• cümə axşamı, 25 aprel, 18:58
  • Baku Bakı 21°C

Bir siqnala görə 800 manat cərimə Araşdırma

26.11.13 10:30 11016
Bir siqnala görə 800 manat cərimə Araşdırma
“İşdən 18.00-da çıxıram və hər dəfə tıxacla qarşılaşıram. Tıxacın olması bir tərəfdən əsəblərimi tarıma çəkirsə, sürücülərin boş-boş siqnallardan, ələlxüsus da xüsusi səs çıxaran siqnallardan istifadəsi adamı tamam hövsələdən çıxarır”.
Bu sözləri bizimlə söhbətində Yasamal rayon sakini Yaqut Sərdarova bildirdi. Yaqut xanım çoxavazlı siqnallara görə cərimələrin artırılmasını təqdir edərək adi siqnallardan yersiz istifadəyə görə də cərimələrə diqqət çəkməyi təklif etdi.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
Qeyd edək ki, qanuna görə, çoxavazlı səs siqnalları yalnız yollarda üstünlüyə malik olan nəqliyyat vasitələrinə, təcili yardım, polis maşınları, yanğınsöndürənlərə və s. aiddir. Avtomobillərə sonradan quraşdırılan çoxavazlı, yüksəktonlu siqnallara görə adi adamlar 80-100 manat məbləğində cərimə tətbiq edilirlər. Amma İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsini nəzərdə tutan qanun layihəsi qəbul ediləndən sonra yüksəktonlu siqnallara görə cərimələr təxminən 10 dəfəyədək artacaq. Qeyd edək ki, prezident İlham Əliyevin imzası ilə sözügedən qanun layihəsi parlamentə təqdim edilib. Layihədə göstərilir ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnallarından istifadəyə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 500 manatdan 800 manatadək cərimə tətbiq ediləcək.
Yalnız sürücülər günahkar deyil
Cərimənin qalxmasını təqdir edən Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli bildirdi ki, insanların maddi durumu o səviyyədə deyil ki, səsgücləndiricidən istifadəyə görə 800 manat cərimə ödəsinlər: «Üçüncü dəfə eyni xətanı edən isə 1600 manat məbləğində cərimələnir. Sovet istehsalı olan, xüsusilə «07» markalı avtomobillərdə səsgücləndiricilərdən daha çox istifadə edilir. Qaydaları pozanlar isə ən çox orta təminatlı ailələrin övladı olan gənc “avtoş”lardır. Cərimələrin artması nəticəsində düşünürəm ki, bu gənclər ailələrindən 800 manat məbləğində cərimə pulu ala bilmədiklərinə görə qayda pozuntusuna son verməli olacaqlar”.
İ.Hüseynli düşünür ki, cərimələr yalnız avtomobil sürücülərinə deyil, səsgücləndiriciləri maşınlara quraşdıran sex ustalarına da şamil edilməlidir. Ekspert bildirdi ki, xüsusi səsgücləndiricilər əsəb sisteminə mənfi təsir etməklə yanaşı, digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaradır: “Arxadan güclü səs siqnalı gəldikdə, yolun ön hissəsində olan sürücü çaşaraq idarəetməni itirib qəza törədə bilər və biz dəfələrlə bunun şahidi oluruq”.
Əgər yol polisi...
İ.Hüseynli cərimənin artırılmasının problemin qarşısını müəyyən qədər alacağını bildirsə də, bunun nəzarətin hansı formada keçirilməsindən də asılı olduğunu dedi: “Əgər yol polisi ilə sürücülər arasında sövdələşmə gedəcəksə, problemin aradan qaldırılmasında cərimələrin artırılması heç bir rol oynamayacaq. Yəni 800 manat cərimə əvəzində yol pöolisi 200-300 manat alıb sürücünü ötüşdürəcəksə, heç bir irəliləyişdən danışmağa dəyməz”.
İ.Hüseynli inkişaf etmiş ölkələrdə nəinki xüsusi səsgücləndirici siqnallardan, hətta yeri gəldi-gəlmədi adi siqnallardan da istifadə etməyin qadağan olduğunu dedi: “Məsələn, elə küçələr var ki, orada xüsusi yol hərəkəti işarəsi olan lövhənin üzərində adi siqnallardan istifadənin qadağan olunduğu barədə bildiriş var. Yaxud da lövhənin üzərində hansı saatlarda adi siqnallardan istifadə edilməsinin qadağan olunduğu qeyd edilir. Bakıda isə belə lövhələr barmaqla sayılacaq qədərdir”.
Müsahibimiz sanksiyaların artırılmasının zaman-zaman sürücülərdə mədəni davranışların formalaşmasına gətirib çıxaracağını da düşünür: “Düşünürəm ki, sanksiyalarla mədəniyyət formalaşdıra bilərik. Yadınızdadırsa, bir müddət öncə təhlükəsizlik kəməri taxmayan sürücülərlə bağlı cərimələrin miqdarı da artırıldı. Nəticə göz qabağındadır. Artıq tək-tük sürücü görmək olar ki, kəmərdən istifadə etməsin”.
İnsanları dəli edən səs
Psixoloq Nail Cəlil deyir ki, qəfil hay-küy, gözlənilməz səs akustikası insanlarda gərginlik, çaşqınlıq yaradır: “Bəzən görürsən, yolda kilometrlərlə uzanan tıxac var, bu zaman belə sürücülər boş-boşuna siqnal verməyə başlayırlar. Bu da həm digər sürücülərə, elə siqnal piyadalara, həm də sərnişinlərə çox pis təsir edir. Bəzən arxadan gələn avtomobil sürücüsünün verdiyi yersiz siqnal qarşıdakı sürücünü özündən çıxarır və bu zaman hansısa insident baş verə bilər”.
Sanksiyaların ağırlaşmasının, cərimələrin artmasının problemin qarşısını almağa kömək edəcəyini deyən Nail Cəlil bildirdi ki, bu, həm də insanların əsəb sisteminin sakitləşməsinə səbəb ola bilər: “Yaxşı olar ki, cərimələr olmadan sürücülər qaydalara əməl etsinlər. Sərt qaydalar ictimai nəzarəti tənzimləməyin bir üsuludur”.
Qeyd edək ki, Türkiyədə aparılan araşdırma nəticəsində bəlli olub ki, gözləmədiyi, qəfləti halda yüksək səslə üz-üzə qalan insanların psixikasında problemlər olur, əsəbləri özləri də anlamadan pozulur.
Siqnal eşitmədə problem yaradır
LOR həkimi Gülşən Hacıyevanın sözlərinə görə, yüksək səs insan qulağının kar olmasına da gətirib çıxara bilər. Xüsusilə yüksək səs insan gözləmədiyi halda qəflətən gəlirsə, qulaqdakı səs alıcı hüceyrələri öldürərək eşitmə sistemində problemlərin yaranması ilə nəticələnir.
LOR həkimi cərimələrin artırılmasının insanların sağlamlığının qorunması baxımından yerinə düşdüyünü dedi.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər