• cümə, 19 Aprel, 05:00
  • Baku Bakı 18°C

Bir xalqın mədəniyyətini məhv etmək...

16.03.18 09:30 1967
Bir xalqın mədəniyyətini məhv etmək...
Birinci dünya müharibəsindən sonra yaranmış vəziyyətdən istifadə edən ermənilər bolşevizm adı altında müsəlman xalqlarına qarşı terror törətdilər. 1918-ci ilin mart ayının sonlarından başlayaraq ermənilər öz niyyətlərinə çatmaq üçün minlərlə azərbaycanlıya qarşı kütləvi şəkildə soyqırımı həyata keçirdilər. Bu soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, həm də onun tarixinə, mədəniyyətinə qarşı törədilən bir addım idi. Soyqırımı ərəfəsində onlarla tarixi abidələrimiz yandırılaraq dağıdıldı, məhv edildi.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyir ki, 31 Mart soyqırımı bir neçə məqsədə xidmət edən bir terror hadisəsi idi: "Həmin dövrdə sənədləşmədə və danışıqlarda Ermənistan dövlətinin yaradılmasına dair plan yox idi. O dövrdə Qafqazda yalnız iki - Gürcüstan və Azərbaycan dövlətinin mövcudluğundan söhbət gedirdi. O dövrdə Ermənistanın taleyi böyük planda artıq həll olunmuşdu. Belə ki, Osmanlı imperiyası və Böyük Britaniya arasında olan razılaşmaya görə, Ermənistana imperiya daxilində kiçik muxtariyyətin verilməsi nəzərdə tutulurdu. Ermənilər isə bu muxtariyyətlə kifayətlənmirdilər. Onlar deyirdi ki, əgər Qafqazda Azərbaycan və gürcü xalqının dövləti varsa, biz də müstəqil dövlətimizi qurmalıyıq. Beləliklə, onlar Azərbaycan və gürcü xalqlarına qarşı hərbi hücumlar təşkil etməyə başladılar. Bu hücumların fonunda ən böyük zərbə isə Azərbaycana dəydi. Çünki ermənilərin «Böyük Ermənistan» yaratmaq niyyəti var idi. Bu ideologiyaya əsasən, Qafqazda ermənilərdən başqa digər xalqların yaşamağa haqqı yox idi. Onlar göstərməyə çalışırdılar ki, bizə müstəqil dövlət verilməsə, silahlı dəstələrimizlə istənilən vaxt hərbi aksiyalar keçirə bilərik. 31 Mart soyqırımı onu göstərdi ki, ermənilər terror vasitəsilə öz dövlətlərini qurmaqda maraqlıdırlar. Onlar istəyirdi ki, bu terrorları dayandırmaq üçün ermənilərə müəyyən güzəştlər edilsin. Bundan sonra isə Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması gündəmə gəldi. 31 Mart soyqırımı əslində daha əvvəldən başlayıb. Həmin tarixdə isə bu, kütləvi hala çevrildi. O ərəfədə Qafqaz coğrafiyasında yaşayan bütün türk xalqlarına qarşı kütləvi qırğın təşkil edildi”.
Ekspert bildirdi ki, soyqırımını törətməkdə məqsəd təkcə insanları öldürmək deyildi: "Yerli əhaliyə məxsus tarixi abidələrin dağıdılması əsas məqsədlərdən biri idi. Şamaxı Məscidi, İsmailiyyə binası, «Kaspi» qəzetinin mətbəəsi bu zaman məhv edildi. Bu abidələr böyük tarixi əhəmiyyətə malik idi. Ermənilər belə abidələri dağıtmaqla yerli xalqların mövcudluğunu və mədəniyyətini, milli kimliyini məhv etmək istəyirdilər. Hər bir abidə özündə tarixi təcəssümü etdirirdi. Onların əksəriyyətinin qədim tarixi var idi. Dağıdılan binaların əvəzinə tikilən binaların qədimliyi isə itir. Ermənilər özləri də bilir ki, bu binalar bərpa olunsa da, biz o binaların qədimliyini heç kimə sübut edə bilməyəcəyik. Restavrasiyadan sonra ermənilər əsas gətirirlər ki, azərbaycanlılar saxtakarlıq edir, bunlar əslində tarixi deyil, yeni tikilmiş binalardır. Tarixdə belə abidələr olmayıb. Onların məqsədi bizə aid bütün mədəniyyət nümunələrini məhv etməkdir. Bu, təkcə Azərbaycanda belə deyil, onlar terror törətdikləri bütün yerlərdə yüzlərlə mədəniyyət abidələrini məhv ediblər. 1915-ci il qondarma erməni soyqırımı vaxtı ermənilər onlara aidiyyəti olmayan qədim xristianlıq abidələrinin də hamısını məhv etdilər. Bu terror siyasəti indi də davam etməkdədir. İşğal altında olan Azərbaycan torpaqlarında yerləşən xeyli sayda qədim mədəniyyət nümunələri var. Qarabağ xanlarına, bəylərinə məxsus olan qala bürclərini, tarixi mədəni irsləri, məscidləri, evləri ermənilər indi də məhv etməyə çalışırlar. Onlar sökdükləri binaların üzərinə xaç işarəsi vururlar. Ermənilər bilir ki, insanları məhv etməklə xalqı məhv etmək olmaz. Xalqın mədəniyyətini məhv etmək isə onun tarixini, keçmişini silmək olur. Ermənilərin əsas hədəfləri Qafqaz regionunda yaşayan xalqların milli-mədəniyyət abidələrini dağıtmaqla onların tarixini yer üzündən silməkdir”
Millət vəkili Fazil Mustafa bildirdi ki, mart soyqırımını törətməkdə ermənilərin əsas məqsədlərindən biri də mədəniyyətimizi məhv etmək idi: "Mart ayının 27-dən başlayaraq törədilən dəhşətli soyqırımında ermənilər Azərbaycan xalqı ilə yanaşı, həm də bizim xeyli sayda mədəniyyət abidələrimizi məhv etdilər. O dövrün ən gözəl binalarından hesab olunan İsmailiyyə binasını yandırdılar. O dövrdə bütün ictimai təşkilatlar bu binada yerləşirdi. Bu bina Azərbaycanın mədəniyyət mərkəzi hesab olunurdu. Ermənilər tərəfindən törədilən vəhşilik nəticəsində xeyli sayda mədəniyyət nümunələri dağıdıldı. Bu, Azərbaycanın mədəni və intellektual səviyyəsini aşağı salmaq üçün atılan bir addım idi. Sonradan hadisələri təsvir edənlər qeyd edirdilər ki, 31 Mart soyqırımı təkcə insanlara qarşı yönəlməmişdi, əsas məqsəd Azərbaycan mədəniyyətini tarixdən silmək idi. O dövrdə «Kaspi» qəzetinin mətbəəsinin dağıdılması qəzetçilik ənənələrinin dağıdılmasına hesablanan bir addım idi. Bu səbəbdən xeyli sayda nəşriyyat dağıdıldı və tikililər məhv edildi. Ona görə də bu vəhşiliklərə soyqırımının tərkib hissəsi kimi baxılmalıdır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər