Bir nəslin üç nümayəndəsi
Tədbirlə
bağlı yolum C.Cabbarlı adına Teatr Muzeyinə düşmüşdü. Salonların birində bir
fotoşəkil diqqətimi cəlb etdi. Şəkildə səhnə mücahidləri Hüseyn Ərəblinski və
Mirmahmud Kazımovski əks olunmuşdu. Gənclər gimnaziyada oxuduqları vaxt bu şəkli
çəkdirmişdilər. Şəkilin qarşısında durub uzun-uzadı baxdıqca xəyal məni çox-çox
uzaqlara, teatr xadimi, dramaturq, rejissor, pedaqoq, Azərbaycanın ilk peşəkar
aktyorlarından biri, əməkdar artist M.Kazımovskinin yaşayıb fəaliyyət göstərdiyi
dövrə apardı. Bu böyük insan və sənətkar haqqında oxuduqlarım, müxtəlif sənət
adamlarından, o cümlədən ailə üzvlərindən eşitdiyim xatirələr kinolenti kimi
gözlərim önündən gəlib keçdi...
Atanın
ruhu oğulun köməyinə çatdı
Mirmahmud
Kazımovskinin oğlu Rauf 1953-cü ildə 25 yaşı olanda "O olmasın, bu olsun”
musiqili komediyanın radio tamaşasını hazırlamağı qərara alır. O vaxtı bəstəkar
Üzeyir bəy Hacıbəyli artıq dünyasını dəyişmişdi. Gənc rejissor böyük həvəs və
şövqlə işə başlayır. O çalışırdı ki, radio tamaşası dahi bəstəkarın dəst-xəttinə
uyğun olsun. Ssenari müəllifi və rejissor da Raufun özü idi. O, Məşədi İbad
roluna SSRİ xalq artisti Mirzağa Əliyevi nəzərdə tutmuşdu. Lakin görkəmli sənətkar
xəstə olduğu üçün Məşədi İbadı oynaya bilməyəcəyini bildirmişdi. Gənc rejissor
nə qədər çalışsa da M.Əliyevi yola gətirə bilmirdi.
Bir
gün aktyor radio komitəsinə gəlir. O, sədr Adil Əfəndiyevlə görüşüb, ona demək
istəyirmiş ki, xəstəliyi ilə əlaqədar müəyyən müddət verilişlərdə iştirak edə
bilməyəcək. Lakin nə sədri, nə də Raufu yerində tapa bilmir. Dəhlizə çıxarkən
radiomuzun ilk diktorlarından biri Soltan Nəcəfovla rastlaşır. Onların arasında
belə bir dialoq olur.
M.A.Əliyev:
− Ay Soltan, sizdə cavan bir rejissor peyda olub. Elə hey bizə zəng edir,
dinclik vermir mənə. Mən də ki, özün bilirsən də, xəstəyəm, Məşədi İbadı
oynamağa halım yoxdur.
Soltan
Nəcəfov məsələdən hali idi. Çünki həmin radio tamaşasında aparıcı diktor
olacaqdı. Ona görə də gülə-gülə M.Əliyevə deyir:
−
Ay Mirzağa, tanımırsan Raufu? Sənin yaxın dostunun oğludur də, rəhmətlik
Mirmahmud Kazımovskini deyirəm. Yəqin yadından çıxıb.
M.A.Əliyev
duruxsunub cavab verir:
−
Əşi, sən nə danışırsan. O rəhmətliyin mənim boynumda haqqı çoxdur. Həmyaşıd
olsaq da, mənim səhnədə gözəl və savadlı aktyor kimi püxtələşməyimdə, səhnə
davranışımda, rus sözlərini yeri gələndə
düzgün tələffüz etməyimdə bir dost- müəllim kimi Mirmahmud daim yardımçım olub.
Mən bunu heç vaxt itirə bilmərəm. Allah ona qəni-qəni rəhmət eləsin.
Sonra
Mirzağa müəllim nəfəsini dərindən dərib bir qədər uca səslə dedi:
− Ona de ki, nə vaxt istəyir gəlsin bizə, gözləyəcəyəm...
Rauf
Kazımovski vaxtı itirmədən ertəsi günü sevincək Mirzağa Əliyevgilə gedir. Kişi
onu görcək çox sevinir. Sanki qarşısında duran Rauf deyil, dostu Mirmahmud idi.
O, gülümsünüb deyir: "Mən Məşədi İbad rolunu dostum Mirmahmud Kazımovskinin
ruhuna xatir ifa edəcəyəm...”
Mirzağa Əliyevin fisincan plovu
Rejissor
Rauf Kazımovski "Məşədi İbad” radio
tamaşasını 1953-cü ilin aprel ayında hazırlayıb başa çatdırdı. Tamaşa radioda
veriləndən sonra nəinki dinləyicilərin, həm də mütəxəssislərin diqqətini cəlb
etdi.
Bu
hadisədən bir neçə gün keçdi. Aktyor Mirzağa Əliyev Raufu evinə qonaq çağırdı.
Aktyor gözəl və məşhur Azərbaycan xörəyi – fisincan plov bişirtdirmişdi. M.A.Əliyev
üzünü Raufa tutub dedi: "Oğlum, Allah-təala o arağı necə haram sayıbsa, bir gör
, plovnan getmir”. O, bunu deyib stolun üstünə iki qədəh qoydu və konyakdan
süzdü. Sonra sözünə əlavə edərək dedi: "Bilirəm, bu fisincandan Mirmahmudun da
evində bişir. Amma qarşındakı fisincanı görürsən də. Tərkibi qovurulmuş və çəkilmiş
qozdur, lavaşanadır, doğranmış yağlı quş ətidir, yağdır. Bir də ki, ən əsas rənginin
qapqara olmasıdır. Bu çox vacibdir, belə də olmalıdır. Qəhvəyi olsa ko deyil” (əslində
- kov deyil, yəni sayılmır – A.K).
M.A.Əliyev bunu deyəndə hər ikisi güldü.
Sonralar
Rauf Kazımovski ötən günləri xatırlayıb deyirdi: "Böyük sənətkarımızın evində
fisincan plovu yeyəndən sonra düzü, bu yeməyə elə aludə oldum ki, mənim ən çox
sevdiyim xörək oldu. Xoşbəxtlikdən nənəm içərişəhərli olduğundan fisincanı
bişirməyi gözəl bilirdi...”
Mollaxanadan
teatra
Dövrünün sayılıb seçilən ziyalılarından olan Mirmahmud Kazımovskinin
adı Azərbaycan teatr tarixinə ilk peşəkar aktyorlardan biri kimi yazılıb.
Nəslin
ağsaqqalı M.Kazımovski Bakıda Mirələkbər kişinin ailəsində 1882-ci il fevralın
27-də dünyaya göz açıb. O, əvvəlcə mollaxanada oxuyub, sonra isə teatr xadimi Həbib
bəy Mahmudbəyovun üçsiniflik rus-tatar (Azərbaycan – A.K) məktəbində gələcəyin böyük sənətkarı Hüseyn Ərəblinski ilə
birgə təhsil alıb. Hətta onlar ilk dəfə səhnəyə 1897-ci il martın 9-da "Lənkəran
xanının vəziri” tamaşasında da birgə çıxıb.
M.Kazımovski
bununla bağlı "Xatiratım” da yazır: "Ərəblinskinin və mənim səhnəyə qayət həvəsimiz
olduğu üçün xəyalımız bu idi ki, gedib artistlik dərsi oxuyaq. Mixaylovski adına
şəhər məktəbində oxuduğumuz zaman orada Dmitri Yakovleviç adında bir qoca gürcü
müəllimimiz var idi. Yaxşı oxuduğumuz üçün o mərhum bizi çox sevərdi. Artistlik
barədə ona müraciət edib məsləhət istədikdə, çox şad olub dedi: "Çox gözəl
olar. Siz müsəlmanlarda heç oxumuş, yəni kurs qurtarmış artist yoxdur”.
Bundan
sonra Həbib bəyin istedadlı şagirdləri Cahangir Zeynalovun ev tamaşalarında,
müxtəlif teatr truppalarında, teatr bölmələrində, hətta həvəskarların dərnəklərində
aktyor kimi çıxış ediblər.
M.Kazımovski
"Axşam səbri xeyir olar” tamaşasında ilk dəfə qadın rolunda (Çimnaz xanım)
oynamaqla, sonralar da qadın rollarını ifa edib. Bununla əlaqədar aktyorun tərcümeyi-halına
müraciət edək: "Mənim qadın rolunda oynamağım başıma böyük müsibətlər gətirdi.
Hər dəfə tamaşadan çıxandan sonra mürtəce gənclər dalımca düşüb söyüş
yağdırırdılar. Hətta onlar dəstə ilə üstümə hücum çəkir, küçələrdən afişaları
qopardır, olmazın oyunlar çıxarırdılar. Odur ki, mən bu təqib və tənədən yaxamı
qurtarmaq üçün afişalarda familiyamı "Kazımovskaya” yazdırırdım”.
Günlərin
birində səhər tezdən iş dalınca getməyə hazırlaşan Mirmahmudun mənzilinə polislər
girib, onu polis idarəsinə getməli olduğunu bildirirlər. Polis idarəsində
pristav onun adını və soyadını soruşur. Sonra qəzəblənib yumruğunu stola
çırpır: "Yalan deyirsiniz. Sizin əsl soyadınız Kazımovskayadır. Siz nə məqsədlə
qadın soyadını daşıyırsınız? Bu, nə fırıldaqdır? Mirmahmud başına gələnləri
danışsa da, pristav ona inanmır. Aktyoru
yalnız ertəsi günü həbsdən azad edir.
Vaxtilə
aktyorların çətin şəraitdə fəaliyyət göstərmələrini xatırlayaraq ümummilli
lider Heydər Əliyev demişdi:"İncəsənət xadimlərinə divan tutulması bütün tərəqqipərvər
ictimaiyyəti, teatrın bütün dostlarını hiddətləndirirdi. Hüseyn Ərəblinskinin
öldürülməsi onları xüsusilə bərk sarsıtmışdı.
Hüseyn
Ərəblinski, onun həmkarları və məsləkdaşları olan Sidqi Ruhulla, Cahangir
Zeynalov, Abbas Mirzə Şərifzadə, Mirmahmud Kazımovski, Mirzağa Əliyev,
Hüseynqulu Sarabski, Əbülfət Vəli və başqaları teatrın özünü qoruyub saxlamaq
uğrunda daimi, hətta fədakarcasına mübarizə şəraitində xalqı Azərbaycan və rus
dramaturqlarının, dünya dramaturgiyası klassiklərinin ən yaxşı əsərləri ilə
tanış edirdilər”.
Aktyorlarımız
həqiqətən teatrımızı yaşadıb inkişaf etdirmək naminə sözün əsl mənasında özlərini
fəda edirdilər.
Mirmahmud
Kazımovski təkcə dram səhnəsində deyil, operada da çıxış edib. 1908-ci il
yanvarın 12-də bəstəkar Üzeyir Hacıbəylinin
"Leyli və Məcnun” operası ilk dəfə tamaşaya qoyulanda Mirmahmud Kazımovski Leylinin atası rolunu ifa etməklə
bərabər, həm də səhnədə ərəb rollarında da oynayıb. Hətta o, opera teatrı üçün
dörd operetta, dram teatrı üçün "Həmşəri mənzili”, "Kəndxuda”, "Nadanlar”,
"Uşaq mənimdir...” pyeslərini yazıb. Onun 14-ə
qədər böyük və kiçik həcmli səhnə əsəri vardır: "Daşım-daşım”, "Molla Cəbi”, "Vurhavur”, "Nə
qanır, nə qandırır”, "Yaftiməli”, "Ədalət divanı”, "Kəblə Xoşməmməd”, "Vəfasız
məşuqə”, "Cümşüd bəy” və s.
Aktyor
20-ci illərin əvvəllərində Bakı Azad Tənqid-Təbliğ Teatrında işləyib, Azərbaycan
Dövlət Dram Teatrında ömrünün sonuna qədər çalışıb. 1921-ci ildə Dərbənddə
teatr yaradıcılarından biri olub. O, müxtəlif
teatr səhnələrində "Lənkəran xanının vəziri” (Ağa Bəşir), "Keçmişdə
qaçaqlar” (İvan bəy), "Pəhlivanani zəmanə” (Cahangir bəy), "Müsibəti Fəxrəddin”
(Əhməd), "Ölülər” (Mirzə Hüseyn və Azarlı), "Çəkməci Seyfulla” (Allahqulu), "Dəmirçi
Gavə” (Nozər), "Otello” (Rodriqo), "Romeo və Culyetta” (Əczacı), "Vaqif”
(Qurban kişi), "Toy” (Kolxozçu) və s. tamaşalarda bir-birindən maraqlı rollar
ifa edib. Bundan başqa rejissor kimi, teatr dəstələrində, özfəaliyyət dərnəklərində
öz əsərlərini, digər yazıçıların "Yadımdadır”, "Güzəməlinin övrəti”, "Müsibəti
Fəxrəddin”, "Vətən”, "Müfəttiş”, "Bəxtsiz cavan”, "Pəri cadu” pyeslərini
tamaşaya qoyub.
İdmana
aid ilk dərsliyin müəllifi
M.Kazımovski
səhnə fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyət də göstərirdi. O, "Nicat” Maarif
Cəmiyyəti nəzdindəki məktəb komissiyasının işində fəal çalışır, öz təşəbbüsü ilə
açdığı məktəbdə dərs deyir, axşam kurslarında müəllimlik edirdi.
Jurnalist H.Cümşüdlü "Mirmahmud Kazımovski” kitabında
bu maarifpərvər ziyalı haqqında yazır ki, o bir müddət rus dili, rəsm, nəğmə,
hesab dərsləri deməklə yanaşı, həm də məktəblərdə idman dərsi aparıb. Bunu da
qeyd etmək lazımdır ki, Azərbaycanda idmana aid ilk dərsliyin müəllifi
Mirmahmud Kazımovskidir. Orta məktəb dərsliyi
həcmində yazılmış bu kitabın iki yüzə yaxın şəkli vardır. Maraqlı burasıdır ki,
müəllif çapa hazırladığı dərsliyin şəkillərini də özü çəkib...
M.Kazımovski
uşaqlarda Azərbaycan ədəbiyyatına böyük
məhəbbət oyadırdı. O, həmişə şagirdlərinə deyərdi: "Ədəbiyyat xalqın
güzgüsüdür. Əgər bir xalqın tarixi və mədəni həyatı ilə, onun arzu və
istəkləri ilə, sevinc və kədəri ilə tanış olmaq istəyirsinizsə onun ədəbiyyatına
müraciət edin”.
Mirmahmud
Kazımovskinin tərif vərəqəsi
Maraqlıdır
ki, o vaxtlar qabaqcıl müəllimlərə yaxşı işlərinə görə tərif vərəqəsi
verilirdi. 30-cu illərin əvvəlində M.Kazımovskiyə də belə bir təşəkkür vərəqəsi
verilib. Bu tərif vərəqəsində yazılıb: "Mədəni ordu nəfərinə tərif vərəqəsi.
Yol. Kazımovski. 1-ci dairə mədəni hücum ştabı 1931-32-ci tədris ilində öz
savadsızlığını ləğv edən zəhmətkeşlər adından, mədəni cəbhədə aktiv iştirak
etdiyin üçün sənə Proletar təşəkkürü izhar edir. Savadsızlığı ləğv mübarizəsində
aktiv iştirakınla, sən sosialist quruluşu işinə yardım etdin.
Yeni
qalibiyyətlərə doğru. Mədəni cəbhəni gələcəkdə də buraxma, onun birinci
sıralarında ol.
Yaşasın
böyük mədəni inqlab!
1-ci dairə
ştabı.”
Azərbaycanın
əməkdar artisti, teatr xadimi Mirmahmud Kazımovski yorulmaq bilmədən çalışırdı.
O, bir müddət Bakı kinostudiyasında da işləyib, "Bismillah” (1925), "Bakılılar”
(1938), "Kəndlilər” (1939) və s. filmlərdə epizodik rollarda çəkilib.
Azərbaycan
mədəniyyətinin və incəsənətinin fədakar mücahidi, artist, rejissor, dramaturq və
pedaqoq Mirmahmud Kazımovski 1940-cı il
dekabrın 1-də, 58 yaşında vəfat edib.
Bu
il unudulmaz sənətkar Mirmahmud Kazımovskinin 135 yaşı tamam olub.
Aydın Kazımzadə