• cümə, 29 Mart, 11:07
  • Baku Bakı 5°C

Bir tikə çörək üçün Türkiyəyə sığınan 100 min erməni

08.02.19 18:07 702
Bir tikə çörək üçün Türkiyəyə sığınan 100 min erməni
Fransa növbəti dəfə Türkiyə ilə münasibətləri təhlükə altına sala biləcək qərara imza atıb. Rəsmi Paris 24 aprel tarixini matəm günü elan etməklə, bir daha ermənipərəst mövqeyini ortaya qoymuş oldu. Qərarın təşəbbüskarı qismində çıxış edən Fransua Makronun tarixi hadisələri siyasi fürsətə çevirməklə, ölkəsindəki problemləri həll etmək cəhdi, Fransa kimi böyük bir dövlətin başçısı üçün biabırçı vəziyyətdir. Reallıq budur ki, ölkədə daxili böhran yaşanır, vəziyyət o həddədir ki, ölkə başçısı çıxış yolunu erməni lobbisinin dünyadakı mövqeyindən istifadə etməkdə görür.
Ermənipərəst mövqeyə qarşı qardaş ölkədən ən müxtəlif səviyyələrdən təpgilər daxil olmaqdadır. Məsələn, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destiçi Emmanuel Makronun məlum qərarına çox maraqlı bir formada şərh verib. "Dünənə qədər Süleyman Qanuninin ətəyini öpüb yardım istəyrdiniz” deyən partiya sədri, ardınca da, orijinal bir təkliflə çıxış edib. O, bir tikə çörək qazanmaq məqsədilə Türkiyəyə qaçaq kimi gələn 100 mindən artıq ermənini deportasiya etməyi təklif edib. "Mən deyirəm ki, onları deport edək”, - deyə bildirib. Partiyasının Əskişəhərdə bələdiyyə sədrliyinə namizədi olan Mehmet Çinlinin tanıtım mərasiminə qatılan sədr, Makronun təşəbbüsünü sərt tənqid edib. Fransanın "soyqırımçı” axtarmasına ehtiyac olmadığını söyləyən Destiçi "güzgüyə baxın, o aynada özünüzü görürsünüz. Fil Dişi sahillərində, Nigeriyada, Çadda, Tunisdə, Əlcəzairdə özünüzü görürsünüz. Müsəlman, türk milləti tarixinin heç bir dövründə hər hansı bir millətə nə soyqırımı, nə də qətliam həyata keçirilib. İslam inancımız bunu rədd edər, amma sizin tarixiniz soyqırımı ilə doludur” ifadələrini səsləndirib. Qeyd edək ki, Fransa Əlcəzairdə 2 milyon insanı qətlə yetirib. Ruandada çevrilişi dəstəkləməsi 800 min günahsız insanın həyatını itirməsinə səbəb olub. "Sən əvvəlcə bunların hesabını ver. Sən kimsən ki, bir millətə qarşı qadağa qoyursan” - deyən BBP-nin lideri Fransanın türk milləti barəsində yalan və iftira söyləmək haqının olmadığını da vurğulayıb: "Makron deyil, bütün dünya birləşsə, bunu qəbul etdirə bilməz. Erməni soyqırımı həyata keçirildiyini iddia edirsən. Bunu rədd edirik, qəbul etmirik. Bu, böyük bir yalandır. Ermənilər bir tərəfdən Türkiyə əleyhinə lobbi həyata keçirir, digər tərəfdən də biz bunları bəsləyirik. CHP düşüncəsində olanlar, ya da sionist imperialistlərin Türkiyədəki əlaltıları tez-tez suriyalıları gündəmə gətirirlər, amma erməni miqrantlardan heç danışmırlar. Danışmazlar, çünki qohum-əqrəbalarıdırlar”.
Yeri gəlmişkən, BBP liderindən əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın da məsələyə sərt reaksiya verib. Onun sözlərinə hörə, bu qərar heç bir hüquqi əsası olmayan, tarixi gerçəklikdən savayı, siyasi bir yalandır. Qərarı "siyasi manipulyasiya” adlandıraraq pisləyən Kalın deyib ki, öz ölkəsində siyasi problemlərlə üzləşən Makron fürsətçilik edir və siyasi kapital qazanmağa çalışır.
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy isə "Türkiyənin tarixi barədə bilikləri olmayan, Əlcəzairdə kütləvi qətllərə, Ruandada soyqırımına görə cavabdeh olan təkəbbürlü fransız siyasətçilərindən öyrənəcəyimiz bir şey yoxdur” deyib. Aksoy qeyd edib ki, 1915-ci il hadisələri, hüquqi, tarixi və akademik cəhətlərilə başda ölkə prezidenti olmaqla, Fransa hakimiyyətinə dəfələrlə izah olunub. Buna baxmayaraq, Fransa prezidenti Makron tarixi faktlara, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Fransanın Konstitusiya Məhkəməsinin qərarlarına məhəl qoymayaraq erməni seçicilərin səslərini almaq məqsədi ilə verdiyi sözü yerinə yetirməyə çalışır. Hami Aksoy Osmanlı tarixindən xəbəri olmayan bir siyasi xadimin fransız və Avropa hüququna etibar etməməsinin və türklər üçün son dərəcə həssas olan tarixi bir məsələdə şəxsi mənfəətləri üçün təktərəfli mövqe ortaya qoymasının kədərləndirici hal olduğunu bildirib.
500 mindən çox müsəlmanın erməni üsyançılar tərəfindən qətlə yetirildiyi Osmanlı İmperiyasının tənəzzül dövrünün hər baxımdan başa düşülməsi üçün obyektiv bir yanaşmaya ehtiyac olduğuna diqqət çəkən Aksoy, bu hadisələrin araşdırılmasına və bunun üçün birgə komissiyanın yaradılmasına Türkiyənin böyük əhəmiyyət verdiyini qeyd edib.
"Makronun 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələr barəsində tarixi və hüquqi əsaslardan məhrum və əsassız iddialarını heç vaxt qəbul etməyəcəyik”. Bu açıqlama ilə AKP sözçüsü Ömər Çelik çıxış edib. Çelik bildirib ki, Fransa ilk növbədə Benin, Burkina-Faso, Qabon, Qvineya, Kamerun, Mavritaniya, Niger, Seneqal, Tunis və Çadda bəşəriyyətə qarşı törətdiyi cinayətlərə görə cavab verməlidir.
Öz növbəsində CHP lideri Kamal Kılıçdaroğlu yazılı açıqlamasında qərarı dərin bir üzüntü ilə qarşıladığını və şiddətlə pislədiyini ifadə edib. "1915-ci ildə yaşanan, həm ermənilər, həm də türklər üçün böyük bir travma yaradan olaylar iki xalqın yaddaşında dərin yaralar buraxan faciə kimi qəbul edilir. Bu faciənin izlərini silmək və yaddaşlarda buraxdığı yaraları təzələmək, üçüncü ölkələrin bu məsələdə yersiz və gərəksiz qərarlar almaları ilə mümkün deyildir”, - deyə bildirib.
Türkiyədəki erməni həyasızlığı o həddə çatıb ki, erməni deputat Qaro Paylan bildirib ki, 104 ildir ədalət gözləyirik. Əgər erməni soyqırımı siyasi yalandırsa, onda nədən Ərdoğan son 5 ildə bu münasibətlə erməni xalqına başsağlığı göndərir? O, bundan əvvəl isə demişdi ki, Türkiyədə müxtəlif obyektlər erməni soyqırımında aktiv iştirak edənlərin adını daşıyır.Bax, gəmidə oturub, gəmiçi ilə dava etmək buna deyirlər. Həyasızlığın həddinə bax ki, 20 faiz torpaqlarımızı işğal ediblər, bütün işğal olunmuş ərazilər boyu açıq-aşkar soyqırımı törədiblər. Hələ də soyqırımı davası aparırlar.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron 24 apreli "erməni soyqırımının ölkə boyunca anım günü” elan edib. Makron bu bəyanatı fevralın 5-də Fransanın erməni icmasının təşkil etdiyi illik şam yeməyi zamanı verib. Bu, Makronun 2017-ci ilin seçki kampaniyası zamanı verdiyi vədlərindən biri idi.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər