• cümə axşamı, 28 mart, 15:17
  • Baku Bakı 16°C

Bir Novruz baba vardı

20.11.19 11:00 1365
Bir Novruz baba vardı
Onun xatirəsi pərəstişkarlarının yaddaşında elə məhəbbətlə kök salıb ki...
"Uzun, incə bir yoldayam” adlı solo konsertinin xəbəri bizim redaksiyada yazılmışdı. Onda sonuncu konsertinin olacağını nə özü bilirdi, nə də biz. Konsertə dəvət edəcəyi insanların siyahısını da bizimlə məsləhətləşirdi, "istəyirəm mahnılarımızı başa düşən adamlar gəlsinlər” deyirdi. Ciddi-cəhdlə, böyük həvəs və eşqlə hazırlaşırdı. "Uzun illərdən sonra insanlara mənəvi zövq verməyi düşündük. Bu konsertdə tək ilahi musiqilər olmayacaq, eyni zamanda rus, italyan, hətta hind musiqiləri də olacaq”- deyə fərəhlə konsertindən söz açırdı.
O gün konsert böyük anşlaqla keçdi. Novruz Novruzlu təkcə Azərbaycan bəstəkarlarının mahnılarını yox, eyni zamanda rus, italyan, hind mahnıları ifa etdi, təsəvvüf musiqiləri səsləndirdi. Mistik musiqilərin ifaçısı kimi tanınan irfan aşiqi Novruz Novruzlu səsləndirdiyi müxtəlif janrdakı mahnıları ilə pərəstişkarlarına, səsinin sehrinə toplaşan insanlara xoş anlar bəxş etdi.
"Bilmiyorum nə haldayım,
Gediyorum gündüz, gecə...”- deyə o gecə dinləyicilərini irfani musiqisinin sehrinə qərq etdi. Bu, onun son konserti oldu. İki ay sonra qəfildən - ürək tutmasından dünyasını dəyişdi. "Sufi ifaçısı, irfani mahnıların müəllifi dünyasını dəyişdi”- deyə böyük təəssüf hissi ilə mediada, sosial platformalarda müğənni haqqında yazılar paylaşıldı.O vaxtdan düz bir il ötür. Bir ildir ki, hamının hörmətlə "Novruz baba” deyə müdrikliklə yanaşdığı, mahnılarını sevərək dinlədiyi Novruz Novruzlu aramızda yoxdur.
Ancaq xatirəsi pərəstişkarlarının, onu yaxından tanıyanların yaddaşında elə məhəbbətlə kök salıb ki… Onun haqqında heç kim keçmiş zamanda danışmaq istəmir. Bəli, bu, onun ifa etdiyi musiqilərin gücündən, mahnılarının mistik tərzindən idi ki, müğənninin adı yada düşüncə, dərhal mahnıları xatırlanır. "Bil oğlum”, "Ehtiyacı var”, "Kor ərəbin mahnısı”… yada düşür. ”Mən o musiqilərin içərisində səmavi musiqini seçdim. Musiqinin ahəngində elə bir sirr var ki, açsam, dünya alt-üst olar. Musiqi həm cismin, həm də ruhun qidasıdır. Biz Mövlana tədbirlərində həm çıxış, həm də tamaşaçı kimi iştirak etmişik. İtalyanlar, amerikanlar və digər xalqların nümayəndələrinin iki saat gözlərini yumub öz daxili aləmlərinə varmalarının şahidi olmuşuq. Ancaq bizdə o daxili aləmə varmaq yoxdur. Çünki içimizdə o hüzn, rahatlıq yoxdur. Hərdən fikir verirəm ki, ən səbirli adam belə, beş dəqiqədən sonra zalda danışmağa başlayır. Öz içinə vara bilmir”- deyə hərdən dinləyiciləri qınamağı vardı. O, hər kəsi, onun ifalarını başa düşməyə, anlamağa çağırırdı...
İnsanın ruhuna, beyninə təsir edəcək ifalar
"Savalan” qrupunun keçmiş üzvü Həlimət Məmmədova Novruz Novruzlu ilə bir neçə illər eyni səhnəni bölüşdüyünü deyir: "Birlikdə gözəl kompozisiyalarımız olub. Novruz sənət aləmində bir kişilik tablosu çəkdi. Səsi, sənəti, şəxsiyyəti ilə bu tablonu cızdı. Mən bütün sənət adamlarında Novruzda gördüyüm xüsusiyyətləri görmək istərdim.
Novruzun sənəti göz önündə idi. Hər bir mövzuda ifa etdiyi mahnıya qulaq asanda, ordan nəsə bir şey götürüb öz həyatımıza daxil edə bilirdik. Əgər bir mahnıdan insanın öz həyatına qatacağı bir şey götürürsənsə, bu, mahnının gözəlliyi, sənətin böyüklüyüdür. Novruz Novruzlunun bütün yaradıcılığı belə idi, onun mahnılarından qidalanmaq olurdu. Bir halda ki, «musiqi ruhun qidasıdır» deyirik, biz də onun mahnıları ilə qidalanırdıq”. H.Məmmədova deyir ki, Novruz Novruzlunun ifa etdiyi bütün mövzularda insanın ruhunu oxşayan məqamlar vardı: "Bizim yaşamağımız üçün lazım olan mənəvi qida həmin mahnılarda vardı. İnsanın düşünüb formalaşması, o böyüklüyə doğru addımlaması, çatması üçün insanı tərbiyə edəcək məqamlar vardı. İndi dünyada daha çox hərəkətli üslub dəbdədir. Amma Novruz Novruzlunun mahnıları düşündürücü idi. O, dövrün gətirdiyi bu hərəkətliliklə ayaqlaşmırdı, onun öz yolu, öz xətti, öz tərzi vardı. O, daha çox, insanın ruhuna, beyninə təsir edəcək ifalar edirdi”.
Novruzun çəkdiyi o yol...
Sənət dostu Fəxrəddin Salim Novruz Novruzlunu belə xatırlayır: "Ondan çox insanlar, bütöv bir xalq fayda götürə bilərdi, götürürdü də. O, təkcə dostlarına, ailəsinə bəs edə biləcək insan deyildi. O, böyük bir insan idi. Bəlkə də o, bu fani dünyadan getməklə çox şey itirmədi, amma Azərbaycan mədəniyyəti çox şey itirdi. O mənada, Novruzun itkisi bizdən çox şey aldı. Ondan sonra çox şeylər yarımçıq qaldı. Təkcə öz həyatı yarımçıq qalmadı. Çünki yarımçıq həyat olmur”. F.Salim onunla 10 ilə yaxın «Savalan» qrupunda çalışdığını xatırlayır: "Sonra mən elmi fəaliyyətə başladım. Məcburən qrupdan ayrıldım. Amma dünyanı bir yerdə çox gəzdik, çoxlu konsertlər verdik. Mən Novruzun sağlığında qrupdan ayrılmışdım, ancaq qrup fəaliyyət göstərirdi. «Savalan» indi də fəaliyyətdədir. Musiqini texniki baxımdan reallaşdırmağı hər kəs bacarır. Ancaq onun içinə ruh qatmaq Novruz kimi adamların işi idi. İnanmaq istəyirəm ki, Novruzun çəkdiyi o yol, o mənəvi irs adına layiq şəkildə davam edir.
"Savalan” - onun ifadə vasitəsi
Novruz Novruzlu daha çox "Savalan” mistik qrupunun rəhbəri kimi tanınsa da, ifaları ilə sevilsə də ixtisasca aktyor olub. O, ömrünün sonuna qədər paralel olaraq Opera və Balet Teatrının solisti kimi də çalışıb. Bir zamanlar həmin teatrın səhnəsində Sərvər, Balaş və s. rolları oynayıb.
«Novruz mənim dostum idi. Biz tələbəlik illərindən bir-birimizi tanıyırıq. Həm sənət, həm dost kimi münasibətlərimiz olub» - deyə Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev söyləyir ki, Novruz Novruzlu istedadı ilə fərqlənən sənətkar idi: «Novruz öz sahəsində peşəkar idi. Amma hər şeydən əvvəl, gözəl insan idi. Mən onun sənətindən saatlarla danışaram, ancaq bunun fonunda, onun şəxsi keyfiyyətlərini, insanı xüsusiyyətlərini kölgədə qoymaq istəmirəm. Novruz həm müdrik adam idi, həm də insanlarla münasibətində çox səmimi idi. Bütün bu xüsusiyyətləri onun sənətinə köçmüşdü. O, «Savalan» qrupunu yaratmışdı. Orda oxuduğu mahnılar, kompozisiyalar sanki onun insanlığının əksi idi. Onunla saatlarla oturub hər mövzuda söhbət etmək olardı. Novruz mərifəti, insanlığı, sənəti ilə etalon idi. Hər şeydən öncə, onun səmimiyyəti vardı və o, buna həyat tərzi kimi baxırdı» . H.Quliyev deyir ki, Novruz Novruzlu özünü aktyorluqdan çox musiqidə tapmışdı: «O, teatrda yardımçı rollarda oynayırdı, amma onu əsas tanıdan «Savalan» qrupu idi. Bu qrup onun özünün ifadə vasitəsi idi. Ona bu lazım idi».
Həqiqətən də "Savalan” qrupu Novruz Nozvruzlunun özünü tapdığı yeganə məkan idi. Qrup haqqında danışanda üzünə qəribə bir təbəssüm qonardı: "Millətin dərdinə qoşulduq. Bu, bütün millətimizin kədəri idi. Qrupun yaranmasının səbəbkarı məndən çox, İshaq Ozanoğlu oldu. Hazırda Almaniyada yaşayır. İshaq gedəndən sonra irəlidə mən oldum. Mən vokal şöbəsini bitirmişəm. Çox gözəl italyan mahnıları oxuyurdum. 20 Yanvardan sonra millətin halı, şəhidlərin olması təsir etdi. Gördük ki, elə musiqi çox yad, ağır gəlir. Fəxrəddin Salim saz, Cavad ney çalırdı. Həlimə Sultan isə şeir deyirdi, mən də mızıldanırdım. Dəqiq bir şey də yox idi. Belə-belə, qrup yarandı. İçimizin o vaxtkı halını, hayqırtısını bu yolla ifa edirdik. Bu qrupda maaş, pul yoxdur. Mən iki yerdə - Opera və Balet teatrında və İRS Folklor Ansamblında solist kimi çalışıram. Qrupun digər üzvləri də iki-üç yerdə işləyirlər. Digər işlərimə baxmayaraq, mən özümü bütün varlığımla bu qrupda hiss edirəm. Qrupda özüm oluram”- deyirdi.
Novruz baba..
Novruz Novruzlunun uzun müddətdən sonra səhnəyə qayıdışı YUĞ Teatrında rejissor Mirsahib Ağazadənin səhnələşdirdiyi "Fəna” tamaşası ilə oldu. İfaçı mistik ovqatlı tamaşada qeyri-adi, mücərrəd bir obrazı ustalıqla canlandırdı. Təəssüf ki, "Fəna” Novruz Novruzlunun son işi oldu və sonuncu tamaşadan cəmi iki gün sonra o, dünyasını dəyişdi.
Rejissor Mirsahib Ağazadə deyir ki, bəzən ona "Baba” deyə müraciət edərdik: "Çünki halında, duruşunda bir əzəmət, böyüklük vardı. Onunla ilk tanışlığımız YUĞ Teatrında olub. Mərhum ustadım Vaqif İbrahimoğlu onun qrupunu teatra görüşə dəvət etmişdi. Sonra "Savalan” qrupu ilə bir neçə tamaşa da hazırladı. Hamımız elə bu tamaşalar vasitəsilə Novruz babanı çox sevdik”. İlk yaradıcı iş birlikləri isə 2007-ci ilə təsadüf edib: "Bir qeyri hökumət təşkilatının fəaliyyətə başlaması ilə bağlı gecə hazırlayırdım. Tədbirdə Alim Qasımov və başqa sənətçilərlə yanaşı "Savalan” qrupu da iştirak edirdi. Bir neçə il sonra isə Orxan Fikrətoğlunun hekayələri əsasında hazırladığım "Fəna” tamaşasına dəvət etdim Novruz Babanı. "Pak insan fitrəti” - təqdim edəcəyi obrazın adı belə idi. "Sahibcan, mən bacararammı?" deyə təvazökarlıq da etmişdi. Mən də "əlbəttə, bacararsınız, sizin elə var olmanız pak insan fitrətidir, Novruz müəllim” demişdim. M.Ağayev deyir ki, onun müğənniliyini, aktyorluğunu və insanlığını bir-birindən ayırmaq olmaz. Çünki o irfani, mistik və eyni zamanda peşəkar yaradıcılığını öz təvazökar və səmimi həyatında birləşdirmişdi: "Son görüşümüz də elə teatrda, onun iştirakı ilə sonuncu "Fəna” tamaşasında oldu. İki gün sonra, noyabrın 20-si haqqın dərgahına qovuşdu Novruz baba...”
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər