• cümə axşamı, 18 aprel, 07:02
  • Baku Bakı 12°C

Bir səsə yazılan məktub

27.11.13 08:32 4393
Bir səsə yazılan məktub
Çoxdan bu məktubu yazmaq istəyirdim, amma o səsin baş alıb gedən ünyetməzliyi məni elə kövrəldirdi ki, sözlərim itik düşürdü, bəzən də dilə gətirməyə ehtiyatlanırdım. O səsin ürəyimdə yaratdığı təlatümü ifadə edə biləcəyəmmi? Hissimdə, duyğumda bir ocaq çatılırdı.
Yaxşı yadımdadı. Xalq şairi Nəriman Həsənzadənin yubiley mərasiminə yığışmışdıq. Çalıb oxuyanlar bir-bırini əvəzləyirdi. Eyni avaz, eyni oxumaq tərzi, döyənək səslər... Bu adilik məni elə sıxırdı ki, çox sevdiyim xalq mahnıları da mənə maraqsız gəlirdi. Sadəcə gözlərimi yumub öz aləmimə çəkilmək istəyirdim. Qəflətən zülmətə sanki bir ay doğdu. Salona ecazkar bir nəfəs yayıldı. Bizi mürgüləməyə qoymayan, ovqatımızı təzələyən bu səsin sahibi Xumar Qədimova idi. Qəribə, qızılgül şehinin xəfifliyinə bənzər gileyləri ürəyimə qor saldı:
Dolmuşam, yağacaq bulud kimiyəm,
İnləyən, sızlayan kaman kimiyəm.
Yetirsin nəğməmi sənə küləklər,
Sənsiz fəğan edən bülbül kimiyəm.
Gəl, indi tərpənmiş ürəyini sakit saxla! Ötən şehli gəncliyin xiffəti, sinəndən asılan qışın-yaşın nisgili sənə nələr andırar? Hisslər təzə-tər qala bilər, ömür ki, qürub edir... Allah insaf versin, Xumar xanıma, qatarından ayrı düşmüş durna səsi gəldi qulaqlarıma. Uşaq vaxtı çox eşitmişdim o nalələri, anamın dolmuş gözləri hələ də xəyalımdan çəkilmir. Payızın nəmli günlərində yalnız qalmış durna insan kimi əzizlərini haraylayırdı...
Onun səsi mənə həmişə dünənimi xatırladır. Sanki bu avaza qoşulub ünyetməzlərimə, əlçatmazlarıma qovuşmaq istəyirəm. Təklikdə ona qulaq asmağı daha çox sevirəm. Eh, min adamın içində belə Xumarın səsini eşidəndə tənhalaşıram. Özüm özümlə baş-başa qalıram:
Danışdırma məni nə olur,
Qəm buludu qatar olur.
Səsindəki hər soyuqluq
Mənə ölümdən betər olur.
Bilmirsən qədrimi bilmə,
Qəlbim yanar ilmə-ilmə,
Sən Allah məni dindirmə,
Nə olsa sonu kədər olur.
İlk baxışda bəlkə də adi sözlərdir. Amma bu misralar Xumarın qəribə və qərib səsinin xəfif ahəngində necə əfsuna dönür. Sanki səs görünür, səs alışıb yanır. Bir dilim alova çevrilib köksümüzə sıxılır. Ürəkdən qəm alan bu harayın titrək nidaları adamın cızdağını çıxardır. Bu cür ölüb-dirilməyın də bir özgə havası və davası var.
Mən əvvəllər bir yazımda söyləmişdim ki, səsin də rəngi var. Qarası, ağı, yaşılı olur. Xumarın səsinə, mahnı seçiminə, ifaçılığına məftun kəsiləndən sonra duydum ki, bu orijinal, qeyri-adi müğənninin qəribəlikləri daha çoxdur. Ən başlıcası onun səsinin təkcə məlahəti, şirinliyi yox, həm də ruha qida verən qəribə dadı var. Hərdən bu dünyanın adamlarından inciyəndə, özümə qapılanda mütləq Xumarı dinləmək istəyirəm. Xəyal məni haralara aparmır? Adam özxoşuna gördüyü bu röyadan heç ayılmaq istəmir. Çünki mahnı sona yetən kimi darıxdırıcı günlərın aşılmaz divarı qarşısında yenə özünü görürsən. Eh, insan onda elə təklənir ki... İçimdəki dərdlər şahə qalxır. Bilmirəm hara üz tutum, dünyanın hansı sifətinə inanım, qütbünə bel bağlayım? Sanki qürbətə düşürsən. Bax, onda bu səsdən asılmağın gəlir. Bu, intihar deyil. Ruha şəfa yetirən səs adlı möcüzənin minbir sehridir.
Xumar Qədimovanın səsində nə sirr varsa, istər kədərli, istərsə sevincli anlarında onu dinləmək istəyirsən. Bu səsin baş alıb gedən ünyetməzliyi səni elə bil ki, dəyişdirir. Kövrəldə-kövrəldə saflaşdırır, təzələşdidir, dincəldir. Doğrudan da, Xumar oxuyanda hissinə, duyğuna bir həmdəm tapırsan.
Bir məziyyəti də diqqət çəkir, bu müğənninin. Səs öz yerində, nəfəs bağışladığı sözə də çox həssasdır. Onun sinəsindən qanadlanan hər bir mahnının mətni də mükəmməl və mənalıdır. Bu səbəbdən də həssas qəlbini dilə gətirən, ürəyini oxudan şərqiləri təsiredici və düşündürücüdür. Əlbəttə, sənət qələbəsi və dinləyici sevgisi qazanmaq üçün bu, mühüm şərtdir. Xumar Qədimova ruhumuzun, ovqatımızın müğənnisidir. Qəmli vaxtında da onu dinləyə bilirsən, sevincli anlarında da. Ən kədərli halını, pəjmürdəliyini, həyəcanını, narahatlığını Xumarın füsunkar səsi səndən elə ustalıqla alıb aparıb kı, özün də hiss etməzsən. Bir də onda ayılarsan ki, qeyri-adi bir coşqunun içindəsən. Mən bu halı sonbeşik oğlum Bəhruzun toyunda yaşadım. O qələbəliyin, təntənənin qoynunda mən Xumarın səsi ilə baş-başa qalmışdım. Tək mənmi? Çoxumuz o səsin cazibəsinə və musiqinin ritminə köklənmişdik. Hərdən mənə elə gəlir ki, Xumar Qədimovanın mahnıları dağlara yayılsa qeyri-adi bir vəziyyət yaranar. Qayalar, daşlar cana gələr, solmuş çəmənlər belə dirçələr, qaranlıqlara Günəş boylanar. Budur, Xumar xanımın səsindəki həyat eşqinin qüdrəti!
Çoxlarının ifasında eşitdiyimiz mahnıları Xumar xanım da oxuya bilər və təbii də ki, oxuyur da, amma necə? Seçilən bir üslubda, özünəməxsus tərzdə o nəğmələri bizə ərməğan edir. Səsinin ahəngindəki bənzərsizlik, yanğı, cazibəli avaz min ilin köhnəsinə yeni ab-hava, ovqat gətirir. Hər dəfə ifa etdiyi məşhur mahnılar onun ifasında ilk dəfə eşidilirmiş kimi təzə təsir bağışlayır. Xumar Qədimovanın səs mənbəyi çoxçalarlıdır, qəlbəyatımlı, şirin və məlahətlidir. İfaçı üçün gərəkli olan bu məziyyətlərin bircəciyinin xanəndədə olması böyük nemətdir. Xoş o ifaçının halına ki, bunların hamısı İlahidən ona biryolluq ərməğan edilə. Xumar Qədimova məhz belə bəxtəvər,Tanrı töhvəlı müğənnidir.Süleyman Rüstəmin sözlərinə Ramiz Mirişlinin bəstələdiyi “Yandım,elə yandım” mahnısını kimlər oxumayıb? Amma etiraf edək ki, Xumar xanımın ifasında bu mahnı yeni həyatına başladı. Eləcə də Şəhriyarın illərdir müxtəlif müğənnilərin avazından düşməyən “Yalan dünya”-sı məhz Xumarın yaradıcılığında zirvəsini tapdı. Rəhmətlik Bəhram Nəsibovdan yadigar qalan bir neçə nəğməni də Xumar öz dəsti-xətti ilə pərəstişkarlarına təqdim edib. Bilmirəm, sənətşünaslar, musiqiçilər nə fikirdədirlər, mən onun oxuduğu “Gəl inad etmə” və “Boran olar, qar olar” mahnılarına məftun oldum. Nə qədər fərqli və orijinal oxumaq olarmış? Heyrət etməmək mümkün deyil.
Mahnılarının mövzu dairəsi də çox genişdir. Olumdan ölümə qədərki ömür yolunda insan hansı qayğılarla yüklənirsə, dərdlə əlləşirsə, həsrətlə üzləşirsə, kimlərlə döyüşürsə, mücadilə aparırsa-hamısı bu xanımın avazında qanadlanır. Bəzən də çox həzin şəkildə ruhumuzu dara çəkir:
Dad sənin əlindən aman, ayrılıq,
Məndən can cövhərin uman, ayrılıq.
Qəlbimi zülümlə ram elədikcə,
İçimdə inləyən kaman, ayrılıq.
“Miyanə gözlər”, “Azadlıq həsrəti”, “ Didərginlər”, “İsa bulağı”, “Küsmərəm”, “Döz”, “Allahım,mən niyə şair doğuldum”, “Yalan dünya”, “Danışdırma məni”, “Qəmərim”, “Dilbərim”... kimi mahnıları ilə dinləyici sevgisi qazananan Xumar Qədimova təkcə səsi, xoş avazı ilə deyil, repertuar seçimi ilə də fərqlənir. Bu da onun bir məziyyətıdir. Musiqi libası geyindirdiyi və səsiylə cana gətirdiyi sözlərin məna tutumu müğənni üçün vacibdir. Çünki hər bir mahnının qəlbləri fəth etməsi, uzun ömürlü olması bu üç amildən çox asılıdır. Bu mənada Xumar Qədimova səsin, sözün, musiqinin ünsiyyətindən möcüzə yarada bilir. Gözəl şeirlər müəllifi, poetik dünyasına valeh olduğum Sona xanım Vəliyevanın sözlərinə musiqi libası biçilmiş möhtəşəm bir mahnısı var, Xumarın. Müğənni səsinin bütün imkanlarından, əlvanlığından, təsirindən, bəzən də hökmündən elə qeyri-adi halda bəhrələnib ki, əsl sənət əsəri yaranıb. Dinlədikcə doymursan. Həyatın özü bütün təzadları-sevinci, kədəri, olub-olacaqları bu mahnıdan boylanır:
Bir gün getsəm bu dünyadan,
Elə bilməyin ölmüşəm,
Elə bilin kimdənsə, nədənsə küsüb getmişəm.
Bir mehriban baxışa, şirin sözə bəndəm,
Bəlkə geri dönəm, bəlkə geri dönəm.
Bəlkələr yolla dönəm kaş,
Dönəm bir Ay işığına, boylanam Yer üzünə,
Boylanam mənsiz qalan həyətimə,
Boylanam mənsiz qalan həyatıma.
Darıxam evim üçün, balam üçün, sevgim üçün.
Hanı məndə o bəxt görən?
Dönəm o bəxtəvər gözələ, əvvəlkitək.
Siz də ağlamayın gedişimə, doğmalar,
Mənim nigarançılığımı başqa dünya götürməz,
Qayıdacağam!
Boylanam mənsiz qalan həyətimə,
Boylanam mənsiz qalan həyatıma.
Darıxam evim üçün, balam üçün, sevgim üçün,
Darıxam balam üçün, yarım üçün, evim üçün.
Şükür Allaha ölməmişəm!
Elə-belə bu dünyadan getmişəm.
Qayıdacağam, qayıdacağam, qayıdacağam...
Həsrətin çəkilməz ayrılığına bürünmüş həyat eşqi, yaşamaq həvəsi, qayıtmaq ümidi...İnsanı yaşadan da elə bu inamdı. Yadıma yenə də anam düşür.Ailəmiz hələ pərən-pərən olmamışdı. Hər kəs öz yerində idi. Hansı işimizdənsə narazı qalmış anam bərk yuxalmışdı. Kövrələrək söylədi: “Allahın altında mən öləndən sonra gəlib bir deşikdən sizə baxa biləydim, görüm mənsiz necə dolanırsınız?” Xumar xanımın duyğularımızı dara çəkə-çəkə oxuduğu “Şükür Allaha, ölməmişəm” adlı mahnısı mənə məhz o günləri xatırlatdı. İçim oyuldu.
İstər şair, istərsə də ifaçı olsun, fərq etməz, söz, səs ürəkdən gəlməsə, onun ocağında bişməsə kiməsə təsir etməz. Bax, ürəkdən ürəyə yollar da belə görünür. Sinədən qopan, ruhu ehtizaza gətirən səsin əslində can atdığı məkan yenə də insan ürəyidir. Çünki səsin fəth etdiyi bu ünvan həm də ona əbədi həyat gətirir. Qəlbə təsir etmək, orada yaşamaq şərəfinə nail olmaq hər səs və söz sahibinə qismət deyil. Nə xoş ki, Xumar Qədimovanın mahnıları da qulaqlıq yox, məhz ürək üçündür:
İşıqlan ey könlüm, gözüm,
Sübh açıldı səhər oldu.
Çin çıxacaq yuxum bu gün,
Mənim yarım gələr oldu.
Xumar Qədimova mahnılarının birində dinləyicisinə belə ”xəbərdarlıq” edir: ”Nəğmələr oxuyan bir bülbüləm”. Bu xoş avazlı, səsi qəm köynəkli bülbülün cəh-cəhinə dərd qatan bəlli məqamlar gözlərimizin önündə doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın ağır həyatını canlandırır. “Allah, mən niyə şair doğuldum” (sözləri Almas İldırıma məxsus)adlı mahnının könlümüzə saldığı odun tüstüsü yanağımızdan sel kimi axır. Hidayətin sözlərinə bəstələdiyi “Didərginlər”-in havası daha ağırdır. Söz,musiqi və səsin yaratdığı tufanda ötən əsrin 80-ci illərində Qərbi Azərbaycandan zorla çıxarılmış əzizlərimin faciəsini yenidən yaşadim:
Nə gözlər bu axşam, bu gecə, sabah,
İnsan dərd əlindən saçını yolar.
Bu əsrin sonunda Allah, ay Allah,
Vətənin yolu da qorxulu olar.
Bu ağır düşüncələrin içində (hələ yazımı tamamlamamışdım) Xumar xanımdan zəng gəldi. “Canım, sənə yeni yazdırdığım mahnımı göndərirəm, hələ heç harda səsləndirilməyib”. Onun bu hədiyyəsi mənim üçün həqiqətən də gözlənilməz oldu. Xeyli müddət özümə gələ bilmədim. Nə səsdən, nə sözlərdən ayrıla bilirdım. Xumar Qədimova böyük cəsarət, şövq, zövq və ən başlıcası özünə məxsus, orijinal tərzdə dahi Məmməd Arazın sözlərinə bəstələdiyi yeni mahnısını oxuyurdu. Varlığımdan olmuşdum. Doğrudur, bu şeirə vaxtı ilə xalq artisti Niyaməddin Musayev də uğurlu musiqi həyatı verib və mənim də çox bəyəndiyim, sevdiyim əsərdir. Di, gəl Xumarın ifasında hər şey təzə idi. Onun etirazı da, etirafı da çox qəribə sevgiyə, təsirə bürünmüşdü:
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya,
Əbədiyə qəh-qəh çəkər əbədi dünya.
Dünya sənin, dünya mənim, dünya heç kimin.
Bu mahnısı ilə bağlı müğənniyə ilk rəyim bu sözlər oldu: “Allah sənə insaf versin!..” Məmməd Arazın ürəkləri fəth etmiş bu məşhur şeiri ikinci mahnı həyatını yaşadı. Bədbin səslənməsin, övladlarıma bir vəsiyyətim var: nə vaxt bu dünyadan gedəsi olsam məhz Xumarın səsində bu mahnını səsləndirsinlər...
İlk nəğməsini nə vaxt oxuyub, Xumar xanm bilmirəm. Duyduğum budur ki, bütün nəğmələrinə ürəyinin odunu sıxaraq mahnı janrına yeni ovqat və gözəllik gətirib. Onu dinləyənləri yaşından asılı olmayaraq gözəlliyə, ucalığa, zirvələrə səsləyib. Xumar Qədimova nikbin ruhlu, həyat eşqli bir xanımdı. Onun mahnıya yanaşma tərzinin qüdrətidir ki, min ilin nəğmələri nəfəsində təzələnir. Hərdən mənə elə gəlir ki, Xumarın səsi yetən səhralarda belə bulaq çağlayar, yaz qışın nəfəsini kəsər. Yolları bağlı obaların bəxtinə gün doğar, cığırların qırışığı açılar. Qarlı çöllərə bahar havası dolar. Göyərmiş daşın da bağrı çatlayar. Ölmüş günlərimiz dirilər. Sükutun hökm sürdüyü yerlərə can gələr. Oxuduğu bütün mahnılarında da bir coşqunluq var. Hətta ən hüznlü nəğməsinin ahənğində də həyat eşqi çiçəkləyir. Buna görə də onu çox sevir, mahnılarından dərin zövq alırıq. Elə bu məhəbbətin, rəğbətin, pərəstişin doğurduğu hisslərlə də onun səsinə məktub yazdım....
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər