• cümə, 29 Mart, 15:05
  • Baku Bakı 14°C

Bir oğlan, bir qız, bir də poçtalyon... - Reportaj - Fotolar

24.11.16 17:27 3707
Bir oğlan, bir qız, bir də poçtalyon... - Reportaj - Fotolar
Mehriban: 3-cü... Hazırdır... Sizin nömrə cavab vermir... 3-cü dəfədir ki çağırıram, vallah cavab vermir.
Cəmilə: And içmək lazım deyil.
Mehriban: Axı o inanmır...
Bu dialoq "Telefonçu qız” filmindən hər kəsə yəqin ki tanışdır. Amma bu cür telefon danışığı tək filmlərin ssenarisinə uyğun yazılmamışdı, həm də reallıqda belə idi. Uzaqda olan kimləsə danışmaq üçün öncədən saat təyin etməli, bunun üçün şəhərə getməliydin, əgər xətlərdə problem olmasa, 5-10 dəqiqəlik telefonla danışa bilərdin. Amma bu zənglərin baş tutmadığı günlər də olub. Yəni bir telefon zəngi üçün bəzən iki dəfə şəhərə getmək lazım olurmuş. Bunları ömrünün 50-yə yaxın ilini bu sahəyə həsr edən Şayəstə Məmmədova və 40 ildir poçt işində çalışan Əfruz Salamova bizimlə söhbət zamanı bildirdilər.

Onlarla söhbətimiz hazırda çalışdıqları Bakı Dövlət Universitetinin binasının daxilində yerləşən 2 saylı poçt filialının 148 saylı poçt şöbəsinfə baş tutdu.
"Telefonçu qız” filmi o vaxtkı iş rejimimizin əyani nümunəsidir”
Şayətsə xanım 19 yaşından rabitə sahəsində çalışdığını bildirdi. Deyir ki, fəaliyyətə komutator – calaşdırıcı işiylə başlayıb. Yeni o vaxtın "telefonçu qız”larından biri də Şayəstə xanım olub: "İndi nömrələrlə hər problemi həll etmək olur. Mən işə təzə başlayanda isə iş tamam başqa cür idi. "Telefonçu qız” filmi bizim o vaxtkı iş rejimimizin əyani nümunəsidir. Mən işlədiyim yerdə qarşımda 60 nömrə varıydı. 6 sıra idi, onların hər birində isə 10 yuva varıydı. Həmin yuvaları dəqiqliklə tapmağı bir neçə günə öyrəndim, sonra çətinliyim olmadı. Amma yenə də işimiz bizdən daha məsuliyyətli və dəqiq olmağı tələb edirdi. Yuvanı düz tapmayanda zənglər səhv gedirdi. İndi də dövlət qurumlarında komutator var. Amma telefonda nömrə ilə istiqamətləndirirlər. O vaxt biz yuvaları yadda saxlamaqla calaşdırırdıq. 1989-90-cı illərdə Bakı Rabitə Texnikumunu oxudum və ondan sonra poçt işində çalışıram”.
"Pulların ünvana çatması 10-15 gün vaxt apara bilirdi”
Əfruz xanım isə işə 17 yaşından başlayıb. Deyir ki, poçtalyonun kəndlərində məktub paylaması onu sevindirirmiş. Bu sevgi onu poçt işinə gətirib: "Poçtalyonun məktub paylamaq üçün kəndə gəlməsi ayrı bir sevinc idi. O kəndə gələndə məktub gözləyənlərin bir həyəcanı olurdu ki, indi onu çətin başa düşmək mümkün olsun. Mən də hamının gözlədiyi poçtalyonun işini sevdiyim üçün bu sahəyə gəldim. Əvvəlcə əməliyyatçı işlədim. Sonra müavin, ardınca isə şöbə rəisi oldum”.
"Təcilidən də təcili "Molniya” teleqramı”

Ə.Salamova deyir ki, təzə işə başladığı vaxtlarda məktubun, bağlamanın ən tez çatdığı vaxt bir həftə olurdu: "Pulları da məktub kimi konvertə qoyub göndərirdik. Məktublar, bağlamalar ən tezi bir həftəyə göndərdiyimiz ünvana gedirdi. Bir də teleqram varıydı. Ən sürətlisi o idi. Teleqram vurulmaqla göndərilən pul bir günə çatırdı. Bir də təcilidən də təcili olan "Molniya” teleqramı varıydı. Amma məsafədən asılı olaraq, adi vaxtda göndərilən pulların ünvana çatması 10-15 gün vaxt apara bilirdi”.
Poçt parolları: Xoruz, inək və sair...
Şayəstə xanımın sözlərinə görə, o vaxt bütün işlər kağız üzərində görülüb, telefon rabitəsi zamanı isə poçt işində "dinləyərlər” deyə pul məsələsi ilə bağlı xüsusi kodlardan istifadə edilib. İnək, xoruz kimi kodlar: "O vaxt göndərilən pulları kassalara maşınla aparırdılar. Maşın gedənə qədər biz kassaya zəng vurub göndərilən pulun məbləğini deməliydik. Amma telefonda məbləği demək olmazdı. Bunun üçün o vaxtın kodlaşması varıydı. Məbləğlərə görə parol adlar da müəyyənləşdirmişdik. İnək, xoruz və sair kimi parollarla göndərdiyimiz məbləği deyirdik. Tutaq ki, xoruz deyirdiksə, kassada bilirdilər ki, 1000-2000 manat arası pul gedəcək, inəkdirsə 5-10 min arası pul gedirdi”.
Rabitə işinə zamanla dəyişikliklər, yeniliklər gəlir, özü də çox sürətlə. Əfruz xanım deyir ki, bu surətə onlar da zamanla öyrəşiblər və lazım olan bütün işləri, müasir texnologiyalarla gənclərdən geri qalmayacaq dərəcədə görürlər: "Zamanla sürət gəldi və biz də müasir texnologiyalarla işləməyə başladıq. Amma dəyişik gəldikcə biz də öyrəndik və indi müasir tələblərlə işləməyimizdə problem yoxdur. Sadəcə, bir-iki günə bizə yeniliyi öyrətdilər, bir-iki dəfə zəng vurub soruşmuşuq, nə iş varsa hamısını bacarırıq, "filan yeniliyi bacarmırıq” deyib, geri çevirdiyimiz iş olmayıb”.
"Milliön”lə işimiz bölünüb”
Müsahiblərim deyirlər ki, yeniliklər gəlsə də, poçtun işi yenə əvvəlki kimi davam edir. Onlardan tamamilə alınan xidmət yalnız pensiyaların verilməsi olub.
Əfruz xanım: "Bircə pensiyalar bizdən alınıb. Digər bütün xidmətləri əvvəlki qaydada, müasir formada göstəririk. Ən çox kommunal xidmətləri ödəyirlər, telefon internet xidmətinə görə ödənişlər edirlər, bağlamalar göndərirlər. Ən çox əsgər bağlamaları olur. Universitet daxilində olduğumuz üçün müəllimlərin məqalələrini göndəririk, tələbələr internetlə sifariş verəndə bizim ünvana gətirirlər”.
Şayəstə xanım: "Zamanla dəyişikliklər oldu və işimiz yüngülləşib. Əvvəllər işıq pulu götürəndə iki tərəfli qəbz tərtib edilirdi, bir üzü bizdə olurdu, birini də müştəriyə verirdik. Onları axşam təzədən siyahılaşdırırdıq, uzun bir proses olurdu. Amma indi kompüterdə həll edirik, siyahı artıq orada olur. Bizim işimiz azalıb. Ora qoyulan aparatı görürsünüz? ("Milliön” terminalını göstərir). Bax, o aparat bizim işimizin bir qismini artıq görür. "Milliön”lə işimiz bölünüb. Amma yenə də poçta üz tutanların sayı az deyil”.
Gizli sevgilərdən bir oğlan, bir qız, bir də poçtalyon xəbərdar olurmuş...
O vaxtın əlaqə vasitəsi əsas məktublaşma olduğu üçün poçt işçiləri artıq kimin kimlə məktublaşdığını artıq bilirmişlər. Əfruz xanım deyir ki, hətta gizli sevgilərdən bir oğlan, bir qız, bir də poçtalyon xəbərdar olurmuş: "Əsgərlikdə, xaricdə olanlarla əsasən məktub vasitəsilə əlaqə saxlanılırdı. Qardaşım 80-ci illərdə əsgərlikdə olub. Əsgərlikdə ona yazdığımız məktublar bu gün də qalır. Arada oxuyanda adama ləzzət edir. O vaxt sevgililərinə məktub yazanda da bizdən göndərirdilər. Qızlar-oğlanlar gizli məktublaşanda bizə dönə-dönə tapşırırdılar ki, saxla gəlib götürəcəm, heç kimə vermə. Biz də saxlayırdıq gəlib götürürdülər. O vaxt məktublaşma çox idi, hamı məktublaşırdı. Haraylasa danışmalıydınsa, teleqram vururdular ki, filan vaxt poçta gəl, telefonla danış. Bizim özümüzə də teleqram gəlirdi, telefonla danışmaq üçün şəhərə gedirdik. Birdən də saatlarla gözləsək də, əlaqə qurulması mümkün olmurdu və evə qayıdırdıq. Bir də teleqram gələndə təzədən şəhərə gedirdik. İndi bir saniyənin içində dünyanın o biri tərəfi ilə danışırıq”.
O vaxt telefonda "hər söz” danışmazdılar...
O vaxt danışığı kimsə dinləyər deyə, telefonda "hər söz” danışmazdılar. Şayəstə xanım deyir ki, o vaxt bir də nömrələri fırlatmaqla yığılan telefonlar varıydı. Onlarla zəng vurmaq üçün rəqəmləri çox dəqiqliklə fırlatmaq lazım idi. Yığılan nömrələr ekranda görünmürdü. Nömrəni düz yığıb-yığmadığını isə qarşı tərəf telefona cavab verəndə bilmək olurdu: "Axıra qədər hansısa nömrə düzgün getməsə səhv düşürdülər. O telefonların vaxtında səhv düşmə halları çox olurdu. Əsas problemlərdən biri də danışıqların üst-üstə düşməsi idi. Birdən telefonu qaldıranda artıq başqasının söhbətini dinləmək olurdu. İndi bu prosesə demək olar ki rast gəlinmir. Olsa belə, nadir hallarda hansısa texniki səhvdə baş verə bilər. O vaxt isə bu, adi hal idi”.
"Ana skaypla göstəriş verir, qızı Londonda yemək bişirir”
Onlar işə başladıqları vaxtla bu günümüzü müqayisə etdilər, gənclərimizin sürət dövründə çox şey əldə etdiklərini bildirdilər. Şayətsə xanım deyir ki, o vaxt Türkiyədən gələn bir qonaq telefonla danışmaq üçün bir gün poçtun qarşısında gözləyib, amma əlaqə yaratmaq mümkün olmayıb: "Amma indi görüntülü danışırlar. Nəvəm Londonda oxuyur, zəng edir görüntülü anası ilə danışır. Yemək bişirir, görüntülü burada baxırıq, anasından soruşur ki, soğanı doğradım, indi nə əlavə edim? Ana skaypla göstəriş verir, qızı Londonda yemək bişirir. Bizim işə başladığımız vaxtla indini müqayisə etsək, rabitədə 90 faizdən çox dəyişiklik var”.
"Nə əvvəlki məktublar var, nə də zəng həyəcanı...”
Əfruz xanım deyir ki, o vaxt telefonla danışmaq üçün növbə gözləməyin nə olduğunu müasir dövrün gəncləri bilməzlər: "Əgər bu gün Şəkiyə nə isə göndərsəniz, sabah orda olacaq. Amma o vaxt Şəkiyə bir həftəyə 10 günə, bəlkə də daha gec gedirdi. O vaxt telefonla danışmaq üçün böyük növbələr olurdu. Bəzən xətt açılmırdı, danışa bilmirdilər. Əgər bir gün xətt açılmırdısa, təzədən teleqram gəlirdi və bir də getməliydik şəhərə telefonla danışmağa. Danışıb, elə salam-sağ ol edirdik ki vaxt bitirdi. Cəmi 5-10 dəqiqə danışa bilirdik. Amma indi saatlarla danışırlar, yazışırlar. Nə əvvəlki məktublar var, nə də zəng həyəcanı”.
Şayəstə və Əfruz xanım söhbətimizin sonunda onu da bildirdilər ki, işlədikləri poçt məntəqəsinə hər cür adam gəlir. Əsəbi, yorğun, gülər üzlü, kədərli... Deyirlər ki, hətta çox əsəbi adamın "salam”ına "hay can” deyəndə, həmin adamın üzü gülür və əvvəlki sərt mimikasından əsər-əlamət qalmır. Həmsöhbətlərimin dediyinə görə xoş münasibət olduğu üçün həmin poçt məntəqəsinə bir gələn bir də gəlir. Elə mən də buradan xoş təəssüratlarla ayrılıram. Və heç şübhə etmirəm ki, nə vaxtsa bu poçt məntəqəsindən təkrar yolum düşəcək, buradakı gülərüz, mehriban, işinin peşəkarı olan insanların xidmətindən yararlanacaq, onlarla ünsiyyətdə olmaqdan zövq alacağam...
Aygün Asimqızı
Yazı "Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi- informasiya cəmiyyətinə keçid” mövzusunda keçirilən müsabiqəyə təqdim olunur”


banner

Oxşar Xəbərlər