• çərşənbə, 24 Aprel, 16:07
  • Baku Bakı 27°C

“Bir” Tələbə-Könüllü proqramı çərçivəsində tədbir keçirilib - Fotolar

19.04.18 10:15 633
“Bir” Tələbə-Könüllü proqramı çərçivəsində tədbir keçirilib - Fotolar
Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) "Bir” Tələbə-Könüllü Proqramı çərçivəsində tədbir keçirilib. Tədbiri giriş sözü ilə Kollecin direktoru Varis Allahverdiyevaçaraq rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətindən geniş söhbət açıb. Daha sonra o, dünyada və Azərbaycandakı könüllülük hərəkatından danışıb. Bildirib ki, könüllü - yaşından, cinsindən, irqindən və dini mənsubiyyətindən asılı olmayaraq könüllü fəaliyyəti ilə məşğul olan şəxsdir. Direktorun sözlərinə görə, könüllü fəaliyyət cəmiyyətdə sosial, mədəni, iqtisadi, ekoloji problemlərin həllinə yönəlmiş və gəlir əldə etmək məqsədi daşımayan ictimai faydalı fəaliyyətdir.

Tədbirdə "Bir” Tələbə-Könüllü Proqramının ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Axundova çıxış edərək qeyd edib ki, Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü Proqramı ölkəmizin siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Menecerin sözlərinə görə, Proqram 2015-ci il 14 dekabr tarixində yaradılıb və tələbə-könüllülərin karyera imkanlarının qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır: "Adını başlanğıc, dostluq, birlik və həmrəylikdən alan "Bir” Tələbə-Könüllü proqramı Azərbaycanın ali təhsil müəssisələri tələbələrinin könüllülük fəlsəfəsi, prinsipləri və dəyərləri çərçivəsində dostluq və şəbəkəsidir. Proqramın əsas məqsədi hərəkata qoşulan tələbə-könüllülərin dünya görüşünün artırılmasına, yeni dostlar qazanmasına və unudulmaz anlar yaşamasına nail olmaqdır. Bununla yanaşı, proqramın məqsədi tələbəlik həyatının rəngarəng və faydalı keçirilməsini təmin etmək, tələbələrin fərdi və ictimai fəaliyyətlərinin inkişafına şərait yaradılmasına dəstək olmaq, asudə vaxtı səmərəli təşkil etməkdir. Şəbəkələşmənin təmin olunması da qarşıda duran məqsədlərdən biridir”.

Menecer Ü.Axundova vurğulayıb ki, hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən Proqram 15 mindən artıq könüllünü əhatə edir: "Fəaliyyət göstərdikləri iki il ərzində 150-dən çox müxtəlif səviyyəli tədbirləri müşayiət etmiş könüllülər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallıda təmsil olunublar. İrimiqyaslı tədbirlərə nümunə olaraq, 4-cü İslam Həmrəylik Oyunları, Formula 1 yarışları, Bakı Marafonu – 2017, BİRinci Respublika Tələbələrarası Kartinq Çempionatı və sair tədbirləri misal göstərmək olar”.

Proqramın orta-ixtisas təhsil müəssisələri üzrə koordinatoru Nəzrin Əliyeva da təqdimatla çıxış edərək bildirib ki, Proqram tələbələrin karyera imkanlarının qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır: "Proqram yaşa, yaşat, öyrən, öyrət, kəşf et, zövq al kimi altı istiqamət üzrə fəaliyyət göstərir. Yaşa – kütləvi və ictimai tədbirləri, sosial aksiyaları, fləşmobları əhatə edir. Yaşat – xeyriyyə tədbirlərinin təşkilini, xüsusi qayğıya ehtiyacı olanlara dəstəyi nəzərdə tutur. Öyrən – komanda işinin idarə olunması, tədbirlərin təşkili, təlimlər, seminarlar, konfranslar və yay məktəblərini nəzərdə tutur. Öyrət – bilik və bacarıqları paylaşmaq, özünü müəllim və təlimçi rolunda sınamaq imkanı yaradır. Kəşf et – regionlara səfərlərİ, muzey, teatr və yeni məkanların kəşfini nəzərdə tutur. Zövq al – idman və intellektual yarışları, kino-premyeraları, əyləncəli tədbirləri əhatə edir”.

Koordinator qeyd edib ki, tələbə-könüllülər www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçərək BİR könüllü hesablarını formalaşdıra bilərlər: "Daha sonra saytda və sosial şəbəkələrdəki səhifələrində paylaşılan elanlar vasitəsilə tədbirlərdən xəbərdar olaraq müraciət edə bilirlər. Proqram tərəfindən saytda Azərbaycanda könüllülük sahəsində ilk dəfə həyata keçirilən "Elektron könüllü portalı” yaradılıb. Bu sistem vasitəsilə hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərin sertifikatı saytdakı hesabında yerləşdirilir və tələbə-könüllü elektron şəkildə sertifikatını əldə edə bilir”.







banner

Oxşar Xəbərlər