AZE | RUS | ENG |

Bir yerdə səyahət etməyi sevən cütlük - Səyyah

Bir yerdə səyahət etməyi sevən cütlük - Səyyah
 
Şahnaz Əhmədova: "Ən böyük arzularımdan biri Çinə gedib böcək salatı yeməkdir” 
 
Hüseyn İsmayılov: "Səyahət edən üçün rahatlıq yox, daha çox yer görmək əsas olmalıdır”
 
 
Bu il Balkan ölkələrini avtobusla gəzməyi planlayırlar və həmin səyahəti 1000 avro ilə başa vura biləcəklərini deyirlər. Getdikləri hər ölkədə fərqli yeməkləri dadmağı sevirlər. Düşünürlər ki, səyahətə bir neçə ay əvvəldən hazırlaşmaq lazımdır. Ən yadda qalan və sevilən şəhərləri isə Florensiyadır. "Səyyah” rubrikamızın bu dəfə ki qonaqları rəqəmsal marketinq mütəxəssisi Şahnaz Əhmədova və həyat yoldaşı hüquqşünas Hüseyn İsmayılovdur.
 
Cütlüyümüzü uzun müddət idi ki, sosial şəbəkədə izləyir, səyahətləri haqqında olan paylaşımlarını bəyənirdim. Ona görə qərara gəldim ki, onlarla səyahətləri haqqında müsahibə edək. Əvvəlcədən deyim ki, xanım müsahibim daha dilli-dilavərdir. Söhbətimiz zamanı anladım ki, ucuz qiymətə səfər etməyin yollarını çox yaxşı bilir. 
 

 
İstanbula həmin dövrdə vuruldum
 
Şahnaz deyir ki, birlikdə ilk səfərləri Türkiyənin İstanbul şəhərinə olub və Yeni ili orada qarşılayıblar: "Həmin dövrdə Hüseyn Kiprdə oxuyurdu və mən də Gürcüstana təhsil almağa gedəcəkdim. Təklif etdi ki, Gürcüstana getməmişdən əvvəl kiçik bir səyahət edək. Pulumuzu yığıb 3-4 günlük İstanbula getdik. Təsadüfən də dekabrın son günləri idi deyə, Yeni ili də orada qarşıladıq. İstanbula həmin dövrdə vuruldum. Çünki həm hava çox qəşəng idi, həm də sevdiyim insan yanımda idi (gülür).
 
Hüseyn deyir ki, həmin dövrdən Yeni ili hər dəfə başqa ölkədə keçirməyi qərara alıblar: "İlk səyahətimiz zamanı ikimiz də tələbə idik, həm də hələ evlənməmişdik deyə səyahət zamanı bəzi çətinliklər olurdu. Məsələn, hər dəfə Şahnazın ailəsindən icazə almaq məsələsi var idi (gülür). Amma ailə qurduqdan sonra daha rahat olduq. Çalışırıq heç olmasa, ildə ən azı iki dəfə səyahət edək”. 
 
Cütlük indiyə qədər 16 ölkə, 40-a yaxın şəhərdə olub. Şahnaz deyir ki, Gürcüstanın gəzmədikləri bir yeri qalmayıb: "Türkiyə, Gürcüstan, Macarıstan, Sloveniya, Yunanıstan, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, İran, İtaliya, Vatikan, Bolqarıstan, Ukrayna, Kipr, Rusiya və s. ölkələrdə olmuşuq. Digərlərinin adlarını xatırlamaq üçün gərək xəritəni nəzərdən keçirim. Bəlkə də ölkə sayı kimlərəsə az gələ bilər, amma biz getdiyimiz ölkənin bir şəhəri ilə kifayətlənmirik, bir neçə şəhərini gəzməyə çalışırıq. Ona görə ölkə sayı az, şəhər çoxdur. Bu ölkələr içərisində hər bir qarışını əzbər bildiyim Gürcüstandır. Çünki orada oxuduğum müddətdə Hüseyn gəlirdi və ölkənin hər yerini gəzirdik”. 
 

 
Söz vermişəm ki, onu sinaqoqa aparacağam
 
Elə bu məqamda Hüseyn bəy Şahnazın sözünü kəsərək "amma Tiflisdə məni sinaqoqa aparmadın” deyib gileylənir. Şahnaz isə, "inanın, hər dəfə Gürcüstan söhbəti açılanda bu, yadına düşür” deyib, gülərək sözünə davam edir: "Bir dəfə sinaqoqun qarşısından keçirdik. Hüseyn dedi ki, gəl girək içinə baxaq. Orda da nə isə tədbir var idi, təklif etdim ki, gedək, gəzək və bu yolu qayıdanda girib baxarıq. Tərslikdən də biz qayıdanda artıq gec idi və sinaqoq bağlanmışdı. Elə o gün, bu gündür hər dəfə Gürcüstan söhbəti açılanda, deyinir ki, onu sinaqoqa baxmağa qoymadım. Əslində, ondan sonra bir neçə dəfə də Gürcüstana getmişik, amma nədənsə yolumuz həmin yerdən düşmür. Amma söz vermişəm növbəti dəfə Gürcüstana gedəndə onu sinaqoqa aparacam (gülür)”. 
 
Səyahətdə ən önəmli məsələlərdən biri də maddi tərəfidir. Hüseyn bəy deyir ki, səyahət zamanı rahatlığa yox, daha çox yer görməyə üstünlük verirlər, ona görə ucuz səyahət növündən istifadə edirlər: "İkimiz də işləyirik, müəyyən dərəcədə gəlirimiz var, qənaət edərək səyahətlərimizi ucuz təşkil etməyə çalışırıq. Bu işdə Şahnaz çox yaxşıdır. Səyahətimizi çox əvvəldən planlayırıq və ciddi araşdırma edirik. Tutaq ki, İtaliyaya getməyi nəzərdə tuturuq. Ucuz nəqliyyatı, aviaşirkəti, orada qalacağımız ucuz hostelə qədər hər şeyi araşdırırıq. Səyahət edən üçün rahatlıq yox, daha çox yer görmək əsas olmalıdır. Yəni daha ucuz hosteldə qal, amma daha çox yer gəz. Rahatlığın üçün bir ölkədə xərcləyə biləcəyin pulla, qənaət edib iki ölkəni gəzə bilərsən. Yeməyə də elə çox pul xərcləməməyə çalışırıq. Məsələn, bir öynəni milli mətbəxdən yeyirik, digərlərini 1-2 avroluq yeməklə keçiririk. Biz göz qırpmadan bir muzeyə 30-40 avro veririk, amma yeməyə o qədər pul xərcləmirik (gülür). Digər tərəfdən, otelə sırf gecə yatmağa gedirik deyə, çoxulduzlu otelə getmirik. Daha çox hostellərə üstünlük veririk. Hətta bütün gecəni gəzdiyimiz ölkələr belə olub”.
 

 
Bəzən oxuduqlarımızla gördüklərimiz üst-üstə düşmür
 
Həmsöhbətim səyahətdən öncə Şahnaz xanımın gedəcəkləri ölkə ilə bağlı araşdırma etdiyini dedi. Maraqlıdır, bu araşdırma necə olur? Şahnaz deyir ki, mütləq şəkildə araşdırmaya ehtiyac var və araşdırmaya aylar əvvəldən başlamaq lazımdır: "İlk olaraq xəritəyə baxış keçiririk, sonra həmin ölkə haqqında bloq yazılarını oxuyuruq. Yəni ən azından qiyabi də olsa, harada qalmaq, nə yemək, hansı nəqliyyatdan istifadə etmək lazım olduğunu bilirik. Həmin ölkənin insanları haqqında oxuyuruq. Düzdür, bəzən oxuduqlarımızla gördüklərimiz üst-üstə düşmür, amma yenə də getməmişdən öncə araşdırmaq vacibdir. Mətbəximizin divarından dünya xəritəsini asmışıq və bütün günü o xəritəyə baxırıq. Səyahətlərimizi daha çox yay tətilində edə bildiyimiz üçün fevraldan planlamaya başlayırıq. Ölkəni müəyyənləşdirdikdən sonra növbəti mərhələdə nəqliyyatı, qalacağımız yeri araşdırırıq. Hansı yolla getmək daha ucuz başa gəlirsə, onu seçirik, həmçinin, hostelin də ən ucuzunda qalırıq”.
 

 
Boğazından kəsib qırağa pul qoyursan
 
Hüseyn bəy bileti bir neçə ay əvvəldən almağın üstünlüklərindən danışdı: "İlk üstün cəhəti odur ki, çox ucuz qiymətə alırsan. Digər tərəfdən, bileti bir neçə ay əvvəldən alanda, növbəti aylarda ona uyğun olaraq hazırlaşırsan, yavaş-yavaş pul yığırsan. Hətta boğazından kəsib qırağa pul qoyursan (gülür). Həm də lap həmin səfərə gedə bilməsən belə, itirdiyin pul elə də böyük məbləğ olmur”.
 
Tək, yoxsa qrupla səyahət etmək sualına gəlincə isə, Şahnaz deyir ki, tək onlara daha çox xoş gəlir: "Qrupla gedəndə istər-istəməz nə isə problem çıxır. Bir dəfə qrup şəklində səyahət təşkil etmişdik. Hamı biletini alsa da, sonda heç kim gəlmədi. Onda da adam həvəsdən düşür. Ona görə ikimiz səyahət etməyi daha çox xoşlayırıq. Səyahətə çıxacağımızı getməyimizə bir həftə qalmış deyirik. Hətta valideynlərimiz belə bilmir. Çünki əvvəlcədən deyəndə, hamı deyir ki, mən də gəlim, amma sonda heç kim gəlmir. Həm də çox adam fərqli zövqlər, fərqli seçimlər deməkdir. Fikirlər üst-üstə düşməyə bilir. Ona görə qrupla səyahət bizə elə də maraqlı olmur”. 
 

 
Qərarlar ortaq qəbul edilməlidir 
 
Hüseyn deyir ki, qrupla səyahətdə böyük-kiçik söhbəti olmamalıdır: "Qrupla gəzintiyə çıxanda ayrı-seçkilik yaşanmamalıdır. Hətta demokratiya belə çox olmamalıdır. Qrupla səyahətə çıxan insan bilməlidir ki, istəklərinin 70-80 %-ni həyata keçirə bilər. Qərarlar ortaq qəbul edilməli, hər kəsə görə ayrıca qərar olmamalıdır. Yəni 30 nəfərlik qrupla səyahətə çıxmısınızsa, 25 nəfər eyni yerə getmək istəyir, amma 5 nəfər istəmirsə, qrup pozulur. Ona görə qrupla səyahətə çıxanlar bütün bunları nəzərə almalıdırlar. Qrupla səyahət edəndə yemək söhbətində sadəcə vegetarianlara güzəştə gedirik (gülür). Çünki bilirik ki, onlar hər yeməyi yeyə bilmirlər”. 
 
Şahnaz deyir ki, bəlkə də səyahətlərinin ən gözəl tərəfi fərqli təamlarla tanış olmalarıdır: "Biz insanın yeyə biləcəyi nə varsa, hamısının dadına baxmağa, getdiyimiz ölkələrdə də heç vaxt dadmadığımız, ən qeyri-adi yeməkləri yeməyə çalışırıq. Ən böyük arzularımdan biri Çinə gedib böcək salatı yeməkdir (gülür). Keçən dəfə Yunanıstana gedəndə, elə dəniz məhsulları yedik ki, heç vaxt onların adını eşitməmişəm, görməmişəm”. 
 

 
Onda anladım ki, bu itlər təhlükəlidir
 
Bu qədər yer gəzəsən, başına maraqlı hadisə gəlməyə... Elə cütlüyümüzün də danışılası əhvalatları var. Hüseyn deyir ki, əslində, bu tip hadisələr sonradan maraqlı gəlir, yaşandığı vaxt hadisənin təsirindən adam soyuq tərlər tökür: "Bir dəfə Şahnaz, anam və mən İtaliyaya getmişdik. Təyyarədən düşüb qalacağımız yerə doğru gedirik. Artıq gecə vaxtı idi. Xəritədə baxdım, təxmini 2 km-lik yol vardı. Düşündük ki, piyada gedək. Parkın içi ilə gəzə-gəzə gedirik. Hava da o dərəcədə qaranlıq idi ki, telefonun işığı ilə yolu tapıb gedirik. İstər-istəməz, insanı vahimə basır. Birdən 3 dənə it cumdu üstümüzə, biz də 3 nəfərik hər itə birimiz düşürdük (gülür). Əslində, mən normalda itdən qorxan deyiləm, amma həmin itlər üstümüzə gələndə sahibləri də təşvişə düşdü və itlərin dalınca qaçmağa başladı. Onda anladım ki, bu itlər təhlükəlidir. Təsəvvür edin, itlər üstümüzə gəlir, biz də 3 nəfər bir-birimizin qarşısına keçirik. Mən qabağa keçib xanımları qorumağa çalışıram, bir tərəfdən anam, o biri tərəfdən də Şahnaz mənim qarşıma keçib məni qorumaq istəyir. Sanki kim qarşıda dayanacaq yarışı gedir. İtlər də gəlib dayanıb bizim yarışımızı izləyirlər (gülür). Yaxşı ki, onlar bizə ciddi xətər yetirmədən sahibləri gəlib tutdu”. 
 

 
Hüseyn əlini gözünün üstünə qoyub...
 
Şahnaz isə Polşada olan hadisədən danışdı: "Polşaya səfərimiz zamanı necə oldusa, boş otaq qalmamışdı və biz qarışıq otaqda qaldıq. Yəni həmin otaqda qız, oğlan hamı bir yerdə idi. Həmin otaqda ukraynalı və belaruslu qəşəng qızlar vardı. Demək, Hüseynlə gəzib otağa qayıdırıq. Gecə olduğu üçün də hər yer qaranlıqdır, amma otaqda zəif işıq yanır. 6 nəfərlik otaqdır, hamı yatıb deyə, biz də səs salmadan yataqlarımıza keçməyə çalışırıq. Orada da insanlar bir az çox rahatdırlar, utanmaq-filan yoxdur. Elə biz yerimizə keçəndə, Hüseyn əlini gözünün üstünə qoyub "a, nağarır a, bu” deyib üzünü döndərdi. Birdən başımı çevirdim ki, belarus qız lüt, üstünü də örtmədən uzanıb. Həmin an ikimizi də gülmək tutdu”. 
 
Cütlüyümüzlə söhbətimizi gənclərə məsləhətləri ilə sonlandırırıq: "Səyahət etməkdən çəkinməsinlər. Düşünməsinlər ki, səyahət etmək üçün çoxlu pul lazımdır. Əksinə, ucuz səyahət etməyin yollarını tapsınlar. Planlarını əvvəlcədən qursunlar və gedəcəkləri ölkəni araşdırsınlar”. 
 
Günel Azadə
 

 



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9338
GEL 1 1 Gürcüstan larisi 0.6127
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1819
CHF 1 1 İsveçrə frankı 1.7394
KWD 1 1 Küveyt dinarı 5.6012
TRY 1 1 Türkiyə lirəsi 0.2945