• cümə, 29 Mart, 14:03
  • Baku Bakı 14°C

Bir turizm şirkətinin səriştəsiz fəaliyyəti bütün ölkənin imicinə zərər yetirirsə...

15.12.18 10:30 781
Bir turizm şirkətinin səriştəsiz fəaliyyəti bütün ölkənin imicinə zərər yetirirsə...
"Azərbaycanda turizm xidmətlərinin səviyyəsinə dövlətin nəzarət edə bilməsi üçün müəyyən mexanizmlər tətbiq ediləcək”. Bunu Trend-ə Dövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib. K.Quluzadənin sözlərinə görə, Azərbaycanda 2000-dən çox turizm şirkəti fəaliyyət göstərir. Lakin onların hamısı elan etdikləri xidmətləri, üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirə bilmirlər: "Bu isə ölkənin ümumi imicinə, turizm sənayesinə xələl gətirir. Hansısa bir turist Azərbaycana gəlib lazımi səviyyədə xidmət almadıqda, o, öz ölkəsinə qayıtdıqdan sonra ayrı-ayrı şəxslər haqqında deyil, ümumən ölkə haqqında rəyini bildirir. Bu da bizim nüfuzumuza zərər vurur. Ona görə də, belə halların qarşısını almaq üçün hansısa bir mexanizmin tətbiqi məsələsi müzakirə edilir".
Agentlik rəsmisi qeyd edib ki, həmin mexanizmlərdən biri Turizm Reyestrinin yaradılmasıdır: "Digər mexanizm dövlətin öz əlində olan alətlərdən istifadə etməsidir. Amma bütün hallarda, biz ilkin şərt olaraq, bunu deyirik ki, turizm sənayesinin iştirakçılarına təzyiq olmasın, maneə yaradılmasın, onlara dəstək göstərilsin. Biz məqsəd qoymamışıq ki, şirkətlərin sayı azalsın. Əsas məsələ xidmətin səviyyəsinin yüksəldilməsidir. Kim yüksək xidmət göstərə bilirsə, göstərsin, ölkəmizdə bazar açıq, biznes mühiti sağlamdır".
K.Quluzadə əlavə edib ki, turizm şirkətlərinin reyestrə hansı şərtlər çərçivəsində daxil olması məsələsi də hazırda müzakirə edilir: "Biz bu detalları bu gün açıqlaya bilmirik, çünki bu meyarlar hələ müzakirə edilir. Ümumiyyətlə isə reyestrə, bütün şirkətlər daxil ola bilərlər".
Nəzarətin turizm şirkətlərinin keyfiyyətinin yüksəlməsinə necə təsir edəcəyini və hansı formada həyata keçirilməli olduğunu öyrənməyə çalışdıq.
"Luna” travel şirkətinin direktoru Rəhman Quliyev qeyd etdi ki, bir turizm şirkətinin səriştəsiz fəaliyyəti bütün şirkətlərin imicinə zərər yetirir: "Lisenziya ilə şirkət açılan zaman müəyyən sənədlər tələb olunurdu. Bu da şirkətlərin qoyulan standartlara cavab verməsinə, məsələyə məsuliyyətli yanaşmasına səbəb olurdu. Lisenziyaların ləğv edilməsindən sonra ölkəmizdə xeyli sayda turizm şirkəti fəaliyyətə başladı və bu, sadəcə, kəmiyyət artımı idi. Keyfiyyətdəki artım istənilən səviyyədə olmadı. Şirkətlərin sayının çoxalması ilə bir növ, bu sahədə nəzarətsizlik yarandı. Amma hazırda fəaliyyət göstərən şirkətlərin demək olar ki, əksəriyyəti səriştəsiz xidmətlə məşğuldur. Bu cür xidmət turizm şirkətləri ilə müştərilər arasında inamsızlıq yaratdı. Bazar iqtisadiyyatında vəziyyət belədir ki, bir məhsulun saxta versiyası həmin məhsul haqqında bütün fikirləri dəyişir. Bunu turizmə də aid etmək olar. Bir turizm şirkətinin səriştəsiz fəaliyyəti bütün şirkətlərin imicinə zərər yetirir. Düşünürəm ki, reyestrin yaradılması məsələsi bu işdə olduqca həlledici rol oynayacaq. Yəni biz demirik ki, lisenziyalaşma geri qaytarılsın. İstədiyimiz budur ki, nəzarət güclü olsun. İşini normal görən, standartlara cavab verən turizm şirkəti bu nəzarətdən qorxmayacaq. Bu cür nəzarət sisteminin həyata keçirilməsi xidmət səviyyəsi aşağı olan şirkətlərin sıradan çıxmasına və keyfiyyətli iş görənlərin sayının artmasına imkan yaradacaq”.
R. Quliyev bildirdi ki, dövlətin nəzarət mexanizmini həyata keçirməsi üçün ilk növbədə həmin şirkətlər özləri haqqında məlumat verən sənəd hazırlamalıdırlar: "Bütün turizm şirkətləri ünvanları, əməkdaşları haqqında məlumatı ərizə formasında Dövlət Turizm Agentliyinə təqdim etməlidirlər. Verilən məlumatlara əsasən, şirkətlərin ofisinə monitorinqlər təşkil edilməlidir. Monitorinq zamanı şirkətin hansı standartlara cavab verdiyi, işçilərinin turizmlə bağlı bilikləri, bu sahədə nə qədər təcrübəyə malik olmaları yoxlanılmalıdır. Bu yoxlanışa görə şirkətlərdən heç bir ödəniş tələb olunmamalıdır. Mən də turizm şirkətinin rəhbəri olaraq bu qərarı dəstəkləyirəm. İstəyirəm ki, sağlam mühitdə, rəqabət şəraitində fəaliyyət göstərək”.
"SKAL İnternational Baku” klubunun (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası)sədri Ceyhun Aşurov da qeyd etdi ki, bir neçə il əvvəl lisenziyanın ləğv edilməsi turizm sektorunda şirkət "bumu”nun yaşanmasına səbəb olub: "Lisenziya sistemi ləğv edildikdən sonra şirkətlərin sayı 350-dən 2000-ə çatıb. Dövlət Turizm Agentliyi bu kimi addımlarla turizm sahəsində sistemləşdirmə həyata keçirməyə çalışır. Bu inzibati, yəni şirkətlərin fəaliyyətinə müdaxilə deyil, tənzimləmə formasında olmalıdır. Əslində, nəzarət nəinki şirkətlərə, bu sahədə xidmət göstərən bütün obyektlərə aiddir. Məsələn, otellərə nəzarət üçün gizli qonaq mexanizminin tətbiq edilməsi nəzərdə tutulur. Təbii ki, yanlış xidmət göstərən və ya hansısa mənfi halın qeydə alındığı şirkətin reytinqi aşağı düşəcək. Bu gün qeyri-peşəkar şəkildə fəaliyyət göstərən şirkətlərin sayı-hesabı bilinmir. Bir çoxunun isə heç ofisi, konkret ünvanı və ya işçisi yoxdur. Onlar çox asanlıqla tur-paketləri ucuz qiymətə təklif edib, müştəriləri aldada bilirlər. Bu kimi halların olmamağı üçün reyestr xidmətinə ehtiyac var. Düşünürəm ki, atılan addımlar turizm sahəsində mənfi halların aradan qalxmasına, keyfiyyətin yüksəlməsinə kömək edəcək. Nəzarət sistemini tətbiq edərkən, dünya təcrübəsindən yararlanmaq olar”.
Sədr qeyd etdi ki, nəzarət mexanizminin obyektiv şəxslər tərəfindən həyata keçirilməsi bu sahədə əldə edilən nəticələrdə böyük önəm daşıyacaq: "Nəzarət mexanizmi hazırda fəaliyyət göstərən şirkətlərin keyfiyyət səviyyəsini bəlli edəcək. Amma bu nəzarətin peşəkar və obyektiv şəxslər tərəfindən edilməsi çox vacibdir. Çünki əgər obyektivlik pozularsa, ictimaiyyətə açıqlanan reytinqə heç kim inanmaz və ya heç bir şirkət əməkdaşlıq etmək istəməz. Ona görə, bu prosesdə obyektivliyin və peşəkarlığın olması ümumi keyfiyyətin artırılmasına xidmət edəcək. Düzdür, mən biznesdə hər hansı müdaxilənin əleyhinəyəm, amma hər şey də nəzarətsiz formada həyata keçirilməməlidir. Hər kəs gördüyü işə məsuliyyətlə yanaşmalıdır. Çünki turizm sektorunda göstərilən xidmətin keyfiyyəti ümumi olaraq ölkənin adına hesablanır. Bir şeyi də unutmamalıyıq ki, səriştəsiz xidmət göstərən şirkətlər onsuz da uzun müddət bazarda qala bilməz. Onlar əvvəl-axır, bu sektordan ələnib gedəcəklər”.
Günel Azadə
banner

Oxşar Xəbərlər