• cümə, 29 Mart, 17:48
  • Baku Bakı 14°C

Bir qrup QHT İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədi

21.05.13 11:30 1665
Bir qrup QHT İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədi
Bu gün Bakıda hərbi-vətənpərvərlik və müharibədən zərərçəkmiş vətəndaşlarla iş sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və koalisiyası Prezident İlham Əliyevin namizədliyini dəstəkləmək məqsədilə konfrans keçirib.
APA-nın məlumatına görə, tədbirdə 24 QHT, Qarabağ müharibəsi veteranları və əlilləri, şəhid ailələri, keçmiş hərbiçilər, Çernobıl əlilləri və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət nəticəsində Azərbaycan böyük uğurlara imza atıb, beynəlxalq aləmdə ölkənin nüfuzu xeyli artıb. Onun sözlərinə görə, İlham Əliyev 2003-cü ildə xalq qarşısında verdiyi bütün vədləri yerinə yetirib: “Ölkə vətəndaşlarının rifahı xeyli yüksəlib, qaçqın və məcburi köçkünlərin sosial və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Azərbaycanda bütün çadır şəhərcikləri ləğv olunub. Azərbaycanın yalnız hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsini ötüb. Ölkənin iqtisadi durumu xeyli dərəcədə yüksəlib, bütün sahələrdə böyük inkişafa nail olunub”.
E.Həsənli qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində də xeyli işlər görülüb: “Orduda xidmət edən, habelə ehtiyata buraxılan zabitlərin sosial müdafiəsinin gücləndirilməsi üçün lazımi tədbirlər görülüb”.
Bu baxımdan E.Həsənli növbəti prezident seçkilərində İlham Əliyevin prezidentliyə namizədliyinin vacibliyini vurğulayıb və bütün təşkilatları onun namizədliyini dəstəkləməyə çağırıb: “Çünki Azərbaycan xalqının böyük əksəriyyəti prezident İlham Əliyevin apardığı uğurlu siyasəti dəstəkləyir”.
Sonra tədbirin digər iştirakçıları da prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlardan danışaraq, növbəti prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini qeyd ediblər.
Sonra koalisiya adından ölkə başçısı İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul edilib.
banner

Oxşar Xəbərlər