əzazil müəllimlərdən birinə belə yazmışdı:
 
Zaçot vaxtı dadə gələr,
Nə səmimi, sadə gələr,
Bax, indi ...zadə gələr,
Məcnuni divanə kimi.
 
Qışda bizə, yaz öyrədər,
Çox danışar, az öyrədər.
Qızlara da naz öyrədər,
Eşqində pərvanə kimi....
 
Elə bu şerin güdazına getmişdi Şamxal. Bəlkə də, müəllim imtahanda, bir şey bilməsə də, ona qiymət yazardı. Ancaq...
 
Belə qəmli dayanma!
 
Bu mahnının tarixçəsini ancaq yataqxanada yaşayan tələbə yoldaşlarımızın bəziləri bilər. Qrup yoldaşlarımızdan biri bizdən bir kurs aşağı oxuyan qızı sevirdi (ailəli olduqlarına görə adlarını yaza bilmirəm. Daha doğrusu, o xanım artıq dünyasını dəyişib). Ancaq qız oğlanı istəmirdi. Buna görə də oğlanı çox vaxt kefsiz, fikirli görərdik (yaxşı deyiblər: "Giriftar olmayan bilməz"). Bir gün Şamxaldan xahiş etdik ki, bu sevgiyə bir şeir yazsın. Zarafatla dedi ki, indi acam, bir az yemək-içmək düzəldin, sabaha şeir hazır olacaq. Səhəri gün biz dərsdən qayıdandan sonra Şamxal uzun illərdi populyar mahnı kimi oxunan "Belə qəmli dayanma" şeirini oxudu:
 
   Görüşünə gəlmişəm,
   Sən ey gözü bənövşəm.
   Gözü nəmli dayanma,
   Belə qəmli dayanma...
 
   Var soyuğu, var odu
   Bu yol sevgi yoludu.
   Ürək sözlə doludu
   Belə qəmli dayanma...
 
 İkisi, ikinci ay, 2012-ci il. Mirqəni ilə Lalə toylarının bu gündə olmasını özləri seçmişdilər. O günlər yəqin ki, çoxlarının yaddaşında yaşayır. Son yüz ilin ən sərt qışı idi. Qar tufanı ara vermirdi. Hətta dənizin müəyyən hissələri donur, yuvasız, ac, sığınacaq tapmayan quşlar şaxtadan məhv olurdular. Bakıya gələn yollarda uzun tıxaclar yaranırdı. Çoxları günlərlə işə çıxmırdı... Belə bir vaxtda toy eləmək həm iqtisadi, həm də təhlükəsizlik baxımından əlverişli deyildi. Bu toyu qohumların çoxu kimi mən də narahatlıqla gözləyirdim. Şükürlər ki, hər şey gözəl oldu. Bütün zal doldu və təşkilatçı kimi mən rahatlıq tapdım. Çal-çağır başlandı. Toylarımızın çoxunda olduğu kimi, rəqs eləmək istəyənlər musiqiçiləri dincəlməyə qoymurdular. Müğənni tanınmamış bir gənc idi. İnsafən, səsi xoş idi. Qabaqcadan ona tapşırmışdım ki, şit ara mahnıları oxusan məndən pul gözləmə. O da bu sözə əməl edirdi. Toyun şıdırğı yerində şənlik iştirakçılarından birinin xahişi ilə müğənni "Belə qəmli dayanma!" mahnısını oxudu. Toyun əhval-ruhiyyəsi dəyişdi. Elə bil bu qarlı-çovğunlı qış günündə şadlıq sarayını bahar ətri bürüdü. Sanki ürəklərə bir həzinlik ələndi. Həmin anlarda tələbəlik illərini birgə yola saldığımız ömür-gün yoldaşımın nigaran baxışları mənə zillənmişdi.
 
 ...Çiçək açsın üzündə
   Günəş gülsün gözündə,
   Bir sevinc tap özündə,
   Belə qəmli dayanma!

 
 Mahnı böyük alqışlarla bitdi. Təbii ki, o alqışların böyük bir hissəsi mahnının mətnini yazmış Şamxal Rüstəmin payına düşürdü. Mən özümə xas olmayan bir tərzdə mikrofonu müğənnidən alıb mahnının qısa tarixini pərdələnmiş şəkildə danışdım. Tələbə yoldaşım olan oğlanın, həyat yoldaşımın tələbə yoldaşı olan o qızın nisgilli ömür yolundan da bəhs etdim və dinləyicilərin çoxu deyilənlərdən kövrəldilər...
 
Hərdən tüstüm təpəmdən çıxır
 
Şamxal çox sevilən "O tay da uzaqdı, bu tay da uzaq" şeirini də tələbəlikdə yazıb. Bu şeirdə də sevgidən doğan qəribə bir etiraf yaşayır. Sanki ayrı-ayrı qütbün, düşüncənin adamları etiraf edirlər ki, mindikləri sevgi qayığı onları xoşbəxtlik adasına çıxara bilməyəcək:
 
Nə adla minmişdik bu qayığa biz,
Niyə düşünmədik bir azca qabaq.
Yenə dəli olub, bu dəli dəniz
O tay da uzaqdı, bu tay da uzaq!
 
Gedirik - gözlərdə yaş gilə-gilə.
Dönürük - arxada hər dalğa bir dağ.
Bəs indi üz tutaq hansı sahilə?
O tay da uzaqdı, bu tay da uzaq!
 
Onsuz da yetişməz nə sadə, nə ün,
Dostlara bir haray məktubu yazaq:
– Amandı, biz gələn yerə gəlməyin, 
O tay da uzaqdı, bu tay da uzaq!

 
Özünə düşmən adam
            
Şamxal çox laqeyd, böyüklərin sözü olmasın, özünə düşmən adam idi. O böyük istedad sahibinin bir şerlər kitabı da çıxmadı, bəlkə də  kitab nəşr etdirmək heç yadına da düşmədi. Yalnız bir uşaq şeirlər toplusu nəşr olundu, onun da ilk nüsxəsini mənim uşaqlarıma  göndərmişdi, çox  isti bir avtoqraf da yazmışdı.
Onun özünə, yaradıcılığına laqeydliyi barədə şair Vaqif Bəhmənli bir əhvalat danışıb mənə. Deyir, Bakıya möhkəm yağış yağmışdı. Yağışdan sonra Şamxalın kirayənişin qaldığı evə gedəsi olduq. Mənzərə qarşısında donub qaldım: evin bir yerindən yağış dammış, onun şeirləri yazılmış vərəqləri tamamilə məhv eləmişdi. Mən ağladım, Şamxal isə gülürdü. Həmin mənzərəni sözlə ifadə etmək mümkün deyil...                  
Əvvəllər  Gəncəyə gələndə görüşərdik, Bakıda da söhbətlərimiz olurdu. Sonralar birdən itdi-batdı, onun haqqında heç cür məlumat əldə edə bilmədim. İndi  hardadı, hansı qayğılarla yaşayır, bilmirəm... "
           
Təmsillərini satmaq istəyirdi
 
Bir gün Şamxal dedi ki, çoxlu təmsilim var. Alan olsaydı, birini üç manatdan satardıq, heç olmasa, onbeş-iyirmi gün xərcliyərdim. Dedim ki, ondansa o təmsilləri hissə-hissə ver qəzetlərə, qonorar al. Dedi ki, mən özümü təmsilçi saymıram, mənə gülərlər.
 Onu da deyim ki, Şamxal verilişlərə yazdığı mətnlərə və şeirlərinə görə televiziyadan, radiodan və qəzetlərdən bəzən 200-300 manat qonorar alırdı. Üç gün keçmirdi ki cibində siçan oynayırdı. Çünki hansı yoldaş nə qədər istəsəydi verirdi, xərcləyirdi, yeyib-içirdi.
 
Sualın cavabını yəqin Siz də bildiniz...
 
Bir dəfə Vasif Süleyman Şamxalın bir neçə şeirini qəzetlərdən birinin ədəbiyyat əlavəsində oxuculara təqdim eləmişdi - "Bircə biləydim məni kimin qarğışı tutdu"," Siz məni heç nəyə tələsdirməyin", "Xoş gəlib, bu ilin yazı xoş gəlib", "Durnaların qatarında gözüm var" və "O gələsiydi...". 
Həmin şeirlər arasında çox sevdiyim "Bircə biləydim məni kimin qarğışı tutdu" şeiri vardı. Şeirin iki bəndi belədir:
 
Yetişmədim çətində çox doğmamın dadına,
Çoxunu unutmuşam, çoxu gəlmir yadıma.
Bir quzu kəsilmişdi doğulanda adıma
Bircə biləydim məni kimin qarğışı tutdu.
 
Hər çiçəyi, hər gülü leysan yağışı tutmaz
Xəta hər ömrü tutmaz, bəla hər başı tutmaz.
Süd əmmişəm döşündən, ana qarğışı tutmaz.
Bircə biləydim məni kimin qarğışı tutdu.
 
Doğru deyir, Şamxal. Onu kiminsə qarğışı tutub. O yaşda handabir şairin altı-yeddi kitabı çıxır. Təəssüf ki Şamxalın indiyə kimi əməlli-başlı bir kitabı da çıxmayıb. Bu, qarğışa tuş gəlmək deyil, bəs nədi? Bəlkə Şamxal Allahın ona verdiyi istedad payını qiymətləndirmədiyi üçün belə olub? Nə bilim...
Amma Şamxal şeirlə oxucusuna verdiyi sualın cavabını özü hamımızdan yaxşı bilir. Yəqin Siz də bildiniz... 
 
Səməd Məlikzadə
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.93
GEL 1 1 Gürcüstan larisi 0.5945
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1564
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1834
CHF 1 1 İsveçrə frankı 1.7334
KWD 1 1 Küveyt dinarı 5.5984
TRY 1 1 Türkiyə lirəsi 0.2943