“Bir tamaşaçı zəngi ilə xoşbəxt oluram” - Gör-götür
İllərdir ki, efirdədir. Son vaxtlar isə öz tərzi, müzakirə olunacaq
mövzuları ilə həftədə bir neçə dəfə tamaşaçılarının görüşünə gəlir. Fərqli
istiqamətlərdə, müzakirə xarakterli bir neçə veriliş hazırlamaq isə həm də gərgin
rejim tələb edir. "Çox işləyirəm, yoruluram, amma veriliş yaxşı alınanda necə
deyərlər ”dirilirəm” - deyən müsahibimiz İctimai Televiziyanın şöbə müdiri, tanınmış teleaparıcı Vəsilə
Vahidqızıdır.
- Sevdiyin işlə məşğul ol, bir gün belə, iş günün olmayacaq". Stiv Cobsun
bu fikrini çox bəyənirəm. 25 ildir jurnalistikada olan bir xanım olaraq öz təcrübənizdə
bu fikirlə nə dərəcədə razısınız?
- Zaman keçdikcə insanın iş və məşğuliyyətlə bağlı fikri dəyişir.
Sevdiyin işlə bəzən təkcə sevdiyin üçün məşğul olmursan. Mənim də bu sahəni
seçdiyimə peşman olduğum vaxtlar olub. Amma nə qədər ki, işləyirəm işimə sevgi
qatmağa çalışmışam. Hətta tələbkarlığımla
yorduğum adamlar var. AzTV-də də, İTV-də də çiyin-çiyinə çalışdığımız təcrübəli
rejissorumuz Faiq Kərimov həmişə zarafatla deyir ki, Vəsilə nə desə, etməliyik,
çünki ölmək istəmirik. Operator öz işini sevmirsə, bunu ekranda hiss edirsən,
işıqçı da, rejissor da o cümlədən.
- İşə başlayan yeni biri ilə, bu
sahədə illərdir çalışan şəxsin TV-yə baxışı arasında fərq olur. Bu mənada təcrübə
artdıqca TV-yə baxışınızda hansısa dəyişiklik olub?
- Təcrübə insana işin dərin qatına keçməyi, keyfiyyət haqda düşünməyi
öyrədir. Aparıcının ekrandakı yeri və funksiyasının nə olduğunu mənə təcrübə
öyrədib. Xoşuma gələn bir fikir var: sən ən mühüm şəxsdən müsahibə alan anda,
onunla eyni statusda olursan, çünki o anda siz eyni cür kresloda əyləşirsiniz.
Bu gün mənim üçün işimin keyfiyyəti işlədiyim sahənin, yəni ictimai yayımın
xarakterinə uyğun çalışıb-çaışlmamağımla ölçülür. Bu sahəni tənzimləyən qanuna
ciddi əhəmiyyət verirəm və imkan daxilində onun tələblərinə əməl olunmasına
çalışıram. Alınır da, alınmır da.
- Keyfiyyətdən danışdıq. Burda peşəkarlardan
söhbət gedir. Amma populyarlıqla peşəkarlığın qarışdırılması halları da az
deyil...
- Məsələn, ekranda reklamla bağlı qanunun tələblərini hər gün pozan
populyar, amma peşəkar olmayan neçə-neçə aparıcı var. Peşəkar olmayan
populyarlar iki-üç gün efirdə olmayanda unudulur. Lakin peşəkar populyarlar var
ki, onlar heç görünməsələr belə, işdən, professionallıqdan söhbət düşəndə mütləq
xatırlanırlar. Məsələ budur. Amma bu, xüsusilə də populyarlığa maraq beynimi o
qədər də məşğul edən məsələ deyil. İş prinsipim budur ki, başını aşağı sal və
işini gör.
- Vəsilə xanım, mətbuatda işə elə
televiziya ilə başlamısınız?
- Bəli.
- Belə bir yanaşma var ki, qəzetçilik
məktəbi keçən adamlar TV-yə keçəndə işləri asan olur. Yazı qabiliyyətləri
formalaşır. Birbaşa TV-də başlamağın çətinliyi oldumu?
- Mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm.
5 il müddətində qəzetdə də, radioda da qısa təcrübə keçmişik. 1992-ci ildə
universiteti fərqlənmə ilə bitirib AzTV-yə getdim, bir ay sonra məni işə
götürdülər. Çox həvəsim vardı, işləməyi sevirdim. Təbii ki orda da işçiyə
ehtiyac olduğu üçün qısa zamanda məni işə qəbul etdilər. Dediyiniz məsələyə gəlincə,
"qəzetçiliyin əhəmiyyətini kimsə dana bilməz” deyə düşünsəm də, yanaşmam bir qədər
fərqlidir. TV üçün görüntü sözdən daha önəmlidir. Bir müddət "İnternyus
Azərbaycan” şirkəti ilə də əməkdaşlığım olub. Ora xarici mütəxəssislər
də gəlirdilər. Biz iki dəqiqə yarımlıq sujetlər hazırlayırdıq. Onlar qiymətləndirmə
apararkən sujetlərin səsini alıb baxırdılar. Deyirdilər ki, səs olmadan görüntü
ilə məsələnin mahiyyətini açmalısan. Məncə, sözlə təsvir, söz oynatmaq qəzetçilikdə
daha vacibdir. Televiziyaya 30 illik qəzetçilik təcrübəsi ilə gələn adamlar
tanıyıram ki, nə qədər çalışırlarsa, təsvirin nə demək olduğunu, yəni TV-də əsas
vasitə olduğunu qavraya bilmirlər, ekranda görüntünün "danışması” ilə bağlı anlayışları formalaşmır.
- Hazırda 3 verilişlə efirə
çıxırsınız. Hər biri aparıcıdan böyük məsuliyyət tələb edən fərqli istiqamətlidir.
Dərin məlumatla efirə çıxmaq üçün necə bir rejimlə çalışırsınız?
- Dayanmadan işləyirik, boş vaxt demək olar ki, az olur. Müzakirə
olunacaq mövzu ilə bağlı məlumatlı olmağa çalışırıq. Bir mövzu üçün bir neçə mənbə
ilə tanış oluruq. Yerli və xarici təcrübəni, fərqli ölkələrin ekspertlərinin
yanaşmalarını öyrənirik. Efirdən öncə məlumatlanmağa, veriliş vaxtı isə
qonaqları diqqətlə dinləməyə çalışıram. Bəzən 10 sual hazırlanır, amma müzakirə
vaxtı hamısına ehtiyac olmur, studiyadakı müzakirədən yeni və fərqli suallar
yaranır. Tok-şou söhbət şousudur və fikir mübadiləsi əvvəlcədən tam
planlaşdırılan bir şey deyil. Çəkiliş meydanına qədər də, orda da işləməlisən,
məsuliyyətli olmalısan, diqqətin cəmlənməlidir, mövzuya və studiyaya hakim
olmalısan, mövzudan yayınmalara imkan verməməlisən.
- Veriliş vaxtı qonaqları dinləmək
məsələsini vurğuladınız. TV-də aparıcıların qonaqların sözünü kəsməsi məsələsi
də çox müzakirə olunur...
- O sözləri hər zaman haqlı hesab etmirəm. Bəzən sözü kəsmək
lazımdır. Xüsusilə, xarici televiziyalarda dərin təhlil proqramları var, onlar
başqadır. Onları elə sakitcə izləmək istəyirsən. Günün hadisələri ilə bağlı
tok-şoulara ayrılan vaxt isə o qədər olmur. BBC-də tok-şoular var ki, 20 dəqiqədə
4 nəfər danışır, bizdə 35 dəqiqə 3 adama çatmır. Rusiyada bir saata 12 nəfərin
çıxışı yerləşdirilir. Vaxtı qonaqlar arasında bölmək lazımdır, lakin sual
yaranır ki, müsahiblərin nə qədəri fikrini qısa ifadə edə bilir? Belə olanda
aparıcı vaxtı idarə etmək üçün sözü kəsməyə məcbur qala bilər. Həm də bu məsələdə
tamaşaçıların fikirləri də eyni deyil. Elə tamaşaçı var ki, sakit müzakirəni
sevir, heç kimin sözünün kəsilməsini istəmir. Bəzi tamaşaçılar isə diri, canlı
müzakirə olmayan verilişə, uzun-uzadı danışan adama baxmır. Tamaşaçı məni
görür, mən isə onları hiss edirəm və sevirəm. Amma bu tip məsələlərdə əsas fikir
peşəkarındır. Onlar dəqiq bilir ki, nə nədir.
- İllərdir verilişiniz davam edir.
Müzakirə olunacaq mövzular hələ çoxdur? Çünki bəzən jurnalistikada mövzu
problemi olduğunu da dilə gətirənlər olur...
- Mövzu həmişə var. Siyasi, iqtisadi gündəmlər bir yana, məsələn,
BBC-də müxtəlif ölkələrdəki açıq tualetlərlə bağlı araşdırma aparmışdılar. Belə
baxanda bizdə bu işlənsə, reaksiyalar birmənalı olmaya da bilər. Amma bu,
insanların sağlamlığı və mədəniyyətilə bağlı olan məsələdir. Yaponiyaya səfərə getmişdik. Orda İctimai televiziyada,
yəni NHK-də gördüm ki, səhər efirində kişi corablarını yuduqdan sonra hansı tərəfdən
asmaqla bağlı süjet verirlər. Müxtəlif insanların eyvanlarında çəkiliş
aparılmışdı. Corabı insanların necə asmasını və keyfiyyətinə təsir etməməsi
üçün necə asmağın lazım olduğunu göstərdilər. Sadəcə, o mövzuya baxış, hansı
istiqamətdə və necə yanaşmaq məsələsi önəmlidir. İctimai televiziya bu mənada
digər kanallardan fərqlənməlidir. İctimai yayımın 9 prinsipi var və bu prinsiplərə
söykənərək uyğun mövzuları işləmək vacibdir. Maarifçilik yönündə veriliş etmək
üçün mövzudan çox mövzu var.
- Seçim edərkən əsas hansı
mövzulara üstünlük veririsiniz?
- Müxtəlif sosial qrupların
problemlərini müzakirə etməyə çalışıram. Ümumi mövzulardan qaçıram, çeşidlənməyə
üstünlük verirəm. Azərbaycanlı gənclərin problemləri deyə mövzu qoysaq, çox
ümumidir və içindən çıxmaq olmaz. Amma məcburi köçkün gənclərin işlə təminatı, artıq
bəlli bir istiqamətdir və problemi açmaq daha effektli nəticə verir. Bizim
müzakirə etdiyimiz məsələni tamaşaçı özünə yaxın hesab edə də bilər, etməyə də.
İctimai televiziya müzakirəsi vacib olan mövzunu özü müəyyən etməlidir. Veriliş
bir məhsuldur, istehsal olunur və satılır. Tamaşaçı özəl TV üçün, kommersiya
TV-si üçün alıcıdır, İctimai TV üçün isə vətəndaşdır. Bu TV xalqa vətəndaş kimi
baxmaq üçün yaradılıb. O ya eyniləri ilə, ya da bənzərləri ilə müqayisə edilə
bilər. Həm mövzu, həm də reytinq baxımından. İctimai yayımçını bütün dünyada
"mülayim səs tonu olan” TV kimi xarakterizə edirlər. Onun əsas işi
maarifçilikdir və maarifçilik dünyada çox üstün bir dəyərdir.
-
Baxımlılıq müzakirə olunan mövzu ilə nə dərəcədə əlaqəlidir?
- Baxımlılığı təkcə mövzuyla
bağlamaq olmaz. Forma, dekor, ekspert seçimi və s. kimi bir çox aspektlərlə
bağlıdır. TRT də ictimai televiziyadır, onlar da ailə dəyərlərini təbliğ edirlər.
Biz studiyada oturub təbliğ edirik, onlar "Baba candır” serialı ilə. İnsanlar həm
əylənir, həm də öyrənir. Ekranda yazılan canlı sözü də baxımlılığa təsir edir.
Bir verilişə hamının baxması kimi bir anlam yoxdur. İTV olaraq əgər
pensiyaçıların həyat keyfiyyətinin artırılması və ya uşaqların cinsi tərbiyəsi
mövzusunu müzakirə ediriksə və bu verilişlərə tutaq ki, 100 min adam baxıb
faydalanırsa, bizim üçün baxımlılıq ölçüsü budur.
- Tənqiddən danışaq bir az da...
- Tamaşaçının fikri maraqlıdır. Sosial şəbəkə profilimə daxil olub,
görərsiniz ki, kimsə məni və ya çalışdığım televiziyanı tənqid edəndə, buna
aqressiv yanaşmıram. Tamaşaçı necə görürsə, elə də fikir bildirir. Amma peşəkarlıq
cəhətdən yanaşanda, tənqid edənin kimliyi də önəmlidir.
- Vaxt cəhətdən çox dəqiq
adamsınız. Vaxtın idarə olunması ilə bağlıdır, yoxsa...
- (Gülür-red) Mən çox işləyirəm, amma həm də keyfiyyətli iş görmək
istəyən adamam. Amerikada Oprah Uinfri adında məşhur tok-şou aparıcısı var. Onu
dünyanın bu sahədə ən yaxşısı hesab edirlər. Qanunları, insanların həyat tərzini
dəyişdirmək gücünə sahib olan maraqlı bir aparıcıdır. Müqayisə bəlkə də, kiməsə
gülməli görünər, amma hər ölkənin necə deyərlər öz çapı var, onların
proqramlarında böyük komanda işləyir, orda çox işi çox adam görür, studiyaya
daxil olanda qapılarını belə açanlar var. Aparıcı yaxşı təqdimatçıdır, mövzunu
bilir, savadlı, məlumatlı adamdır. O ancaq öz işini görür. TV komanda işidir. Nəticəni,
yəni yaxşı nəticəni peşəkar komanda yarada bilər. Bizdə o qədər böyük
komandalar yoxdur, daha çox işləməyə məcbur olduğumuza görə vaxtı da dəqiq idarə
edə bilməliyik. Mən bütün şəraitlərdə
işimi vicdanla görməyə çalışan adamam. Nəticənin necə olduğunu demək çətindir.
Bir verilişdə istədiyimiz nəticəni alırıq, birində almaya da bilərik.
- TV həm də elədir ki, bu işi müvəqqəti
kiməsə həvalə etməklə olmur. Yalnız özünüz iş başında olmalısınız. Bu gərgin
rejim sizi yormur?
- Əlbəttə, yorulduğum vaxtlar olur. Yaşım artıq 50 olub, az deyil.
Buna baxmayaraq, enerjili adamam. Düzdür, psixoloji yorulduğum zamanlar olur.
Bir övladım var, o da əsgərlikdədir. Vətənə xidmət edir, amma uzaqda olmağı ana
olaraq mənim üçün bir gərginlikdir. Darıxıram, o da psixoloji təsir edir. Mən o
tip adamlardanam ki, çox işləyirəm, yoruluram, işimiz gərgindir, amma veriliş
yaxşı alınanda necə deyərlər ”dirilirəm”, bir tamaşaçı zəngi ilə xoşbəxt
oluram.
- Oğlunuz balaca olanda da işləmisiniz.
Bəs işlərdən vaxt ayırıb ona istədiyiniz vaxtı ayıra bilirdiniz?
- Mümkün qədər ayırmışam. Onsuz bir günüm olmasın. Övlad da, ailə də
mənim üçün hər şeydən vacibdir. Elə vaxtlar olurdu ki, canlı yayıma girirdim,
oğlum evdə tək olurdu, zəng vurub bircə "alo” sözünü eşidib, telefonu söndürüb
efirə çıxırdım. Amma deyim ki, biz böyük ailəyik, anam, bacılarım, gəlinlərimiz
də mənə çox kömək ediblər.
- Adətən, bütün günü işdə keçən
xanımlar evdarlığa vaxt ayıra bilmirlər...
- Evimin işini də özüm görürəm. Bir uşaqdır, o qədər də çətin gəlmir.
İndi əsgərlikdədir, yoldaşımla özüməm. Bəzi məsələlərdə kömək olub, indiyə qədər
ya ev, ya iş deməmişəm. Amma bəzən düşünürəm ki, bir gün sakitcə jurnalistlik fəaliyyətimə
son verə bilərəm. Lakin işləyən adamın evdə oturmağı da mənə çox çətin gəlir.
Aygün Asimqızı