• cümə, 26 Aprel, 01:07
  • Baku Bakı 16°C

Bir nəfəslik şeirlər

25.01.16 11:25 2996
Bir nəfəslik şeirlər
Dünya Haiku Assosiasiyasının üzvü, məşhur haiku şairi, almandilli Udo Venzel qədim yapon şeir janrı olan haiku ilə bağlı “uto.com”a verdiyi müsahibəni təqdim edirik.
- Cənab Venzel, qısa təqdimatla özünüzü oxucularımıza tanıtdırmağınızı xahiş edəcəyəm.
- 2001-ci ildə haiku və ara vermədən forma və üslubca haikuya yaxın olan şeir formaları üzərində işləməyə başladım. Qısa müddət sonra “Alman Haiku Cəmiyyəti”-nə üzv qəbul edildim. Cəmiyyətin üç ayda bir işıq üzü görən dərgisində təcrübə üçün yazdığım şeirlərim və ədəbi-tənqidi məqalələrim dərc olunurdu. Bununla yanaşı, hər sayında haiku şeirlərə yer verən almandilli onlayn jurnal “Haiku-Heute”-dən gələn təklifi də qəbul etmişdim, oranın ədəbi redaktə şöbəsində işləyirdim.
Haikuya olan marağım əvvəl-əvvəl daha çox idi, dərinliyinə endikcə daha da artdı. Çünki haiku ökeçmişimin müxtəlif qollarının axaraq bir-birini tamamlayan məcradır. Gənclik illərimdən bəri şeir və qısa ədəbi yazılar yazmağım sənətə, xüsusilə də ədəbiyyata olan sevgimdən qaynaqlanır. Bütün işlərlə paralel kitabşünaslıq təhsilimi tamamladım. İxtisasım da elmi və nəzəri anlayışlarla bağlı bilik bazası yaratdı. 80-ci illərdə sosiologiya, ixtisas olaraq isə sosial-fəlsəfə təhsilimi tamamladım. Ədəbiyyat-dil, xüsusilə də dilçilik və mədəniyyətlərarası əlaqə çox diqqətimi çəkirdi. Uzun illər şərq fəlsəfəsi və meditasiya təlimlərinin fəlsəfəsi ilə əlləşmişəm. Hamburqun mərkəzindən şəhərkənarı yerə köçməklə təbiəti və meditasiya fəlsəfəsini yenidən kəşf etdim. İndi isə beynəlxalq sığorta şirkətinin İT şöbəsində işləyirəm.
- Haikunun yaxşı haiku olması üçün nəyə ehtiyac var? Haiku üçün hansısa bir formula varmı, ya da ən azından bu şeir tipi ilə maraqlananlar üçün “pis haiku yazmamaq üçün nə etməli” formasında məsləhətiniz varmı?
- Həqiqətən də pis haiku nədir? Hər təsvir təcrübəsi bizi qəti sistemə, hansısa formulaya aparıb çıxarmaz. Əslində hər şeydə olduğu kimi burada da bütün məsələ sadəcə zövqə, seçimə, bəyənilməyə bağlıdır. Təbii ki, dildən uğurla istifadə edilməyəndə, xüsusilə də, çeynənmiş mövzuları çeynənmiş üsullarla yazanda haikuda da, digər bütün janrlarda olduğu kimi uğur əldə etmək mümkün deyil. Həqiqət və orijinallıq olduqca önəmli keyfiyyətdir. Baso bu janrın ən tanınmış müəllifidir, o haikunu “atarişimi” – “yenilik” adlandırıb. Edonun dövründə isə b ugün olduğu kimi yazarlar və oxucular yox idi, bacaran hamı bir-birinə şeir yazırdı. Haiku onu dərinliyi ilə bilənlər üçün incəsənətdir. Amma yenilikçi kimi tanınmaq üçün yazma kafi deyil, haikuda parlaqlıq, işıq, cəlbedicilik, dərinlik olmalıdır. Onun şərti budur – az söz, çox məna. Estetikanı, təsvir olunanı nəzərə çarpdıra bilmək lazımdır. Amma bunun üçün xüsusi bir üsul, varmı, bunun haqqında heç bir fikrim yoxdur. İncəsənət bütün sahələrində olduğu kimi haiku da hansısa təcrübə mexanizmini özəlləşdirərək, onu estetik baxımdan uğurlu əsər formasına salmaq cəhdidir. Yəni bu iş cəhddir, təcrübədir! Təbii ki, hər haikunun yaranması ilham deyilən o əsintiyə, təsadüfə bağlıdır. Amma Antonio Fabrisin məşhur deyimini xatırlatmadan da bu söhbəti tamamlaya bilməyəcəm: “Şairlər ilham pərisi tərəfindən öpüldüklərinə inandıqları üçün şeiri ağıllarına gələn ilk formada yazırlar, ona görə bu qədər çox pis şeir var”. Odur ki, fikir ağlınıza gəldisə, onu yaxşı şəkildə yazmaq üçün “iş paltarlarını geyinin”.
- Haiku dil ilə əmələ gələn bir sənət əsəridir? Başonun yaşadığı zamanlarda və sonrakı bir neçə il ərzində haikuların böyük əksəriyyəti üçün dilin təqdim etdiyi bütün ifadə formalarının – alliterasiya, təkrir, ritm uyğunluğu, təşbeh və s. istifadə olunduğunu görürük. Dilin bu imkanlarından geniş şəkildə istifadə edərək haikuları dilçilik əsərlərinə çevirmək olmazmı?
- Əvvəlcə onu deyim ki, hər şeir özlüyündə dil əsəridir, eləcə də haiku. Sadəcə haikuda fərq ondan ibarətdir ki, burada dilin ifadə imkanlarına estetik görünüş vermək və onu ən qısa ölçüyə sığışdırmaq lazım gəlir. Burada məsələ nədən istifadə olunub olunmadığı deyil, məsələ yaxşı və ya pis “dizayn edilmiş “olmasıdır. Yuxarıda sadaladığımız dil vasitələri şeirin yazılma prosesində öz-özünə meydana gəlir. Əgər yazdıqlarımda səs ritmi yerindədirsə və qulağa xoş gəlirsə, onu çox zorlamıram, çünki onda şeir təbii görünüşünü itirir. Mən Başonun şeirləri üzərində dönə-dönə işləmiş olması faktına heç də təəccüblənmirəm, çünki hər şairin özünəxas üsulları var. Məni təəccübləndirən haikuların öz-özünə və anidən formalaşan bir anın nəticəsi kimi görülməsi, olduğu kimi qalmalı və dəyişdirilməməli olması fikridir.
- Hər yerdə haikunun bir nəfəs uzunluğunda yazılmalı və şeirin 17 hecada bu şərti ödəməli olduğunu oxuyuruq. Amma mən bunun dildən-dilə dəyişən, standart hesab edilməyəcək bir şey olduğu qənaətindəyəm. Yeni başlayanlar da bu qaydaya görə özlərinə zülm edirlər. Haikuda nə daha vacibdir – bu heca bölgüsümü, yoxsa “Haiku moment”-də doğulan duyğunun ifadəsimi?
- 17 hecanın bir nəfəsə sığışdırıldığına o qədər də əmin deyiləm. Hamının nəfəs alıb-vermə ritmi fərqlidir. İkincisi də ki, məsələn, alman dilində hecalar əksərən daha uzundur. Yapon morfemləri ilə əmələ gələn hecalar daha surətlə səslənə bilər və daha istifadəyə yararlıdır, amma alman və ingilis dilində bunlar tamamilə fərqlidir. Məncə, burada verilməli olan sual budur: Niyə məhz 17 heca? Avstriyalı məşhur haiku şairi İmma Von Bodmerşof 17-ni müqəddəs rəqəm elan etdi, daha doğrusu, bununla adamların başını qarışdırdı. Lap fərz edək ki, heca ölçülü şeirləri sevirsiniz, bəs onda niyə məhz 17? Yaponyada bu say çox qədim bir ədəbi ənənəyə söykənir - 8-ci əsrdə Vaka şeirləri ritm dəyişikliyi olmaq şərti ilə 5 və 7 marfem üzərinə qururdu. Deyəsən ,bu heca tipinin şərq şerində də bənzər istifadə qaydaları var. Bu şerin qafiyələşməsində dəstək rolunu oynayır. Yapon və buna bənzər dillərdə 5-7-5 ritmi üzərində qurulan şeirlərdə bu kömək edə bilər, amma digər dillər üçün məqbul deyil. Mən səsli oxunanda olduqca fərqli ritm təsəvvürü yaradan çoxlu üçlüklər bilirəm. Amma heca ölçüsü ilə yazmağın da özünəməxsus avantajları var. Bu yeni başlayanların sözləri asanlıqla kəsib biçməsinə ritmi nə olursa olsun təmin edə bilməsinə kömək edir. Amma 5-7-5 üslubu ilə işləyən təcrübəli şairlər üçün sözlərin hər birinin xüsusi əhəmiyyəti var. Onlar ritm yaratmaq üçün sözləri kəsməz, daha doğru kəlmələr seçərlər bu halda dildə istənilən janrda daha təbii görünür. İsveç şairlərindən Tomas Tranströmer 5-7-5 müəllifidir və haikunun ən parlaq nümayəndələrindən biridir. Mən də başlayanda sadəcə 5-7-5 üslubunda yazdım. Məsuliyyət mənə ağırlıq etməyə başladı. Sonralar müxtəlif ölçülərdən istifadə etməyə başladım - 3-5-3, 4-6-4, 4-5-4 və.s. Son zamanlar isə sadəcə sərbəst şeir yazıram. Bu şeiri söz qıtlığı adlandıranlara heç nə ilə haqq qazandırmaq olmur.
- Haikuda “Lirik mən” və obraz istifadəsi məsələsinə necə yanaşırsınız? Haikunun nəyinsə əks olunma üsulu olmadığını düşünürəm. Sizcə, haikuda əks olunmalara yer varmı? Haiku ilə düşüncə şeiri arasında konkret sərhəd qoymaq mümkündürmü?
- Bütün bu qaydalar: obrazların istifadə edilməməsi, “lirik mən”-in olmaması şərti, sadəcə öz təcrübələrini yaza bilmək, şəxsləndirmə və s. bütün bunlar sadəcə yanlış təqdimatdan qaynaqlanır. Bu şeir janrını qismən də olsa, ruhani səviyyəyə daşımaq və ya buna necəsə xidmət etmək şeiri məqsədlərindən uzaqlaşdırmaq deməkdir. Klassik haikuda da obrazlardan istifadə olunmuşdur. Yapon ədəbiyyatının görkəmli nümayəndələri Hauro Şirane və Başo haikularında gizli obrazlar olduğuna tez-tez diqqət çəkirlər. Məsələn bu sadə mətnə diqqət yetirək:
Payız axşamı
İncə budaq üstündə
Oturmuş bir qarğa (Baso)

Qərəssiz bir təbiət təsviridir. Eyni zamanda burada yaşlanmanın təsviri və yaşlanmış obraz var. Məsələn Şikinin ömrünün son illərinə yazdığı bu haikuya baxaq :
Xəstə adamam,
Həsrətəm gilas çiçəyinə
Hər şeydən daha çox.

- Qərb dünyasında geniş vüsət alan “Sərbəst şeir” axınının səbəbi sizcə tam olaraq nədir? Haikunun başqa dillərə çevrilməsi çətin olan sistemi bunun əsas səbəbi ola bilərmi? Qərbin məşhur və eyni zamanda uğurlu haiku yazarlarından bəzilərinin düşüncələrini misal göstərə bilərəm:
“5-7-5 ingilis dilində qulağı yoran çox sözü birləşdirə bilər. Mən haikunun neçə sözə ehtiyacı olduğunu deməsini daha üstün tuturam” - Devid Kop.
“5-7-5 ingilis dilində məna ifadə verməyə imkan vermir. 17 hecanın ingilis dilində yapon dili ilə müqayisədə 60 faiz daha uzun tələffüz müddəti var” -Uilyam Higinson.

- Heca müzakirəsi və digər qaydalar Avropda uzun müddət müzakirə edilmədi, sadəcə əsas qayda olaraq qəbul olundu. Sərbəst şeir daha geniş yayılmağa başlayanda haikunun klassik formaları daha yaxşı anlaşılmağa başladı. Bu isə iki tərəf arasında sərhədləri kəskinləşdirdi. Anqlo-Sakson ölkələrində heca məsələsi bir mövzu olmaqdan çıxıb. Səbəb isə odur ki, 5-7-5 ölçüsü bu dillər üçün həddindən artıq ağırdır. Buna görə də Amerikan haikusu daha çox 3-5-3 formasında formalaşdı.
İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı
banner

Oxşar Xəbərlər